Qonaq Kitabı
ŞÜKRİYYƏM ÜÇÜN

Bir gülsən, dərmişəm gənclik bağından,

Bir gülü, çiçəyi dərmərəm sənsiz.

Kam aldım ömrümün oğlan çağından,

Bir bağa, bağçaya girmərəm sənsiz.

 

Söylə yadındamı Çakva, Batumi?

Övladın könlümü, çaldın ruhumu!

Kamana dönmüşdü qəlbimin simi,

Hurini, mələyi görmərəm sənsiz!

 

Nə çoxdur dünyada qənirsiz pəri,

Gözümə görünməz daha heç biri!

O qızıl saçları, ipək telləri

Əl atıb birini hörmərəm sənsiz.

 

Məndən xoşbəxt varmı dünyada, deyin?!

Ey telli yavrusu Süleyman bəyin!

Bəxtim tərlan imiş: yeyindən yeyin!

Heç kəsə bu bəxti vermərəm sənsiz!

 

Səninlə gəzərəm eldən-elə mən,

Bataram, çıxaram seldən-selə mən.

Düşsəm də ağıza, dildən-dilə mən,

Yaşaya bilmərəm bir kərəm sənsiz!

 

Sonatək göllərdə üzsən də mənsiz,

Quş olub göylərdə süzsən də mənsiz,

Sən Əsli qalsan da, dözsən də mənsiz,

Alışıb yanaram mən Kərəm sənsiz!

 

Şükriyyə taleyim, şükür xudaya!

Gördüyüm doğrumu, yoxsa pək röya?!

Dolub ürəyimə bu dadlı xülya,

Şirin günlərimi sürmərəm sənsiz!

 

Əvət, bu sevdanın səfası çoxdur,

Sevdasız həyatın mənası yoxdur!

Gözlərin yıldızdır, kipriyin oxdur,

Ürək qübar olar - can verəm sənsiz...

 

Şerimin sözüsən, sözün - ahəngi!

Üzündə bərq vurur güllərin rəngi!

Xəyalın, camalın gözəl çələngi!

İlham yetim qalar, ağıl - kəm sənsiz!

 

Gəncə, 1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info