Qonaq Kitabı
DAĞLAR (Dağıstana)

Dərdli sinəndəki əski cığırlar,

İnsan izlərinə bənzər, a dağlar!

Bu ağır, üzücü baxışın mənə,

Qanlı əfsanələr söylər, a dağlar.

 

Mən dinlədim, gözüm, gəl nişan ver sən -

Altın ordulardan, igid ərlərdən!

Karvanlar qonuğu kölgəliklərdən,

Kimlər gəlib keçmiş, kimlər, a dağlar?!

 

Həp keçən millətdən qalmış bu ulus,

Sonra vuruşmalar, qovğalar sonsuz!.

Sən istərsən söylə, istərsənsə sus,

Bilirsən onları əzbər, a dağlar!

 

Keçərkən igidlər Kürdən, Arasdan,

Çıxardı sinəndə qılınclar pasdan.

 

Fəqət mən anlamam tutduğum yasdan,

Yoxmudur onlardan əsər, a dağlar?!

 

Gördün çarpışarkən soylar, oymaqlar,

Oynardı göylərdə qanlı mizraqlar;

Sahibi qovğada ölmüş qısraqlar,

Gördünmü nə yazıq kişnər, a dağlar!

 

“Qaf” deyə anarmış səni hər bəndə,

Sanarmış kücünü igidlər səndə.

Yetişmiş olsaydım o gün Dərbəndə,

Bilərdim kimdədir hünər, a dağlar!

 

Keçərkən o coşqun Elxan ordusu,

Duydumu ürəyin ölüm qorxusu?

Əyilməmiş başın, sözün doğrusu,

Əyilən yaşamaz, ölər, a dağlar.

 

Altın mədənidir bu yoxsul ölkə!

Nəyin saldırmışdı o Qərbi türkə?

Xəzər igidinin səsidir bəlkə

Ki, qalmış qoynunda gurlar, a dağlar!

 

Pozulmuş qalalar, tökülmüş qanlar,

Јalçın qayalardan düşən insanlar,

Məzar daşlarında əski dastanlar

Sən varkən şahidi neylər, a dağlar?!

 

Keçənlər sayqısız Samur çayını,

İgidlər əlindən aldı payını.

Ölənin, qalanın bilməm sayını,

Bəlkə sən verəsən xəbər, a dağlar!

 

Sabutay adında bir komandanı,

Göndərmişdi Qərbə göylər sultanı.

İgid əlindəki moğol fərmanı,

Gördünmü nə qollar bükər, a dağlar!

 

Bir gün gəldi: oldu imanın kamil,

Ki, qurtarır səni qəhrəman Şamil!

Fələk dedikləri sən deyən deyil,

Namərdlər dost yolu kəsər, a dağlar.

 

O zamandan sənin dərdlidir başın,

Ağlar görünürdü torpağın, daşın.

O dərdli günlərdə yoxdu yoldaşın,

Yalqızlıq ən böyük kədər, a dağlar!

 

Bu yaxın günlərdə qopdu bir tufan,

Devrildi ahından qurulmuş dövran.

Ən dar günündə də kim idi qoşan,

Kim idi sinəsi sipər, a dağlar!?

 

Titrək əlləriylə ixtiyar ləzgi,

Bir məsəl söylədi. Dedim: pək əski.

Јenisi başlandı, fəqət bitməz ki...

Nədir bu bitməyən cövhər, a dağlar?!

 

Köylü qızlarının çatıq qaşında,

Nədir o qaynayan qəm baxışında?!

O darğınlıq nədir bu gənc yaşında?

Aç dərdli qəlbini göstər, a dağlar!

1 aprel, 1920

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info