Qonaq Kitabı
Haralısan, cənnətmidir məkanın?!

Haralısan, cənnətmidir məkanın?!

Mələkmisən, nə dadlıdır lisanın?!

 

Mən tanrımın baxımı ilə əzəldən,

Bir badə içmişəm, bir gözəl əldən.

Ən ruhani nəşələrdən qanadım,

Çıxdım səni buludlarda aradım.

Ulduzlardan sordum: - “Aydır!” - dedilər,

Aya getdim, o da sənsiz mükəddər.

Sənsiz gördüm, mələklərə darıldım,

Endim yerə qələmimə sarıldım!

Yazdım... yazdım, fəqət gəlməz bizim yaz.

Heç bir şer baxdım sənsiz şən olmaz.

Heç yazmayım dedim, istəyim söndü,

Qələm sükut etdi, könül düşündü…

Bir səs duydum qələm əldən düşüncə;

-         Tək mənimçün vursun qəlbin ölüncə!..

... Bayılmışdım... durdum, gördüm ki, tək sən,

Sən imişsən mənə badə içirən.

 

Harda idin, cənnətmidir məkanın?!

Mələkmisən, nə dadlıdır lisanın?!

 

Batumi, 25 yanvar, 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info