Qonaq Kitabı
Düşmənlər

1

Kənd təsərrüfatının sosializm əsasında yenidən qurulması və müştərək təsərrüfatın fərdi təsərrüfata üstünlüyü haqqında bir saatdan artıq davam edən məruzə bitmişdi. Bu məruzədə qaldırılan məsələləri daha aydınlaşdırmaq üçün verilən suallara vavab alınmış, dairənin hər tərəfindən bugünkü məruzəni işləmək üçün buraya çağırılmış kənd aktivi dağılmış, kəndli klubunun salonu boşalmışdı.

Salonda yalnız Rüstəm qalmışdı. O, məruzə edilən zaman məruzəçi tərəfindən göstərilən rəqəm cədvəlləri və kənd təsərrüfatında işləyən cürbəcür maşınların şəkli qarşısında durub düşünürdü. Rüstəm kənd təsərrüfatını yeni qayda ilə təşkil etmək işini bugünkü məruzədən öyrənmiş olduğundan dedikcə məmnun idi.

Məruzə zamanı uzaqdan gördüyü rəqəmlərə və kənd təsərrüfatı işini görən maşınların şəklinə indi yaxından baxaraq, getmək və bunlardan ayrılmaq istəmirdi. Birdən nə fikir elədisə, bu rəqəmləri yazıb götürmək istədi. Əlini qoltuq cibinə salıb, üç il bundan əvvəl nümayəndəsi olduğunu Şuralar qurultayında deleqatlara paylanmış, indi üzərini çirk basmış olan not dəftərçəsini çıxartdı.

Rüstəm dəftərçəsinin o üz, bu üzünə baxıb, varaqlayıb, bir ağ səhifə açdı, sonra karandaşını axtardı, tapa bilmədiyindən bir-birindən aralı qalın qaşlarını çatıb fikrə getdi və bir az düşündükdən sonra karandaşını kənddə kooperativdə Gülzara verdiyini tez xatırladı. Rüstəm səhər hələ dairə mərkəzinə gəlməmişdən, bir dəqiqə ayaqüstü öz kənd kooperativlərinə gəlmişdi. Burada Gülzar kəndlilərə arşın malı buraxırdı. Verdiyi malları kəndlilərin kooperativ kitabçasına qeyd edərkən, birdən Gülzarın karandaşı sındı. Gülzar bir şey axtaran və ya bir kömək gözləyən kimi, şaşğın o yan-bu yanına baxdı.

Bu əhvalatın tamaşaçısı olan Rüstəm Gülzarı bu vəziyyətdə görər-görməz haman dəqiqə irəliyə yüyürüb, öz çərtilmiş karandaşını ona verərək:

–       Ala, yaz, bəlkə bu da yaxşı yazdı, – dedi.

Gülzar məmnuniyyətlə dolu gözlərini Rüstəmə tərəf qaldırıb gülümsədi. Gülzarın süzgün baxışı, yanaqlarının atlas şəfəqi, gülümsədiyi zaman görünən ağ sədəf dişləri indi də Rüstəmin bu gün səhər gördüyü kimi qarşısında idi.

Yox, yox... Rüstəm ondan daha gözəl qız tanımayır, bilməyir... Yalnız gözəllik deyil, ağlı da... kamalı da... onun müqabili yoxdur... Kim deyir ki, ancaq bəy qızı ağıllı və fərasətli olar?.. Kəndli kütləsi, həm də kasıb kütləsi içərisindən çıxmış bir rəiyyət qızı Gülzar, on bəy qızına dəyər!.. Bu xatirələr içində ikən Rüstəm birdən ayıldı. O öz-özündən utandı.

Camaat məruzəni dinləyib dağılmış, o isə ciddi bir məruzədən sonra, yeni yaşayış mənzərəsini təsvir edən rəqəmlər və kənd təsərrüfatında yeni dəyişiklik əmələ gətirəcək maşın şəkilləri qarşısında durub nə xatırlayır? Nə düşünür?..

Rüstəm tez klubdan çıxdı.

Hava qaranlıqlaşırdı. Gündüzdən əsməyə başlamış külək yatmışdı. Bayaqdan yerə təzim edən ağacların yalnız yarpaqları zəif bir surətdə yellənirdi.

Rüstəm klubdan çıxandan sonra dayandı... Bir dəqiqə düşündü. Kəndə – evinəmi qayıtsın, yaxud uzaqlardan gələnlər üçün dairə kəndli evində hazırlanmış yataqxanadamı qalsın? Nəhayət, kəndə, öz evinə qayıtmağa qərar verdi, stansiyaya tərəf yollandı.

Stansiyanın şose yolu tərəfə çıxan qapısının üstündəki elektrik işığı mayak kimi stansiyanın qarşısındakı ağacların qalın yarpaqları arasında gah görsənir, gah yavaş-yavaş əsən bu yarpaqların arasında gizlənərək, görünməz olurdu. 

 

Rüstəmin yaşadığı Safalı kəndinin dəmir yolu ilə 20 dəqiqəlik, dəmir yolundan sonra da 2 kilometr yolu var idi. “Bir maşın gəlsəydi, atılıb gedərdim”, – deyə Rüstəm fikirləşirdi. Minik qatarlarının vaxtı deyildi. Ona görə də stansiya boş idi. Qatar gözləyən yox idi.

Rüstəm də minik qatarını gözləmək fikrində deyildi. Adətən marşrut poyezdləri ilə getməyə öyrənmiş olan Rüstəm yük və neft aparan qatarın gəlməsini arzu edirdi. Uzaqdan qatar gurultusu gəlirdi. Rüstəm platformaya çıxıb o yan-bu yana baxdı. Bakı tərəfindən marşrut qatarının gəldiyini görcək:

– İşimiz yaxşı rast gətirir, – deyə şadlandı. Gələn qatarın stansiyada duracağını bildiyindən Rüstəm platformada gəzişməyə başladı.

Stansiya xidmətçiləri qatarı qəbul edib yola salmaq üçün əllərindəki fanarı yellədərək, o yan-bu yana tələsir, dəmir yoluna məxsus əlamətləri göstərməklə vəzifələrini ifa edirdilər.


2

Rüstəm Safalı kəndinin yoxsul kəndlilərindən Qurban kişinin oğlu idi. Rüstəmin yaşı təxminən iyirmi beşdən aşağı idi. Təvəllüd tarixi heç bir yerdə qeyd edilmiş olmadığından yaşını doğru bilən yox idi: yaşı barəsində məlum olan ancaq bu idi ki, Murad bəyin ova çıxdığı və gecə ovda qaçaqlara rast düşüb qazanı aparıldığı zaman Rüstəmin yaşı iki ilə üç arasında imiş. Bu əhvalat olduğu kimi bu gün də hələ bir çoxlarının xatırındadır. Indi söhbət açılanda bu hadisənin 20-25 il bundan əvvəl olduğu iddia edilir. Xüsusən Rüstəmin atası Qurban kişi bu hadisənin qəhrəmanı olduğundan, onun bütün təfsilatını gözəl bilir, dünənki əhvalat kimi xatırında saxlamışdır, yeri gələndə məmnuniyyətlə bu hadisəni nağıl edir. Lakin Qurban kişi haqqında ədalətsiz olmamaq istərsək, onun bu hadisəni söylədikdə hadisənin mərkəzini təşkil edən öz qəhrəmanlıq rolunun üzərindən səthi keçdiyini xüsusi qeyd etmək lazımdır.

Bəli, o vaxt Qurban kişinin cavan çağı idi. O, yersiz, mal-qarasız olub, yalnız bir daxmaya malik, yoxsul kəndli olduğundan Safalı kəndinin ağası hesab olunan Murad bəyin qapısında nökərçilik edərdi. Murad bəyin atlarına baxar, arabasını qoşar, bağında çalışar, pambığında işlər, xülasə, hər bir işini görərdi. Zatən Qurban kişi bacarıqsız deyildi: heç bir işdə acizlik göstərməyirdi.

Günlərin bir günündə Murad bəy yeni almış olduğu kəhər atını qonaqlarına göstərmək istəyərək, balkonan Qurbanı səsləyib:  

– Adə, ay Qurban, o təzə gələn kəhər atı bir çıxart, – deyə əmr verdikdə, Qurban tez atı yəhərləmiş və həyətə çıxarmışdı.

Murad bəy bunu gördükdə acıqlanıb:  

– Adə, mən sənə “yəhərlə” dedimmi? Tez ol, yəhərini al, atı çılpaq göstər, – dedi.

Murad bəy ilə bərabər eyvanda duran və ata tamaşa etmək istəyən qonaqlardan biri gülə-gülə:  

– Ay Murad bəy, sənin bu Qurbanın lap nanıx kişi imiş! – demiş və hamısı uzun-uzadı gülmüşdü.

O vaxtdan bəri Qurbana bir iş tapşıranda, onu bir qulluğa göndərəndə, bir “nanıx” də əlavə edilirdi: “Adə, bax, nanıx olma!”, “Ay nanıx, atları hazırla!” ya “Ay Qurban, nanıx Qurban, tüfəngləri sil, təmizlə, ova gedəcəyik...”

Bu ür xitablar intihasız idi.

Bacarıqlı, hünərli, çalışqan Qurbana “nanıx” adı verilməsi onu incidir, qəlbini sıxır, azar verirdi. Lakin özünəməxsus təsərrüfatı olmayan və bəy qapısında xidmət etməyə məcbur qalan Qurban bu tənələrin hamısına təhəmmül edirdi.

Ancaq təsadüfi bir hadisə bu yaraşmaz və çirkin adı onun üzərindən qaldırdı.

 

3

Payızın ilk günləri idi. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. Yaşıl ağaclarda saralan yarpaqların sayı günü-gündən artır, yerə tökülür və ara-sıra əsən yel də bu yarpaqları xışıldada-xışıldada süpürür və küncə-bucağa toplayırdı.

Murad bəyin evində yenə qonaqlıq var idi. Ümumən Murad bəyin günü bu cür qonaqlıqlarda keçirdi: Təsərrüfat işləri kəndlilərin zəhməti sayəsində irəliləyir, bəyin vaxtını tələb etməyirdi. Ya Murad bəy qonşuluqdakı kəndlərd olan bəylərin yanında, ya da bu bəylər Murad bəyin yanında qumar oynamaq, içki içmək və bunlardan yorulanda da ova çıxmaqla vaxtlarını keçirirlərdi.

Qonaqlar nahardan sonra ova çıxmağa qərar verib, bir az dincəlmək üçün uzandılar. Ova hazırlaşmaq barəsindəki bütün işlər Qurbana tapşırıldı. Yeməkdən sonra uzanmış bəylərin qarşısında duran Qurban bütün tapşırıqları diqqətlə dinlədi. Atları hazırlamaq barəsində əmr veriləndən sonra Murad bəy əlavə etdi ki:  

– Sən də gedəcəksən. Bir az qab-qaşıq da götür. Ovda bizə bir çoban aşından-zaddan da verərsən, amma Qurban, bax, daha bu qonaqların yanında nanıx olma ha!

Bu söz Qurban üçün söyüşdən də pis oldu.

Qurban başını aşağı salıb, bir söz demədi. Lakin Murad bəyin axırıncı sözündən dilgir olduğunu görməmək mümkün deyildi.

Tamam yol uzunu hamının zarafatı, iti ağıllılığı Qurban üzərində nümayiş edilirdi.

Qurban sakitcəsinə bu zarafatlara və kəskin sözlərə dözür və hamısını acı həb kimi udurdu. 

Nəhayət, xırda bir meşəlik ayağında Daşqın çayının yaxınlığında Murad bəy atını saxlayaraq, yoldaşlarına:     

– Baxınız, mən deyirəm, duracağımız bura olsun; məncə, bilirsiniz, – dedi, yoldaşlarının rəy və cavabını gözləməyərək: – demək ki, bura bizim “bazamız” – deyə əlavə etdi. Sonra üzünü Qurbana tutaraq: – Hə, Qurban! Daha durma, buradaca bütün hazırlığını gör, – dedi.

Gün hələ batmamışdı, ağacların arxasında gizlənərək istilik qüvvəsini itirmiş, şüalarını onların seyrək yarpaqları arasında oynadırdı. Ətraf sükut içində idi. Bu sükutu quşların arabir eşidilən fəryadları və yaxında axan Daşqının həzin nəğməsi pozurdu.

– Ah, doğrudan da Murad bəy, nə gözəl yer seçdin; buranın nə qədər səfası var! – deyə Murad bəyin bu vaxtadək danışmayan və ağzından papirosu salmayan yoldaşı Firuz bəy ah çəkdi.

Bunu eşitcək üçüncü dəfə Qurbana nanıx demiş və hər dəfə də dediyindən çox məmnun qalmış Cavad bəyə:  

– Mən də səninlə razıyam. Doğrudur, buranın başqa səfası var. Indi, Firuz, utanma, şeirlərini yaz... yeridir... şairə, necə deyərlər, şeir qoşmaq üçün belə yer lazımdır... – dedi. – Gülüşdülər. Cavad bəyi şair adlandırdığına Firuz bəy də gülümsədi.

Murad bəy atını irəli sürüb:

– Hə, de, Firuz, de, şeirin nə sayaq idi?..

“Uçdu bəxtim, ürəyim oldu məzar,

  Könlümün atəşi dünyanı yaxar”.

Ölməlidir? Gəl buranı bir vəsf elə!.. Şairlərin yazdığı və tərif etdiyi yerlər bundan artıq, bundan gözəl deyil ki!..

Cavad bəy şaqqıldayıb gülərək:

– Qoy bir az dincəlsin, ovda da dolaşsın, onda Firuz bəyin təbi gələr, yazar...

Yenə gülüşdülər.

Qurban atdan düşüb, atını ağaca bağladı və durmadan vəzifəsini ifa etməyə başladı. Uca və budaqlı çinarın altında palaz salıb, xurçunu açdı və içində ağaların sifariş etdikləri araq, şərab şüşələrini və xüsusi səliqə ilə hazırlanmış məzələri çıxarıb, süfrə tədarükünə məşğul oldu.

Murad bəy yoldaşlarına:

– Qoy Qurban bizim üçün qalyanaltı hazırlamaqda olsun, biz də bu meşə böyrünü balaca gəzək, dolanaq, – dedi.

Hər üçü atlarını sürüb, meşəyə tərəf yollandılar; bir dəqiqədən sonra meşə, ovçuları öz ağacları arasında gizlətdi. Ovçuların uzaqlaşmasını bildirən at ayaqlarının tapıltısı dəxi bir azdan sonra eşidilməz oldu. Yenə ətrafı sükut bürüdü.

Qurban süfrəni hazır etdikdən sonra çayın kənarına gəlib burada daşlardan bir ocaq düzəltdi və evdən gətirmiş olduğu mis qazanı bir neçə dəfə qoyub götürdü. Xışıltı ilə axan çayın səsi ətrafın sükutuna başqa bir ahəng verirdi. Nəhayət, ocaq işini tamam etdi. Bundan sonra o, ağaların buyurduqları çoban aşını bişirmək üçün süd tapmalı idi. Süd tapmaq Qurbandan ötrü çətin bir məsələ deyildi. O bu yerləri yaxşı tanıyırdı: yaxında tərəkəmə obaları olmalı idi. Qurban bu obalara gedib süd almalı və ağalar üçün çoban aşı bişirməli idi. Lakin əvvəlcə ağaların ovdan qayıtmasını gözləmək lazım idi.

Ocaq qalanmış, quru ağac budaqlarının cırıltı ilə yanmasından əmələ gələn alov ocağın ətrafını qızardırdı. Çinar altında hazırlanmış süfrə ağaların qayıtmasını gözləyirdi.

Qurban da bir tərəfdə oturub mürgüləyirdi.

Ovçular ovdan qayıtdıqda, Qurban tez qalxıb bəylərin atlarını yaxında ağacın altında bağlayıb, qabaqlarına ot tökdü. Sonra öz qoca yabısını minib, süd ardınca yollandı. 

 

Murad bəy və yoldaşları içki şüşələrindən bir neçəsini boşaltmış və oturmaqdan yorulub uzanmışdılar, hava da çox qaralmışdı. Qaranlıq göyün pərakəndə ulduzları ovçulara tamaşa edərək, bir-birinə göz qırpıb gülüşürdülər. Çayın kənarında yandırılmış ocağın bayaqdan zəbanə çəkən alovu azalmış və get-gedə sönmüşdü.

Birdən atlar səs eşidib qulaqlarını şəklədilər və bir şey anlamaq istər kimi, səs gələn tərəfə baxmağa başladılar. Atlardan biri kişnədi: bu, gələn adamın Qurban olduğunu bilmiş olan Murad bəyin kəhər atı idi. 

Qurbanın qayıtmasını görən ovçular sevinərək, ondan:  

– Süd tapdınmı? – deyə sordular.

– Tapdım, almışam. Bir az da qaymaq aldım, – deyə Qurban cavab verdi.

Murad bəy razı qalaraq dedi:

– Bax bu yaxşı!.. Sağ ol, görünür ki, nanıx olmaq istəməyirsən. – Sonra yenə sözünə davam edərək: – Indi bu südlə nə etmək fikrin varsa, et. Amma bizə bir çay tədarük elə, – deyə Murad bəy əmr verdi.

Cavad bəy başını qaldırıb, Murad bəyə:

– Ay Murad bəy, sən ona vaxt təyin elə, yoxsa onun çay tədarük etməsi uzun çəkər. De görək bir çay hazırlamaq üçün ona neçə saat vaxt verirsən? – deyə istehza ilə sual verdi.

Murad bəy güldü, sonra cavabında: 

– Doğrudur, vaxt təyin etmək lazımdır. Bax, Qurban, neçə saat Cavad bəyin olsun, amma mən sənə çay hazırlamaq üçün... – burada Murad bəy bir az düşünərək: – Mən sənə iyirmi dəqiqə vaxt verirəm, ya budur zirək bacarıqlı olduğunu sübut elə... ya da ki, nanıx olduğunu... di, ya Allah! – dedi.

Daha bəylər öz aralarında bir neçə söz dedilərsə də, amma Qurban eşitmədi. Çay tədarük etmək və südü qaynatmaq üçün ocağın yanına gəldi.

Çay hazırlanmış olduğu vaxt Murad bəy mürgüləyir, Cavad bəy xoruldayaraq yuxulayırdı. “Şair” isə arxası üzərində uzanıb, göz qırpan ulduzlara tamaşa edərək, onların tərtibini seyr edir və astronomiya kitablarında oxumuş olduğu məlumatı xatırlayırdı.

Qurban boşalmış içki şüşələrini, yeyilmiş qəlyanaltının tör-töküntüsünü süfrədən yığdı. Dolu çay stəkanlarını ağaların qarşısına qoyaraq, çayın hazır olduğunu Firuz bəyə xəbər verdi. “Şairin” çağırışı üzrə ayılıb, çay içməyə məşğul olduqda, heç kəs Qurbanın çayı təyin edilmiş vaxtdan daha əvvəl hazırladığına diqqət vermədi. Guya ki, vaxt-zad təyin edilməmişdi.

Bir tərəfə çəkilmiş Qurban qaynatdığı su ilə qabları yuyur, təmizləyirdi.

 

Birdən atların biri kişnədi. Hamı sükut içində eşitmək duyğusunu toplayıb, qulaq asmağa başladı. Ətrafın sükutunu çayın xışıltısı pozurdu. Bir də çayın içində şappıltı səsi eşidildi.

Cavad bəy birinci olaraq yavaşdan: 

– Çayı atla keçən var, – dedi.

Haman dəqiqə hamı qalxıb tüfənginə yapışdı. Yalnız Qurban silahsız idi. Bəylər çaya doğru yollanmaq istədilər.

Qurban onlara müraciətlə:  

– Siz burada qalın, mən gedim, ancaq silahın birini mənə verin, görüm nə var.

Qurbanın bu sözünü eşitcək, Cavad bəy və Murad bəy bir dəqiqə xoflarını unudub güldülər. Sonra: 

– Ə, heç sən əlinə tüfəng-zad almışsan ki, indi silah istəyirsən? Yoxsa aləmi bizə güldürmək fikrin var? – deyə Murad bəy acıqlandı.

Qurban başını aşağı saldı.

Lakin Firuz bəy öz tüfəngini Qurbana verib:

– Al, şücaət göstərmək istəyirsənsə, bu sən, bu meydan, – dedi.

Qurban tüfəngi aldı.

Cavad bəy Firuz bəyə gözaltı baxaraq:  

– Onun şücaəti, sənin yazacağın şeir üçün bir material olacaqmı zənn edirsən? – dedi.

Gülüşdülər. Daha cavab verən olmadı. Hamı qaça-qaça çay kənarına, ətrafına alovlu işıq salan ocağın kənarına gəldi. 

Burada çayın atla keçildiyi aşkar eşidilirdi. Murad bəy ahəstəcə yoldaşlarına:

– Bu taydan o yana atlı keçir, – dedi.

Firuz bəy təəccüblə:

– Bəlkə yanımızdan gəlib keçmişdir, – deyə yoldaşlarına baxdı.

– Kim bilir?

Necə oldusa, Qurbanın gözü ocağa sataşdı.

Ocağın üstündəki aş qazanı yox idi, yəqin aparılmışdı.

Murad bəy bunu bildikdə, Qurbana: 

– Bax, bu adam hər kəssə, sənə sataşmaq istəmişdir: aş qazanını aparmışdır, – dedi.

Cavad bəy gülümsəyərək:

– Yəqin ki, Qurban, bu adam səndən çox da razı qalacaqdır, – dedi.

Qurban adəti üzrə başını aşağı salıb düşünürdü. Sonra bir az kənara çəkilib bəylərə:

– Siz ya qayıdın, ya da buradaca əyləşin! – dedi. – Mən bir görüm bu kişi qazanı hancarı aparmışdır!

Əvvəlcə bəylər güldülər, amma Qurbanın səsindəki və hərəkətindəki qətiyyəti görərək, heç bir söz deməyib, yerə oturdular. Sükut bərpa oldu. Daha şappıltı səsi eşidilmirdi. Görünür ki, çayı keçən atlı sudan çıxmışdı. Bir dəqiqə davam edən sükutdan sonra, Qurban ağzını çayın o tərəfinə tutub, ucadan:

– Ey qazanı aparan qoçaq oğlan! Apardığın qazandakı südlü aş halal olsun, amma səndən bir xahişim var: məni nigaran qoyma, aşı yeyəndən sonra qazanın altını bir çal, mən də sakit olum.

Lakin Qurbanın sükutu pozan səsinə uzaqlara qədər yayılan gurultudan, əks-sədadan başqa bir cavab gəlmədi.

Bəylər oturub baxırlardı. Qurban tərpənmədən yarım saatdan artıq durub qırpılmaz gözlərini çayın o tərəfinin qaranlıqlarına zilləmişdi. Sanki doğrudan da cavab gözləyirdi. Nəhayət, ümumi sükut içində qazanın mis səsi cingildədi. Ap-aşkar qazanın dibi döyülürdü.

Haman qazanın səsi çıxan kimi Qurbanın tüfəngi şaqqıldadı. Tüfəngin açılmasından diksinmiş bəylər indi gülüşməyə başladılar.

Cavad bəy istehza ilə Qurbandan:

– Vurdun, deyirsən? – deyə soruşdu.

– Bəli!

Murad bəy Qurbanın bu qəti və cəsarətli cavabına təəccüb edərək:

– Ay Qurban... daha sus, camaatı güldürmə!

Qurban cavab vermədi.



 
[1] [2] [3] [4] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info