Qonaq Kitabı
SƏN AĞLAMA

Mən deyən yox, fələk deyən oldusa,

Əsdi yellər, gül yanağın soldusa.

Dərd əlindən ala gözlər doldusa,

Sən ağlama, mən ağlayım, gözəlim!

 

Uğurunda olmuş ikən sərsəri,

Mən öpmədən o qıvırçıq telləri.

Dağıtdısa təbiətin yelləri,

Sən ağlama, mən ağlayım, gözəlim!

 

Hanı sənin hər eşqinə, hər gəncə,

Eşq oxuyan qəlbin, sönmüşdür məncə.

Bulmayırsa qəlbin artıq əyləncə,

Sən ağlama, mən ağlayım, gözəlim!

 

Bir quş idim gecə-gündüz sizlərə,

Yazıq, məni güldürmədin bir kərə...

Baxıb indi alnındakı izlərə,

Sən ağlama, mən ağlayım, gözəlim!

 

Mən baxarkən sən vurduğun yaraya,

İndi zalım fələk girdi araya...

Bax, xəstə qəlbimlə gəldim haraya,

Sən ağlama, mən ağlayım, gözəlim!

 

Bakı, 1925

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info