Qonaq Kitabı
QUŞLARA

Yavaş uçun, nazlı quşlar,

Sizə mənim bir sözüm var:

Doydunuzsa bu yerlərdən

Kimə qaldı o yuvalar?

Siz də, bəlkə insan kimi

Buraxdınız yuvalarda

O gül üzlü balanızı...

Yoxsa nə var havalarda?

Aman quşlar, mən yanıldım,

Sizdə ürək nur parçası,

Bizdə murdar yığınıdır,

O məhəbbət kərbəlası.

Sizdə heç bir baba yapmaz

Belə müdhiş cinayəti.

Bizim kimi sizdə yoxdur

Anaların xəyanəti.

Gedin, quşlar, gedin,

Allah yaxşı yollar versin,

Siz kimsədən inciməyin,

Kimsə sizdən inciməsin.

Aman quşlar, bilməm nə var

Bu məzarlıq aləmində,

Ruhum aydın bir iz arar

Bu qaranlıq çöl içində.

Varsa sizdə artıq qanad,

Allah üçün, verin mənə,

Mən də sizsiz qəribsədim,

Uçmaq istər ruhum daha.

Heç olmasa onu alın,

Çox yazıqdır, yanınıza,

Nazlı quşlar, sığınmışam

Adınıza, şanınıza.

 

fevral, 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info