Qonaq Kitabı
Siyasət adamı

Hacı Qafar çoxdan bəri şəhərdə yaşayırdısa, lakin şəhərin mədəni həyatından pək uzaqda idi. O, teatro, klub, mühazirə, müsamirə kimi mədəni təşkilatçıları tanımaz, tanımaq belə istəməz. Heç maraqlanmaz ki, bu gün şəhər teatrosunda hansı oyun mövqeyi-tamaşa qoyulacaq, kimlər iştirak edəcəkdir. Yaxud klubla bu gecə nə tərtib olunmuş, harada kim nə xüsusda mühazirə oxuyacaq – bunlar heç də Hacı Qafarın qucağına girməz.

Klub? Teatro? Oyun? Mühazirə? Musiqi axşamları – bunlarla Hacı Qafarın nə işi – bunlardan Hacı Qafar nə əxz edə bilər? Müasirləşə bilərmi? Hacı Qafar hazırkı əsrdən geridəmi qalmış? Siz bunu iddia edirsinizmi? Bir saat içərisində Hacı Qafar kəndisinin bilik və mərifətini, siyasət, fənn, texniki və qeyri sahələrdə malik olduğu məlumatlarını sizin qarşınızda cari etsə, axıtsa, ağıllı-başlı müasir adam ilduğunu sübut edəməzmi? Buyurun nəticəsini görün.

Hacı Qafar yalnız bu gün belə deyildir. Altmış yaşında olduğu halda o kəndisini həp belə tanıyır. İnqilab da oldu, əhval və evza da dəyişdi. Əski üsuli-idarə belə təbdil oldu. Hər bir işdə yenilik vücudə gəldi, fəqət Hacı Qafar dəyişmədi. Hacı Qafarın əskidən belə qəbul etmiş olduğu nəzəriyyələri təğyir tapmadı. Mülki və malı əlindən çıxdı isə də fəqət nöqteyi-nəzəri dəyişmədi, biləks sabiqdə dedikləri həyatda sübut oldu.

Inqilabdan əvvəl olduğu kimi indi də Hacı Qafar siyasətlə maraqlanar, sabiqdəki kimi indi də dövlətlərin və padşahların münasibətlərini öyrənir, bu xüsusda daima söhbət edər, düşündüklərini söylər.

On il, bəlkə on beş il, bəlkə iyirmi il bundan əqdəm olduğu kimi yenə məscid həyətində, dəllək dükanında, hamam qabağında, dostu Kərbəlayı Fərzəlinin baqqal dükanında, müxtəsər, hər bir məclisdə üç, beş, on adam hazirunun çox və azlığının təfavütü yoxdur – cəm oldumu, Hacı Qafar sevdiyi, bildiyi məsələ dairəsində söhbətə başlar. O zaman gəl də, Şərq və Qərb məmləkətlərinin bir-birinə olan əlaqə və rabitələrindən “düvəli-müəzzəmə” arasındakı münasibətdən, dövlətlərin hərbi qüvvətlərindən danışılan söhbətə qulaq as... Hacı Qafarda nə qədər məlumat varmış?

Hacı Qafar bizim şəhərdə deyil, başqa ölkədə sakin olsa idi, – yəqin ki, o ölgənin xarici işlər vəzarəti başında əyləşib ümuri-xariciyyəni idarə edərdi. Bu, Hacının öz fikri idi. Bunu başqalarına da hiss etdirmək istərdi.

O, siyasətdə Balduindən, Puankaradan, Mussolinidən az bilirmi?

Nə edəsən ki, bizim şəhərdə, bizim ölkədə adamın qədrini bilməzlər. Adama qiymət qoymazlar, heç bir şey anlamayan, səs-küy salan, özünü hər vasitə ilə məşhurlaşdıran adama bir də görürsən ki, böyük bir iş tapşırıldı.

Amma Hacı Qafar demişkən “işin kanətinə” çatanda görürsən ki, hamısı “cüvəllağı”, hamısı “bambulu”dur.

Bir dəfə Hacı Qafarın siyasətdən danışdığını eşitsəydiniz siz də onun məlumat və biliyini təsdiq edərdiniz.

– Hər bir dövlətə nə lazımdır? – Siyasi söhbətdə Hacı Qafar əvvəlcə əsasən bu məsələni aşkar etmək istərdi.

– Elm, texnika, sənaye, para?

– Yox, yox, Hacının fikrincə bunlar hamısı düzələndir. Əsasən hər bir dövlətə, hər bir məmləkətə iki şey lazımdır. Zənn edirsiniz ki, Hacı Qafar deyəcək ağıllı padşah, ədalətli qanun, yox, o bu qədər də idealist deyildir. Hacı Qafarın zənnincə, hər bir məmləkətə bir dənə ağıllı vəzir və bir də qeyrətli və şücaətli qoşun lazımdır.

Səadət və şöhrətini gözləyən dövlət və millətə bundan artıq şey lazım deyildir.

Görürsən ki, bunu dedikdən sonra hazirun tamamən  Hacı Qafarla şərik olur, şərik olmamaq olurmu, şəhadət barmağını qaldırıb bu sözləri elə bir etiqad, elə bir ruhla söyləyir ki, təsdiq etməkdən başqa bir şey qalmayır.

Üsuli-idarə xüsusunda Hacı Qafar kəndinə məxsus fikir bəsləyirdi. Qanuni-əsasi və filan xüsusunda məxsus nəzəriyyəsi var idi.

Qanuni-əsasi oldumu, olmadımı onun o qədər əhəmiyyəti yoxdur, məmləkətdə hər bir şərait dairəsində, hər bir üsuli-idarədə intizam gərək olsun, məmləkətin başında duran padşahın zabitəsi olmadı, o padşahlıqda qayda və nizam gözləmək bicadır; burada bir xülasə çıxarırdı: padşahın nizam qoymaq üçün vəziri və nizamı bərpa etmək üçün hərbi qüvvəsi olmalıdır və sonra fikrini izah etmək üçün deyirdi ki, padşahın qoşunu oldumu, onu hamı tanıyır, hamı onun ziyarətinə gələr, elçi göndərər. Hə, onda əqilli vəzir lazımdır ki, padşahların göndərdiyi elçi ilə danışa bilsin.

Hacı Qafarın bu cür siyasi söhbətləri bir çoxlarını maraqlandırırdı, odur ki, Hacı Qafarın bir yerdə oturmuş olduğunu görüncə dərhal tanıyanlar cəm olurlar, bilirlər ki, Hacı Qafar siyasətdən şirin-şirin danışacaq. Eşidən də deyir ki:

– Siyasi işləri Hacı Qafar kimi bilmək lazımdır. Kişi dünyanın hər bir tərəfindən xəbər verir. Vallah yaşa!

Hacı Qafarın ən sevdiyi məsələ müharibə və müharibə ehtimalı idi. Hacı ömründə çox müharibələrin şahidi olmuşdu. Ona görə də müharibə ilə əlaqədar olan məsələlərdən danışdıqda Hacı Qafar hansı hökumətlərin ittifaqı mümkün olduğuna artıq əhəmiyyət verirdi. Bu söhbətlərdə Hacı Qafar öz hökumətlərinə çox məsləhətlər verir idi. Nə edəsən ki, bu söhbətlər dükan qabağında, məscid həyətində, hamam qarşısında edilir, ancaq Hacı Qafarın istədiyi hökumətlər tərəfindən eşidilməyir, biləks etinasız buraxılırdı.

Hacı Qafar hansı hökumətə məsləhət verir, hansını kəndin hökuməti zənn edirdi.

Bunu aşağıdakı hissədən biləcəyiz.

İkindi zamanı idi. Qarasu hamamı qarşısındakı daş səki üstündə iki nəfər oturmuşdu. Onlardan biri Ağabala oğlu Kərbəlayı Nəcəf, ikincisi dəxi xarrat Bağır idi. Bunların qarşısında əlindəki ağaca təkiyə edərək Şahcahan oğlu Məlik durmuşdu. Söhbət o yan-bu yandan başlamışdı. Şahcahan oğlu Məlik söhbətçi olduğundan daş səki üstündə oturanlar, qəsddən vaxtlarını axşam etmək üçün onu saxlayıb danışdırırdılar. Söhbəti daha uzatmaq istəyərək onlar dəfəatla Şahcahan oğlu Məlikə yanlarında daş üstündə yer təklif etmişdilərsə də hər dəfə:

– Gedirəm, arvad ağa da yəqin acığa qərq olub, dədəmi gordan çıxardacaq ki, turşu gec gəlmişdir, – deyə əlindəki sarı kağızı göstərir idi.

Birdən bu vaxt tindən Hacı Qafar çıxdı. Hacını görən kimi hamam qarşısında söhbət edənlər, bir dəqiqə sükut ixtiyar edərək ona sarı baxdılar. Hacı salam verdi və yaxınlaşdıqda durdu.

Söhbətə məşğul olanlar ayağa qalxıb Hacının salamını aldılar və yanlarında yer təklif etdilər. Hacının sevdiyi yerlərdən biri də bura idi. Hacı oturdu.

– Hə, yenə Məlik sizin üçün nə doğrayır, nə tökür, – deyə Hacı yanında oturanlara baxıb Məlikə işarə etdi. Hacının Məlik ilə zarafatı var idi.

– Qorxma, səndən eşitdiklərimi füruşa verməyirəm, indi bilirsən ki, mövsüm dəyişib, köhnə paltarlara qiymət qoymayırlar.

– Bunları deyirsənsə, bunlar zərgərdir.

Kərbəlayı Nəcəf Hacının fikrini tamam etmək üçün:

– Bəli, dədə-baba sözüdür “zər qədrini, zərgər bilər”, – dedi və Hacıya baxdı.

– Elədir, odur ki var, söz də odur ki var. Qaldı yeni mövsüm gəldi, filan getdi, bunlar qulağıma girməz. “Zər qədrini, zərgər bilər” vay qalayçının halına hə...hə...hə...

– Axı bir də var ki, hər vaxtın öz meyvəsi var, vaxtsız dərilib təklif olunan meyvə kal olar, dişi qamaşdırar, xahəni də olmaz, – deyə Məlik Hacını qızışdırmaq istədi.

– O, çürük meyvələr üçün deyilib, bizim meyvələr çürümək bilməz.

Hacını söhbətə qızışdırmaq lazım idi. Bunu hamısı bilirdi, odur ki, Məlik onu yavaş-yavaş “suya çəgməg” istəyirdi.

– Vay o meyvəçinin halına ki, meyvələri köhnəlmiş ola, sözləri bayat ola.

– Söz var ki, xoruz səsi eşitməmişdir. Söz var ki, çeynənmişdir. Söz gövhərdir.

– Indi də o qədər söz satan var ki.

– O söz satanlara baxma. Beş günlükdür.

– Mitingivay elədilər, qətnamə çıxarıldı, qurtardı, – deyə Kərbəlayı Nəcəf əlavə etdi və səsini aşağı salıb:

– Deyirlər ki, bu gün bir böyük iclas qurublar və xəbər veriblər ki, sabah məhəllədə yenə mitinq olsun. – Məlik bunu eşitcək, Hacıya baxıb sonra ahəstəcə:

– Eşitmisənmi, – deyə sordu və cavab gözləməyərək dedi ki.

– Bu gün əsgərləri firqələrin qabağına yığmışdılar. Deyirlər ki, balkondan bir nəfər danışıb, nə deyibsə bilmirəm.

Burada xarrat Bağır öskürüb dedi ki:

– Kim bilir, gərək içlərində olsan biləsən.

– Sabahkı qətnamədən anlaşılar. Hə...hə...hə... Olar.

– Qətnaməsiz “onların” ibadəti batildir... Kərbəlayı Nəcəf davam etməyib:

– Yaxşı, əsgərlərə nə söz demiş olsunlar, bu maraqlıdır.

– Heç, küçədə elə bir söz ola bilməz, sən deyən olmaz, o təbrikdir, bu, elə hər bir torpaqda var, hər bir dövlətdə var. Istambulda salamlıq olar... Əsgərlər hazır olar. Gəl onda büsatı gör, – bu sözləri deyərək Hacı fikrə getdi və bir azdan sonra:

– Bizim padşahlarda – ancaq Osmanlının qoşunu. Kişilərdə qeyrət var, – dedi və bir-bir müsahiblərinin üzünə baxdı.

– Bəs Iran necə, Hacı, deyirlər ki, düzəlibdir?

– Hər bir məmləkətə, hər bir dövlətə iki şey lazımdır. Biri ağıllı vəzir, biri də qeyrətli qoşun. Mən bunu demişəm, yenə deyirəm. Iranda çoxdan bəri ağıllı vəzir yox idi. Indi Iran onu tapmışdır. Görək indi bu ağıllı vəzir qoşun düzəldə bilər, ya yox, hələ ki, bir şey yoxdur...

– Inşallah ki, düzəldər...

– Onda bizim padşahların qabağına duran olmaz. Çünki qalır Əfqan – o barədə xatircəm ol.

Hacının müsahibləri “bizim padşahlarımız” dedikdə, onun hansı padşahları nəzərdə tutduğunu yaxşı bilirlər. Onun fikrincə bütün islamların padşahları, Osmanlı, Iran və Əfqandır. Hacı özü azərbaycanlı olub, Azərbaycanda yaşayırsa da amma yenə “bizim dövlət” dedikdə Osmanlı, Iran və Əfqan məmləkətlərini nəzərdə tuturdu. Hələ Nikolay zamanında öz olduğu yurdunu müvəqqəti olaraq Rusiya çar hökumətinin əlinə keçmiş hesab edir idi. Bu fikirdə idi ki, bir gün “öz padşahlarımız” bu yerləri çar rus hökumətindən geri alacaqlar.

– Hacı, Əfqan padşahları ilə indi hökumətlərin rası necədir.

Bir az sükut edəndən sonra Hacı: 

– Əfqan bizim başımızın ucalığıdır, – dedi. Əfqan əmirindən qorxurlar, qorxduqlarına görə sözünü danışmazlar. Amma çox hökumətlər istəyir ki, onu öz tərəfinə çəksin, çünki, nədir, qüvvəsi var.

– Allah kömək olsun, – deyə xarrat Bağır başını tərpətdi və əlavə etdi.

– Çətindir, gərək “özü” kömək olsun. Hacı gülümsədi və dövlət, siyasət işini bildiyinə güvənərək və özünü daha da artıq bilikli göstərərək dedi ki:

– Çətin deyildir, çalışmaq və ağıl lazımdır. Oldu – iş gedəcək, olmasa – düşəcək urusun halına.

– Amma onun taxtdan yıxılmağı lap təəccüb idi: bu qədər qüvvə, bu qədər nizam...

– Bilirsən...

Bu vaxt dərzi Əli ilə xarrat Bağırın qardaşı oğlu Əhməd çatıb salam verdilər. Hacıgilin söhbəti kəsildi. Müsahiblər yeni gələnlərə baxdılar, bir azdan sonra Məlik üzünü dərzi Əliyə və Əhmədə tutub:

– Yəqin firqələrdən gəlirsiniz. Təzə xəbər, təzə bir əhvalat?

– Ey sən də, təzə xəbəri, təzə əhvalatı onlar sənə nə üçün desinlər. Sabah gələr ki, burjuysan, evini ver kluba, məktəbə...hə...hə – Hacı zarafat etdi.  

– Hacı kluba ev vermək, ya məktəb üçün bir evdən köçmək necə işdir. Pisdirsə, mən ölüm, açıq söylə.

– Qoy Hacının əvəzinə mən cavabını verim, – deyə Məlik sözə başladı.

– De, sən de.

– Mən firqələrin qabağında həmişə düzünü deyirəm.

– De görək.

– Mənim qanacağım budur ki, elm və maarif üçün ev vermək böyük və müqəddəs işdir. Ancaq xoşluq ilə, zülm ilə yox.

– Əhsən. De görək xoşluq ilə verərsənmi? Söz burasındadır ki, bu vaxta qədər xoşluq ilə heç bir şey etməmisən – nə evini vermisən, nə pulundan, nə qeyri malından keçmisən, indi ver. 

– Zəhmət və məşəqqət ilə qazandığını, beş gün dünyada ömür sürmək üçün mövcud etmiş olduğunu bir dəqiqənin içində almaq – zülümdür.

– Alınan şey sənin deyildir, başqasının zəhmətini istismar etməkdən əmələ gələn şeydir. Ona görə də səndə gərək qalmasın, xalqa verilsin.

– Mən, məsələn, Hacı Qafar, de görüm nə vaxt özgənin zəhmət haqqını verməmişəm. Sən dərzi Əlini çoxdan tanıyıram. Sən də məni tanıyırsan, bir çox dəfə sənə paltar tikdirmişəm. Elə vaxt olmuşdur ki, mən sənə tikdiyin paltar üçün haqq-zəhməti verməmiş olam? Ya başqa adam göstərə bilərsənmi ki, onun pulunu mən kəsmiş olam?

– Əvvələn, olsun sən həmişə işlətdiyin adamın haqq-zəhmətini vermisən, amma elələri var ki, sən də bilirsən, mən də bilirəm, qapısında işlətdiyi adamların zəhmət haqqını verməmişdir. Hələ bəyləri, zavodçuları qoy bir yanda dursun. Ikinci, sən verdiyin haqq aldığın xeyirə müqabildirmi? Burada istismar olmamışmı? – deyə dərzi Əli Hacıdan cavab gözlər bir şəkil aldı və cavab verməyəcəyini bilir kimi Hacıya, sonra başqa müsahiblərə baxıb güldü.

– Söz burasındadır ki, bir nəfər sözü yoxdur, burada bütün sinif söhbəti vardır,  – deyə Əhməd yoldaşı Əlinin sözünə qüvvət vermək üçün əlavə etdi.

– Quru ilə bərabər yaş da yanar. Böylə olar... Bunun oyununu göstərirdilər, gərək Hacı sən görə idin, görməli idi. Orada varlıların məişəti, rəftarı bildiyimiz kimi gözümüzün qabağında nümayiş etdirilir idi.

– Hacı teatroya gedən deyil.

– Xeyr, xeyr getməmişəm, getmərəm, bu vaxtımda nə yaraşmaz da, — deyə Hacı qəti olaraq fikrini bildirməyə tələsdi. Sanki qorxurdu ki, bu saat onu teatro tamaşasına dəvət edəcəkdirlər.

– Amma sabah mitinqə yəqin ki, gələ bilərsiniz – deyə Əli gülümsədi.

– Hə, doğrudan yenə nə barəsindədir? – Şahcahan oğlu Məlik qabaqca mitinqin nə xüsusda çağırılmasını bilmək istədi.

– Şuralar Cümhuriyyətini Qərb ölkələri təsdiq etmələri barəsində, bir də, yeni maarif evi açmaq xüsusunda danışıq olacaq.

– Şuralar Cümhuriyyətini təsdiq etməkmi? Bunu mən çoxdan demişəm ki, Qərb ölkələrinin lovğalığına baxmayın. Yumşalacaqlar. Şərq məmləkətlərini görəndən sonra onlar duracaqlarmı, – deyə Hacı Qafar siyasət aləmində dara olduğu məlumatı nümayiş etmək niyyəti ilə əlavə etdi. 

– Qərb ölkələrində zahiri qüvvə var, amma Şərq məmləkətlərinin batini və böyük qüvvələri olduğunu unutmaq olmaz.

– Şuralar Cümhuriyyəti gərək meylini o yana verməsin, bu yana versin, bizim Şərq məmləkətlərimiz ilə ittifaqını möhkəm etsin.

– O var, Hacı, o ittifaq möhkəmdir. Şura Cümhuriyyətləri Ittifaqı bütün məzlumların nicat və xilası üçün var qüvvəsini sərf etməyə hazırdır.

– Söz odur ki, var, bax söz odur, – deyə xarrat Bağır kəndi fikrini söhbətə qatdıqdan xoşnud olar kimi yan dövrəsinə baxdı.

– Oylə isə gəlin, sabah danışılan söhbətə qulaq asın, bəlkə Hacı bir nitq desin.

– Xayır, sizinki teatro tamaşası kimi olur, – biz onu bacarmarıq... boylə söhbət olsa nə var.  

– Nə üçün, axund moizə etməyirmi? Nitq irad etmək dəxi o moizə kimidir, – deyə Əhməd başa salmaq istədi.

– Qətnamə də olacaqmı, – deyə Məlik sordu.

– Qətnaməsiz olmaz. Yoxsa axundun moizəsi kimi “nişəstənd, qoftənd, bərxastənd” əhvalatı olar.

Birdən Məlik üzünü göyə tərəf qaldırıb:

– Bax, azan da deyilir. Bu zalım qızı mənim dədəmi gordan çıxaracaq ki, turşu gec gəldi. Mən isə doğrudan da söhbətə qızışıb turşunu unutdum – dedi.

– O da yeridir. Nə etsə yeridir.

– De dur, mən də sənə yoldaşam, – deyə Hacı da qalxdı.

Başqaları dəxi durub, xudahafiz edib dağıldılar.

Hacı ilə Məlik bir qədər sakit gedəndən sonra Məlik Hacıya söylədi ki:

– Əslinə baxsan bunların sözü əsassız deyil. Xarrat Bağır ilə Kərbəlayı Nəcəf bütün müsahiblər gedəndən sonra bir-birinə baxdılar və sonra Kərbəlayı Nəcəf dedi ki:

– Allah ömür versin, Hacı siyasət işini yaxşı bilir.

Xarrat Bağır onun sözünü təsdiq edərək dedi:

– Müsəlmanlıqda onun kimi siyasət bilən az tapılar. Siyasət adamıdır.


   1932

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info