Qonaq Kitabı
Mirzə Badımcan

“Mirzə Badımcan” onun ləğəbi idi. Bu ləğəb ona orta məktəbdə oxuduğu zaman verilmişdi. Mən də onu o vaxtdan tanıyırdım. Adı Ağacan, familiyası Məhəmmədcanov idi. Nə səbəbə ona Mirzə Badımcan deyildiyi və kimin tərəfindən birinci dəfə olaraq bu ləğəbin ona verilməsi ilə heç bir kəs mayraqlanmayırdı. Hamı bilirdi ki, ona Mirzə Badımcan deyilir, – Mirzə Badımcan, vəssalam. O qədər ona Mirzə Badımcan deyilmişdi ki, doğurdan da hamı öyrəşmişdi. Təəccüb edən yox idi.

Lakin onun Mirzə Badımcan ləqəbi, adı Ağacan və familiyası Məhəmmədcanovla həmahəng olduğu ilə əlaqədar olması heç şübhəsiz idi.

Bu Mirzə Badımcanın belə bir xasiyyəti var idi: daima özünü və ya qohumlarını tərif etməyi sevərdi. O bunu nə qədər ustacasına ifadə etmək istəsə də, yenə bir müşahidəçidən məqsədini gizləyə bilməzdi. Qızışdığı zaman özünü bir hüdud içərisində saxlamağa çalışmaq istəməzdi. Adətən belə olurdu. Söhbət əsnasında Mirzə Badımcan sözə başlayaraq birisinin qəhrəmanlığını saçma sözlər və ifadələrlə təsvir edir, sonra hazır olanların hamısının diqqətini özünə cəlb etdiyini görüncə, bir az toxtayıb məsələnin üstünü açardı. Məlum olardı ki, gücünü, hünərini tərif etdiyi adam, onun atası, ya əmisi, ya bibioğlusu, ya xalaoğlusu, ya qardaşı imiş...

Bəzən belə söhbətlər zamanı öz fəsahət və bəlağətindən razı qalaraq, yaradıb quraşdırdığı mənzərəyə alışır və səsini bacardıqca xəfifləşdirib: – o mən idim... mən özüm idim, – deyə buraxdığı təsiri müşahidə etməkdən məmnun olardı.

Heç yadımdan çıxmaz. Bir gün bir dəstə şagird halqa vurub meşə heyvanlarından, yırtıcı heyvan ovundan söhbət edirlərdi. Mirzə Badımcan əvvəlcə başqalarını dinləyib, sonra özünəməxsus üslub və ifadə ilə sözə başladı.

– O nədir, bizim yerdə biri var idi, tək və tənha qurd, ayı, çöl camışı, qaban ovuna gedərdi. Heç vaxt ovdan boş qayıtmazdı. O özü danışır ki, bir gün bu, ayı axtararaq, meşənin qalınlıqlarına qədər varır. Birdən görməzdən bir ayı qazmasına düşür. Düşən kimi qarşısında qocaman bir ayı görür. Özünü itirməyərək, dik ayının gözünə baxır. Ayı da ona başdan ayağa diqqət salır. Sonra ayı pəncəsini qaldırıb onun üzünə bir şapalaq vurur, şapalağın zərbəsindən adamın başı çarx kimi hərlənir.

Burda Mirzə Badımcan bir balaca sükut edib yan-dövrəsinə baxdı və hamının diqqətini cəlb etmiş olduğunu görüncə, özündən məmnun qalaraq davam etdi:

– Mən onun dilindən nağıl edirəm, bəli, başı fırlanır, ayı onun çənəsindən tutub toxtadır. Şapalağını yenə bir də təkrar edir, bu dəfə yenə adamın başı hərlənir, əvvəlki mövqeində durur, ayı ona baxır, o isə daha ayıya fürsət vermək istəməyərək, var qüvvəsini toplayıb ayıya soxulur və ayının boynunu qarıb altına basır, tez belindən qayışını açıb ayının əl və ayağını bağlayır və – səndən mədəd, – deyə qazmadan çıxır.

Uşaqlar Mirzə Badımcanın sükut etdiyini görcək yerbəyerdən:

– Bəs ayı necə oldu?

– Nə əcəb ayı onu əvvəldən parçalamamışdı?

– Necə oldu ki, təkbaşına ayını yıxdı? – deyə bir çox suallar verdilər.

Mirzə Badımcan sağ əlini qaldırıb onları dinləməyə dəvət edərək:

– Durun, bu saat söyləyəcəyəm – dedi və hamısının sakit olduğunu görüncə başladı: – o dediyim adamın gücünə bizim yerdə güc çatmazdı. Cəld və güclü... Ayı da onun gücündən qorxub məğlub olmuşdu. Tamam vilayətdə o öz qüvvə, hünərilə məşhur idi. Dinləyənlərdən bir neçəsi səbirsiz:

– O kim idi? – deyə sordular.

Mirzə Badımcanın xasiyyətinə yaxından bələd olan və sözünə çox da inanmayan Səfdər gülümsəyərək:

– O əmin idimi? – deyə sorduqda, Mirzə Badımcan Səfdərin istehzasını görmək istəməyərək, qaşlarını çatıb tam ciddiyyətlə:

– Yox, əmim oğlu idi, – deyə fəxrlə başını qaldırıb hamısını gözdən keçirdi. Qulaq asanlar bir-birinə baxıb bir söz demədilər. Yalnız Səfdər əvvəlki tərzdə:

– Bax, mən bir xal səhv eləmişəm... Bildim ki, o sizlərdən olacaq – dedi, fəqət Mirzə Badımcan Səfdərin bu mənalı sözünə ancaq:

– Bəli, onun başına gələn macəraları bilsəniz, bu əhvalata bir o qədər təəccüb etməzsiniz...

Lakin o macəraların nə olduğunu biz bilmədik ki, bilmədik...

Ağacan ona verilmiş ləğəbdən təng və narazı olduğunu bildirməməyə çalışaraq, ona Badımcan deyildiyi vaxt zarafata salır, ağartmayırdı. Zahirən qulaqardına salırdısa da, amma içəridən hirslənməsini arabir aşkara çıxarırdı. Bunu rəfiqlər bilirlərdi və məqamı gələndə sözarası onun ləğəbinə işarə etməkdən özlərini saxlamayırlardı. Bu da ona nədənsə Mirzə Badımcan deməkdən daha artıq təsir buraxırdı. Qızarır, bozarır, tamam dəyişirdi.

Baharın xoş günlərindən birində bir neçə yoldaş bulvarda oturub dənizə baxır və xırda ləpələrin sahillə oynamasına tamaşa edirdik: bu ləpələr sahil üzərinə atılıb geri çəkilir, ağ qanadlarını açaraq, yenə sahilə cumurlardı... Uzaqlarda isə dəniz sakit idi, yalnız motorlu lodkalar onun donmuş üzünü yarıb yol buraxırdı...

Bir dəstə qız gəlib bizim qarşımızdakı skamyada əyləşdi.

Yoldaşlardan biri.

– Bahar kimi lətif olan bu qızlar nə üçün belə payız kimi qaşqabaqlıdırlar? – deyə sordu.

– Deyəsən xoşuna gəldilər – deyə Mirzə Badımcan gülümsədi.

– Xoşuma gəldilər, yox, xoşuma gəldi... Biri – dedi.

Biz hamımız:  

– Hansı – deyə sorduq.

Yoldaşımız sualın təkrar verilməsini istəməyərək, dedi:

– O badımcanı bantiki olan qız...

O doğrudan da xoşsima idi. Lakin heç kəs ona baxmadı. Hamı Mirzə Badımcana tərəf baxdı. Bu söz Mirzə Badımcana nə qədər təsir etdi! Az qala hayqıracaq idi.

Sonra biz o yoldaşımıza töhmət etdik. O da bu zarafatın nə qədər təsir edəcəyini zənn etməyirmiş:

– Mirzə Badımcan deyəndə acığı gəlməyir, badımcan sözündən bu qədər hirslənəcəyimi bilməyirdim.

Doğrudan da elə idi.

Orta məktəbdən sonra mən Ağacanı Xarkovda gördüm. O öz istilahınca “vəkillik dərsi” oxuyurdu. O, məşhur tələbələrdən idi. Küncdə-bucaqda qalanlardan deyildi. Yalnız qafqaziyalılar deyil, başqalarının da bir qismi arasında tanınmışdı. Bu da onun ictimai fəaliyyəti sahəsində idi. Lakin onun ictimai işlərdəki fəaliyyəti özünəməxsus qaydaya tabe idi.

Mirzə Badımcan bütün tələbə iclaslarında hazır olardı. Türk tələbələri iclasında və bəzən də ümum tələbələr yığıncaqlarında bir tamaşaçı sifəti ilə deyil, bir təşkilatçı kimi iştirak edərdi. Məclis kimin tərəfindən çağırılmış olsa, o, hamıdan əvvəl divani-riyasət seçilməsi lazım isə, o haman saat kəndisi də daxil olmaq şərtilə bir siyahı təqdim edir, sonra bir-iki dəfə çıxışda bulunardı.

Mirzə Badımcan hər bir şeydə öz xeyrini təqib edərdi. Ancaq bu nöqteyi-nəzərdən də o, bu və ya o işə yanaşardı. Bunu Mirzə Badımcan özü də gizləməyirdi.

– Mən hər bir şeyə öz xüsusi maraq və istifadə cəhətindən baxıram, – deyə bir növ fəxr edərdi.

Doğrudan da bir yerdə, tələbələrə yardım sözü olsaydı, o oradan müavinət tələb edib alardı. Halbuki yoxsul və möhtac tələbələrdən deyildi. Bunu kəndisindən ötrü bir nailiyyət hesab edirdi.

Adi yaşayışında da o yenə öz rahatlığını təmin etməyi bir dəqiqə unutmazdı. Onun yaxınlığında qalan tələbələr deyirdilər ki, Mirzə Badımcanı əsla tapmaq olmaz. Hər vaxt gəlsən – xidmətçisi:

– Ağa evdə yoxdur! – deyə cavab verəcəkdir.

Mirzə Badımcanın bir xasiyyəti də var idi: dərs kitabları üzərində çalışmaqdan və ya mütaliədən yorulduğu zaman, evdən çıxıb yaxında yaşayan yoldaşlarının yanına gələr və:

– Gedək bir az gəzək, – deyə yoldaşlarını da küçəyə çıxarmağa çalışardı. Məşğul olmaq istəyən olsa da Mirzə Badımcan əl çəkməyib:

– Mən yorulmuşam, çox oxumuşam, gedək gəzək, – deyə təkidlə başqalarının da məşğuliyyətlərinə mane olardı.

Belə vaxtlarda yatmaq istəyəni də rahat buraxmazdı.

Mirzə Badımcan belə idi.

 

Günəşli qış günlərindən idi. Gecə yağmış qar hər tərəfi ağa bürümüşdü. Günün zəif şüaları qarın üzərinə düşüb qarı almaz parçaları kimi işıldadırdı. Gözlər qamaşırdı. Şəhərin mərkəzində böyük bir izdiham var idi. Adamlar xoş havadan istifadə ilə küçələri dolaşır, mağazalara girib əl və qoltuqları dolu çıxırlardı.

Mən pasajdakı poçta şöbəsinə gedirdim. Pasajın qarşısında Mirzə Badımcana rast gəldim. Görüşdükdən sonra məndən:

– Nərəyə belə, – deyə sordu.

–       Poçta gedirəm. Kağız göndərmək istəyirəm.

–       Gedək. Mənim də pasajda bir balaca işim var.

Pasaja girdik. Mirzə Badımcan hərbi nişan və əlamətlər mağazası qarşısında durub bir az baxdı, sonra qolumdan tutub mağazanın qapısını açdı.

O texnoloji, ticarət və ya baytarlıq institutu tələbəsi olsaydı, onun bu mağazaya gəlməsinə heç də təəccüb etməzdim. Bu institutda oxuyanlar xüsusi nişan taxırlardı; halbuki, Mirzə Badımcan darülfünun studenti idi. Onun bu mağazaya girməsi məni maraqlandırdı.

Mirzə Badımcan qırmızı baftalı zabitə məxsus çiyin nişanlarını göstərib qiymətini soruşdu və bir az düşünəndən sonra pulunu verib bir cütünü aldı.

Mağazadan çıxdıq. Mən bunu heç gözləməyirdim. Mirzə Badımcanı hərbi qulluq cəlb edə bilməz və maraqlandırmazdı. O, müharibə başlanandan sonra müharibə səfərbərliyi olacağını və Qafqaz türklərini hərbi qulluqdan azad edən 43-cü maddənin ləğv edilməsi ehtimalını nəzərə alaraq özünə çoxdan bir İran pasportu düzəltmişdi. O, asudə yaşayışı, hərbi meydanına getməyə dəyişmək həvəsinə düşənlərdən deyil idi. Elə isə bu nişanları nə üçün aldı. Mən ona sual baxışı ilə baxdım. O bunu anlayaraq, ağzını yaxınlaşdırıb:

– Bilirsən, mən Muğanın çölündənəm. Qış tətili münasibətilə kəndimizə qayıtmaq istəyirəm. Bizim yerin adamı cahil və avamdır, mən onların arasına təbəddülatsız qayıtsam heç bir təsiri olmaz. Amma, bax, bunları orada taxıb çöllülərin qarşısına çıxsam, gör mənə nə hörmət edərlər.

Sonra da gülümsəyərək əlavə etdi:

– Bax, deyəcəklər ağacan Urusiyyətdə böyük mənsəbə çatmışdır. Rütbə, nişan almışdır; ona görə də daima hörmət edəcəklər, qulaq asacaqlar.

Mən güldüm. Lakin Mirzə Badımcan zarafat etməyirdi.

Fevral inqilabı günlərində Mirzə Badımcan təhsilini buraxıb Muğana getdi. Eşitdiyimə görə Bakıya çatan kimi milli komitəyə gəlib Muğan yerlərinin başsız qaldığından şikayət edir, milli komitə tərəfindən oraya qəza müvəkkili təyin edilir.

Deyirlər ki, Mirzə Badımcan tutduğu mövqedən istifadə eləyərək, öz torpaqlarının miqdarını artırmaqla məşğul olmuş, daha doğrusu – öz təbirini işlətmək cayizcə “dağınıq və pərakəndə yerlərini” toplamağa başlamışdır. Müsavat dövründə “müsavat” parlamanında Muğan kəndliləri nümayəndəsi sifəti ilə iştirak etmiş və guya kəndlilərinin hüququnu “müdafiə” etmişdir.

Lakin Mirzə Badımcanın öz kəndlilərini necə “müdafiə” etməsi Aprel inqilabı zamanı Azərbaycanı tərklə xarici ölkələrə qaçıb orada mühacir kimi yaşamasından açıq və aydındır: o bilirdi ki, müsavat dövründəki fəaliyyətinə görə kəndlilər onunla necə rəftar edəcəklərdir, ona görə də özünü kəndlilərlə görüşmək şərəfindən xilas etmişdi. Qaçarkən, öz dostları arasında demişdi: 

– Heyif ki, tutmadı.

Sizə nağıl etmək istədiyim Mirzə Badımcan belə idi. 


1930

  



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info