Qonaq Kitabı
GÜRCÜSTAN

Mən ömrümün ən canlı,

Ən çılğın çağlarında:

Dolaşdım Gürcüstanın,

Mamırlı dağlarında.

 

 Seyrə çıxdım ilk əvvəl,

Tiflisin yanlarında;

Dedilər ki: «Durma gəl,

Suram ormanlarında.

 

Qadın bir hökmüdarın,

Mazğallı bir bürcü var;

Bu izsiz ormanların,

Hər yerində gürcü var.

 

Qarşılar səni qatso,

Şən və güləş üzüylə.

İçərsən bir içim su,

Gürcülərin özüylə.

 

Çıxdım mən də yuxarı,

Baxaraq çılğın Kürə;

Çıxdım dağlara sarı,

Dost üzlər görə-görə.

 

Ruhum çiçəklər dərdi,

Nə həddi, nə hesabı;

Dadlı bir nəşə verdi,

Kaxetyanın şərabı.

 

Axşamladıq bir dəfə,

Rion çayı boyunda;

Əyləndim baxdım kefə,

Gürcülərin toyunda.

 

Yaxşı yadımda qalmış,

Gah atlı, ka piyada;

Üç ay qədər, bütün qış

Gəzdim Minqrelyada.

 

Görən bilir Gürcüstan,

Yosunlu bir diyardır;

Gürcüstanın can alan

Gözəllikləri vardır.

 

O zaman mən gəzərkən,

Gürcüstan torpağında;

Qanlı bir ləkə gördüm

Çarlığın bayrağında.

 

Sorunca gürcülərdən,

O sirrin mənasını,

Açdılar mənə birdən,

Məmləkətin yasını.

 

Rion hayqırdı durdu,

Belə insanlıq olmaz;

Əcəl baxtını qurdu,

“Ağlayan çox, gülən az!”

 

Aradan keçdi illər,

Çarın söndü çırağı.

Darix etdi dərbədər,

O qanlı təmtarağı.

 

O günlər gördum bir də

Həmayilli Tiflisi;

İndi baxdım hər yerdə,

Qayğısız yarın səsi.

 

İndi al bayrağında,

Nə ləkə, nə pas vardır;

Gürcüstan torpağında,

Nə matəm, nə yas vardır.

 

Baxdım həmən Gürçüstan,

İndi çox başqalaşmış;

Dinccə axan bir sudan

İldırımlar çaxnaşmış.

 

Qayaların koğuşuna

Sığınmış ildırımlar;

Dağların yoxuşuna,

Dırmaşan işıqlar var...

 

Özüm gördüm Zemavçal,

İşıq salır dörd yana;

Uğurlu başqa bir hal,

Gəlmişdir Gürcüstana.


Ə.Cavad

«İnqilab və mədəniyyət » jurnalı. 1929-cu il, â„– 6. səh. 4.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info