Qonaq Kitabı
QURBAN OLDUĞUM

Bir xeyli zamandır getdi, gəlmədi,

Əhdü peymanına qurban olduğum.

İstədi can verdim, qədir bilmədi,

O şirin canına qurban olduğum.

 

Dedim, ayrılığa yoxdur tavanım,

Ayrılıb getməsin sərvi-rəvanım;

Bir daha dönməzmi yosma tərlanım,

O təmiz qanına qurban olduğum.

 

Mən hey göyə baxdım... Göy mənə baxdı...

Yollara baxmaqdan gözlərim axdı,

Şimşək oldu, ancaq bir dəfə çaxdı,

Baxdı qurbanına qurban olduğum.

 

Könül vermək istər bir müjdə yenə

Sevgili yurdumun gözəllərinə;

Şerimə can verib, göylərdən enə,

Şöhrət və şanına qurban olduğum.

 

O mənim şerimin ruhu, rəvacı,

Bütün gözəllərin başının tacı,

Bilməzmi ki, onsuz ömrüm çox acı,

O haqq divanına qurban olduğum.

 

Gözəlliklər yapma, duyğular cansız;

Mənə tən eyləyir hər yetən qansız.

Atılan oxlardan çıx gəl ziyansız,

Namü nişanına qurban olduğum.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info