Qonaq Kitabı
GÖY GÖL

Dumanlı dağların yaşıl qoynunda,

Bulmuş gözəllikdə kamalı Göy göl.

Yaşıl gərdənbəndi gözəl boynunda,

Əks etmiş dağların camalı Göy göl!

 

Yayılmış şöhrətin Şərqə, Şimala,

Şairlər heyrandır səndəki hala.

Dumanlı dağlara gələn suala,

Bir cavab almamış soralı Göy göl!

 

Bulunmaz dünyada bənzərin bəlkə,

Zəvvarın olmuşdur bir böyük ölkə.

Olaydı könlumdə bir yaşıl kölgə,

Düşəydi sinənə yaralı Göy göl!

 

Sənin gözəlliyin gəlməz ki, saya,

Qoynunda yer vardır ulduza, aya.

Oldun sən onlara mehriban daya,

Fələk busatını quralı Göy göl!

 

Kəsin eyşi-nuşi, gələnlər, susun!

Dumandan yorğanı, döşəyi-yosun.

Bir yorğun pəri var: bir az uyusun,

Uyusun dağların maralı Göy göl!

 

Zümrüd gözlərini görsünlər deyə,

Şamlar boy atmışdır, uzanmış göyə.

Keçmişdir onlara qəzəbin niyə,

Düşmüşlərdir səndən aralı Göy göl?

 

Dolanır başına göydə buludlar,

Bəzənmiş eşqinlə çiçəklər, otlar,

Öpər ayağından qurbanlar, otlar,

Ayrılıq könlünü qıralı Göy göl!

 

Bir sözün varmıdır əsən yellərə? -

Sifariş etməyə uzaq ellərə...

Yayılmış şöhrətin bütün dillərə,

Olursa, olsun qoy haralı Göy göl!

1925

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info