Qonaq Kitabı
Axtarış

Şaxtalı bir axşam idi. Sabahdan bəri arası kəsilmədən yağan qarla örtülmüş olan hər yer, hər şey ağappaq ağarırdı.

Mən Xarkov darülfünununun axşam təcrübələrindən qayıdırdım. Soyuqdan donmuş bədənimi öz tələbə otağımın isti havasında qızıtmağa tələsirdim...

Evimizin qara bürünmüş küçə pillələrini qalxıb qapını açdıqda, heyrət içində donub qaldım. Qapının arxasında yerə mıxlanmış bir qorodovoy dururdu. Məni içəri buraxandan sonra saxlayıb sordu:  

– Siz kimsiniz, hara gedirsiniz?

Mən həmin evdə yaşadığımı ona anlatdım.

– Keçin!

Mən qorodovoyun burada nə üçün durduğunu hələ dərk edə bilməmişdim, qalxmaqda olduğum pilləkan üzərində ikinci bir qorodovoyun divara söykənib durduğunu gördüm. “Bu nə ola bilər?” – deyə düşünərkən, başım da cürbəcür fikirlər oyandı: – yanğınmı olmuş, bədbəxt hadisəmi üz vermiş, canına sui-qəsd edənmi olmuş, evimizi çapqınçılarmı basmış? – sualları şimşək kimi işıldayıb batırdı... “Nə ola bilər?” – sualı isə, yenə cavabsız qalaraq, xəyalı işğal edirdi.

Bu vaxt ikinci qatın qapısını var gücümlə itələyib açarkən, yenə bir qorodovoy məni qarşıladı:

– Hara gedirsiniz?

– Mən burada oluram...

Yaşadığımız mənzilin uzun, dar və qaranlıq koridorunda da iki qorodovoy və bir pristavın olduğunu gördüm. Pristav gəzişirdi. Mən bunların yanından ötüb öz otağıma yönəlməli idim. Lakin mənzil sahibinin mətbəxdə olduğunu görüb, hadisəni öyrənmək üçün yanına cumdum.

– Nə xəbərdir?  – deyə sorunca, qadın sanki mənim sualıma bənd imiş, ağladı və qızarmış gözlərinin ixtiyarsız tökülən yaşlarını əlindəki yaylıq ilə silərək, mənə:  

– Axtarışdır... Uf!.. Nə bəla... nə müsibətə düşdük!..

O vaxt mənhus çar dövründə axtarış nə olduğu məlum idi, xüsusən daima polis təqibinə məruz tələbələr bunu yaxşı bilirlərdi. Ev xanımının verdiyi xəbər məni şaşırdı, ayaqlarımın titrədiyini hiss etdim: otağımda gizli kağızlar var idi...

Lakin müvazinətin pozulmasına müqavimət edərək mən xanımdan sakitcəsinə təfsilat öyrənmək istədim.  

– Kimin otağını axtarırlar, gələndə nə dedilər?

Xanım yaşarmış, məlahətli gözləri ilə məni süzüb başladı:

– Gəldilər... indi bir saat olar... Burada kimlər yaşayır? – deyə sordular, koridorda gəzişdilər və mənə: “Biz burada axtarış aparacağıq”, – dedilər... nə söyləyəcəyəm?... Burada xanım gözlərinin yaşını sildi, mən dinlədim.

– Sonra gəlib işçilər yaşayan o kənardakı birinci otağın qarşısında durdular; işçilərdən biri evdə idi, o biri hələ gəlməmişdi, sonra gəldi... “Buradan başlayaq, bu otaqda kim olur?” – deyə sordular; dedim... başladılar... hələ davam edir.

Bu işçilər mənim otağımın qonşuluğundakı böyük otaqda yaşayırdılar. Bunlardan və məndən başqa bu mənzildə bir gimnaziya mütəəlliməsi dəxi bir otaq

kirayə etmişdi.

Xanımı özümdən şübhələndirməmək üçün mən özümü sakit və laqeyd göstərməyə çalışırdım. Ona görə də:

– Qoy axtarsınlar, əziyyət edib kağız-kitabları qarışdıracqlar, artıq nə edə biləəklər – dedim.

Xanım yenə məni süzdü və bu səfər ciddi olaraq:

– Elə deməyin, bir şey tapsalar, uf, əllərindən qurtarmaq olmaz, – dedi.

Mən otağıma yollandım.

Ucaboylu, qırmızıüzlü, sarıbığlı pristavın yanından keçəndə, o məni şübhəli adam sanar kimi, aşağıdan-yuxarı gözdən keçirdi. Mənə elə gəldi ki, mən onun yanından ötəndən sonra o dönüb mənim ardımca baxır. Mən şüursuz olaraq geri baxdım: pristavın kəskin nəzəri məndə idi.

Axtarış aparılan otağın qapısı yarım açıq idi. Öz qapımı açarkən mən oraya ötəri bir nəzər saldım: camaşır, kitab, kağız, qəzet otağın döşəməsi üzərinə səpələnmişdi: Miz üzərində oturan jandarmın qolu və paltosu görünürdü.

Mən öz otağıma girən kimi ardımca qapı açıldı. Bayaq mənim dalımca baxan pristav başını içəri uzadıb, otağı seyr etdi və məndən soruşdu:

– Siz, cənab tələbə, evdəmi olacaqsınız?

– Bəli...

– Yaxşı.... yaxşı...

– Bağışlayın nə üçün soruşdunuz?..

– Heç... Evdə olmağınız münasibdir.

Pristavın başı qaib oldu. Qapı örtüldü, lakin onun qırmızı və qırxıq üzü, sarı kirpikli oynar, göy gözləri mənim qarşımda dururdu. Qalın dodaqlarını şappıldadaraq, o məni dindirir, mən də sanki onun xırıldayan kobud səsini eşidirdim... Bir dəqiqə davam edən dalğınlıqdan sonra, yenə mənim fikrimi gizli övraq cəzb etdi. Mən tələsik çamadanımı açıb kiçik kağız bağlamasını aldım. Nə etməli olduğumu bilmirdim. Lakin yubanmaq da olmazdı. Əlimdəki övrağı balışımın altına buraxıb, otaqdan çıxdım və mətbəxə doğru yürüyərək, hamıya eşitdirmək üçün bərkdən ev xanımına:

– Çay olsaydı, yaxşı olardı, qızışmaq istərəm, – dedim.  

– Samavar hazırdır, verimmi?

– Rica edirəm.

Mənim səsimi eşidən qonşudakı gimnaziya mütəəlliməsi qapını açıb baxdı, yenə gizləndi. Mən ancaq onun pərişan saçlarını və qızarmış gözlərini gördüm...

Yenə otağıma qayıtdım. Ardımca samavar da gəldi.

Gümüş kimi işıldayan samavarın sürurlu mahnısı otağın sükutunu pozdu.

– Niyə özünüz zəhmət çəkdiniz? Qulluqçu evdə yoxmu?

– Qulluqçu camaşır ardınca getmişdir... Uf... nə bəla... nə müsibətdir!.. – deyə qadın getdi.

Mənə elə gəldi ki, axtarışdan mütəəssir olan qadın böyük iztirablar keçirirdi. Mən çay dəmləyərək, övrağın məsələsini düşünürdüm. Başıma gələn bir fikir məni sevindirdi. Çörək almaq bəhanəsilə evdən gedərək, kağızları buradan çıxarmaq mümkün ola bilərdi. Lakin təhlükəli olan bu iqdamə cəsarət etmək lazım gəlirdi.

Mən yenə otaqdan çıxıb ev xanımına müraciətlə:

– Qulluqçu gəlmədimi? Mənim yeməyə çörəyim yoxdur, – dedim.

– Yox, yox, gec gələr...

– Eyb etməz... Özüm gedib alaram...

Bu sözlərlə otağıma qayıtdım. Paltomu geydim, papağımı götürdüm, kağızları cibimə qoydum, otaqdan çıxmat istərkən düşündüm: “Bəlkə axtardılar?” yenə tez kağızları balışın altına qoydum, fikirləşdim... Cibimdəki pul kisəsini dəxi çıxarıb oraya atdım və otaqdan çıxdım. Ürəyimin döyünməsini yaxında duran hər kəs eşidə bilərdi.

– Siz haraya gedirsiniz?

– Çörək alıb, evə qayıtmaq istəyirəm.

– Olmaz.

– Mən bu saat qayıdıram. Beş dəqiqə çəkməz.

– Yaramaz.

– Bəs nə olsun? Acam...

Pristav məni süzdü və:

– Naçalnikdən icazə istəyin, – dedi.

Mən axtarış gedən otağa yaxınlaşdım. Izin alıb qapını açdım... Qılıncına dayanaraq durmuş jandarm naçalniki saqqalını tumarlaya-tumarlaya axtarış aparan jandarm çinovnikinin göstərdiyi kağızlara baxırdı. Ev darmadağın edilmişdi. Yataq qarışdırılmışdı, ayaq altına tökülmüş ağ camaşır tapdalanmışdı. Kirayənişinlərdən biri çamadanın qapağını tutub dururdu, o biri isə başını aşağı salıb bu həngaməni müşahidə edirdi. Onun alt dodağı titrəyirdi.

Mən naçalnikdən çörək almaq üçün getməyə icazə istədim.

– Tez qayıdacaqsınızmı?

– Bulkaçı, budur, tindədir. Bir bulka alıb qayıdacağam.

– Buraxın, – deyə əmr verdi.

Mən razılıq edib döndüm. Pristav mənim çiynim üzərindən baxırmış... Burularkən ona toxundum, üzr istədim.

Pristav koridorda mənə əli ilə getmək işarəsi verdi, sonra qorodovoya:

– Buraxılsın! – dedi.

Qorodovoylar da bir-birinə xəbər verdilər. Mən məmaniətsiz küçə qapısına qədər gəldim, məni axtaran olmadı. Axırıncı qorodovoyun yanında mən əlimi cibimə saldım. Başı bədəninə bilavasitə yapışmış olan qısaboylu, qarabığlı qorodovoy döşünə dayanan çənəsini qaldırıb qımıldanaraq, bir şey demək istədisə də, lakin yenə sükut edərək, mənə baxdı.

Mən onun üzünə dalğın-dalğın baxaraq:

– Pulu otaqda unutdum, – dedim. Geri döndüm. Mən qaradavoyların yanından keçirkən, onların baxışlarındakı təəccübü görür və məsələni anlatmaq üçün: – Pulu unutdum, – deyərək xəbər verirdim.

Otağımı açdım, bir həmlə ilə balışı qaldırdım, dönüb geri baxdım, məni güdən yox idi. Gizli övrağı qoltuq cibimə soxdum və pul kisəsini əlimdə tutaraq, tez otaqdan çıxdım.

Pristavın yanından keçəndə, o mənə:

– Pulsuzmu almaq istəyirdiniz? – deyə gülümsədi.

Mən də güldüm.

Bir dəqiqədən sonra küçədə idim. Küçə sakit və adamsız idi. Qar davam edirdi. Havanın soyuq olmasına baxmayaraq bədənim yanırdı. Uzun bir məsafə qaçmış adam kimi ürəyim döyünürdü. Bir-iki dəfə dərin nəfəs alaraq, yanan ciyərlərimi soyuq hava ilə söndürmək istədim... Lakin qoltuq cibimdəki kağızları gizlətmək icab etdiyini düşünürdüm. Bunları ata bilməzdim. Burada tələbə təşkilatımızın protokolları, haqq-hesab materialları, bir yoldaşımın mənə mütaliə üçün vermiş olduğu gizli çap olunmuş siyasi kitabça, şəxsi məktublarım və başqa yazılar var idi. Mən bunları saxlamaq üçün yaşadığım evin qonşuluğunda olan bir türk tələbəsinə təslim etmək istəyirdim. Heç zənn etməzdim ki, o mənim müraciətimi rədd edər. Əslən şamaxılı olan bu tələbə, darülfünuna hələ bizdən əvvəl daxil olub hüquq şöbəsində təhsil alırdı. Biz bir küçədə yaşadığımızdan, tez-tez bir-birilə görüşürdük. Istər türk tələbələrinin ümumi yığıncaqlarında, istər şəxsi müsahibədən bu tələbə daima xalqın mədəniyyətsizliyindən, savadsızlığından, istismar edilməsindən, çar hökumətinin türk milləti haqqında etdiyi zülmündən... danışar və mübarizədən, fədakarlıqdan, azadlıq yolunda çalışmaqdan, qurban verməkdən dəm vurar, hətta atəşin ifadələr işlədərdi... Özünü daima həmyerlilər təşkilatının ən fəal üzvü göstərməyə çalışan bu “mübariz” tələbənin təşkilatımızın övrağını gizlətməkdən boyun qaçıracağını güman etmədiyimdən, onun yanına qoşdum. Evdə olduğunu bilincə, sevindim. Əhvalatı qısaca söylədim.

Tələbənin siması dəyişdi.

– Yox, yox, mən öhdəmə ala bilmərəm. Sənin mənzilini axtarırlarsa, gəlib mənim mənzilimdə də axtarış başlaya bilərlər.

Mən kağızları evdə deyil, künc-bucaqda bir yerdə gizləməsini rica etdim.

– Yox, məni xataya salma, canım!.. Mən imtahanlara hazırlanacağım yerdə, qazamatlarda yatmaq istəmirəm...

– Bağışlayınız, əziyyət verdim...

– Cırın atın, hamısından yaxşı...

– Məsləhət üçün gəlməmişdim, – deyə çıxdım.

Ziyadbəyovun evindən hiddətə endikdə, burada yaşayan qoca çilingərə rast gəldim. Mən ona bir-iki dəfə açar qayırtdırmışdım.

– Şaxta ilə necəsiniz, siz bu şaxtalara davam edə bilməzsiniz... deyilmi? – deyə o məni qarşıladı.

Mən onu saxlayıb əhvalatı qulağına dedim.

– Ver mənə, bu həyətdə min dənə elə şeylər gizlədərəm, heç o itlərin babası da tapa bilməz. Qorxma!..

Mən övrağı ona tapşırdım. Bərk-bərk əlini sıxdım.

– Xatircəm ol! Mənim onları görən gözüm yoxdur, – dedi. Onun bu sözlərində bir səmimiyyət duyulurdu...

Mən evə qayıdan vaxt hələ axtarış davam edirdi. Mən indi asudəcə oyurub çay içir, qonşularımın halını düşünürdüm. Bunlar paravoz zavodunda çalışan işçilərdi. Sabah ertədən işə gedir, axşam yorğun qayıdır yatırlardı. Bəzən gecələri də gəlməyirlərdi... İki-üç dəfə yanlarına özləri kimi işçilərin yığıldığını və sadə müsamirə tərtib etdiklərini görmüşdüm. Bu qədər biz bir evdə yaşayırdıqsa da, bir-birinə az-az təsadüf edirdik. Yaxın tanışlığımız yox idi. Ona görə də onların haqqında məlumatım məhdud idi...Lakin axşamdan başlanan axtarışın bu qədər uzun sürməsinin nəticəsi məni düşündürür, qorxudurdu. Qonşularımın bu axtarışdan sağ və salamat qurtarmasına ümid etmək məhal idi. Axtarış davam etdiyi müddət içərisində pristav bir iki dəfə mənim otağımın qarşısında baxmış, nəhayət, divardan asmış olduğum xalçanın xoşuna getdiyini söyləmişdi.

Saat on ikiyə az qalmışdı. Axtarış tamam oldu.

Mən otağımın kandarında durub baxırdım. Qonşu işçilərin birini bir çamadanla bərabər apardılar. Jandarm naçalniki mənim otağımın qarşısında durub öz-özündən sorur kimi:

– Saat neçədir, görəsən?  – dedi.

– On ikiyə on beş dəqiqə qalır, alicənab, – deyə pristav əlini şapkasının kənarına qoyaraq ikram etdi.

– Iki otaq da qalır, ancaq yorulmuşam, – dedi, sonra irəlilədi. Pristav ilə pıçıldaşdı və qayıdıb mənim otağıma girdi. Onun ardınca jandarm çinovniki və pristav dəxi gəldilər.

Jandarm naçalniki masa üzərindəki tibbi kitabları varaqlayıb baxdı. Masanın gözlərini açıb, yazı ləvazimatını, yazılı dəftərləri gözdən keçirdi. Türk kitablarına təsadüf etdikdə, oturdu və kitabları varaqlamağa başladı.

– Bunlar nə dildədir?

– Türkcə. Qiraət kitabları – ədəbiyyatdır.

Sonra kitabların üst və ya son varaqlarında nəşrinə senzor tərəfindən icazə verildiyini gördükcə, kitabları masa üzərinə buraxdı. Maraqlanmadı.

Sonra mənim çamadanımı açdırdı. Burada yalnız camaşır var idi. Baxdılar. Çamadanın dibində evdən almış olduğum türkcə yazılı bir məktub pristavın gözünə sataşdıqda, tez alıb jandarm naçalnikinə göstərdi, o da məktubun o tərəf-bu tərəfinə baxıb məndən:

– Burada nə yazılmışdır? – deyə soruşduqda, mən məktub olduğunu söylədim. Jandarm naçalniki məktubu səliqə ilə büküb cibinə qoydu.

– Sonra qaytararıq, – dedi. Lakin nə qaytardılar, nə də mən ardınca getdim. Adımı, familiyamı, hətta Bakı ünvanımı dəxi qeyd edib getdilər.

Növbədə gimnaziya mütəəlliməsinin otağı idi. Otağın qarşısında durub baxdılar.

– Burada kim yaşayır?

– Gimnazistka. Bu saat yatır, zənn edirəm, – dedim. Otaqdan işıq gəlməyirdi.

– Qoy yatsın...

Getdilər.

Ev xanımı hələ sakit olmamışdı.

– Allah ... Allah ... nə bəlayə düşdük!.. Asudə yaşadığımız yerdə gəlib aləmi bir-birinə qatdılar... Nə müsibət!.. – deyə gözlərinin yaşını sildi.

Onu sakit etmək çətin idi. Hər dəfə ona təsəlli vermək təşəbbüsündə oldumsa, o jandarm və polis adamlarının nagahan bəla kimi mənzili işğal etdiklərini və ondan nələr soruşduqlarını təkrar-təkrar söyləyir, göz yaşlarını axıdırdı.

– Yazıq işçini apardılar, kim bilir, başına nə gələcək? – deyə ah çəkirdi...

Mən qonşu işçini yoxlamağa gəldim. Otaq tarmar edilmişdi. Hətta divardan asılmış olan şəkillər də çıxarılıb yerə tökülmüşdü. Qəzet nüsxələri, məcmuələr, xırda kitabçalar, camaşir, bütün şeylər darmadağın olmuşdu. Qonşum alt-üst edilmiş yatağın kənarında oturub, iki əli ilə başını tutmuş bir halda məni süzdü. Qalın qaşları gözlərini örtürdü. Onun fikrini məşğul edən nə idi? O nə düşünürdü. Bunu anlamaq güc deyildi.

Mən ondan yoldaşının nə üçün aparıldığını sorduqda, o mənim üzümə baxdı və dodaqlarını büzüb, bir-iki dəfə udqundu, sonra xəfif bir səslə:

– Bəzi gizli kitabçalar, intibahnamələr tapdılar. Yoldaşım onunku olduğunu etiraf etdi... Apardılar...

– Indi nə demək istəyirsiniz?

– Bilmirəm, – dedi və bir az düşünəndən sonra əlavə etdi: – Amma buraxmayacaqlar... Bu mənə aydındır.

O yorulmuşdu, mən ona dincəlməsini təklif etdim və tək buraxıb otağıma qayıtdım.

Aradan bir-iki saat keçmişdi ki, mənim otağımın qapısı döyüldü. Mən ələ yatmamışdım. Gələn qonşum işçi idi. Iki qaşı arasında əmələ gələn qırış aydın görünürdü.  

– Bağışlayınız, əzizim, narahat edirəm.

Mən qalxıb ona yer təklif etdim.

– Nə sözdür, çox xoşdur, oturun, – dedim.

– Yox, o vaxt deyil. Sağ olunuz. Mən sizin yanınıza bir iş üçün gəldim.

– Buyurunuz.

Işçi mənə yaxlaşdı və əlimi tutaraq, həyəcanla:



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info