Qonaq Kitabı
Qeyrət

Ağcaqanadın hesabsız olduğu isti yay axşamlarından birində mövqifdən gələn avtobus adi qaydası üzrə Mərcanabad kooperativi aşxanası qarşısında durdu.

Tələsmədən avtobusdan torpaq şöbəsi müdiri və onu ardınca da sol əlində kiçik bir sakvoyaj və sağ ilə üstünün tozunu çırpan bir gənc qadın düşdü. Torpaq şöbəsi müdiri tez avtobusdan tozlu bir çamadan bir bağlı boğça alıb aşxana xidmətçilərindən birnə tapşırdı.

Gənc qadın heyrət və maraqla o yan-bu yana baxdı və sonra açıq qollarını və boynunu neştərləyən ağcaqanadların həddən artıq “qonaqpərəstliklərindən” narazı qalaraq əlindəki balaca sakvoyajı açdı. Sakvoyajın içindən çıxartdığı batist yaylıq ilə ətrafa “L`oriqan” ətri saçaraq, onları qovmağa başladı. Torpaq şöbəsi müdiri üzünü qadına çöndərib bir söz dedi hər ikisi icraiyyə komitəsinə tərəf yollandılar.

Axşam zamanı olduğundan dükanlar bağlanmış və küçələrdən camaatın əl-ayağı kəsilmişdi. Kooperativ aşxanasında axşam yeməyi bitməmişdi, ancaq üzbəüzdəki xüsusi çayçı dükanı qabağındakı stulların başında bir neçə adam qaranlıqda çay içməyə məşğul idilər. Torpaq şöbəsi müdirinin və gənc qadının gəlməsini yalnız bu çay içən beş-altı adam və bir də kooperativ aşxanasının bir xidmətçisi görmüşdü. Lakin bir saatdan sonra bütün Mərcanabadda yalnız bundan başqa ayrı bir söz danışılmayırdı.

Bu söhbətlərin məzmunu cürbəcür idi. Xəyalların cilovu buraxılmışdı: bəzisi bu qadını torpaq şöbəsi müdirinin adaxlısı, kimisi yaxın dostu, bir parası təsadüfi tanışı güman edirdi. Bəziləri də bu işdə ispolkom sədrinin əli olacağı iddiasında bulunur, bir başqaları da firqə katibindən şübhələnirlərdi. Hər halda ümumi bir fikir var isə o da xanımın “dibdən” gəlmiş olduğuna görə məşhur və tanınmış olacağı ehtimalından ibarət idi.

Haman gecə xanım aqronom məntəqəsində boşalmış bir otaqda yerləşdi. Aşxana qarşısında düşürülmüş şeylər də oraya göndərildi. Xanımın gəlməsi ilə maraqlananların hamısı, söz yox, gecə ikən bu xəbəri öyrənmişdilər.

Lakin heç kəsin fikrinə gəlməmişdi ki, bu gələn xanım aqronom, ya burada deyildiyi kimi “aqramon”dur və işləmək üçün Mərcanabad dairəsinə göndərilmişdir.

Yarın Mərcanabadın baş küçəsində bu xanımı görən mərcanabadlılar onun dünən torpaq şöbəsi müdiri ilə gələn qadın olduğunu fəhmən duydularsa da, daha artıq maraqlanmağa, daha artıq dedi-qodu etməyə başladılar.

Moda ilə kəsilmiş, vərəqlənən burma kəstanı saçları və uzun və sıx kirpikləri ilə mühafizə edilən iri mavi gözləri, dan şəfəqi kimi qızarmış yanaqları, nar suyu ilə höcət edən qırmızı dodaqları rast düşən mərcanabadlıları heyran etmişdi. Az müddətdən sonra Mərcanabadda böyüklü-uşaqlı, hamısı aqronom xanımı tanıyır, haraya getdiyini, kiminlə danışdığını, hətta nə danışdığını, kimə nə cür süzgün baxdığını bilir və söhbətlərini bu sözlər ətrafında aparırdı. 

 

Axşamçağı idi. Günəş Mərcanabadın yuxarısındakı ağacların arxasında gizlənərək ətrafı alovlandırmışdı. Aqronom məntəqəsi bağçasının seyrək meyvə ağacları arasında günəşin alovlu şəfəqi görünürdü.

Mərcanabadın şura qulluqçularından beş-on adam və bir neçə məktəb şagirdləri bağçanın xiyabanlarını ölçürdü. Yolu yalayan ayaqların tozu havaya qalxıb gəzənlərin başı üzərində duman kimi dururdu. Birdən hamının gözü bağçanın aşağı qapısına mıxlandı. Qapıdan xanım aqronom ilə maliyyə şöbəsi hesabdarı Vasili gülə-gülə girib qoz ağacı altındakı sandalya üzərində oturdular.

Qadın və hesabdar şirin söhbət edir və hərdən bir gülüşür və ətrafdan onlara baxan kəskin gözləri görməyir və hiss etməyirlərdi. Kim isə bu mənzərəni bağçadan keçməkdə olan milis naçalnikinə göstərdi. Naçalnik durdu. Bir dəqiqə sakit baxdı və:  

– Bu nədir, eşqbazlıqmı, – deyə öz-özünə fikirləşdi.

Bağçadagı adamların varlığını hiss etməyə aqronom və hesabdar naçalnikin də hirsli və narazı baxışlarını duymayırdılar. Milis naçalnikinin acığı artdı, qeyrəti cuşa gəlməyə başladı.

– Necə ki, öz işçimiz torpaq müdiri gedib gözəl seçsin gətirsin, Mərcanabad ispolkomu ona üç yüz manat məvacib təyin etsin. Bir lotu hesabdarın biri onunla eşqbazlıq edib məzə alsın? Ona bax, adam saymamazlığına bax... Ə, bizim qeyrətimiz nə oldu, ə?..

Milis naçalniki dodaqlarını çeynəyərək, əsəbi halda əlini tapançasına atdı, tapança qabında sallanırdı. Sonra naçalnik sanki papağını yoxlamaq istəyərək, əlini papağının üzərinə qoydu və bir şey fikir edər kimi, iki əli ilə papağını bərk-bərk başına basdı, deyəsən papağını başında daha möhkəm saxlamaq istəyirdi. Məktəbli gənclər və şura xidmətçiləri heytlə baxırlardı. Lakin milis naçalnikinin nə etmək istədiyini düşünməyirlərdi.

Naçalniki, Mərcanabadlılar yaxşı tanıyırdı. Bu, az olan yerli işçilərdən idi. Mərcanabadlıların qeyrətli, bacarıqlı, mərifətli, şücaətli və xüsusən, namuslu olduqları qənaətində bulunan həmyerlilər naçalniki bu sifətlərin sahibi bilirlərdi.

İndi həmin bu Mərcanabadlı naçalnikin gözü qarşısında Mərcanabad ispolkomunun gətirdiyi xanım aqronom ilə eşqbazlıq edən hesabdar yarın Mərcanabadlıların haqqında nə söylər? Ya başqa yerlərdə bu söz ağızlara düşüb dastan olmazmı? Mərcanabadlılar mərkəzin qarşısında nə deyə bilərdər?

Bu kimi suallarla çarpışaraq naçalnik öz-özünə:

– Eşidən nə deyər! Deməz ki, bəs Mərcanabadlıların qeyrəti nə oldu, – deyə sordu.

Hirsdən naçalnikin gözləri halqasından çıxmışdı. Birdən enli sinəsini irəliyə verə-verə qadına tərəf yürüdü. Hesabdar nə isə söyləyir, qadın qəhqəhə ilə gülərək ağ dişlərini göstərirdi.

Ancaq indi onların gözləri irəliləməkdə olan naçalniki gördü.

Naçalnik bir əli tapançası üzərində ov görən tazı kimi qadına doğru yürüyüb qarşısında durdu və yarımçıq rus dilində:

– Bəsdir, abrımızı tökdünüz, – deyə xanımın qolundan yapışıb qaldırdı və sonra əlini hesabdarın döşünə atıb yaxasından tutdu, bir-iki silkələdi, bir şey görmək istəyərək kimi boğazını uzadıb düz hesabdarın gözünə və bir dəqiqə sükutdan sonra:

– Bilirsən, mənə dürüst bax! – dedi.

– Bağışla, naçalnik nə olmuşdur ki, nə istəyirsən?

– Nə istəyirəm? Onu divanxanada danışarıq.

Bundan sonra naçalnik fit verdi. Camaat ilə bərabər yüyürməkdə olan bir milis nəfəri naçalnikin qarşısında dayandı.

– Apar sal dama, mən də gəlirəm.

Aqronom məntəqəsi bağçasındakı bu hadisə bir dəqiqədə bütün Mərcanabada yayıldı. Hər bir yerdə yalnız bağça hadisəsindən, naçalnikin qeyrətindən danışırlardı.

Bir saatdan sonra naçalnik Mərcanabad ispolkomu rəisinin yanına gəlib ona raport verdi.

– Gördüm, aqronomu hesabdar Vasili tovlayıb çəkib məntəqə bağçasına, açıq-aşkar göz qabağında mazaqlaşır.

– Nə borcun?

– Niyə? Qeyrətimiz yoxdur? Tutdum, damlamışam.

Sədr başını buladı. Sonra qalxıb ahəstəcə:

– Bu saat get o Vasilini burax, özün də sabah işlərini müavininə tapşır. Belə naçalniki saxlamaq olmaz.

Əvvəlcə naçalnik bunu zarafat hesab elədi; çünki sədrin qeyrətli, namuslu olduğuna şübhə etməyirdi. Lakin sədrin üzündəki narazılıq əlamətlərini görərək donuxdu. Təəccüb etdi. Başını aşağı salıb qayıtdı.

Bu əhvalatı eşidənlər sədrin əmri barəsində heç bir söz deməyirdilər. Işin məna və səbəbini duymaqdan aciz idilər.

Bir gün yenə bu söhbət davam edirdi. Çal papaqlı biri üzünü başqalarına tutub:

– İndiki dünyada namus, qeyrət yoxdur. Namuslu adam da, a başına dönüm, yaşaya bilməz.

– Mən də onu deyirəm dayna, – deyə bir başqası ona cavab verdi.

Bir azdan sonra üzünü tük basmış biri qara muştuq ucunda çəkdiyi papirosa bir qullab daha vurub dedi:

– Naçalnik qeyrət göstərdi, nə oldu, gördünüz ki! 


1931

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info