Qonaq Kitabı
Səməd kişi

(Təsadüf)

Payızın ilk günlərindən idi. Bir az əvvəl yağmış yağışdan sonra havada sərinlik və rütubət hiss olunurdu. Ağacların sarı yarpaqları islanmış yerə yapışıb qeyri-müntəzəm nəqş surətində yeri bürüyürdü. Bu yarpaqların çoxdan tökülənləri deyil, hətta ağacdan yeni düşənləri və islanmış olduqlarından daha ayaq altında xışıldamayırdılar.

Hava qaşqabaqlı idi: gün buludların arxasından tamamilə çıxa bilməyirdisə də, ancaq ayrılığını hiss edən yerə buludlar arasından öz zəif şüasını göndərir və varlığını bildirməklə hicran acılığını daha da kəskinlədirdi...

Biz Cəbrayıla qayıtmalı idik. Gəldiyimiz avtomobilin benzini qurtarmış olduğundan, bu kənddə və ətrafında benzin tapmaq mümkün olmadığından biz öküz arabası ilə yola düşmək məcburiyyətində qalmışdıq. Başqa bir çarəmiz də öküz arabasını benzin ardınca Cəbrayıla göndərib gözləmək idi. Lakin bu bizim qayıtmağımızı iki gün təxirə sala bilərdi.

Bizim üçün araba tədarük olundu. Biz hazırlandıq. Arabanın içinə quru ot töküb, üstündən bir cecim saldılar; əyləşdik.

– Ho!..Ho!.. – deyə alçaqboylu, çalsaqqallı, gün altında işləməkdən kobud əl və üzü qaralmış arabaçımız Səməd kişi öküzləri səslədi. Araba cırıldadı, biz yollandıq. Hələ kənddən çıxmamışdıq ki, qarşımıza on iki-on üç yaşlı bir oğlan çıxıb arabaçımıza xitabən dedi:

– Baba, məni də apar, şəhərdən kitab, dəftər də alavağam.

Arabaçı sağ əlindəki uzun ağacla öküzlərin başına döyüb, arabanı saxladı və balacaya kömək edib, onu arabaya oturtdu.

– Ho!..Ho!.. – deyə yenə yola düşdük.

Indi dörd nəfər olduq. Yoldaşım balacanın kim olduğunu sordu. Öyrəndi ki, bu balaca bizim arabaçımızın nəvəsidir və şura məktəbində oxuyur.

Bir evin yanından keçdikdə, arabaçı qalxıb: 

– Rüstəm, ay Rüstəm! – deyə çağırdı.

Uzaqdan ay eşidincə:

– Ay Rüstəm, sən Allah bircə evə xəbər ver ki, Şahmuradı şəhərə apardım, nigaran qalmasınlar, – dedi və sonra xatircəm olan kimi öküzlərin belini ölçdü. Ho!..Ho.. Oy, biqeyrətlər!

Lakin döymək və biqeyrət demək öküzlərin halına o qədər də təfavüt etməyirdi. Əvvəlki sürətlə yollarına davam edirdilər.

Öküz arabasının sürəti bilirsiniz, Amerika qatarının sürətinə rəqabət dərəcəsinə varan bir sürətdədir. Inanmayırsınız, buyurun təcrübə üçün öküz arabası ilə bir əlli verst yol gedin...

Öküz arabası ilə yol getmənin ayrı məlahəti də var: söhbət etmək, qarpız kəsib yemək, uzanıb yatmaq, ovla məşğul olmaq... niºanə atmaq – hamısı öküz arabasında səfər edənlər üçün fikirlənmiş və qəbul edilmiş məşğuliyyətlərdəndir.

– Ho!..Ho!..

Bir ayaq sənin, bir ayaq mənim. Getdikcə özümüz yorğun hiss edirdik, iki-üç yerdə dayandıq. Hər dəfə öküzləri açıb çəmənə buraxırdıq, onlar da bir az dincəlir və kövşək çalırdı. Biz də istirahətlənirdik, yenə davam edirdik...

Arabaçımız xoşsöhbət idi. Yol uzunu hər bir bildiyi şeydən danışırdı. Danışıqlarının çoxu kənd dolanacağına və təsərrüfatına aid idi. Lakin qızğın bir hisslə özünün şuralar qurultayında nitq irad eləməsindən söylədi və dedi:

– Hamıya dərdlərimizdən qurultaya dedim, qulaq verdilər, çox düz dedim, əl çaldılar. Amma ki... nə elərsən ki, nə neçəvoy gəldi, nə bir zad oldu. Yerlərimiz yenə bölünməmiş qalır.

Aradan bir az keçəndən sonra arabaçımız köçəri obalarını göstərib, yaylaq məsələsindən söz açdı və – yenə qurultayda çıxdım, – dedi, – hamı baxırdı, düz də dedim, əl də çaldılar; amma hələ adam gəlməyibdir.

Üçüncü dəfə yenə qurultaydakı nitqindən danışmaq istəyirdi ki, biz bir kəndə yavuqlaşmağa başladıq. Uzaqdan bir yığın adam göründü.

– Bu vaxt nə izdiham ola bilər, ay əmi? – deyə yoldaşım arabaçıdan sordu.

İkindi zamanı idi.

Arabaçı yoldaşımın üzünə baxmayaraq, havaya söyləyir kimi dedi:

– Nə olacaq? Görəsən nə bədbəxtlikdir?

Bayaqdan bəri arabaçımızın danışığından biz anlamışdıq ki, arabaçımız ümumən bədbindir. Ona görə biz onun “Görəsən nə bədbəxtlikdir? – deməsinə fikir verməyə bilərdik, amma yoldaşım arabaçını söylətmək üçün etiraz etdi.

– Bəlkə xeyirdir, yenə “ağzını bəd açırsan?”

– Ay canım, siz şəhər adamısınız, siz kənd işinə nabələdsiniz. Indi bu vədə nə xeyir iş ola bilər? Toy-bayram ayı olsaydı, deyərdim hə, toydu, handan-hancarı üç aylıqda toy nə gəzir. Üç aylıq ibadət ayıdır.

– Bir az sükut etdikdən sonra başladı: –  Mən qurultayda da danışdım, dedim ki, ay yoldaşlar, bizim dərdimiz çoxdur, Niqalay bizə baxmayıb, olub müsavat, onun da başı qarışıb özünə, indi bolşevoydur, o gərək bizim dərdimizə qalsın, dedim ki...

Yenə qurultaydakı nitqin başdan-başa təkrar olacağını görən yoldaşım arabaçının sözünü kəsərək:

– Bir dur, deyəsən araba da var, a kişi, – dedi.

Baxdıq. Izdiham bizə yaxınlaşırdı. Ortada bir öküz arabası var idi, əhatə olunmuşdu.

Səməd kişi xırda gözlərini qırpmayaraq, diqqətlə baxdı və dedi:

– Ölü basdırırlar... Kimsə rəhmətə gedib.

Dəfn mərasiminə rast gəlməyimiz söhbət üçün bizə yeni mövzu verdi.

– Canım, bu dünyanın əzabından qurtardı, – deyə arabaçı Səməd kişi bir ah çəkdi və öküzləri qamçılayaraq, əlavə etdi: –  Bəli hamımızın axırı belədir. Amma kimi bu dünyadakı işini tez qurtarır gedir, kimi ləngiyir məəttəl olur.

Yoldaşım təbabətlə maraqlanan olduğu üçün öz-özünə sual verən kimi, üzünü mənə çevirdi:

– Görəsən bu adam nədən ölmüşdür? – deyə sordu, lakin sorarkən, yəqin bilirdi ki, özü kimi biz də onun bu sualına cavab verə bilməyəcəyik.

Səməd kişi bu sorğunu eşitcək, əvvəl mənim, sonra yoldaşımın üzünə təəccüblə baxdı və başını tərpədərək, dedi ki:

– Onun heç təfavütü yoxdur... Nədən olubsə, ölübdür. Hər ölümün bir səbəbi var, amma nə olsun, o səbəblərin də bir mənası yoxdur... Əcəldir. Hər kəsin halnına yazılan əcəldir.

Bu vaxt biz cənazəyə yaxınlaşdıq, cənazənin yanınca gedənlər kənara çəkilib bizə yol verdilər. Camaatın yanından keçərkən, Səməd kişi dodağaltı Fatihə oxumağa başladı. Fatihəni ürəyində oxuyurdusa da, lakin “s” səsini bütün mədd və təşdidi ilə “is, si” – deyə oxudu və sağ əlində tutmuş olduğu ağacı sol əlinə verərək, sağ əlini açdı və alnından çənəsinə kimi çəkib dedi:

– Allah rəhmət eləsin!

Biz bir söz demədik, arabaçımız da bir neçə dəqiqə sükut ixtiyar elədi. Sonra öküzləri ağaclayaraq, yenə başladı:

– Hamımızın axırı belədir...Ho!..Ho!..Ho!.. Hər nə olursan ol, istəyirsən molla, tacir, bəy, dövlətli, zalım ol; istəyirsən mənim kimi kasıbkar, muzdur, hambal, kəndçi, arabaçı, aciz ol– axırı ölümdür ki, ölümdür; amma demə ki, canı qurtardı: o da səhvdir, elə deyildir... Bu dünyanın zəhmətindən qurtardı. Indi o dünyanın əzabı başlanacaq, inkir-minkir soruşacaq... sual verəcək, cavab istəyəcək...Ho!..Ho!.: – deyə yenə öküzləri ağacladı.

Söhbət qızışdı. Səməd kişi ölüm və axirət mövzusu ilə artıq maraqlanırdı. Bu məsələyə o çox həssas idi.

Yoldaşımın ölümdən, cansız meyiddən nə sorğu-sual ola biləcəyi etirazına Səməd kişi ciddiyyətlə cavab verməyə çalışırdı:

– Axirət əhvalatına indi deyil, irəlidə də inanmayanlar olmuşdur. Amma sonradan inanmayanlar hamısı inanmağa məcbur olublar. Bax, ölüm ki, deyirsən nədir? Allah-taala verib, bədən-qəfəsdir, adam ki öldü, onun ruhu bədəndən çıxır, hə, yəni qəfəsdən çıxır. Quş qəfəsdən çıxan kimi, hər ruhun qəfəsdən çıxması, onun özü ilə deyil, Allah əlindədir. Istəsə, ruha əmr edər– ruh bədəndən çıxar, istəsə əmr – edər ruh qayıdıb öz qəfəsinə daxil olar. Ruh qəfəsə daxil olan kimi yenə ölü başlar yaşamağa. Bəli, bədən ayrı, ruh ayrı. Belədir. Bu bizə xəbər verilib.

Bu vaxtadək üzünü bizə çöndərmiş olan arabaçı Səməd kişi axırıncı sözləri deyə-deyə dönüb öküzlərə tərəf baxdı və bir-iki ağacda onların tozlu və arıq sağrılarına – ho, ho, –çağıraraq endirdi. Sonra yenə bizə tərəf-baxıb başladı:

– Buna inanmayanlar da olub, necə ki, indi var – qədim zamanda – atamın dayısı söylərdi – bizim kəndin aşağısında saxsı qab bişirən Allahverənin babası ruhun varlığına şəkk gətirib deyirmiş ki, inkir-minkir yoxdur, uydurmadır. Ölü qalxa bilməz, basdırılan ölü durmaz. Bəli, mübahisə edir və deyir ki, sübutum da var. Götürür bir ölünün üzərinə, basdırılan vaxt darı tökür. Durarsa, darı dağılar deyir... üç gündən sonra gəlib qəbri qazırlar, görürlər ki, necə ki, darı ölünün üzərinə tökülmüşdü, elə də durur. Onda Allahverənin babası deyir: “Hə, necə gördünüz, demədim ki, ölən qalxmaz! Əfsanədir”. Mərhum Hacı Şeyxin atası məşhur molla Şeyx Rza deyir: “Xeyr, ölü qalxıb, inkir-minkirin cavabını verib, yenə başını yerə atıbdır”. Soruşurlar ki: “Ya Şeyx, bəs necə oldu ki, ölü durdu, amma darı dağılmadı?” Hacı Şeyxin atası Şeyx Rza cavab verir ki: “Elə məharət də ondadır ki, onu qaldıran elə qaldırır ki, ölü qalxır və sorğu-suallara cavab verir, yenə uzanır. Amma darı dağılmayır. Iş də bundadır, məharət də ölünü qaldırıb yenə uzandırandadır”. 

Yoldaşım gülüb dedi ki:

– Ay Səməd kişi, o sənin dediyin Şeyx Rza da söz tapmayıb, sübutsuz qalıb, məsələni daha da qaranlıqlaşdırmağa çalışmışdır.

Səməd kişinin qızışması üçün bu kifayət idi.

– Xeyr, xeyr, əstəğfürullah elə, Allahın hünərinə şəkk eləmə. Bu, Allahın hünəridir. Qoy yenə deyim: bir nəfər İranda söhbət eləyir ki, yox, ölü durmaz, gətirir ölünün döşünə iki yumurta qoyur, deyir, əgər ölü sual-cavab üçün qalxsa, yumurta da gərək düşüb sına. Yaxşı. Üç gündən sonra gəlib qəbri qazıyıb baxırlar ki, yumurtalar ölünün döşündə qoyulduğu kimi durur. Buna nə deyəcəksən?

– Əlbəttə ki, ölü ayağa durmayıb.

– Əstəğfürullah... Ölü ayağa qalxıb, amma Allahın qüdrəti sayəsində elə qalxıb ki, yumurtalar düşməyibdir. Allahın əlində bu nə işdir?

– Onu da, yəqin, şeyxin biri belə deyib, eləmi?

– O hünərdəndir...hünər sahibi bilir, hancarı lazımdır.

Səməd kişi bu sözləri elə bir inamla söyləyirdi ki, artıq onu bu fikirlərdəm daşındırmağın qeyri-mümkün olması hiss olunurdu. Biləks, etiraz edənləri də özü kimi inandırmaq istəyirdi. Ona görə dz sözünə davam edərək dedi ki:

– Elə bilirsiniz ki, bu Allahı dananlar indi törəyib? Yox... dünya yaranandan bəri Allaha inanmayanlar olub, yenə olacaq. Bu, iman işidir.

Bu vaxtadək bu söhbəti böyük hiss ilə dinləyən balaca Şahmurad, – Səməd kişinin nəvəsi– babasına müraciətlə qızara-qızara:

– Bəlkə ruh darını yığıb tökür ətəyinə ki, dağılmasın, ölü durub uzanandan sonra yenə tökür ölünün üstünə, – dedi və dönüb bizə baxdı.

Nəvəsinin bu sualına qarşı qoca arabaçı çox mülayimcə dedi ki:

– Yox, ruhun ətəyi olmaz, ruh mənim, sənin kimi adam deyil, paltar geyməz.

– Bəs nədir?

Çocuğun bu sualı babasının sükut etməyinə səbəb oldu.

Yoldaşım qocanın sükutundan istifadə edərək, onun əvəzinə cavab verdi:

– Heç nədir, ruh yoxdur. Uydurma, əfsanədir. 

– Səninlə danışan da kafir olar, – deyə arabaçı öküzləri döydü.

İndi yolumuz yoxuş idi. Arabaçı düşüb arabanın yanınca getməyə başladı. Söhbətimiz kəsildi.

Balaca başında babasının söylədiyi böyük məsələlərə cavab axtarmaqla məşğul olan Şahmurad bir azdan sordu ki:

– Baba, bəs öküzlərin də ruhu var?

Səməd araba çarxlarının cır-cırından, özünün “ho,ho!” çığırtısından nəvəsinin sualını eşitmədi, ona görə də bu sual cavabsız qaldı.

Oğlan üzünü bizə tərəf tutub:

– Niyə bəs bildir biz boz öküzü kəsib ətini yeyəndə ruhu bir söz demədi? – deyə sordu.

Səməd kişinin dərk eləmədiyini balaca nəvəsi anlamaq istəyirdi.

Bu fəqərəyə diqqətini cəlb etmək üçün yoldaşım mənə baxdı və sonra gülümsəyib dedi:

– Çünki ruh yoxdur, danışılan sözlərdir, bikara sözlərdir. Məktəbdə oxuyub lap yaxşı biləcəksən.

Lakin bu söhbəti Səməd kişi eşitmədi.

Uzaqda Cəbrayılın işıqları görünürdü.

– Az qalıb, mənzil başına çatmışıq, – deyə arabaçı öküzləri deyəclədi.


1933

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info