Qonaq Kitabı
Düşmənlər

Bəylər çinar altına qayıtdılar. Qurban bir saata qədər daha orada qarovulda durub gözlədi.

Bu əhvalat bəylərin ov planını pozdu.

O gecənin axırı nəşəsiz oldu.

Sübh tezdən hamı atını minib çayın o tayına keçdi. Buradakı mənzərə bəyləri böyük bir heyrət və təəccüb içində buraxdı. Çayın kənarında arxası üstə uzanmış bir adam görməsinlərmi? Qurbanın qazanı da tirlənmiş adamın yanında böyrü üstə düşmüşdü. Qurbanın gülləsi boşa çıxmamışdı. Bəylər Qurbanı birinci dəfə görür kimi, ona diqqətlə baxır, daha bir söz deməyirdilər.

 

Bu hadisədən sonra Qurbanın üstündən “nanıx” adı götürüldü. Nə Murad bəy və nə də yoldaşları bir daha ona “nanıx” deməyə cürət etməyirlərdi. Hətta onunla bir dərəcəyə qədər hörmətlə danışmaq və davranmaq istənildiyi belə hiss olunurdu.

Bu əhvalatı Qurban kişi oğlu Rüstəmə bir neçə dəfə danışmış olduğundan, Rüstəm də atasının məharət göstərmiş olduğu bu hadisənin bütün təfsilatını bilir, vaxtilə atasının qoçaq güllə ata bilməsilə fəxr edirdi.

Lakin Qurbana bəylər tərəfindən verilmiş olan “nanıx” adının yenə bəylər tərəfindən haman hadisədən sonra qaldırılmasına baxmayaraq, bəzi məktəb çocuqları Rüstəmə məktəbdə arabir “nanıx oğlu” deyir, balaca Rüstəm dəxi bundan çox inciyir və dilgir olurdu. Hər dəfə ona “nanıx oğlu” deyildikdə, o, atasının nanıx deyil, məharətli, bacarıqlı və qoçaq olduğunu sübut etmək üçün haman atasından eşitdiyi və bütün kənd içində, hətta bir öz kəndləri deyil, ətraf kəndlərdə də məşhur olan hadisəni nağıl etmək istəyirdisə də, amma ona “nanıx oğlu” deyən dükançı, müamiləçi, ya dəyirmançı, ya yüzbaşı uşaqları qarşısında atasını və özünü müdafiə etməyi lazım bilməyirdi. Onları əvvəldən bəri sevməyir və ona görə də onlarla danışmaq belə istəməyirdi.

Fəqət atası kimi bacarıqlı və qoçaq iş görən olduğunu sübut etmək imkanına nail olmaq istəyirdi. Ah bilsəydiniz nə qədər istəyirdi!

 

4

Rüstəmin mindiyi qatar Bərgüşad stansiyasına yetişən vaxt axşamdan bir qədər keçmişdi.

Rüstəm başını qaldırıb göyə baxdı. Göyün saysız çıraqları yanmışdı. Bu gün bu ulduzlar daha qürurla işıq verirlərdi. Budur, çocuq vaxtında atasının ona göstərdiyi “Nuh gəmisi” lap aydın işıqlanır. Ay da üzünün bir hissəsini açaraq, öz solğun şüalarını yerə səpirdi. Qatar gedə-gedə Rüstəm tullanıb, birbaş kəndlərinə doğru yollandı.

Rüstəm evlərinə çatanda, atası yatmışdı. Anası yeddilik lampanın zəif işığında, qarşısına toplamış olduğu pambıq qozalarını təmizləyirdi.

 Rüstəmi görcək anası ona:

– Bəs niyə belə gəldin? Çay içmək istəyirsənsə, samavar istidir, bax.

– Içərəm, ana... Pambıq yenə qaldımı?

– Yox, hələ qalan budur, bu il, deyəsən, beş put da düzəlməyəcək.

– Bu qayda ilə iş getməyəcək... Gərək işləri tamam dəyişək. Yoxsa hər il belə olacaqdır.

Rüstəmin anası ilə etdiyi bu söhbətin səsinə atası dəxi ayılıb yatağından dedi:

– Pambıq  daha çox olardı, Murtuza uşaqları suyun başını açıb öz bağlarına, həmzəlilər də öz taxıllarına, bostanlarına buraxmasaydılar. Bizim suyu onlar kəsdilər. Pambıq da qaldı susuz!

– Doğrusu, deyirlər ki, el özü gərək suya gözətçi olsun.

Atası ümidsiz:

– O söz yaxşı sözdür, amma ona kim baxır? Yaxşı söz çoxdur, hanı əməl edən, rəhmətlik oğlu? – dedi.

– Ona görə də lazımdır ki, hərə öz başına olmasın, hamı birləşib bir yerdə işləsin, birlikdə təsərrüfatlarını düzəltsin, hələ bu barədə bu gün bizə nə gözəl məruzə edildi, bilsən nə gözəl sözlər söyləndi, bircə eşitsəydin, ata, deyərdin nə ağılı adamlar var, nə yaxşı yol göstərirlər!

Rüstəmin bu sözlərinə atası cavab vermədi. Anası da ərinə və oğluna baxıb dillənmədi. Bunu gördükdə Rüstəm dəxi davam etmədi. O, bu gün yorğun idi. Sabah tezdən durub bugünkü məruzəçinin təklif etdiyi təsərrüfat quruluşu üsulunu icraya başlamaq fikrində idi. Lakin bu xüsusda ətraflıca düşünmək lazım idi. Bu fikirlə Rüstəm yatağına girdi.

Rüstəm birdən-birə yuxuya gedə bilmədi, kəndlərində başlamaq istədiyi müştərək təsərrüfat əsasını qurmaq işi haqqında düşünür və düşündükcə kənd təsərrüfatının gələcək mənzərəsini xəyalında təsəvvür etməyə çalışırdı.

Bir-birini təqib ilə ardı kəsilməksizin Rüstəmin başını məşğul edən bir çox qatmaqarışıq düşüncələrdən sonra Rüstəm yeni işi firqə təşkilatçısı ilə məsləhətləşəndən sonra, yoxsul kəndlilər komitəsilə bir yerdə özü kimi kəndliləri cəlb etməklə həyata keçirə biləcəyinə qənaət hasil edə bilmişdi.

Rüstəm: “Heyif ki, kəndimizdə özək yoxdur, özək rəhbərliyi bu işdə nə qədər kömək edə bilərdi”, – deyə təəssüf etdi.

Bir dəqiqədən sonra özünə ürək verərək, düşünürdü: “Heç eybi yoxdur, firqə təşkilatçısı və özü bərabər çalışar, məruzəçinin dediyi kimi müştərək təsərrüfat quruluşunun əsasını qoyar. Bütün yoxsul kəndlilərə məsələni söylər. Bu kəndlilər onu tez anlar. Onların içində çalışan hünərli kişi az deyildir”.

Bu xüsusda düşündükcə, onun gözünün qabağında Oruc kişi, Fərhad, Isa, Əlipaşa, Zaman, Yardım oğlu və başqaları dururdu. Doğrudur, bunların təsərrüfatları Rüstəmin atasının təsərrüfatı kimi yox misalında, az və balaca idi, çoxunun heyvanı yox idi. Heyvanı olanın da, heyvanı elə kafi qədər güclü deyildi, amma bunlar hamısı bir-birindən bacarıqlı, işlək adamlar idi, hər zəhmətə qatlaşaraq, təsərrüfatlarını aparır, daha əvvəlki kimi özgəyə muzdurluq etməyirdilər.

Lakin onların istifadəsində kənd təsərrüfat maşını, o dairədə məruzə zamanı şəkli göstərilən traktor və başqa maşınları, öküz və kəlləri varsa, bugünkü pambıq məhsulu nə qədər artar. Özləri də təsərrüfatlarını nə qədər böyüdərlər!..

Nəhayət, yuxu bu fikirlərdən yorulmuş Rüstəmi nəzakətli ağuşuna alıb, ona müştərək təsərrüfat əsası üzrə yenidən tikilmiş Safalı kəndinin bugünkü halına oxşamayan gələcək mənzərəsini göstərdi.


5

Gecədən xeyli keçmişdi. Kəndin aşağı tərəfində həyəcanlı səs-küy qalxdı. Bu səs-küy içində hətta bir-iki güllə şaqqıltısı eşidildi. Kəndin itləri hürüşməyə başladılar. Şirin yuxudan oyadılmış kənd adamları səs gələn yerə hər bir yandan haraya yürüşürdülər.

Kənd evlərinin bir-birindən uzaq və böyük bir məsafədə səpələnmiş olduğundan, oraya tələsən kəndlilər tez yetişmək qəsdi ilə çəpərdən aşır, arxlardan tullanır, səs gələn səmtə doğru yüyürürdülər.

Bir-birinə rast düşən kəndlilər:

– Bu həşir kimin evindədir? – deyə soruşurdular.

Bir azdan sonra məlum oldu ki, səs gələn yer Qədir kişinin həyəti imiş. Burada bir neçə arvad hamısı birdən çığırır, kimi isə hədələyir, bəzisi də ağlaya-ağlaya anlaşılmayan bir söz deyirdi.

Haraya gələn kişilər də bir tərəfdə duraraq, vaqe olmuş hadisəni qızğın surətdə müzakirə edir, bəzisi hər bir təzə gələn üçün bütün əhvalatı yenidən danışır, bəzisi isə buraya toplanmış kəndlilərə düşündüyü təklifləri söyləməyə çalışırdı. Itlər mırıldaya-mırıldaya qayıdır və bir şey xatırlayan kimi, yenə yerlərindən sıçrayıb, hürə-hürə gəldikləri tərəfə doğru cumurdular. Nə olmuşdu? Yatmış kəndi yuxudan oyadan bu səs-küyə səbəb nə idi?

Safalı kəndinin qonşuluğundakı Dırnaqlı kəndindən gələn bir neçə atlı və silahlı kişi, Qədir kişinin evini əhatə edərək, nəvəsi Gülzarı... Bəli, bəli, haman o kooperativdə xidmət edən, bu sabah Rüstəmin karandaş verdiyi və axşam da məruzədən sonra xəyalından çıxara bilmədiyi Gülzarı qaçırmışdılar.

Azərbaycan kəndi üçün adi hesab olunan bir hadisə. Əvət, köhnə zamanın mənhus qaydası yenə yaşayırdı.


6

Gülzar on yeddi-on səkkiz yaşında bir qız idi. Beş yaşında ikən o, vərəm xəstəliyinə tutulmuş olan atasını itirmiş və bundan sonra anası ilə bərabər babası Qədirin himayəsində qalmışdı.

Şura hökuməti qurulduqdan sonra kəndlərində açılmış məktəbdə oxumağa başlamışdı. Gülzar beş illik məktəbi bitirdikdən sonra təhsilinə davam etmək istəmişdisə də, qəza mərkəzinə və ya Bakıya getmək mümkün olmadığından, arzusuna nail ola bilməmişdi.

Şura hökuməti qadınların erkəklərlə bərabər hər bir mədəni, ictimai və iqtisadi işlərə cəlb edilmələri barədə gündəlik qəzetlərdə və xüsusən “Şərq qadını” məcmuəsində yazılan məqalələri oxuyub, babası Qədir kişinin ciddi etirazına baxmayaraq, kəndlərindəki kooperativ dükanında xidmətə başlamışdı.

Gülzar az bir vaxtda bütün kəndlilərin hüsnü-təvəccöhünü qazana bilmişdi. Gülzarın işi yalnız kooperativ ilə məhdud olmayırdı. O eyni zamanda kəndin işlərində, xüsusən qadınların savadsızlığını ləğv etmək işində çalışaraq, özünü zərbəçi elan etmişdi. Gülzarın zahiri də xoş, eyibsiz idi. Uzunboy, buğdayı üzünü qismən örtən şəvə kimi qara saç, süzgün baxış, qırmızı yanaq... onu gözəlləndirir və gözəllik xoşlayanların diqqətini cəlb edirdi.

Gülzar isə laqeyd idi. Nahaq yerə kooperativ müdiri Murad bəyin qardaşı oğlu Yusif öz ov yoldaşı Dırnaqlı kəndi sakini Hümmətəlini Gülzarın yanında tərifləyir və Gülzara bənd olduğunu cürbəcür işarə ilə bildirməyə çalışırdı. Qız müamiləçi Kərbəlayı Salmanın oğlu Hümmətəlini tanıyır və onun tez-tez kooperativə gəlib şor gözlə baxması, səbəbsiz gülməsi Gülzarda yalnız nifrət hissi oyadırdı. Buna görə də kooperativ müdiri “işi düzəltmək üçün” araya girib yoldaşı üçün təlaş etməsinə cavab olaraq, Gülzar, vaxtilə bu xüsusda kəndisilə bir daha danışmamasını qəti surətdə rica etmişdi.

Sonralar kooperativ müdiri Gülzarı yenə bu söhbətə gətirmək üçün bir neçə təşəbbüs göstərmişdisə də, təkrar və təkrar qızın ciddi cavabı üzrə məsələni tamamilə buraxmaq məcburiyyətində qalmışdı.

Beləcə, Gülzar məsələni bitmiş hesab edərkən, həriflər hazırlıq yapırmış və:

– Xoşluqla razı olmayırsa, dədə-baba qaydası ilə yola gələr, deyə qızı qaçırmağa qərar vermişlərdi. Bu qərarı həyata keçirmək üçün bu axşam Dırnaqlı kəndində plan düzəldib, Hümmətəlinin müsəlləh atlıları gecə yarısı Qədir kişinin köhnə daxmasına hücum etmişdilər.

Lakin Gülzar belələrindən deyildi. O özünü itirməmiş və Hümmətəlinin evinə gətirilən kimi, onu əhatə edən arvadların təkliflərinə cavabən: 

– Mən o vəhşi adama nifrət edirəm. Canıma qəsd edib özümü öldürərəm, amma mənim başıma bu kələyi quran adama arvad olmaram. Siz də artıq heç əl-ayağa düşməyin? – demişdi.

Əbəs yerə Hümmətəlinin adamları onu sakit etməyə çalışdılar. Gülzar eşitmək belə istəmədi. Hümmətəlinin qohum və qonşularının cavan qadınları Gülzarı razı etmək məqsədilə ona cürbəcür bəxşişlər verib, vədlər etdilər.

Gülzar onların səy etmələrinə gülərək, bu vəhşi qaydanın qadın hüququna cəhalət təcavüzü olduğunu sübut ilə qadınların özlərini də utandırırdı.

 

7

Sabah çoxdan açılmışdı. Amma Rüstəm nədənsə oyanmamışdı. Anası Rüstəmin yorğun gəlmiş olduğunu və gecə bir çox zaman yatağının içində o yan-bu yana çevrilərək yuxuya gedə bilmədiyini nəzərə alaraq, onu ayıltmaq istəmədi.

Nəhayət, Rüstəm qalxdı. Anasından gecəki əhvalatı eşitdikdə, yatmış olduğuna və oyadılmamasına heyfsiləndi:

– Gərək məni oyada idin, kənddə belə əhvalat olanda yatmaqmı olar?

– Biz o qədər uzaqdayıq ki, heç belə səsi eşitməmişəm. Atan ayıq yatandır, o eşidib çıxmışdı. Bu xəbəri də səhər o danışdı.

Rüstəm yenə narazılıq elədi.

Hər halda bilatəxir tədbir görmək lazım idi. Tez evdən çıxdı: firqə təşkilatçısını tapıb (firqə özəyi Safalıda deyil, Nəriman kəndində idi), dünənki məruzənin məzmununu ona söyləyərək:

– Bizim kənd yoxsullarını toplayıb Kolxoz təşkil etmək barəsində onlara məlumat vermək lazımdır, – dedi.

– Təklif nə olacaq?

– Kəndimizdə birinci Kolxoz binasını qoymaq.

Firqə təşkilatçısı Rüstəmin fikrini bəyəndi. Onunla razı oldusa, özək bürosunda məsələni müzakirə etməyi vacib bildi.

– Firqə özək bürosu nə vaxt olacaq?

– Iki gündən sonra.

Məsələnin iki gün təxir edilməsi Rüstəmə xoş gəlmədi. Lakin labüd tabe olmalı idi. Iki gündən sonra Rüstəm də özək bürosu iclasına, Nəriman kəndinə getməyə qərar verdi.

– O yaxşıdır. Özünün təklifini büroda müzakirəyə qoyarsan. Qətnamə çıxarılar.

Beləcə, birinci məsələ həll olunmuşdu: Indi Rüstəmi Gülzarın qaçırılması düşündürürdü.

Firqə təşkilatçısı əhvalatı özək katibinə xəbər vermiş olduğunu bildirincə, Rüstəm bir dərəcəyə qədər sakit oldu – firqə katibini tanıyırdı. Ona görə də katibin əhvalatı bilincə, bu gün Safalıya gələcəyi Rüstəmdən ötrü aydın idi.

Rüstəm firqə təşkilatçısından ayrılıb yenə kənd içərisində dolaşmağa başladı. Bu gün kəndlilərin əksəri işə çıxmamışdı. Dünənki hadisə bir çoxunun həyəcanına səbəb olmuşdusa da, lakin şaşırmış kəndlilər nə etməli olduqlarını bilməyirdilər.

Bu xüsusda Rüstəmin fikri Qədir kişiyə yardım və Gülzarı xilas etmək istəyənləri razı salmaqdı. Rüstəm isə atlanıb qızın ardınca getməyi lazım bilirdi.

Ancaq iş görmək lazım ikən məsələni bununla – onun da razılaşdırmaq icab etməsi Rüstəmi dedikcə darıxdırırdı. O, Gülzarı geri gətirmək və bu gündən kolxoz əsasını qurmaq üçün tələsirdi. Lakin ətrafını  əhatə edənlərin yalnız quru söz ilə iktifa etməsi onu iztiraba salırdı. Hər halda, fikrinə şərik olanların varlığı ona ümid verirdi.

Günortaya az qalmışdı: Günəşin hərarətli şüaları bu gün Safalı kəndini daha nəzakətlə qızdırırdı. Kəndin içinə qədər yayılmış pambıq kollarının qozaları günəşin iti şüaları altında çatlayıb mühafizə etdikləri ağ pambığı göstərir, yaşıl kolları ağ çiçəklərlə bəzəyirdi...

Rüstəm ağaran pambıqlara tamaşa edərək, düşünə-düşünə gəzirkən, firqə təşkilatçısı tərəfindən göndərilən çocuq ona firqə özək katibinin gəldiyini və onu çağırdığını xəbər verdi.

Rüstəm sürətli addımlarla qayıtdı və firqə özək katibini kooperativ qarşısında tapdı.

Firqə özək katibi müsavat dövründən inqilab yolunda işləməyə başlamış Bakı işçisi idi. Bu, kənd özəklərini möhkəmləndirmək üçün göndərilən firqəçilərdən idi. Deyirlərdi ki, işçilikdən irəli çəkilib mərkəzdə böyük və məsul qulluqlarda olmuş və sonra öz xahişi ilə firqənin aşağı təşkilatlarında çalışmağa göndərilmişdi.

Rüstəm onu çox sevir və fikrini əziz tuturdu. Kənd özəyinə rəhbərlik edərək, kənd firqəçilərinin siyasi tərbiyəsinə artıq diqqət verməsi və sabiqdə firqəçilər arasında müşahidə olunan yerliçilik və dəstəbazlıq kimi zamanın tərbiyəsi nəticəsi olan qaydaları aradan qaldırması bütün firqəçilərin hüsn-təvəccöhünə səbəb olmuşdu. Halbuki, ondan qabaqkı katib bu cəhətləri məhv etmək deyil, bəlkə özü də bu yaramaz sifətlərin əsiri olmuşdu.

Firqə katibi Rüstəmi dinləyəndən sonra onun müştərək təsərrüfat təşkili barəsindəki fikrini təsvir edərək:

– Bu xüsusda firqə təşkilatı sizə hər bir yardımı edər, kənddə sosializmin yalnız müştərək təsərrüfat – kolxoz yolu ilə gedəcəyini bizə yoldaş Lenin vəsiyyət etmişdir, – dedi.

– Mən istəyirdim ki, iclas çağırım. Yoxsul kəndliləri yığıb onlara söyləyim. Hamısı birlikdə təsərrüfat işlərini aparmağa razı olarlar.

– Çox yaxşı, çağırın, ancaq sinfi düşmənlərimizin bu işdə maneçilik törətməyə çalışacaqlarını da heç vaxt unutma, yoldaş Rüstəm.

– Onları yaxşı tanıyırıq. Heç aramıza qoymarıq girsinlər, – deyən Rüstəm sonra Gülzarın qaçırılması barədə söz açdı.

– Nə etmək istəyirsiniz?

– Gedib geri qaytarmaq lazımdır.

– Qorxuram ki, atışma-filan olar.

Rüstəm gülümsəyərək:

– Mən onları tanıyıram. Heç nə olmaz. Onlar acizin biridirlər.

Firqə özək katibi bir söz demədi. Firqə təşkilatçısı kənd nümayəndəsilə danışıb getdi.

Rüstəm yoxsul kəndlilərin iclasını çağırmaq təlaşına düşdü. Kənd nümayəndəsinə bu iclasın çağırılması lazım olduğunu söylədi.

– Gülzarın qaçırılması barəsində isə ispolkoma xəbər vermişəm, – deyə kənd nümayəndəsi iclasdan vaz keçmək istədi.

Rüstəm təkid edərək:

– Ondan başqa da yenə məsələ var. Əkinlərimizi və təsərrüfatımızı birləşdirmək barəsində, dairədə çağırılmış dünənki müşavirə haqqında gərək məlumat verilə. Bəs mən niyə getmişdim?


8

Bir neçə saatdan sonra köhnə dəyirmanın həyətində kəndin yoxsullarından otuzdan yuxarı adam yığılmışdı. Bunlar burada ağac kötükləri, uçulmuş divar və sınıq dəyirman daşları üzərində əyləşib, gecəki hadisəni nağıl edir, iclasın açılmasını gözləyirlərdi.

Nəhayət, kənd nümayəndəsi gəlib iclası açdı və iclasda sədr seçilməsi təklifinə qarşı hamı bir yerdən:

– Rüstəm, Rüstəm, – deyə namizəd göstərdilər və Rüstəmin məruzə edəcəyini bilincə, nümayəndənin özünü bugüngü iclasa sədarət etməyə seçdilər. Söz Rüstəmə verildikdə, o əvvəlcə gecəki hadisə haqqında danışdı:

– Yoldaşlar, əvvəlcə mən onu demək istəyirəm, hansı ki, bizim kənddə bu gecə böyük bir bədbəxt hadisə olmuşdur, hansı ki, baxanda baxıb görürük ki, o hadisə olmuşdur və o hadisə göstərir ki, deyəsən, bizim kənddə heç inqilab olmayıb. Yenə elin qanını zəli kimi soranlar baş qaldırıb, necə ki, Qədir kişinin evini basıb, Gülzarı götürüb qaçıblar.

Buraya çatdıqda, Rüstəmin səsi titrədi. Rüstəm bir az dayandı. Kəndlilər başlarını aşağı salıb, diqqətlə onu dinləyirdilər.

Rüstəm yenə sözünə davam etdi:

– Görürəm ki, başınızı aşağı salırsınız. Hansı ki, baxanda mən hamıdan artıq özümüzü taqsırlı görürəm. Yoldaşlar, əgər bizdə birlik olsa, hərə öz başına dolanmaqla məşğul olmasa, nə Hümmətəli, nə də onun dədəsi, nə Murad bəyin qardaşı oğlu, nə o birisi, nə bu birisi bizimlə bacara bilməz və qorxusundan evindən kənara çıxmaz. Belədir, ya belə deyil?

Dairələrdəki iclaslarda eşitdiyi nitqləri və kəndə gələn məruzəçiləri bəzən təqlid etməsinə baxmayaraq, kənd əhli Rüstəmin sadə danışığını yaxşı anlayır və ona görə də böyük bir diqqətlə qulaq asırlardı. Rüstəm: “Belədir, ya belə deyil?” –deyə sorduqda, yerbəyerdən:

– Belədir!

– Hələ belədir ki, deyirsən! – deyə cavab verərək, başlarını buladılar.

Rüstəm sözünə davam ilə axırda belə bir təklif etdi:

– Ay yoldaşlar, mən belə təklif edirəm ki, iclasımız qurtaran kimi atlanıb gedək Dırnaqlıya, Gülzarı qaytarıb geri gətirək. Nümayəndə də indi adam göndərsin Dırnaqlı nümayəndəsini çağırtdırsın, hansı ki, o da bizimlə getsin, necədir, razısınızmı?

– Razıyıq, yaxşı sözdür...

– Bəlkə qız razılıq verib, – deyə biri yerindən sordu.

Bir başqası yerindən qalxıb buna cavab olaraq:

– Razı olmaz, yox, biz o qızı tanıyırıq, mərd qızdır, – dedi.

Bu, Qədir kişinin ən yaxın qonşusu Oruc kişi idi. Kənd içində sadiq və saleh tanınmış olan Oruc kişi daima möhtərəm sanılırdı. Onun cavabını eşidən kəndlilər də:

– Oruc kişi doğru deyir, razı olmaz.

– Bəlkə oldu, kim bilir? – dedilər.

Yenə kəndlilər:  



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info