Qonaq Kitabı
GÖZÜM YOLDADIR

(Şükriyyə xanıma)

A dostlar, bir qumral tərlanım uçdu,

Yollarda yolçum var, gözüm yoldadır.

On beş gün ayrılıq on beş il keçdi,

Öldürdü intizar, gözüm yoldadır.

 

Hanı mənim arxam, qolum-qanadım,

Hörmətim, izzətim, şöhrətim, adım?!

Qardaş bərabəri gözəl arvadım,

Söyləyin, durnalar, gözüm yoldadır!

 

Getmişdi on günə, çıxdı on beşə,

Neçin saldı məni belə təşvişə?

Demədimmi, saqın! Könül bir şüşə,

Gec gəlirsən, sınar, gözüm yoldadır.

 

O ki, verdi sənə həm var-yoxunu,

Qəlbimə sapladın hicran oxunu.

Yastığından aldım gözəl qoxunu,

Yastığın gül qoxar, gözüm yoldadır.

 

Ey vəfasız, sənin ürəyin daşdan,

Neyçin söyləmədin, gülüm, bu başdan:

"Yarı az sevirəm qohum-qardaşdan",

Qohumlu bəxtəvər, gözüm yoldadır.

 

Slavyanka, 20 iyul, 1930



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info