Qonaq Kitabı
Düşmənlər

– Biz kolxoz tikirik, kolxozların kolxozu, – deyə haqqı ilə fəxr edirdi.

Lakin kolxozun artıb böyüməsi hamıya bir cür təsir bağışlamayırdı. Kolxozu sevməyən və tərəqqisini deyil, dağılmasını istəyən düşmənlər də yox deyildi.

Bunların içində kolxoz əleyhinə fəaliyyətlə çalışanlar da var idi. Kolxozun tələbi üzrə kooperativ dükanının müdiriyyətindən xaric edilən və xaric edildiyi zaman kooperativ mal və parasından 3 min manatdan yuxarı mənimsəmiş olduğu aşkara çıxdığı üçün həbsə alınmış və sonra zəmanətə verilmiş olan Yusif, haman Qurban kişinin ağası Murad bəyin qardaşı oğlu Əliyusifbəy, dəyirmanı kolxoz tərəfindən tutulmuş Zahid bəyin oğlu Əşrəf, Gülzarı oğurlaması və zorən almaq istəməsi üçün məhkəmə tərəfindən beş il həbsə məhkum edilmiş Hümmətəlinin qohumları – bu kolxoz düşmənlərinin başçıları idilər. Hümmətəlinin və adamlarının düşmənliyi kolxozdan artıq Rüstəm ilə idi.

Necə də olmayaydı!

Hümmətəlinin başına gələn “bütün bədbəxtliklərin” səbəbi və banisi kim idi?

Onlar zənn edirdilər ki, Rüstəm onun işinə qarışmasaydı, Hümmətəlinin Gülzardan əli çıxmazdı, Rüstəm olmasaydı, Safalı kolxozu Hümmətəlinin işinə Safalı kəndində baxılmasını tələb etməz və məhkəmə vaxtı şahidləri Hümmətəlinin üzünə durub, dediklərinin yalan olduğunu isbata çalışmazlardı. Hümmətəli Rüstəmdən azmı zərbələr gördü? Hələ bu kolxozun təşkili üçün Safalı kəndinin Muradbəygili kimi tanınmış adamlarının ev və yerlərinin tutulması, buna baxmayaraq, Dırnaqlı kəndinin də o ayaqyalın, sadədil kəndlilərinin baş qaldırıb kolxoz düzəltmək sövdasına düşmələri və Hümmətəlinin kənddən çıxarılıb, əmlakının zəbtini tələb etmələri – Rüstəmin, o nanıx oğlu Rüstəmin fəaliyyəti nəticəsi deyilmi idi? Xüsusən məhkəmə günləri gərək Hümmətəlinin, gərək onun qohum və dostlarının xatırından çıxmaz. Kolxozçu kəndlilərin məhkəmədə birər-birər çıxıb Hümmətəlinin “abrını” almaları və Qədir kişinin qonşusu Oruc kişinin qalxıb Hümmətəli üçün ağır cəza tələb etməsi və nəhayət, Rüstəmin kolxozçularının dediklərinə yekun vuraraq, Hümmətəlinin Gülzarı oğurlamasının siyasi və ictimai əhəmiyyəti hayiz bir iş olduğunu, özü öyrətmiş kəndlilərinin həyəcanlarının təbii olduğunu irəli sürməsi və işin böyüklüyünə müvafiq cəza istəməsi – kimin yadından çıxa bilərdi?

Əvvəlcə kolxozun tez bir zamanda öz-özünə dağılacağına ümid bağlayan və bu yolla lazım gələn yerində təbliğat aparan kolxozun düşmənləri, kolxozdakı tərəqqi və inkişafı görüb, bu işin öz-özünə pozulmasından naümid oldular. Naümid oldular, daha ciddi işə başladılar. Yusif bəy kimi bəziləri kolxozun kəndlilərini hədələyib kolxozdan çıxmalarını “məsləhət” görür, Hümmətəlinin adamları kimi daha yırtıcıları kolxozun otunu və taxılını yandırmaq, pambığına mal buraxmaqla kolxoza ziyan verirdilər.

Bunları görən kolxozçular, Rüstəmin təklifi üzrə kolxoz düşmənlərinin siyahısını tutub, başçılarının kənddən çıxarılmasını mərkəzdən tələb etmişdilər.

Sakit bir axşam idi. Bir az əvvəl yağmış yağış havanı soyutmuşdu. Göyün üzünü tutmuş buludların arasında arabir ulduzlar parlayıb gizlənirdi. Ətraf qaranlıq içində mədfun idi.

Bu vaxt Safalı ilə Dırnaqlı kəndləri arasındakı yolda sürətlə at çapan kim idi? O, atını quş kimi uçmasını istəyən və buna görə də dırnaqlarına qədər tərləmiş atı əlindəki qamçı ilə döyməkdə davam edən atlı – Murad bəyin qardaşı oğlu Yusif bəy idi.

Rüstəmin dairədə çağırılmış əkin müşavirəsinə getmiş olduğunu və bu axşam qayıdacağını öyrənən Yusif bəy bu xəbəri tez Hümmətəligilə yetirməyə tələsirdi.

Bütün işlərin “mayeyi-fəsadı” hesab edilən və öldürülməsinə qərar verilən Rüstəmi bu axşam stansiya ilə Safalı arasındakı yolda bir qurşuna qurban etmək – Hümmətəlinin qardaşı Qüdrətəli üçün nə çətin bir iş idi ki!

Ancaq Qüdrətəlini tapıb yol üstünə göndərmək lazım idi. Orada o, öz rolunu ifa edəcək. Bunda Yusif bəyin heç şübhəsi yox idi. Bu qayda ilə bu “nanıx” oğlunun başlamış olduğu “həngaməyə” birdəfəlik xitam çəkilər; çünki Rüstəmdən xilas olandan sonra onun qurduğu büsatı pozub dağıtmaq – Yusif bəyin əlində ən asan bir iş idi.

Lakin Qüdrətəli razı olacaqmı, qəti iş lazım olduğu bir dəqiqədə tərəddüd etməyəcəkmi? Bu da Yusif bəyin məharətindən asılı idi. Bu xüsusda o əvvəlcə düşünmüş və öz planını tərtib etmişdi. Cibindəki araq şüşəsinin ona böyük kömək edə biləcəyinə əmin idi.

Həbsxanalar küncündə yatmağa məhkum edilmiş Hümmətəliyə Rüstəm tərəfindən vurulan ağır zərbələr Qüdrətəlinin yadına salınıb, qeyrətini oyandırar, sonra bu “kafir” araq öz işini görər, o vaxt Yusif bəy yanındakı “brauninqi” Qüdrətəlinin belinə bağlayıb yola salar. Artıq heç bir şey lazım deyildir. Qüdrətəlinin qarşısında isə, onun qanı coşan zaman heç kim dura bilməz.

Bunu Yusif bəy bilirdi.

Yusif bəyin belə vaxtsız olaraq Dırnaqlıya gəlməsi Qüdrətəlini təəccübləndirmədi. Axır zamanlar Hümmətəli ilə dostluq edən Yusif bəy çox vaxt axşamlar, gecələr gəlib bunlarda qalır, ya Hümmətəliylə ova gedirdi.

Lakin bu dəfə Yusif bəydə müşahidə olunan həyəcan boş deyildi. Bu həyəcanın səbəbini biləndən sonra Qüdrətəli düşünməyə başladı. Aşkar tərəddüd içində idi.

Işin təxirindən qorxaraq, Yusif bəy iş üçün tərtib etmiş olduğu planın icrasına tez şüru elədi. Öz qüvvəsi bacarmadıqını – arağın spirti bacardı... Qüdrətəli “brauninqi” yanında görüb:

– Rüstəmin anasını ağlar qoyacaq... Gülzarın başına qara saldıracaq...can... “brauninq”, – deyə tapançanın qara dəstəsini öpdü. 

– Sən onu öpmə, bu əlləri öp! – deyə Yusif bəy Qüdətəlinin əllərini sıxdı.

Qüdrətəli əllərinə diqqətlə baxıb:

– Bunlar, bu əllər şir pəncəsidir, – dedi və əlini mizə elə bir qüvvə ilə vurdu ki, mizin üzərindəki qablar cingildədi.

Qüdrətəli hazır idi. Yusif bəy onu evdən çıxarıb yola saldı.

– O bizə sinfi düşmən ad qoyanın bu gecədən sonra gərək səsi gəlməsin, – deyə Yusif bəy Qüdrətəlini qucaqlayıb öpdü.

Qüdrətəli də:

– Onun səsini, bax, bu “brauninqin” gülləsi batıracaq, – dedi.

Yoldaşlar ayrıldılar: biri Safalı kəndinə, biri də Safalı ilə stansiya arasındakı yol üstünə çaparaq gecənin qaranlığında görünməz oldular.

Gecənin qaranlığını göy üzündə seyr edən və ulduzların solğun işığının qarşısına keçilməz pərdə çəkən qalın buludlar daha da artmaqda idi.

Zəhmətli gündüzün yorğunluğundan sonra nəvazişli sərin gecə çoxdan bəri kəndliləri qayğısız uyquya vermişdi.

Lakin bu gecə üç yerdə uyqu ləzzətindən məhrum olub intizarda bulunan var idi.

Bunların biri sabahdan bəri çocuq və qadınlarla məşğul olmuş Gülzar idi ki, lampa işığında Alimcan Ibrahimovun “adamlarını” müdafiə edir, Rüstəmin qayıtmasını gözləyirdi.

Ikincisi Dırnaqlı kəndindən qayıtmış Yusif bəy idi. Bu axşam gördüyü işindən məmnun bir halda Rüstəmin gecə yolda öldürülməsi xəbərinə səbirsiz bir surətdə müntəzir olaraq, uyuya bilməyirdi.

Üçüncüsü də haman yol üstündə qalın bir kolun dalında gizlənən və düşmənin gəlməsi intizarında olan Qüdrətəli idi ki, əlindəki «brauninqin» dəstəsini daima sayıq sıxır, yola baxırdı.

Kim bilirdi ki, bunların hansı sevinəcək, hansı peşman və pərişan olacaq və hansı biri qayıtmaz yolda qalacaq?

Bunu yol üstündəki çarpışma, iki sinfi düşmənin qurşun güllələri həll edə biləcəkdi.

Stansiya yolunda xamuş gecənin sükutunu pozan ayaq tappıltısı Qüdrətəlinin qulağına dəyən kimi, o, gizləndiyi kolun arasından səs gələn tərəfə diqqətlə baxmağa başladı.

– Görəsən Rüstəmdirmi? – deyə yaxınlaşmaqda olan qaraltını seçmək üçün bütün qüvvəsini gözlərinə toplardı.

Rüstəmi tanımaq Qüdrətəli üçün qaranlıq gecədə belə çətin olmamalı idi. Qüdrətəli onun boyunu, yürüşünü, hətta qol atmasını belə gözəl bilirdi. Ancaq qaraltının bir az yaxınlaşması lazım idi. Bu, güllənin nəticəli olması üçün gərək idi.

Qaraltının öskürməsi Qüdrətəli üçün naməlumu aşkar etdi. Bu öskürək Rüstəmə məxsus idi. Bunu Qüdrətəli bilirdi. Ona görə gələn adamın Rüstəm olduğu artıq məlum oldu.

Qüdrətəlinin dişləri qıcırdadı, “brauninq” qalxdı... bir dəqiqədən sonra Rüstəmdən bütün zərbələrin acısını çıxaracağı fikri onu titrətdi... “brauninqin” şaqqıltısı uzaqlara qədər yayıldı... Ikinci güllə daha bərk gurlayıb uzaqların əks-sədası ilə qarşılandı.

Yenə sükut bərpa oldu... 

Qüdrətəli kol arasından baxdı. Bayaqkı qaraltı yox idi. Yenə diqqətlə baxdı. Yolun kənarında uzanmış bir şey qaralırdı. “Bu, yaralanmış və ya ölmüş Rüstəmin bədənidir! – deyə Qüdrətəli şadlandı. Lakin birdən-birə buna yaxınlaşmaq qorxulu idi. Bəlkə də ölməmiş. Rüstəm karastısız olmaz.

Bu isə Rüstəm deyildi. Rüstəmin yerə buraxmış olduğu paltosu idi. Bəs Rüstəm? Rüstəm Qüdrətəlinin boşa çıxmış birinci gülləsindən sonra yol kənarındakı daşın dalında durub baxırdı. Qüdrətəlinin ancaq bir gülləsi onun çiyninə atılmış paltosuna ilişib keçmişdi... Qüdrətəli qaralan şeyin tərpənmədiyini görərək, bir-iki güllə daha sıxdı. Bir az da gözlədi. “Bu güllələr onun işini bitirdi”, –  deyə Qüdrətəli kolun arxasından çıxdı.

Lakin çıxar-çıxmaz bir-birinin ardınca iki güllə işlədi. Bu dəfə bu güllələrin səsi başqa tərəflərdə gurladı. Bu güllələr daşın dalında sakit və səlim oturan Rüstəmin güllələri idi.

Qüdrətəli yalnız bircə:

– Aman! – deyib kolun üzərinə sərildi. Əlindəki “brauninq” kolun içinə düşdü. Bayaqdan Qüdrətəlini gözdəməkdə olan bu kol indi onu üzərindən qaldırmaq istər kimi, sancır və əziyyət verir, yalnız vəfasız “brauniiqini” gizləyirdi...

Qüdrətəli canını kolun əziyyətindən xilas etmək üçün qalxmaq istədi. Lakin... daha qüvvəsi qalmamışdı.

Gecə yenə sükut içində idi. Iki sinfi düşmənin ölüm atışmasına şahid olan bu gecə gördüklərini bu sükut içində hifz edirdi...

Qüdrətəlinin özü seçmiş olduğu kolun qarşısında duran Rüstəm düşməninə tam nifrətlə baxır, düşünürdü. Qüdrətəlinin axırıncı nəfəsi çoxdan kəsilmişdi. Rüstəm onun tapançasını axtardı, fəqət tapa bilmədi, onu kol, istintaq adamları üçün gizləyirdi...

Gülzarın yorğun bir halda gözlədiyini görən Rüstəm onun rahat yata bilməsi üçün bu gecəki əhvalatı ona söyləməyib, sabaha buraxdı.

Bu gecə intizarda olanlardan yalnız Yusif bəy qalmışdı.

O, sabaha qədər yata bilmədi.

Sübh Qüdrətəlinin meyitini kol üstündə görən Safalı kəndliləri çoxdan bu xəbəri kəndə gətirmiş və Yusif bəyi dəxi intizardan xilas etmişdi.


1932

 



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info