Qonaq Kitabı
Yeni həyat başlanan yerdə

Yağış və küləklərlə girmiş payız bir az sonra təbii hüququnu ilk baharı andıran günəşli günlərə tərk etmişdi. Buludsuz mavi səmadan şən günəş yay hərarətinə malik olmayan şüalarını səxavətlə yer üzünə səpir və kolxozçuları sevindirirdi.

Kəndlilər payızda pambıq tarlaları üçün belə isti günləri arzu edərlər. Gecənin soyuq şəbnəmi ilə yuyunan pambıq qozaları sabah ayazından sonra günəşin şüalarını aldıqca qızır, quruyur və quruduqca çatlayıb gizlədiyi incə pambıq çiçəklərini təzahür etdirir...

Biz bir çox pambıq tarlasını ötüb keçmişdik. Ucu-bucağı görünməyən tarlaların ağappaq ağaran çiçəkləri arasında əlvan paltarlı kolxozçu dəstələri hərəkət edən çiçəkliyə bənzəyirdi. Bunlar – əlvan geyimli qadınlar idi. Yürüyərək, pambıq yığırlardı.

Biz yol uzunu tarlalarda rast düşən kolxoz briqadalarını danışdırmaq üçün avtomobilimizi saxladıb, pambıq tədarükünün gedişini öyrənirdik. “Bir neçə belə gün tutsa, pambığı qurtararıq”, – deyə pambıqçılar öz arzularını bildirirlərdi. Mənim yol yoldaşım kolxozçulara mənalı-mənalı baxıb:

– Şərt günəşin olmasında deyil, günəşdən istifadə etməyi bacarmaqdadır, – deyə cavab verir və sonra gülümsəyərək əlavə edirdi: Hamınız payızda günəş, yayda sərin hava istəyirsiniz. Yaxşı sifarişdir!

Kolxozçular gülüşürlərdi.

Biz Əli Bayramlı rayonunun Kirov adına olan Kolxozuna gedirdik. Bu kolxozun pambıq tədarükü işləri kolxozlara görə geridə idi. Rayonun bir neçə kolxozları planlarını doldurmuş və rayon mərkəzinə raport vermişlərdi. Kirov kolxozundan gələn xəbərlər planın doldurulması uğrunda şiddətli mübarizənin başlanmasını andırırdı...

– Budur, Kirov kolxozunun tarlaları başlanır, – deyə yol yoldaşım mənə ağaran tarlaları göstərdi. Tarla içində əlvan geyimli pambıq yığan dəstətər görünürdü.

Avtomobil ora sürətlə yürüyürdü. Çölün sakit havası avtomobilə müqavimət göstərmədən hərəkətə gəlir və uğuldayaraq, bizim üzümüzə çırpırdı. Mən bu təmiz  saf havanı udduqca şəhərin hisli və tozlu havası ilə qidalanmağa adət etmiş ciyərlərimin alveolalarına qədər təmizləndiyini hiss edirdim. Bu havanı aldıqca, ifadəsi mümkün olmayan bir feyz duyurdum. Şəhərin tozlu, hisli havasından sonra çölün təmiz havası bilirsiniz, bulaq suyu kimi, içdikcə ləzzət verirdi. Pambıq yığmaqda olan bir kolxoz dəstəsi lap yolun kənarında idi. Biz bu dəstəyə çatdıqda, avtomobilimizi saxladıq. Tez avtomobildən düşüb kolxozçulara doğru yürüdük. Bu, çox yerinə düşdü; çünki avtomobildə ayaqlarım yatmışdı, birinci addımlarımda axsayaraq yürüməyimin də səbəbi bu idi.

Kolxozçular avtomobilə və bizə tərəf çiyin üzərindən qıyqacı bir nəzər atıb, yenə öz işlərinə davam etməkdə idilər.

Göy dəri papağını qaşlarının üzərinə qədər basmış olan bir gənc Kolxozçu bizi görər-görməz dəstədən ayrılıb bizə yaxınlaşdı: İşıldayan qara gözlərində və nazik dodaqlarında bir təbəssüm oynadı. Xoş bir əda ilə salam verdi. Onun al yanaqlarının atlaz şəfəqi günəşdən qaralmış üzünə xoş bir ifadə verməkdə idi. Növbə ilə gözlərini mənim və yoldaşımın gözlərində saxlayaraq baxırdı. Əlindəki qozanın möhkəm-möhkəm tutduğu pambığını barmaqlarının nəzakətli hərəkəti ilə qozadan xilas edib, dizlərinə toxunan döşlüyünə atdı. Əllərinin yapdığı bu işi gözləri görməyirdi; çünki təbəssüm ifadə edən qara gözləri bizə baxırdı.

Rayonun məsul işçilərindən olan yol yoldaşım kolxozçuları adbaad tanıdığından, qarşımızda duran gənc kolxozçuya öz adı ilə müraciət edərək:

– Saday, qoçaq, bəs briqadiriniz hanı? – deyə sordu.  

– Briqadirimiz xəstədir, iki gündür qızdırıb yatır.

– Bəs onu kim əvəz edir?

Bu sual gənc kolxozçunu utandırdı. O, gözlərini yerə dikib, məhcub bir ifadə ilə:

– Mən, – dedi və gözləri iki addımlıqda düşmüş olan pambığa sataşınca, yürüyüb pambığı qaldırdı və onun üzərindəki tozu, çöpü püflədikdən sonra qarşısındakı torbaya buraxdı.

Taqsırlı adam kimi başını aşağı salaraq, o bir daha bizi süzməyirdi. Bu dəqiqə onun üzünün ifadəsi böyük bir qayğı andırırdı. Olsun ki o qayğı – briqadir olmaq həsədi ilə onun üzərinə düşən böyük məsuliyyətin doğurduğu qayğı idi.

– Sən? – deyə yol yoldaşım inanmayır kimi, təkrar sordu.

Saday bu dəfə başını qaldırıb ciddiyyət ifadə edən parlaq gözləri ilə əvvəlcə yoldaşımı və sonra məni süzərək:

– Bəli, – dedi.

– Əhsən!.. İşlərin necədir?

Sadayın qaşları çatıldı. Bir dəqiqə onun gözləri üfüqlərə dikildi, bir şey düşünür kimi, göz qırpmadan baxdı. Sonra gözlərini yol yoldaşımın gözlərinə dikərək:

– Faizimiz bir az geridir, – dedi.

– Nə üçün? Adamınız çatmayırmı?

– Yox. Bircə briqadirimizdən və bir qadından başqa adamlarımız hamı öz yerindədir, amma bizim pambıq bu il çox gec yetişdi.

– İndi, de görək, vaxtında planı doldura biləcəksinizmi?

Saday bu suala yenə birdən-birə cavab vermədi. Onun gözləri yenə bir nöqtəyə dikildi. Mən baxdım ki, onu barmaqları bir şey sanayır kimi, öz-özünə bükülüb açılır, – düşündüyü rəqəmi barmaqları ilə hesablayırdı. Sonra başını qaldıraraq yenə bizi süzdü və yol yoldaşımın üzünə dik baxaraq:

– Dolduracağıq, – dedi və sonra gülümsəyərək, əlavə etdi: – Nə üçün doldurmuruq. Pambığımız çoxdur, bizim yerin suyu bu il gec oldu, ona görə də pambığımız dala düşdü. Amma pambığımız yaxşıdır, planımızı vaxtında doldurmağına dolduracağıq, ancaq...

– Hə, nə ancaq?

– İrəli düşə bilmədik, bizim suyumuz vaxtında olsaydı, Jdanov kolxozu bizdən irəli düşərdimi?

– Görək də, Saday, nə qayıracaqsan, – deyə yoldaşım tarlaya tərəf yürüdü, Sadayı mənə təqdim etmək istəyərək, əlavə etdi: – Bu, Sadaydır, yaxşı çalışqan kolxozçudur: ancaq briqadir olmasını bilməyirdim. Görək briqadir vəzifəsində işi nə sayaq təşkil edəcək.

Bu sözlər deyilən vaxt Saday başını aşağı salmışdı, sanki üzünün qızarmasını göstərmək istəməyirdi. Lakin qızarmış olduğu qulaqlarından aşkar idi. Mənim yol yoldaşım tarlanı seyr edərək:

– Saday! – dedi, – sən buna “pambıq gecikibdir”, – deyirsən? Balam, bax, pambıq düz dünyanı götürüb ki!

Saday başını qaldırdı, tarlanı süzdü və sonra təbbəssümlə dedi:

– Bu pambıq hələ yaxşı açılmamışdır. Qoy bir-iki gün yaxşı hava olsun, onda tamaşa ediniz.

Pambıq yığanlardan ortayaşlı bir kolxozçu bizə tərəf yeriyərək:

– Ay Saday, başını aşağı salma. Biz ölməmişik, bu tarlada bir dənə də qoza qoymayacağıq, planımızı da vaxtında dolduracağıq, – dedi və yenə iki əli ilə pambıq yığmağa başladı.

Bu kolxozçunun əlləri o qədər sürətlə işləyirdi ki, onların hərəkətini təqib etmək mümkün deyildi.

Saday şəfəqqət və məhəbbət ifadələri ilə qaynaşan gözlərini kolxozçuya çevirərək gülümsədi:

– Sağ ol, Əli, – dedi.

Biz onun kim olduğunu sorduqda, Saday məhəbbət ifadə edən gözləri ilə onu bir daha süzdü və bizə:

– Bu bizim briqadanın zərbəçisi – Əlidir, – dedi. – Gündə yüz-yüz beş kilo pambıq verir, yüz iyirmi kilo yığan günü də olmuşdur.

Biz Əli ilə yaxından tanış olmaq istədiyimizə baxmayarq, onun işinə mane olmağa cürət etmədik və bu maraqlı görüşü yol yoldaşımın tövsiyəsi üzrə sonraya buraxdıq. Mən sonradan onunla kolxoz idarəsində görüşməyə müvəffəq oldum.

Sadydan ayrıldıq və yenə avtomobilə minib birinci briqadanın işlədiyi tarlalara doğru yollandıq.

Budur, ağ pambıq tarlalarının ortasında üstü qamışla örtülmüş palçıq daxmalar ucalır. Burası birinci briqadanın düşərgəsi olduğunu bu yerlərə yaxşı bələd olan yoldaşımdan öyrəndim. Kolxozçular arasında bu düşərgələrə “xatur” deyilirmiş. Olsun ki, bü söz Ukraynada məruf xutorun təhrifidir. Mən bu haqda düşünürkən avtomobilimiz xutorun təmiz süpürülmüş həyətinə girdi. Həyətdə heç bir kəs görmədik. Həyətin bir tərəfində açılmış arabanın yanında iki boz at onları təngə gətirən milçəkləri quyruqları ilə qovur, qarşılarındakı otu xımır-xımır çeynəyirlərdi. Biz qapısız daxmalara kənardan baxaraq, bütün xutoru dolaşdıq. Daxmalar boş idi. Ancaq kənardakı daxmadan həzin-həzin oxunan “lay-lay” səsi eşidilirdi. Biz bu daxmaya tərəf gəldik. Burası briqadanın yaslisi imiş. Daxmanın ortasında 35-36 yaşlarında ucaboylu, qara örpəkli bir qadın qucağında iki körpə uşağı yırğalayır, səqfdən asılan nənnini qolunun yüngül təkanı ilə yellədir və eyni zamanda qarşısında duran beşiyi dəxi hərdənbir ayağı ilə tərpədirdi. Qara örpəyindən daha çox qara saçlarında gümüş tellər işıldayırdı. Bizi görcək qadın şüursuz bir əl hərəkəti ilə çənəsini gizlədi, mahnısı kəsildi, mahnının həzin səsi ilə uyumaqda olan çocuqlar yumulu gözlərinin ağırlaşmış qapağını qaldırmaq təşəbbüsündə bulundular. Hətta nənnidəki çocuq ağlamaq üçün dodağını büzdü. Qadın çocuğu yatırmaq istərkən:

– Yat, yat balası, – dedi. Lakin çocuq mahnı istəyirdi. O, qadının tövsiyəsindən narazı qalaraq, ağlamağa başladı.

Qadın sanki bizdən üzr istər kimi:  

– Uşaqlar laylaya öyrəşiblər, – deyə xoş bir əda ilə mahnısını oxudu:

Lay-lay, balalarım, lay-lay,

Lay-lay, quzularım, lay-lay...

Daxmanın bir tərəfində iki çocuq da yataqlarında uyuyurlardı. Lap daxmanın kənarında 3-4 yaşında bir qızcığaz qarşısındakı oyuncaqlarla oynayırdı. Bizi görcək qalxıb geri çəkildi və bizi süzməyə başladı. Sonra bir şey düşünür kimi, yürüyüb divara söykəmiş olduğu balaca kuklasını alıb bağrına basdı... Ucaboylu qadının mahnısı davam edirdi. Bu mahnıda diqqət cəlb edən bir şey vardısa, o da qadının adi:

Lay-lay, balam, lay-lay,

Lay-lay, quzum, lay-lay, –

əvəzinə “balalarım”, “quzularım”, – deyə xitab ilə oxumağı idi. Yeni yaşayış əski ifadələrə dəxi təsir etmişdi. Bizim avtomaşının gəlişini görmüş olan briqadadan biri, döşünə qədər pambıq içində gizlənmiş olduğu halda, pambıq kollarını yararaq, bizə sarı yüyürürdü. Əynində rəngi günəşdən azacıq solmuş göy pencək, boynunda qara və ağ zolu olan şərf, ayaqlarında uzunboğaz çəkməsi olan bu kolxozçu bizə yaxınlaşaraq, təbəssümlə salam verdi və bizim əlimizi sıxaraq:

– Xoş gəlmişsiniz! – dedi. Niyə burada durmuşsunuz? Buyurun qiraət komasına, oturacaq yeri var, dincəlin, çay için...

Mənim yol yoldaşım gülə-gülə:

– Sağ ol, Səməd! Çay sonraya qalsın, sən hələ bir az pambıq tədarükündən danış. Işlərin necədir, planı doldura bilirsənmi? – deyə sordu, yol yoldaşımın xitabından bu gəncin birinci briqada başçısı olduğunu öyrəndim.

Kolxozçu kəndlidən artıq fəhləyə oxşayan Səmədin təqribən 25-26 yaşı olmasına baxmayaraq, alnında bir çox qırış izləri var idi. Səməd yoldaşımın suallarına cavab vermək əvəzində yenə bizi qiraət komasına dəvət etdi.

Yol yoldaşım Səmədi mənə təqdim edərək:

– Səməd birinci briqadanın başçısıdır. Özü də birinci zərbəçidir, – dedi.

Səmədin dəvəti üzrə biz qiraət komasına gəldik. Qiraət koması balaca bir daxma idi. Ortasında xarratlıqdan xəbəri olmayan bir adamın yonulmamış taxta və ağacdan kobud surətdə qayırmış olduğu bir masa dururdu. Masa üzərinə qırmızı parça salınmışdı. Bir neçə köhnə qəzet, jurnal və kitablar dağınıq halda masanın üzərinə tökülmüşdü. “Inqilab və mədəniyyət”in bir nömrəsini şüursuz varaqladım. Səməd mənim varaqlanmamı təyin edərək, yaxınlaşıb:

– Burada şairlərimizin gözəl sözləri var, – dedi və sonra bir şey xatırlamış kimi: – şeirləri, – deyə əlavə etdi. Bəlkə Səməd bu sözlərlə savadlı olduğunu və ya şeir ədəbiyyatı ilə maraqlanmasını bildirmək istəyirdi. Bilməyirəm. Lakin onun üzündəki şənlik daxili bir süruru andırırdı. Onun xoş üzü gülürdü. O bu dəqiqə nə qədər məsud idi! Mənə elə gəlirdi ki, o bu saat özünü böyük bir bəxşişlə təltif edilmiş kimi və ya dərin bir qəm, ağır bir təzyiq, acı bir iztirabdan xilas olmuş adam kimi hiss edirdi... Əlbəttə, bu mənim şəxsi fikrim idi.

Bu vaxt bayırdan eşidilən at ayağının tappıltısı mənim müşahidə və düşüncələrimə mane oldu. At ayağının tappıltısı bizi komadan dışarı çıxartdı. Gələn kolxoz sədri imiş. Atını həyətdəki arabanın çarxına bağlayıb, bizə yaxınlaşdı. Salamlaşdıq.

Kolxoz sədri qızarmış üzünün tərini tez-tez silirdi. Bu tərləməsi yorğunluqdan deyil, üstünün qalınlığından idi. Qalın paltonun altından astarı qoyun dərisindən olan meşin kurtkası göründükdə, bu xüsusda lap yəqinlik hasil oldu.

Kolxoz sədri Əli, rayonun məsul işçisinin gəlməsindən istifadə edərək, kolxozun bəzi məsələlərini onunla həll etməyə çalışırdı. Odur ki, mənim yoldaşıma söz vasitəsindən artıq əl hərəkəti ilə nə isə xəbər verirdi. Rayon işçisi ondan kolxozun geri qalmasının səbəbini bilmək istədi. Kolxoz sədri Əli alnının tərini silə-silə:

– Lap siz öləsiniz, özümü öldürmək istəyirəm, pambığımız geri düşüb, məni abırdan tökür.

Rayon işçisi mənim yol yoldaşım Əlinin şakərini bilmiş olmalıdır ki, başını bulayaraq acıqlandı:

– Ay Əli, bu söhbətlər qalsın. Mən sənə dəfələrlə demişəm, hər nə eləmək istəyirsən özünə yox, işə elə.

Mən Səmədin gülümsədiyini gördüm.

– Nə edim, bağrım çatlayır, Sabir də bizdən irəli düşdü. Keçən il biz Sabirdən on gün irəli planımızı doldurmuşduq, – dedi və yenə əlindəki göy haşiyəli yaylıq ilə tərini sildi. Mən daha onların söhbətini eşitmədim. Kolxoz sədri ilə mənim yol yoldaşım pambıq tarlasına doğru getdilər. Biz də Səmədlə onların ardınca qarşımızda ağaran pambıq kollarının içinə girdik. İlişdikcə pambıq kolları xışıldayırlardı. Səməd iki addım məndən irəli kollara toxunmadan boş yollar ilə yürüyürdü. Mən isə gah qalın və keçilməz kollara, gah da tikanlı otlara təsadüf edərək dururdum.  

– Mənim ardımca gəlin, tikanlar sizə əziyyət verər, – deyə Səməd mənə yol göstərdi.

Baxdım ki, kirpi kimi hər yanı tikan olan ağ tut boyda şeylər mənim paltoma, şalvarıma yapışmışdı. Səməd bunu görərək, üzr istər kimi, mənə baxdı və:

– Mən gərək sizə əvvəlcə xəbər verəydim, burada belə tikanlar çoxdur, yol ilə gəlin, – dedi. Lakin dar yolun kənarları da bu tikanlardan azad deyildi. Səməd açılan pambığı göstərərək:

– Pambığımız çoxdur, bunlar Misir pambığıdır, ipək kimidir, bir az gec açıldı. Amma bunların hamısı yığılacaq, qoy bir yaxşı açılsınlar...

Səmədin sözlərindən böyük bir iradə və əzm hiss olunurdu. O öz qüvvəsinə inanırdı. Inanmaq da iºin müvəffəqiyyətlə bitirilməsinə güclü bir təmindir...

Mən pambıq tarlalarını dolaşıb geri döndüm. Səməd isə yol yoldaşım və kolxoz sədrinə yaxınlaşdı. Bunlar tarladan qayıdanda mən üstümdəki tikanları təmizləmişdim. Yol yoldaşım mənimlə və Səmədlə xudahafizləşib qayıtdı. Kolxoz sədri də atını minib avtomobilin yanınca sürdü. Mən bu gecəni burada qalmalı idim. Yol yoldaşım başqa kolxoza gedəcəkdi. Sabah onunla bərabər yenə qayıtmağa qərar vermişdik. Mənim xahişimə görə Səməd məni briqadanın yanına gətirdi. Səməd geniş və axırı görünməyən tarlaları ovcunun içi kimi bilirdi.

– Baxın, o çalada, – deyə Səməd əli ilə göstərdi, – pambıq adam boyundan yuxarıdır. Qızıl yerdir!

– Oranın pambığını yığmışsınızmı?

– Elə bu saat bir dəstəmiz oradadır. Mən axşamdan briqadamı bölürəm, hər dəstənin yerini təyin edirəm.

Biz briqadanın bir dəstəsinə çatdıq. Kolxozçular bir addım irəliləyib durur, sağ, sol və qarşıda açılmış pambıqları tez-tez bellərindəki torbaya doldururlardı. Bəzisi iki əli ilə işləyirdi. Bir qozanın pambığını aldıqda, o birisini nişanlayırdı. Əlləri bir saniyə işsiz qalmayırdı.

Budur, fabrik dəzgahlarının gözlədiyi xam qida burada əkilir, toplanır, məntəqələrə göndərilir, təmizlənir, fabriklərə paylanır, orada rəngli, əlvan, ağ, çit, bez başqa parçaya dönərək, nəhayət, yenə buraya qayıdır və bu pambıq üzərində zəhmət çəkən kolxozçulara üst-baş olur. Bu tarlalardakı pambıq ilə pambıq toplayan qadınların əlvan paltarı arasında texnika nə qədər məharətlə, nə qədər xariqələr törədir!

Mən adam boyu bir pambıq kolundakı qozaları sanamaq istədim. Səməd niyyətimi duyaraq:

– Zəhmət çəkməyin, onda yüzdən çox olar, – dedi.

Doğrudan da mən yüzə qədər sayaraq, şaşıb qaldım.

– Bu yer qızıldır. Mən deyirəm ki, bütün Azərbaycanda belə bir yer olmaz, – deyən Səməd bilməyirdi ki, sevimli sosialist vətənimizin sabiq susuz səhraları və ya quru torpaq və tikanlıqdan ibarət olan çölləri, zəhmət sayəsində suvarılmış, Misir pambığı yetişdirən şən pambıq tarlalarına çevrilmişdir.

Günəş istirahətə çəkilərək axırıncı şüaları ilə üfüqü alovlandırmışdı. Kolxozçular zəhmət gününün məhsulunu böyük kisələrlə xutora gətirib təhvil verirlərdi. Tərəzi başında duran kolxozçu tez-tez pambıq kisələrini çəkir, rəqəmləri ucadan deyir, briqada başçısı da dəftərçəsinə qeyd edirdi. Pambıqlar boşalır, sərilir, kisələr qaytarılırdı. Hələ yığılan pambıq tamamilə təhvil alınmamışdı ki, kolxoz sədri gəlib çıxdı. Bunun nəticəsini öyrənmək üçün sərilən pambığa baxdı. Bir çəngə o pambıqdan sıxdı, sonra ovcunu açaraq, müayinəyə başladı.

– Bugünkü pambıq, Səməd, yaxşı pambıqdır, qurudur, heç sərmək lazım deyildir, – dedi.

Kolxozçulardan biri Səmədin əvəzinə cavab verərək:

– Bu pambıq lap ipəkdir, – dedi.

Kolxoz arabası qoşulmuşdu. Pambıqlarını təhvil vermiş kolxozçulardan bir dəstə ilə mən də arabaya minib kəndə, kolxoz idarəsinə yollandım.

Qaranlıq çökmüşdü. Kəndin qocaman ağacları uzaqdan meşəyə bənzəyirdi. Bu ağaclar arasındakı evlərin yalnız bir neçəsindən işıq gəlirdi. Biz yürüdükcə barmaqla sayıla bilən bu işıqlar gah ağaclar arasında qaib olur, gah təzahür edirdi. Bu isə qaranlıq gecədə dənizdə üzən qayığı andırırdı. Qaranlığa çulğalanmış bir çox evlərin sahibləri hələ tarladan qayıtmamışlardı.

Kolxoz həyətinə çatmamış araba bir yerdə dayandı. Kolxozçu qadınlar düşüb evlərinə getdilər. Araba atları hərəkət etdi. Geniş kolxoz həyətinin ortasında yanan fanarın solğun işığı ətrafı əhatə edən qaranlıq içində kiçik bir dairəni ancaq-ancaq işıqlandırmaqda idi. Həyətin dibində qaralan bir cərgə binaların birində işıq görünürdü. Arabamız bu işıq gələn evin qarşısında durdu. Bura Kirov adına kolxoz idarəsi idi.

Ancaq səqfdən asılan otuzluq “molniya” lampası böyük otağı işıqlandırırdı. Otağın divarları uzunu sandalya qoyulmuşdu. Divardan asılan plakatlar arasından yeni həyat müəllimi və dünya zəhmətkeşlərinin böyük rəhbəri Lenin baxırdı.

Pəncərə qarşısında duran masanın arxasında kolxoz sədri, onun da qarşısında hesabdar oturmuşdu. Masanın ətrafında kolxozçular durmuşlardı. Bunlar bü gün yığmış olduqları pambığın miqdarı haqqında hesabdara məlumat verirlərdi. Hesabdar paltosunun yaxasını qaldırmış, başını qarşısındakı kağıza dikmiş olduğu halda, kolxozçuların üzlərinə baxmadan nə isə yazırdı. Kolxozçular yeni gələnləri zarafat və gülüş ilə qarşılayırlardı. Bir neçə kolxozçu divar dibindəki sandalyalar üzərində oturaraq, şiri-şirin söhbət edib gülüşürlərdi... Mən kolxozçuların yanında oturub da onlarla söhbətə başlamışdım ki, Saday gəldi. O, bayaq yolda təsadüf etdiyimiz Saday. Məni görcək gülümsədi, yenə məhəbbət ifadə edən gözləri işıldadı... Onun ardınca zərbəçi Əli ağzında papiros otağa girdi.

– Nə üçün, yaxşı oldu, 90 faiz yığa bildik.

– Bu yaxşımıdır? 90 faiz, 100 faiz  deyil.

– Hələ bizim pambıqlar açılmayıb, qoy bir açılsın, biz 100-dən artıq faiz verəcəyik.

Kolxoz sədri, Sadayla razılaşmadı:

– Saday, sizin pambıq lap yaxşı açılıb, sən aparatını yaxşı qursan, yüzdən çox, lap deyərəm, yüz on faiz yığa bilərsən... Sabah adamlarını bölüşdür, bir dəstəsini qoy çuxur dərəyə...  

– Elə, Əli əmi, mənim də fikrim elədir. Sabah çuxur dərədən başlayacağam... Adamımız xəstədir. Bir briqadir, bir də Məmməd kişinin arvadı, o da deyəsən qızdırır.

Kolxozçulardan biri bu söhbətə müdaxilə edərək:

– Yox, qızdırma deyil, timodur. Sabah çıxar. Amma Şirin yaman qızdırıb, deyirlər, – dedi.

– Timodursa heç, degilən küpə qoysunlar, – deyə kolxoz sədri üzünü mənə çevirərək əlavə etdi:

– Bizə bir həkim lazımdır. Həkimsiz işimiz çətin olur.

– Yaxınlığınızda həkim məntəqəsi yoxmu? – deyə sordum.

– Nə üçün yoxdur, var, ancaq biz istəyirdik lap öz kolxozumuza baxan öz həkimimiz olsun...

Bu söz kolxoz kəndinin mədəni tələbatının artmasını göstərmirdimi? Keçmişdə bütün rayon yüz kilo metrdən daha artıq radius məsafəsində həkim üzünə həsrət ikən, indi hər bir kolxoz həkim tələb edir. Mədəniyyətin yüksəlməsinə, həyatın yaxşılaşmasına kolxozların zənginləşməsinə bundan artıq nə kimi dəlil ola bilər? Mən bu fikirlərlə məşğul ikən, Səməd bir neçə kolxozçu ilə içəri girdi, birbaş mənim yanıma gəlib, gülümsəyərək:

– Divar qəzetimizi oxudunuz? – deyə sordu.

– Divar qəzetini hələ görməmişəm, – dedim.

– Budur, – deyə pəncərə ilə qapı arasındakı divardan asılan bir lövhəni nişan verdi. Lövhəyə böyük bir varaq yapışdırılmışdı. Bu, divar qəzeti idi. Mən kolxoz qəzeti ilə maraqlanıb qalxdım və Səmədin göstərdiyi  lövhə qarşısında duraraq, oxumağa başladım. “Yeni həyat yolu”. “Kirov adına kolxozun divar qəzeti”. Sərlövhənin sol tərəfində şəkil: Kolxozçular tarlada işləyirlər. “Plan uğrunda” – bu baş məqalə idi. Qəzetin ortasında kooperativ düganının şəkli. Şəkil çox sadə, primitiv surətdə çəkilmişdi. Şəkildə kooperativ müdiri əllərini qaldıraraq, ayaqqabı istəyən kolxozçulara deyir: “Ayaqqabı satıldı, yoxdur, yenə alacağıq. Sonra gələrsiniz”. Kolxozçulardan birnin cavabı ağzından qovub kimi havaya qalxır: “Bəs axşam iki yeşik ayaqqabı gəlmişdi, nə oldu?..”

Səməd mənə yaxınlaşıb, gülə-gülə başa saldı:

– Kooperativ müdiri köhnə qurdlardandır. Bu günlərdə tutarlar. Bizim malımızı kənara satır. Bakıdan bir qohumu gəlir, malları gecə ilə aparır. İşini prokurora vermişik... – Bir azdan sonra Səməd məndən soruşdu: – Necədir, qəzetin yazılarını özümüz yazırıq. Ancaq müəllimimiz bizim yazıları alıb qəzeti düzəldir, bizə kömək edir. Özü də elə bizim kəndlimizdir. Bakıda oxuyub gəlibdir...

Qəzetin mündəricəsi zəngin və kolxoz həyatını əks edirdi. Mən bu rəyimi Səmədə dedim. O bundan çox məmnun qaldı.

Kolxoz sədri Səmədi çağırdı, Səməd öz briqadası haqqında məlumat verdi.

Səmədin briqadası öndə gedirdi. Burada Səməd öz briqadasının birinci zərbəçisi Əlyarı təqdim etdi. Otuz yaşında enerjili bir simaya malik olan bu kolxozçunun gözlərində bir təbəssüm oynadı. Bu adam idarədəki bütün kolxozçuların gözlərinin ona dikildiyini və mənim dəxi diqqətlə ona baxmamı hiss edərək, başını aşağı saldı.

Mən ondan pambıq yığma üsulunu sordum.

– Asan bir işdir. Iki əl ilə tez-tez yığırsan, bəzisi tələsir, tez addım atır, onda pambıq qalır. O yaxşı deyil...

Səməd özü ən gözəl pambıq yığandır... Səməd, Saday, Əli, Əlyar... kolxozun yeni yetişdirdiyi bu zəhmət qəhrəmanlarında nə qədər təvazö və sadəlik vardı! Heç biri döşünə döymək, öz məharət və bacarığından dəm vurmaq fikrində olmayıb, bəlkə, əksinə, nailiyyətlərini adi bir iş hesab edirlərdi. Bu sadəlik əsil qəhrəmanlıq sifəti deyildimi? Briqadirlər tərəfindən bugünkü pambıq toplanışı rəqəmlərindən təmin edilmiş hesabdar indi ümumi kolxozun bugünkü tədarükünü yekunlaşdırmaqla məşğul idi. Gecə ilə bu məlumatı rayon mərkəzinə aparmaq üçün kolxoz kuryeri gəlmişdi. Nəhayət, hesabdar rəqəmlərlə mübarizəsini bitirdi.

– Gündəlik planın 90,8 faizi yığılmışdır, – dedi.

Bu faiz kolxoz sədrini razı salmadı.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info