Qonaq Kitabı
Axtarış

– Mən gedirəm, – dedi və udqunaraq əlavə etdi: – Şeylərimizi burada buraxıram. Bacım gələrsə, verərsiniz, gəlməsə, gəlməsə, qoyun qalsın, hamısını yığıb bağlamışam... Mən getdim...

Axtarış vaxtı müşahidə etdiyim kimi, yenə onun alt dodağı titrəyirdi.

– Hara gedirsiniz? – deyə sordum. Lakin sorduqdan sonra peşman oldum. Bəlkə bu sualı vermək artıq idi.

– Bilmirəm, – dedi, Sağlıq ilə qalın, bəlkə görüşdük. Bəlkə də görüşmədik... Bizi soruşan olsa, yoldaşımın tutulmasını xəbər verərsiniz. – Bir az durdu. – Görürsünüzmü, nə şərait içərisində mübarizə etmək lazım gəlir!.. Lakin biz bu mübarizədən əl çəkən deyilik. Qoy bu əhvalat hələ qəflətdə olan və irticaya təzim edib ondan azadlıq mərhəməti gözləyənlərə dərs olsun... Siz gördünüz, tələbə yoldaşlarınıza da söyləyin... Biz özümüz üçün deyil, bütün məmləkətin azadlığı üçün mübarizə edirik... Sağ olun!..

Əlimi sıxdı. Mən qonşumun irticaya qarşı bəslədiyi kin və nifrətindən nəşət edən həyəcanla dalğalanırdım. Mən də onun əlini sıxdım. Sonra o mənə bir zərf verdi və onu zavodda Qrişa Ivanov adlı fəhləyə yetirməmi rica etdi. Mən vəd etdim.

O gecə o getdi. Mən sabaha kimi yata bilmədim.

Yarın Darülfünuna getmək əvəzinə zavoda getdim və qonşumun mənə vermiş olduğu zərfi təslim etmək üçün Qrişanı axtardım. Qrişa ucaboylu, ortayaşlı, arıq bir işçi idi. Mən zərfi ona verdim... O məni kənara çəkib, əhval sordu. Bütün əhvalatı ona söylədim. O mənə bir söz deməyib, qabarlı əli ilə mənim əlimi sıxdı.

– Sağ olunuz!.. – dedi və fəhlələrə qarışıb getdi. 

 

Bu əhvalat 1914-cü ilin fevral ayında vaqe olmuşdu. Qanlı çar hökuməti yıxılandan sonra mən qonşum işçini bir gün Xarkov şəhər şurası deputatları arasında gördüm. O, bolşevik fraksiyası sırasında otururdu. Mən qonaq sifətilə yuxarı balkondan tamaşa edirdim. Iclasda müzakirə olunan məsələ haqqında fraksiya nümayəndələri firqələrinin nəzərini söyləyirdi. Mən səbirsizliklə iclasın bitməsini gözləyirdim: qonşumla görüşmək istəyirdim. Birdən tənəffüs elan edildi. Mən tez aşağı endim. Deputatlar arasında dolaşıb qonşumu tapdım. O da məni tanıdı. Biz köhnə və yaxın dost kimi bir-birinin əlini sıxdıq.

Mən ondan o gecəki axtarışdan sonra hara getdiyini və yoldaşının başına nə gəldiyini sordum.

– Eh, heç soruşma, nifrətlə xatırlayıram. Yoldaşımı o gecədən sonra Xarkovdan sürgün etdilər... Indi sağdır, Donbasda çalışır. Mən də gecə Poltavaya getdim... – Sonra bir şey xatırlayan kimi məndən: – Bilirsinizmi, bizim haqqımızda polisə kim xəbər verib şeytanlamışdı? – deyə sordu.

– Yox, bilmirəm. Sizdən sonra mən də o mənzildə çox qalmadım, köçdüm. Şeylərinizin ardınca gələn olmadı, mən onları ev sahibinə tapşırdım.

– Bilirəm... bizi şeytanlayan o göz yaşları axıdan ev xanımı idi...

– Necə, omu? Nə bildiniz?

– Bu xüsusda jandarm divanxanasının arxivindən materiallar tapıldı. Lakin hələ ondan əvvəl də yoldaşlarımız bizim mənzilimizin kəşf edilməsinin səbəbini öyrənmişdilər. O vaxt bizim evdə firqə sənədləri var idi... Bəli, bizi şeytanlayan o ev sahibi qadın olmuşdu. O qadın biz evdə olmayan vaxt gəlib otağımıza baxırmış... Aldığımız kağızları açırmış, bizə adam gələn vaxt güdürmüş. Sonra xəbər verirmiş...Şpion imiş... Sonradan işlərinin üstü açıldı. Xaini axtardım... Krıma getmiş olduğunu söylədilər.

– Heç gözləməzdim. Necə də ağlayırdı? – dedim.

– Onlar rəng idi...

Tənəffüs tamam olduğundan, biz ayrıldıq. O, iclasa getdi, mən də qayıtdım.

O gecəki axtarışı, Ziyadbəyovun mənim ricamı rədd etməsini və qonşumun ev sahibi xanım haqqında verdiyi bu məlumatı mən heç xatırımdan çıxara bilmirəm. Bunlar nə qədər ibrətsli hadisələr idi!..


1935

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info