Qonaq Kitabı
Düşmənlər

– Yox, olmaz, olmaz! – deyə səs saldılar.

Rüstəm səs salan kəndliləri sakit edərək:

– Sakit olun, yoldaşlar, biz gedərik, görərik, razılıq veribsə, qalsın, nə sözümüz, razı olmayıbsa, qaytarıb gətirərik! Necədir? – dedi.

Hamı bir yerdə:

– Bu yaxşı sözdür... Doğrudur... doğrudur. Qətnamə yazın, – deyə bağırışdılar.

Sədr Rüstəmin təklifini səsə qoyunca, qabarlı və kobud əllər qalxdı.

Qəbul olundu.

Ikinci məsələ Rüstəmi dünəndən bəri düşündürən təsərrüfatını birlikdə, müştərək olaraq yenidən qurmaq məsələsi idi. Bu xüsusda sözə başlayaraq, Rüstəm dedi:

– A yoldaşlar, siz bilirsiniz ki, dünən mən dairəyə göndərilmişdim, orada aktiv iclası var idi, o barədə gərək sizə haqq-hesab verəm. A yoldaşlar, orada dünən təsərrüfatımızı qaldırmaq yollarını göstərdilər, hansı ki, bizim təsərrüfat, necə ki, özümüz görürük, irəli getməyir; məsələn, biz pambıq əgirik. Bir hektar pambıq əkini azı qırx pud məhsul verməlidir. Amma pambığımız heç 30 pud olmaz.

Məsələ, kəndliləri maraqlandıran məsələ idi. Natiqin sözünü kəsib:

– Olmaz.

– A kişi, sən otuz deyirsən, heç iyirmi beş olmaz.

– Bu il pambığın qozası olmadı, – deyə kəndlilər öz fikirlərini söyləməyə tələsdilər.

Oruc kişi yerindən qalxıb, üzünü camaata tutaraq: 

– A yoldaşlar, qoyun bir görək o kişi, nə deyir, – dedi.

– Doğrudur, qoy desin, sakit olun! – deyə kimsə ona tərəfdar çıxdı.

Sədr məclisi sakit etmək üçün qalxıb qarşısındakı mizi döydü. Kəndlilər sakit olduqda, Rüstəm davam etdi:

– A yoldaşlar, bir aram olun, mən sözümü deyim: necə ki, dünən başa saldılar, hərə özlüyündə çalışsa, bu cürə olacaq. Bir şey çıxmaz, hansı ki, heç kəs tək başına nə traktor ala bilər, nə başqa maşınlardan əlinə salar, nə öküz düzəldər, hansı ki, pambığını da artıra bilməz, necə ki, özümüz baxanda görürük ki, təklikdə iş getməyir.

– Düz deyir.

– Çünki kəndli yoxsuldur.

– Yoxsul da gərək hökumətdən kömək ala, yoxsa onun pulu nə gəzirdi ki, özünə bir maşın da ala.

– O da onu deyir. Kömək olmasa, heç bir şey çıxmaz, – deyə səslər ucaldı.

Yenə sədr mizi döydü. Kəndlilər sakit oldular. Rüstəm kəndli yoldaşların bu qeydlərini dinləyib, sözünə davam etdi.

– A yoldaşlar, deyirsiniz ki, gərək hökumətdən kömək olsun, mən də deyirəm olsun, ancaq, necə ki, görürük hər bir kəndliyə ayrı-ayrı traktor vermək mümkün olarmı? Bu vaxtadək bizə pul verdilər, toxum verdilər, yenə hələ o halda qalmışıq. Hansı ki, Safalı kəndinin yoxsullarını götürsək, otuz ev olar.

– Ancaq olar.

– Bunların ayrı-ayrı təsərrüfatları var. O təsərrüfatın nə halda olduğunu özünüz yaxşı bilirsiniz. Lazımdır ki, yoxsul kəndlilər birləşib təsərrüfatlarını bir yerdə, şərikli aparsınlar. Bir yerdə işləsinlər, şərikli məhsulları olsun, gələn xeyirdən hərə öz payını alsın, hansı ki, hökumət bu işə kömək də edir, pul da buraxır, maşın da verir, avadanlıq üçün lazımi şeylər də buraxır. Zəhmət qoysaq, kəndlərimizi abad etmək, yaşayışımızı yaxşılaşdırmaq öz əlimizdədir.

Bayaqdan Gülzarın razılıq verəcək ehtimalını irəli sürən kəndli yenə:

– Bir yerdə olsan, işləyən işləyəcək, tənbəllər hazırından yeyib yatacaq.

– Rüstəm, buna qulaq as! Bax, bu kişi deyən söz də doğrudur.

Burası Rüstəmi dəxi maraqlandırırdı. O, kəndliləri sakit edib dedi:

– O, mənim fikrimcə, işin quruluşundan asılıdır. Hər kəs şəriklikdə işləməsə, ona heç bir şey verilməz və yoldaşlıqdan da çıxarılar. Elələrini saxlamarıq. O özü bilsin, müştərək təsərrüfata razı olan, ona tapşırılan işi gərək görsün. Artıq işləsə, artıq da qazanar. Az işləsə, az xeyir götürər.

– Yaxşı deyir.

– A yoldaşlar, biz, bax, burada oturan kəndlilər, bu il nə qədər pambıq əkmişdik? 35 hektar olarmı?

– Olar. Çox olmaz.

– Bəlkə otuz hektar!

– Bu 30 hektardan ancaq 800 pud pambıq mə sulu olmuşdur. Amma bu, sizin əlinizdə olsaydı, yeri yaxşı işləsəydik, vaxtında arata qoysaydıq, mal-qaramız olsaydı, traktor yerlərimizi sürsəydi, bizim pambığımız... – Burada Rüstəm fikrə getdi və başındakı rəqəmləri qarışdıraraq dedi: 30 hektardan azı-azı 1200, ya 1300 pud, bəlkə də daha yuxarı pambıq yığardıq.

– Rüstəm, su olsa olar.

– Su da gərək vaxtında ola. Onda pambığın qozası saysız olar...

Oruc kişi Rüstəmin sözünü kəsib:

– Sən özün bilirsən ki, bu il mən də, bax, bu Əlipaşa da arat qoya bilmədik. Ikimiz də səpsuvar əkdik, – dedi.

Oruc kişinin yanında oturan kəndli qız onun sözlərini təsdiq etdi:

– Doğrudur, kişi doğru deyir.

Oruc kişi dediyini özü dəxi təsdiq edərək: “Bəli, bəli”, – dedi və bir-iki dəfə də böyük papaq altında daha kiçik görünən başını əydi. Yenə bir neçə söz söyləmək istədisə də, amma danışmadı.

Rüstəmin səsi gurlayırdı:

– Bilirsiniz ki, niyə Oruc kişi və başqaları bu ilə aratsız qaldılar? Çünki suyumuz öz əlimizdə deyil! Suyu bizim kəndə buraxan vaxtında bir də görürsən ki, bu yandan mürtəd uşaqları suyun qarşısını kəsib verdilər çəltiyə. Həmzəlilər bu il suyu oğurlayıb, taxıla buraxmışdılar. Mən özüm də şahidəm, siz də bilirsiniz. Hər il belə olur. Amma biz birləşsək, belə olmaz, suya özümüz sahib olarıq, bir yandan yerləri sürərik, bir yandan arat eləyərik, hətta istəsək, yuxarı yerlərə də su buraxmaq mümkündür. Bankdan pul götürüb, bu dəyirmanın yanında bir motor qoysaq, o yuxarılar da sulanar. Bunu neçə dəfə bizə təklif etdilər.

Rüstəm qızışdıqca, kəndlilər diqqətlərini artırırdılar. Rüstəmin dedikləri onların gözündə sonsuz pambıq əkini mənzərəsi canlandırırdı.

Sonra Rüstəm sözünü bitirərək:

– Indi nə deyirsiniz, razısınızmı birləşək? Təsərrüfatımızı şərikli aparaq?

– Razıyıq.

– Kim razı olmaz?

Oruc kişi əlini qaldırıb, Rüstəmə:

– Sən soruş görək kim razıdır, adını yaz, – dedi.

– Doğrudur, doğrudur.

Rüstəm Oruc kişinin təklifi ilə təsərrüfatlarını birləşdirmək istəyənlərin adlarını yazdı. 22 adam özünü yazdırdı. Yazılanların birincisi Oruc kişi, ikincisi Qədir kişi idi.

Bundan sonra bu yeni təşkilatı düzəltmək, nizamnaməsini tərtib etmək, lazımi surətdə qanuna salmaq və əvvəl dövründə işlərini aparmaq üçün bir heyət seçmək məsələsi qalxdı. Kəndlilər bir yerdə Rüstəmi təklif edərək alqışladılar, sonra sayılan bir neçə namizəd içərisindən iki nəfər – Fərhad və Zaman da seçildi.

Bu qayda ilə Safalı kəndi Kolxozunun bünövrəsi qoyuldu və üç adamdan ibarət müvəqqəti heyət intixab edildi, müvəqqəti heyətə tez bir zamanda Kolxozun təsdiq edilməsi, bu gün yazılanlardan başqa yenə yoxsul və ortabab kəndlilərdən istəyənləri yazmaq, kolxozun təsdiqindən sonra ümumi iclas çağırmaq və daimi heyət-filan seçmək işləri tapşırıldı.

İclası qapamaqdan əvvəl Rüstəm kəndlilərə qəbul etdikləri birinci qərarı xatırladaraq:

– Biz bundan belə bir adam kimi hərəkət etməliyik. Bu gün daha bizim təşkilatımız və təşkilatımızı idarə edən heyətimiz var. – Sonra o, daha tez atlanmağı təklif etdi.

Kəndlilər ümumə aid böyük mənası olan bir iş gördüklərindən məmnun qalar kimi, tez atlarının ardınca getdilər. Atı olmayanlar qonşularının yedəklərinə mindilər, hətta qonşu kənddən də at gətirən oldu.

Safalı atlıları kənddən çıxanda ikindi vaxtı idi. Gün hərarətini verib soyuyur və soyuduqca, yaşıl meşələri mühafizə edən boz dağların arxasında gizlənmək istəyirdi.

Atların birinci sırasında Safalı və Dırnaqlı kəndlərinin nümayəndələri və ortalarında da Oruc kişi idi. Bunların ardınca Rüstəm cavan və cavanlığı qədər qızğın olan qara kəhər atın cilovunu çəkir, yüyürmək və bütün arkadaşlarını geridə buraxmaq istəyən atı bacardığı məharətlə toxdadırdı.

Hümmətəligil Safalı kəndlilərinin Gülzarın ardınca gəldiklərini gördükdə, təlaşa düşdülər. Əvvəlcə müqavimət göstərmək istədilər, sonra bu işin pis nəticə verəcəyini düşününcə, Safalı atlılarının qarşısına çıxıb, dil-ağız eləməyə başladılar.

– A kişilər, niyə zəhmət çəkmisiniz, bir qız bir cavanındır. Qızdır, bu gün razılıq verməzsə, sabah razı olar, – deyə Gülzarın Hümmətəlidə qalması üçün çalışanlar oldu. Bu, Hümmətəlinin qohum və əqrəbası idi. Xüsusi bir təkidlə qızı saxlamağa çalışırdılar.

Rüstəm qızın rəyini bilməyi təklif etdi: bilirdi ki, Gülzar Hümmətəliyə getmək və burada qalmaq istəməyəcəkdir. Əvvəlcə Hümmətəlinin adamları bu təklifdən qaçdılar.

– Belə işi qızdan sormazlar, o istəsə də, cavab verə bilməz, utanar, – dedilər.

Lakin safalıların qəti tələbi üzrə güzəştə getmək məcburiyyətində qaldılar. Qızı danışdırmaq üçün Safalı atlılarından Oruc kişi, Rüstəm və onlarla bərabər hər iki kənd nümayəndələri Gülzarın saxlandığı evə doğru yollandılar.

Kəndə məxsus bir səliqə ilə bəzənmiş, başdan-başa xalı və palaz ilə döşənmiş, divar yanından əlvan xara və məxmər üzlü qalın döşəklər salınmış otağın bir küncündə safalılı Gülzar safadan ayrı düşürülən quşun qəfəs içinə məhkum edildiyi kimi, tam bir yasla öz vəziyyətini düşünürdü.

Yanında bulunan qadınlar onu yayındırmaq və əyləndirmək üçün qramafon oxudurlardı. Həzin şikəstə oxunması Gülzarın fikrini dağıtmaq əvəzinə daha da onu qəm və yas içində boğurdu. Gülzar özünü doğrudan bir əsir və məhbus kimi hiss edirdi. Lakin bu həbsin axırı nə olacaq? Indi o nə etməlidir? – sualları ondan amansız surətdə cavab tələb edirdi. Fəqət o düşünür, cavab tapa bilməyirdi.

Bu alda xanəndənin qəmli və yanıqlı bir səslə:

                       Aşınalıq, bu fəna dəhrdə əfsanə imiş,

                       Ah, ey dust, bu viranə nə viranə imiş!

                       Ol kəs ki, özünü dust bilərdim, ey dil,

                       Aqibət oldu əyan kim mənə biganə imiş.

– deyə ah-zar edib oxuması Gülzarın hazırkı əhvali-ruhiyyəsilə müvafiq gəlirdi. Safalılar içəri girdikdə, Gülzar başını qaldırıb, qəmli və dolu gözlərini onlara tərəf çevirdi. Qarşısında öz kəndlilərini görcək, Gülzar ürəkləndi və sevindiyindən dolu gözlərinin yaşını axıtdı.

Oruc kişinin ondan:

– Gülzar, de görək nə deyirsən, razı olursanmı? – deyə soruşmasına cavabən o, ağlaya-ağlaya:

– Nə üçün mənə bu sualı verirsiniz? Siz məni xilas edin? – dedi.

Bu dəfə nümayəndə:

– Yox, bacı, biz gərək bilək ki, Hümmətəlinin arvadı olmağa razı oldunmu? – deyə soruşdu.

Gülzar qəti olaraq:

– Mən də deyirəm: razı olmadım və olmaram da! Məni öldürsələr də, razı olmayacağam! – dedi.

Gülzarın bu sərt cavabı heç bir ehtimala yol verməyirdi. Məsələ aydın idi. Lakin Gülzar davam etmək istədi: 

– Mən bu vəhşiliyə nifrət edirəm, çünki...sıxılmış ürəyinin həyəcanı onun səsini boğdu. Başındakı yaylıqla üzünü örtüb, gözlərinin ixtiyarsız axan yaşını silməyə başladı...

Gülzarın xilası üçün gəlmiş safalılar daha bir söz demədilər. Qızın qolundan yapışıb çıxdılar.


9

Safalılar kəndlərinə qayıtdılar.

Gün batmış, hava soyumuşdu. Safalı kəndi tərəfindən əsməkdə olan zəif və sərin yel həbsdən xilas olmuş Gülzara Safalı kəndinin doğma havasını içirir və müvəffəqiyyətlə qayıdan atlıları salamlayırdı.

Atlılar iki bir-üç bir gülüb danışır, bugünkü iclaslarında müştərək təsərrüfatın təşkili haqqında qəbul etdikləri qərarın əməli surətdə icrası barədə və hansı yerləri sürmək, işləmək ətrafında söhbət edirdilər.

Gülzar isə Dırnaqlı kənd nümayəndəsinin ağ atını irəli sürərək, başını deşməkdə olan dərin fikirlərə qərq olmuşdu. Ondan geri qalmayan həmyerliləri şirin-şirin danışdıqları və zarafat etdikləri halda, o öz düşüncələri ilə məşğul idi.

Onu məşğul edən fikirlər isə qarışıq idi. Bu işdən sonra o nə edəcəkdir? Indi evdəmi oturmalı, yaxud işinəmi davam etməlidir? Gülzar bilirdi ki, mənsub olduqları kənd şurası sədri əhvalatı prokurora xəbər verəcək, məhkəmə çağırılacaq, məhkəmə qarşısında Hümmətəlinin qəbih və çirkin üzünü görəcək, işə baxılacaq, müqəssir üçün qanun üzrə cəza kəsiləcək... Lakin bundan başqa Hümmətəli kimiləri ibrət alacaqmı və köhnə zamanın bu pis adəti aradan götürüləcəkmi? Məsələnin burası onu maraqlandırır və bundan ötrü özünün nə etməsi lazım olduğunu aydınlaşdıra bilmədiyindən sıxılırdı.

Yol uzunu Gülzardan göz çəkməyən Rüstəm, başqaları ilə danışdığı zaman belə, müşahidəsində davam edir və qızın ağır fikirlərlə çarpışdığını görürdü.

Əvvəlcə cürət etməyən və bu xüsusda uzun-uzun düşünən Rüstəm, nəhayət, atını Gülzara yaxın sürüb, onunla yan-yana gedərək, bu gün Safalı kəndində yoxsullar iclasının təsərrüfatlarını birləşdirmək haqqında qəbul etdikləri qərarını xəbər verdi.

Bu xəbər Gülzarı sevindirdi. Müştərək təsərrüfat təşkili haqqındakı sözlərdə o, yeni həyat başlanğıcı görür və qanadlanırdı.

Balaca və zəif təsərrüfatların birləşməsi və mütəşəkkil surətdə aparılması Gülzarı maraqlandırırdı; o bu yeni işin şəkli və məzmunu haqqında Rüstəmə bir neçə sual verdi. Aşkar görünürdü ki, o, müştərək təsərrüfat təşkilinin mənasını anlayır və ona böyük əhəmiyyət verir. Bu isə Rüstəmi olduqca məmnun edirdi.

Rüstəm Hümmətəlinin vəhşi cəngəlindən xilas edilmiş Gülzara baxdıqda, şadlanır və ona bəslədiyi sevgidən dolayı özünü xoşbəxt hiss edirdi.

Rüstəm Gülzarı da Kolxozda çalışmağa cəlb etmək istəyərək, fikrini sordu.

– Mən sizə nə yardım verə bilərəm? – deyə Gülzar sorduqda, Rüstəm:

– Bizim təşkilatımızın mədəni işləri olacaq, xüsusən ki, qadınları ev zəhmətindən azad etmək üçün, çocuqlarının tərbiyəsi üçün lazım olan çocuq bağçası deyirlər, nə deyirlər – mən yaxşı bilməyirəm – bunları düzəltmək üçün sənin kimi adam lazımdır, – dedi.

– Nə eybi var, lazım olsam və xeyir verə bilsəm, işlərəm, – deyə Gülzar Rüstəmin yeni həyat quruluşu fikri ilə alışdığını görərək, razılıqla dolu gözlərini ondan çəkmək istəməyirdi.

Gülzarın bu baxışı Rüstəmə çox şeylər düºündürürdü.

Atlılar Safalı kəndinə çatmışdılar. Kəndin çöllərində ağaran pambığ çiçəklərinin içində əlvan paltarlı qadın və qızlar pambıq yığmaqda idilər. Atlıları və onların qarşısında da Gülzarın qayıtmasını görən kimi Qədir kişihilə yüyürdülər. Hamısı Gülzarın görüşünə, ana və nənəsini təbrik etməyə tələsirdi.

Gülzarın qayıtması bütün kənd üçün bir şadlıq oldu.

– Qayıtdı, gözlərin aydın!

– Aydınlıqda olasan!

– Xoşbəxt olsun!

– Mərd qızdır. Aldanmadı.

Bu xoş xəbər kəndin hər bir bucağında eşidilirdi. Kəndin qoçaqlarından kim isə dedi ki:

– Ərə getmək istəsə burada, Rüstəmə gedər, həm də xoşbəxt olar...

Bu söz doğrudan da vaqe olacaq bir əmrin peyğəmbərliyi idi.

 

10

Safalı kəndinin kolxozu inkişaf etdikcə, yoxsul kəndlilərdən başqa bir neçə orta kəndlilər dəxi öz xahişləri ilə gəlib həmin kolxoza daxil olmuşlardı. Əvvəlcə 22 adamdan ibarət olaraq təşkil olunan Safalı kolxozunun indi 46 üzvü vardı. Kolxoz 26 təsərrüfatı birləşdirdi.

Kolxozun tərəqqisi yalnız Safalı kəndində deyil, bütün ətraf kəndlərdə də deyilirdi. Dəfələrlə Safalı kolxozunun məruzəsi kənd təşkilatlarında, hətta iki dəfə də dairədə çağırılmış kolxoz müşavirəsində dinlənmiş və işləri təqdir edilmişdi.

Rüstəm Kolxozun irəliləməsi üçün çox zəhmət çəkmiş, dəfələrlə dairəyə getmiş, kolxozun tələb və ehtiyacı üçün lazım gələn iqdamatda bulunmuş, nəticədə də kolxoz üçün traktorlar və başqa kənd təsərrüfat maşınları almağa müvəffəq olmuşdu.

Hətta o, keçən baharda kolxozun inşaat işlərinin taxta-şalban, dəmir və qeyri materiallara ehtiyacı olduğunu nəzərə alaraq, Bakıya getmiş və inşaata lazım olan materiallar sıradan iºlərini təmin edə bilmişdi. O səbəbdən indi kolxozda tikinti işləri sürətlə aparılır.

Az müddət içində kolxozda töylə və anbarlardan başqa səkkiz bina tikilmişdi. Safalı kəndinin ən gözəl yeri hesab olunan Qız bulağının yanındakı ətrafı ucaboylu çinar ağacları ilə əhatə olunan meydançanın ortasında ağaran bina Safalı kolxozunun ilk tikdirdiyi çocuq evi idi; burada çocuq bağçası, uşaq evi və çocuqlara məxsus yeməkxana və sairə vardı.

Burada Gülzarın qayğı və zəhməti sayəsində əmələ gətirilmiş təmizlik, səliqə və qayda mərkəzdən gələn bir çox işçi və təlimatçıların təqdirini qazanmış, ətta şəkli rus və türk gündəliklərində nəşr olunmuşdu.

Ümumən Safalı kolxozuna gələn mərkəz işçiləri bu kolxozun nümunəvi olduğunu iddia ilə qayıdır və ona görə də lazım gələndə kolxoza yardım etməkdə heç bir tərəddüd göstərməyirdilər.

Kolxozun hər bir tərəqqisi Rüstəmin fəaliyyətini artırır və o da gərək kolxozçular arasında və gərək başqaları ilə danışanda:



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info