Qonaq Kitabı
Yeni həyat başlanan yerdə

– Yoldaş briqadirlər, bu faizlə biz daha Sabirə çata bilmərik. Bu rəqəmi rayona göndərməyə utanıram.

– Doğru deyir... Üzümüz qaradır...

– Saday, bax, bizi geri çəkirsən!

Saday qızarmış üzünü aşağı dikmişdi. Kolxoz sədri geri qalan kolxozçuları danladı.

Saday ayağa qalxıb:

– Bu qonağımızın yanında bizim briqada söz verir ki, bütün borcunu ödəyəcək və faizi artıqlıqla dolduracaqlar...

– Doldurarlar. Pambıq yaxşıdır, – deyə biri qeyd etdi.

Mən Sadayın əlini sıxaraq, yaxınlarda bu vədin ifasını görməyi arzu etdim. Bu arzumun icra edilə biləcəyində mənim heç bir şübhəm yox idi. Çünki qərar qəti, iradə qüvvətli, istək səmimi və imkan mövcud idi...

Artıq müsahibə bitmişdi. Kolxozçular dağılırdı. Mən kolxoz sədri ilə bərabər kolxoz idarəsindən çıxdım. İşığa öyrənmiş gözlərim qaranlıqda heç bir şey görməyir, yolu belə seçməyirdi. Qaranlıq göyün üzünə parlaq ulduzlar səpilmişdi. Lakin almaz parıltısına malik olan bu ulduzlar qaranlığı məhv edə bilməyirlərdi...

Kolxoz sədri mənim bu qaranlıqda yeriyə bilmədiyimi duyunca, qolumdan tutdu. O özünü lampa işığında olduğu kimi hiss edirdi. Uzaqdan gördüyü qaraltıları belə seçərək, adları ilə çağırırdı.

Biz kolxoz sədrinin evinə doğru gedirdik. Ardımızdan ayaq tappıltısı eşidildi. Kolxoz sədri dönüb baxdı.

– Səməddir, – dedi. – Yaxşı aparat götürəndir. Biz onun işini kolxozda primer qoyuruq.

Səməd çatıb bizə qoşuldu.

– Biz bu gün sizi yorduq, – deyə Səməd söhbətə başladı.

Mən yorulmadığıma və biləks bir çox şey öyrəndiyimə görə məmnun olduğumu söylədim.

– Mən hələ bu vaxtadək Bakını görməmişəm. Ürəyim Bakını görmək istəyir, – deyə Səməd öz arzusunu bildirdi.

Kolxoz sədri ona:

– Bu il gedəcəksən, kolxoz zərbəçilərinin toplanışı olacaq. Azərbaycanın on beş illiyi olacaq. Səni göndərəcəyik, – deyərək, Səmədi əmin etmək istədi. Mən də tərəfimdən Səmədi Bakıya dəvət etdim.

Qaranlıq Səmədin üzündəki təbəssümü görməyə qoymayırdı. Lakin onun təbəssümünü hiss edirdim. O, Bakıya gedəcəyindən çox məmnun olduğunu söyləyirdi. Yoldan bir az kənarda görünən bir evlə yanaşı olduqda, Səməd dayandı.

– Bu mənim evimdir, – dedi. – Buyurun, qonaq olun!

Mən təşəkkür etdim. Səməd bizdən ayrıldı və bir azdan sonra gələcəyini xəbər verdi.

Səməd gedəndən sonra kolxoz sədri mənə Səmədin bu il özünə ev tikmiş olduğunu söylədi. Bu vaxtadək evsiz imiş. Keçən il Səməd kolxozdan almış olduğu zəhmət haqqını ev tikməyə və müxəllifat almağa sərf etmişmiş.

Kolxoz sədrinin göstərdiyi evi qaranlıqdan dolayı seçmək mümkün deyildi.

Gecə kimi qara olan bir it hürə-hürə bizi qarşıladı. Kolxoz sədri “İldırım, İldırım” – deyə onu çağırdı. It, sahibinin səsini eşidincə, sakit olub geri döndü.

Biz kolxoz sədrinin iki otaqdan ibarət olan evinin qonağa məxsus qisminə gəldik. Otağın bir tərəfində üzərində ağ süfrə salınmış masa üstündə gümüş kimi parıldayan samavar həzin-həzin oxuyur və öz buxarını otağın səqfinə qədər qaldırırdı. Otağın yerinə xalça döşənmiş və bir kiçik xalça da divara vurulmuşdu. Divardan asılan çoxlu üz dəsmalları, divar içində qayrılmış şüşəsiz dolabda cərgə ilə düzülmüş əlvan kasalar və bir-iki plakat otağı bəzəyirdi. Divardan bir çox fotorəsmlər – Stalin, Voroşilov, Kirovun əksləri asılmışdı.

Biz çay içib söhbət edirdik ki, Səməd də gəldi. Ev sahibi tez Səmədin qarşısına bir stəkan çay qoydu. Əvvəlcə söhbətimiz kolxozun işləri haqqında idi. Kolxozda çalışan adamlardan danışdıqda, Səməd öz tərcümeyi-halını söyləməyə başladı. Onun tərcümeyi-halı kolxozun törətdiyi xariqəni təmsil edirdi. Mən onun keçmiş olduğu həyat yolu haqqındakı hekayəsini diqqətlə dinləyirdim. Masa üzərindəki lampa onun əzm və iradəli üzünü öz solğun və sarı işığı ilə işıqlandırırdı.

– Mən uşaqlıqdan yetim qalmışdım. Atam və anam fəqir kəndli olmuş və bunun-onun qapısında işləmişlərdi. Mən gündüzlər qapı-qapı gəzir, gecələr isə rast olduğum yerdə yatırdım. Çox vaxt gecəmi kəndlilərin həyətində isti təndirin yanında keçirirdim.

Səməd öz çocuqluğunu xatırladıqca, gözləri qəmlə dolurdu. Evi-yurdu olmayan Səməd çocuqluğunu yoxsulluqla keçirmiş və kəndlilərin ona verdikləri fəqir payı ilə bir qarnı ac, bir qarnı tox olaraq dolanmışdı. Bütün paltarı bir giş torbadan ibarət imiş. Hərdənbir kəndlilərdən ona köhnə şalvar, papaq verən olurmuş, o da çox az.

– Ayağım daima yalın idi, – deyə Səməd öz qəmli hekayəsinə davam edirdi. – Qohum-əqrəbadan bircə qardaşım vardı. O da varlı kəndlilərin yanında nökərçilik, muzdurluq edirdi. Mən bir az böyüyəndən sonra kəndlilərin yanında qarına fətir işləməyə başladım. Mən işləyirdim və bunun əvəzində mənə yalnız yemək verirlərdi.

Burada Səməd toxtayıb, çayını içdi və stəkanı kolxoz sədrinə uzatdı. Əli tez bir stəkan çay töküb Səmədin qarşısına qoydu. Səməd yenə öz həyat hekayəsinə davam etdi:

– Mən nökərçilik edirdim: suya gedirdim, odun gətirirdim, naxır otarırdım, amma bu gördüyüm işlərin əvəzində mənə bir qəpik verilməsi xatırıma gəlmir. Mənə deyirdilər ki: “Pulu nə edirsən? Yemək veririk yetər!” Bu da guya mənə yazıqları gəldiyinə görəymiş! Yemək verirlərdi, – deyə Səməd təkrar edərək əli ilə başını tutdu və bir az sükutdan sonra davam etdi: – Bəzən çöldən, işdən qayıdanda görürdüm ki, ev sahibi – o yanında olduğum kişi – Kəblə Novruz indi Bakıdadır deyirlər, – arvad-uşağı ilə qonaq getmiş, qapını da bağlamış, gedəndə yadlarından çıxıb mənim üçün yemək də qoymayıblar. Qalırdım ac, büzülüb töylədə yatırdım, yainki çöldən gec gəlirdim. Görürdüm lampanı söndürüb yatıblar, yemək qoymayıblar, yenə acqarına yıxılıb yatırdım. Yatırdımmı? Onu heç də sormayın.

Səmədin səsi titrədi, gözləri yaşarmış kimi göründü...

Kolxoz sədri Əli otaqdan çıxdı.  

– Bəylərin və mülkədarların hökmranlığı yıxıldıqdan sonra da mən yenə muzdurluq edirdim. O vaxt ancaq on beş yaşım olardı. Indi də anadan olan tariximi bilmirəm. Haradan biləcəyəm? 

Burada yenə Səməd sükut etdi. Lakin köhnə xatirələrin qəhri və acılığı onu boğurdu. Bir-iki dəfə udqunaraq, yenə öz hekayəsinə davam etdi:

– Mən batrak sayuzuna yazıldım. Onda varlı kəndlilər mənə iş vermədilər. Məni sayuzdan çıxmağa məcbur etmək istəyirlərdi. Mən sayuzdan çıxmadım. Günəmuzd işləməyə başladım. Kənd şurası mənə yer və toxum verdi. Lakin mən heç bir şeyə malik deyildim. Təsərrüfatım yox idi, nə edə bilərdim! Sonra kəndimizdə kooperativ açıldı, bir müddət orada yük daşıdım. Nəhayət, kolxoz söhbəti başlandı. Kolxoz qurmağa başladıq. Mən kolxoza birinci gəldim. – Burada Səməd bir şey xatırlayan kimi, dayandı və gözlərini mənim gözlərimə dikərək: – Başınızı ağrıdıram, bəlkə rahat olmaq istəyirsiniz? – dedi və susdu.

Mən ondan hekayəsinin davamını rica etdim. O, axırıncı stəkan çayını içərək, hekayəsinin ardını söyləməyə başladı. Kolxoz sədri əlində boşqab, çörək otağa girdi: o, yemək hazırlayırdı.

Səməd danışırdı:

– Kolxozumuz yavaş-yavaş möhkəmləndi, qalxdı. Qolçomaqlar bizim kolxozu görmək istəməyirlərdi.

Kolxozun əleyhinə təbliğat aparırlardı. Biz çalışırdıq. Axırda onların hamısını sürükləyib kənddən çıxartdıq. Canımız asudə oldu... Keçən il o qədər zəhmət haqqı almışdım ki, bilməyirdim nə qayırım. Sədrimiz mənə dedi ki: “Gəl bir ev tik!” O bayaq nişan verdiyim evi tikdim...

Səmədin üzündəki qəm nəşəyə çevrildi. Gözləri gülümsədi. O indi həyatından nə qədər məmnun, nə qədər razı idi! Kolxoz sədri Əli yemək tədarük etmişdi. Masanın üzərində plovla dolu nimçələr buğlanırdı. Biz Əlinin dəvəti üzrə yeməyə başladıq. Səməd hekayəsini tamamlamaq istəyirdi. Mən rica etdim. Səməd bir az fikirləşəndən sonra dedi:

– Qardaşım da mənim yanımda bir ev tikdirmişdir. Evlənib, kefi kökdür... Mən əvvəldən savadsız idim. Kolxoza yazılandan sonra kurs açdıq. Mən oxumağa başladım. Oxumağa çox həvəsim var. Indi “Yeni yol” və “Kommunist” qəzetlərini hər gün oxuyuram.

Səməd sükut etdi. Sanki dediklərini dərk etmək, bir dəfə daha düşünmək istəyirdi. Gözlərinin ifadələri onun yalnız şadlıq hissi duyduğunu andırırdı. Qapılarda muzdurluq edən yurdsuz, yoxsul adam inda yavaş-yavaş zəngin həyat keçirməyə başlayırdı. Bu dönüş kolxoz üsulunun yaratmış olduğu xariqə idi.

Səməd sükutu pozaraq:

– Mənim indi bir arzum var, – dedi.

Mən maraqlandım. Yetimlikdən varlı həyata çatan bir kəndlinin bu varlı həyatdan sonrakı arzusunu bilmək istəyirdim.

– Nədir? – sordum.

– Bakını görmək istəyirəm. Bakını heç görməmişəm. Deyirlər böyük bir şəhərdir. Tramvayı, gözəl bağları, teatroları, uca binaları vardır... Mən bunları görmək üçün can atıram...

Bakını görmək arzusunu Səməd ikinci dəfə olaraq söyləyirdi. Mən yenə onu, əvvəl dəfə demiş olduğum kimi, Bakıya dəvət etdim.

– Gələcəyəm, gələcəyəm, – dedi və sonra: – Elə deyil, Əli əmi? – deyə kolxoz sədrindən sordu.

– Gedəcəksən, lap yəqin!

Səmədin gözləri işıldadı. Üzü gülümsədi. O: – “yaşa!” – deməkdən özünü saxlaya bilmədi.

Artıq yeməyimizi tamam etmişdik. Kolxoz sədrinin gözləri yumulurdu. Səməd bunu görüncə qalxdı.

– Əli əmi lap yorulub, yatmaq istəyir, siz də yorğunsunuz, yatın, – dedi və bizimlə xudahafizləşərək çıxdı. Biz də onun ardınca balkona çıxdıq.

– Gecəniz xeyrə qalsın!

– Sağ ol!

Səməd bizdən ayrıldı.

Ay ulduzları dövrəsinə toplayıb, kəndə tamaşa edirdi. Sanki ətrafındakı şən ulduzlara yeni həyatın yeni adamlarının tərcümeyi-hallarını, keçmişdəki ehtiyac və yoxsulluğun bu gün zəngin yaşayışa çevrilməsini söyləyirdi. Bayaqkı qaranlıq qovuşmuş olduğundan ətrafı seyr etmək mümkün idi. Əlinin evi kəndin başqa evlərindən kənarda idi. Bu evlər indi yarpağı tökülmüş ağaclar arasından aşkar görünürdü. Heç bir evdən işıq gəlməyirdi. Kolxozçular çoxdan şirin yuxunun nəzakətli qucağında dincəlirlərdi. Ətraf sükut içində idi. Hərdənbir bu sükutu uzaqlardan gələn və uşaq ağlamasına bənzəyən səslər pozurdu.

– Çaqqallardır, – deyə Əli mənə məlumat verdi.

Əli əminin iti “İldırım” mırıldanaraq, bir-iki ağız hürdü, – sanki ulaşan çaqqalları qorxutmaq istəyirdi... Mənim kimi Əli əmi də Səmədin bu gecə söylədiyi hekayəsinin təsiri altında idi ki, yataq hazırladığı vaxt birdən:

– Budur, Səməd keçmişdə həşərat kimi yerdə sürünürdü. Tapdalansaydı, tələf olacaqdı. Kolxoz onun əlindən tutub qaldırdı. İndi kolxozda birinci adamdır, – dedi.

– Belələri kolxozunuzda çoxmudur? – deyə sordum.

– Bizim bu kəndin bütün yoxsulları Səməd kimi ağır müsibətlər çəkiblər, indi onlar hamısı bizim kolxozdadır, – dedi və bir az düşünərək əlavə etdi: – Saday da çox aclıq çəkib... Indi Kolxozda varlı həyata çatıblar.

Sadayın məhəbbət ifadə edən gözləri, təbəssümlər mənim gözümün önündə canlandı...

Sabah tezdən qalxmaq lazımdı. Artıq Əli əmi də yorulmuşdu: O mənə:

– Gecəniz xeyirli olsun! – deyib evinin ailəyə məxsus qisminə keçdi.

Mən yatağıma girib, bu gün kolxozda gördüyüm adamları bir daha xatırlayaraq yatdım...

Təqribən iki həftədən sonra yenə yolum bu kolxoza düşdü. Səməd, Saday, Əli, Əliyar və Əli əmi ilə köhnə və yaxın dost kimi görüşdük. Kolxoz öz pambıq tədarükünü vaxtından on gün əvvəl bitirmişdi. Planın doldurulması münasibətilə kolxozun xalçalar və qırmızı bayraqlarla bəzədilmiş klubunda təntənəli iclas çağırılmışdı. Iclasa rayon işçilərindən başqa yaxın kolxoz zərbəçiləri də qonaq sifəti ilə dəvət olunmuşlardı. Əli əmi alnının tərini tez-tez silərək məruzə edirdi.

Klub alqışlarla guruldadı...

Sonra zərbəçilər və briqadirlər şkaf, patefon, velosiped və başqa bəxşişlərlə təltif edildi.

Səməd mənim yanımda oturmuşdu. Birdən o mənə:

– Bir az tez gəlsəydiniz, yaxşı bir tamaşa görəcəkdiniz, – dedi və davam edərək əlavə etdi: – Bu gün səhərdən kəndimizdə məhkəmə iclası gedirdi. Kooperativ müdirinin işinə baxırlardı. Kooperativ malını kənara satması sübut olundu.

– Cəzalandımı?

– Yeddi il məhkəmə ona iş verdi. Apardılar rayona.

Mən divar qəzetini və Səmədin mənə göstərdiyi şəkli xatırladım. Indi Səməd bu əhvalatı daha ondakı kimi acıq və nifrətlə söyləməyirdi. Bəlkə arzusuna nail olmuş kimi, məmnuniyyətlə xəbər verirdi...

Bu axşam Səməd hər cəhətcə məmnun və şad idi. Onun şadlığının əsas səbəbi kolxoz tərəfindən sabah Bakıda pambıq zərbəçilərinin müşavirəsinə ezam olunması idi. Bu qərara görə o, çocuq kimi sevinirdi. O, uzun vaxtdan bəri görmək üçün can atdığı şəhəri sabah görəcəkdi.

 

1935 


 



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info