Qonaq Kitabı
Küləkli bir axşam

Qəzetlərin axırıncı səhifəsindən müxtəlif məhəlli xəbər və  hadisələr arasında belə bir neçə sətir də yazılmışdı:

“Dünən axşam saat 10-da Internasional küçəsindəki Dilşad Qasımzadə adlı qız, yaşadığı evin yaxınlığında bıçaq ilə öldürülmüşdür. Qatil axtarılır. Dilşad Qasımzadənin komsomol təşkilatında çalışmasından narazı olan qohumlarının bu vəhşi cinayətdə iştirakı güman edilir...”

Beynəlxalq siyasət məsələləri, sosializm-quruluşu, sənayeləşdirmə işləri, mədəni inqilab mübarizəsinə həsr edilmiş qalın sərlövhəli böyük bir yazılar arasında bir qızın öldürülməsini bildirən bu 5-6 sətir o qədər də gözə çarpmayırdı. Ictimai həyat sahəsinə yeni atılan qadınların yenilik üçün apardıqları mübarizədə böyük və ciddi müqavimət görmələri adi bir məsələ kimi heç kəsi təəccübləndirməyirdisə də, içərisində irəliləmək və yeni quruluş məsələləri yürüdülən mühit haqqında düşünmək üçün bir çox şey anladırdı. Dilşad xanım nə birinci və nə axırıncı idi. Onun faciəsi bir çoxlarının məhkum olduğu “nəhayət” idisə də, lakin hər dəfə belə faciələr xəbəri qalibiyyət gününün yaxınlaşdığını bildirirdi...

Dilşad xanımın ailəsi türk, yaşadığı şərait belə türk ailələrinə məxsus şəraitdən idi. Bu qızın atası şəhər əhalisi arasında məlum və tanınan püşgah  Qasım idi. Hələ Dilşad 7-8 yaşında idi ki, atası püşgah Qasım, Hacı Əlverdinin gəmilərindən birində Həştərxandan Bakıya qayıdarkən fırtınaya düşmüş, göz-gözü görməyən dumanlı bir gecədə yolu azmış və axırda da gəmi daşlarda saya oturmuşdu. Gəminin azuqə ehtiyatı bitmiş olduğundan, püşgah Qasım yoldaşları ilə bərabər on bir gün ac qalmış və təsadüfən oradan keçən bir gəmi yardımı ilə nicat tapmışlardı.

Bu  hadisədən sonra püşgah  Qasım bərk naxoşlayıb yatmış və bir daha dəniz üzü görməyərək, bəlalı ömrünü qalanlara bağışlamışdı.

Deyərlərdi ki, püşgah  Qasım şəhərə çatar-çatmaz gəmi sahibi Hacı Əlverdinin nigaran qaldığını düşünərək, yanına gəlmiş və gəminin başına gələn əhvalatı bütün təfsilatı ilə nağıl etmək istəmişdi:

– Həştərxandan çıxanda ikindi zamanı idi. Hava çox xoş idi. Göydə nə bulud, nə də işarəsi var idi.

Hacı əsl hadisəni bilməyib tələsərək, səbirsizliklə dinlədiyi Qasımın sözünü kəsib:

– Sonra nə oldu? Onu söylə, – deyir.

Qasım Hacı Əlverdinin maraqlanmasını anlayaraq, davam edir:

– Sonra... sonra axşam yenə sakit idi... Göy üzərində bu qədər ulduz görməmişdim. Qaranlıq gecədə hər bir ulduz almaz kimi işıldayırdı...

Hacı yenə onun sözünü kəsərək, axırda nə olduğunu tez söyləməsini tələb edirsə də, təbiət həvəskarı olan püşgah Qasım tövsif etməkdən özünü saxlaya bilməyərək, nağılının ardını söyləyirdi:

– Dənizin üzü dələmə kimi idi. Gəmi suyu yara-yara sürüşürdü. Arabir su üzərində qalxan balıqların şappıltısını eşidirdik...

Burada Hacı artıq səbr edə bilməyib çığırmışdı:

– Rəhmətlik oğlu, otur saya da, bağrım çatladı ki. Sonra Hacı adəti mövcibincə yan-dövrəsinə baxaraq: – Səhərdən bəri başlamısan, hava belə gəldi, ulduzlar belə oldu, gəmi belə gedirdi... – dedi. – Bilirsən ki, o mənə lazım deyil. Mənə de görüm necə oldu ki, saya oturdun? – deyə cibindən qırmızıqıraq yaylığını çıxarıb hirsdən tərləmiş alnını silirdi.

Püşgah Qasım başını aşağı salıb Hacıya heç bir cavab verməmiş, yenə Hacı özü sükutu pozaraq:

– Bu saat get kantora, şotunu al, daha mənə lazım deyilsən, – demişdi.

Hacının bu sözü nagahani bir zərbə kimi onun başından dəyib, neştər kimi beynini dəlmiş və bir dəqiqə şüurunu məhv etmişdi. Sonra özünə gələrək, qalxmış və onsuz da aclıqdan zəif düşmüş və Hacının sözündən sonra baqi qalan qüvvəsini itirmiş ayaqlarını süründürərək, oradan getmişdi.

Bu əhvalatdan sonra püşgah Qasım xanənişin olub qalır, ürəyindəki dərdini bir adama açıb deməyirdi. Əsasən nə deyə bilərdi? 20 il can-başla xidmət edib gəmi üçün sahibindən artıq can yandıraraq, fədakarlıqla çalışmasının nəticəsi indi nəhayətsiz dərd və iztirablar idi: Püşgah Qasım naxoşlayıb evin bir guşəsində yatır və onun pəhlivan bədəni kimi qüvvətli və görkəmli bədəni şam kimi əriyib tələf olduqca qəmli gözlərində bir sual daha da canlanır və cavab istəyirdi:

– Nə üçün?

Lakin bu suala cavab almayaraq, onun sönük gözləri həmişəlik yumuldu. Püşgah Qasımdan sonra ailəsi üçün nəinki heç bir tanqa qalmamışdı, hətta kişinin uzun müddət işsiz və naxoş olması və axırda ölməsi ailəni böyük borca salmışdı. Püşgah Qasım öləndən sonra ağır bir vəziyyətdə qalmış arvadı Həlimə ərindən qalan yeganə evi satıb əvvəlcə borclarını əda etdi və qalan pulu da qardaşı Kərbəlayı Əzimə tapşırıb, özü də qızı Dilşad və oğlu Əliəjdər ilə qardaşının qanadı altına sığındı. Həlimənin qayğısı, yetimlərin böyüdülməsi idi, ona görə bütün ömrünü onların tərbiyəsinə həsr etməyə qərar vermişdi.

Həlimənin qardaşı – Dilşad və Əliəjdərin dayısı Əzim, sonraları isə Kərbəlayı Əzim bənnalıq edirdi. Özü də pis bənna hesab olunmayırdı. Şəhərin görkəmli binaları arasında onun tikdiyi evlər az deyildi. Budur, Şıxəli bəyin üçmərtəbə evi və ya Hacı Cavadın ikimərtəbə evi və ya da Hacı Əli karvansarası, Mirzə Baxış hamamı – hamısı Kərbəlayı Əzimin belini bükərək, hər dəfə: “Ya Allah, mədəd!” deyə-deyə daşı-daş üstə yığıb tikdiyi böyük binalardandır. “Şəhərin məşhur mülkədarları, ev dəllaları bənna Kərbəlayı Əzimi yaxşı tanıyırlar. Satılan evin yaxşılığını, dəyərli olmasını göstərmək üçün alver zamanı Kərbəlayı Əzimin adı çəkilməmiş olmazdı.

– Yox, evə heç söz yoxdur. Möhkəm binadır. Kərbəlayı Əzim tikmişdir. Nə söz ola biləcək!

Bu da kafi idi. Məlum idi ki, Kərbəlayı Əzimin əlindən pis iş çıxmaz. Kərbəlayı Əzimin adı gəldikdə, daha mühəndis-filan sözü danışılmazdı.

Kərbəlayı Əzim də bənnalıqda az ömür çürütməmişdi: 15 yaşında bənna şagirdi olub, məşhur usta Rəşidin əli altında çalışaraq, bənnaya daş vermiş, sonra özü sərbəst olaraq əvvəlcə qara daş, sonra da ağ daş işində işləmişdi. Iyirmi beş il bu sayaq bənnalıqda çalışıb da, ad qazana bilmişdi.

Kərbəlayı Əzim öz sənətindən narazı deyildi. Bu sənəti sayəsində ailəsinin təmini üçün az-maz kirayə gətirən, ağ daşdan ikimərtəbə bir imarət tikmiş və həmçinin Kərbəla ziyarətinə getməyə nail olmuşdu.

Müsəlmanlıqda bundan artıq nə tələb oluna bilər?

Dilşad və Əliəjdər dayıları Kərbəlayı Əzimin evinə gələndən sonra onların yaşayışında heç bir böyük dəyişiklik olmadı. Öz ata evlərində olduğu kimi, burada da xörək və çay zamanı yerə süfrə salınıb, başda Kərbəlayı Əzim olmaqla, bütün ailə süfrə başına yığışıb xörək yeyir və ya çay içirdilər. Təfavüt bunda idi ki, püşgah Qasım çox vaxt dəniz səfərində olduğundan, uşaqları anaları ilə süfrəyə otururdular və analarından utanmadıqlarına görə oturmaqdan yorulduqda, süfrənin orada olmasına baxmayaraq uzanırdılar. Bəzən Dilşad xanım üzüquyulu uzanıb, dirsəklərini yerə dayayaraq, çayı nəlbəki ilə içər və ayaqlarını tarp-turp yerə döyərdi. Amma daha dayı evində, Kərbəlayı Əzimin qabağında belə bir hərəkət büruzə verilə bilməzdi. Saatlarla iki diz üzərində oturur və dizlərinin ağrısından analarına şikayət edirlərdi. Yedikləri də elə o ataları sağlığındakı çörək idi, çox vaxt bozbaş bişirilirdi. Əvvəlcə onun suyuna çörək doğrayıb, sonra küftəsini əzib yeyirlərdi. Arabir plov, yazda da dolma hazırlanırdı.

Öz evlərində həsir üzərində salınmış palaz üstündə səliqə ilə yataq düzəldib yatdıqları kimi, burada, da yenə haman qayda ilə anaları ilə bərabər yataqları hazırlayıb yatırlardı.

Bu şərait içərisində yaşayan Dilşad böyüyəcək, anası kimi mətbəxdə yerdə oturub xörək bişirmək, təşt içində paltar yumaq, dizi üstündə iynə çalmaqdan başqa artıq bir şey bilməyəcək, mühitimizdə minlərcə, on minlərcə olan savadsız, mərifətsiz çadralı qadınlardan biri kimi, nəhayət, bir Allah bəndəsinə ərə gedərək, oğul və qız anası olacaq, məhərrəmlikdə mərsiyəxana qulaq asıb göz yaşı tökəcək, başqa vaxtlarda da qeybət edəcəkdi...

Lakin...

Lakin köhnə qaydalar pozuldu, əski ənənələrə zərbə endirildi. Köhnə yaşayışın əsas sütunları yıxıldı. Yeni həyat, yeni dövr başlandı. Oğlanlar üçün olduğu kimi, qızlardan ötrü də məktəblər açıldı. Vaxtında təhsil almaqdan məhrum edilmiş qadınlar üçün xüsusi kurslar tərtib olundu. Çadra altında tərbiyə görməyə məhkum olan arvadlara məxsus klublar təşkil olundu.

Bu yeniliyi Şura hökuməti yaradırdı... Dilşad da məktəbə getməyə başladı. Bu vaxt onun on dörd yaşı vardı. Nə qədər həvəs və səy ilə oxuyur və nə qədər böyük müvəffəqiyyətlər göstərirdi. Tək o deyil, başqa qızlar da sürətlə irəliləyirdilər. İllərcə təzyiq altında saxlanılan enerji bu gün tətbiq olmaq imkanını bulduqda, gözlənilməyən dərəcədə artıq hünər göstərirdi. Əsrlər uzunu elm və ürfana yaxın buraxılmayan qadınlar təşnə adam kimi susuzluqlarını söndürməyə nail olmuşlardı.

Dilşad oxuduğu məktəbdə yalnız dərslə deyil, hətta ictimai işlərlə də maraqlandı. İl yarımdan sonra komsomol təşkilatına girmək istədi. Nə üçün də girməyəydi? Atası özgə gəmisində illərcə çalışıb istismar edilmiş, sonra da bir dəfə ittifaq düşmüş bədbəxt bir hadisə münasibətilə lüzumsuz lumu qabığı kimi çölə atılmışdı.

Komsomol təşkilatı belələrinin uşaqları üçün deyilmi? Doğrudur, usta Kərbəlayı Əzim ümumən yeni təşkilatlara və yeni yaşayışa pis nəzərlə baxırdı. Onun nöqteyi-nəzəri bir Kərbəlayı nöqteyi-nəzəri idi. Onun fikrincə, komsomol təşkilatı, xüsusi qadın klubu filan bunlar hər əxlaqı pozmaq üçündür. Buna görə də Kərbəlayı Əzim bacısı qızı Dilşadın komsomol təşkilatına daxil olub, orada çalışmasına əlbəttə, razı olmayacaqdır.

Dilşad da ondan izin almağı lazım bilməyirdi. Komsomol təşkilatına yazılmaq istədiyini bir gün söz arasında anasına söylədi. Anası hiddət və diqqətlə qızına baxdı:

– Necə? Xərif olmamısan ki! Eşidən nə deyər? Dayın bilsə, aləmi dağıdar, – deyə iki əli ilə öz paşına bir qapaz vurub, əlavə etdi: – Kül başıma! Nə günlərə qaldıq?

Qız anasının bu cavabını eşidərək:

– Ana, heç ürəyini sıxma! Başına da vurma. O pis iş deyildir, – dedi.

– Dayın eşitsə nə deyər?

– Bu, ona aid olan iş deyil. Heç nə etməz, ona dəxli yoxdur.

Bir az fikirdən sonra anası qəti olaraq:

– Bu fikri başından çıxart... Orada saf adam yoxdur, ora sənin yerin deyildir... – dedi.

Dilşad anasını başa salmaq və bu fikirdən daşındırmaq üçün komsomol təşkilatı barəsindəki kitabçanı göstərdi:

– Bax, burada yazılıb, heyif ki, oxuya bilməyirsən! Gənclərə məxsus bu bir inqilabi təşkilatdır. Məqsədi proqramından məlumdur.

Sadəlövh qız bilməyirdi ki, anası “məqsəd” və “proqram” sözünü başa düşən deyildir.

– Mən razı deyiləm. Əgər yazılarsan...

– Nə olar? – deyə Dilşad anasının sözünü kəsərək, sordu.

– Bizi şəhərdə biabır edərsən.

Dilşad güldü və dedi:

– Əfsanə sözdür, ana, o sözlər komsomolun düşmənləri köhnələr tərəfindən söylənir. Əsası yoxdur.

Həliməni öz əqidəsindən daşındırmaq çətin idi. O, qızla şərik olmaq istəməyirdi.

– Sən klublar barəsində elə deyirsən! Amma hamısı deyir ki, arvad klubları abırsız, ismətsiz arvadların yeridi. Bir dənə orada yaxşı adam yoxdur.

– Yox, ana, o sözlər arvadların azad olmasından qorxan kişilərin çıxardığı sözlərdir, – deyə anasını qucaqlayıb öpdü.

Lakin bu söhbətlər nəticəsində Dilşad anasının fikrini dəyişə bilmədi. Həlimə xanımın köhnə beyni yeni fikirləri qəbul etməkdən aciz idi. Həlimə xanımın dedikləri də Dilşada təsir etmədi.

Dilşadın aydın və təmiz beyni Həlimə xanımın paslı fikirlərinə məskən ola bilməzdi. Dilşad fikrində sabit qaldı. Onun üçün də anasının sözlərini və dayısının acıqlanacağını nəzərə almayıb, komsomol təşkilatına daxil oldu. Az bir zaman içərisində Dilşad şəxsi fəaliyyəti, əzm və iradəsilə məktəb daxilində deyil, hətta şəhər dairə komitəsində də diqqəti cəlb etdi. Dilşad özək iclaslarında, aktiv üzvlər müşavirələrində, konfranslarda, müəyyən çıxışlarda bulunur, əhəmiyyətli və dəyərli təklifləri ilə ümumun təqdirini qazanırdı.

Bir türk qızının qabiliyyət və müvəffəqiyyəti ona şöhrətdən başqa daha bədbəxtlik gətirə biləcəyini heç kəs düşünməyirdi.

Deyəsən, Dilşad bu bədbəxtliyi hiss edirdi ki, müvəffəqiyyət qazanmasından və diqqət mərkəzi olmasından bütün varlığı ilə razı deyildi.

Onun gözəlliyi də başına bəla idi. Hər addımda ona eşq elan edən gənc tələbələrdən dilxor idi. “Eşq odu ilə” alovlanan ürəkləri o, öz ciddiyyət və soyuqluğu ilə söndürür və xəstəliyə qapılmaq əvəzinə düşünmək və çalışmağı tövsiyə edirdi...

Öz məhəbbəti ilə komsomol qızı təqib edənlərdən biri də darülfünün tələbəsi Asəf idi. Bu, danışmaq sevməyən, hər bir şeydən şübhələnən bir gənc idi. Dilşad hara getsəydi, Asəf ona rast gələcəkdi, sanki o, qızın ardınca gəzirdi. Hər yerdə Dilşadı görsəydi, yanaşardı. Qızın məşğul olmasından narazı qalardı.

– Hər dəfə mən sizi məşğul gördüm. Bir dəfə bikar olmadınız.

– Işim olmadıqda, evdən çıxmayıram.

Lakin Asəf Dilşadı başqa komsomolçularla görəndə, çox dilxor olur, qızarır, bozarır, dodaqlarını çeynəyirdi. Bir dəfə onu belə halda görən Dilşad ondan mehribancasına:

– Nə olmuşdur, rənginiz dəyişmişdir? Naxoşmusunuz? – deyə sorduqda, Asəf cavab verməmişdi.

Dilşad doğrudan da onu xəstə hesab edir və onun bəzən söylədiyi tənə və eyhamlarına diqqət verməyib, müalicə etməsini tövsiyə edirdi.

– Əsəblərinizi müalicə etməlisiniz. 

– Siz mənə gülürsünüz! Bəsdir!

– Mən sizi yoldaş hesab edirəm. Siz bir – “Məşədi İbad” şəklinə girirsiniz.

Asəf bunları yadında saxlayırdı. 

 

Lakin ən böyük dərd Kərbəlayı Əzimin dərdi idi. Bacısı qızının komsomol təşkilatında çalışması onu dilgir edirdi. Hörmətli, abırlı, tanınmış Kərbəlayı Əzim üçün dükan qabağında, məscid həyətində, hamam bayırında danışılan sözlər əhəmiyyətli idi. O, yalnız bu danışıqlarla hesablaşırdı. Orada isə püşgah Qasımın qızı barəsində az danışılmayırdı.

– Atasız qaldı, getdi ona-buna qoşuldu...

– Heyifdir, axırı yaman olacaq, yoldan çıxardarlar.

– A kişi, elə oranı düzəldən, qızları yoldan çıxarmaq üçün düzəldibdir, ayrı şey deyil!

– Sən öləsən, elədir.

– Kef üçündür.

– Bəs nə olacaq? Düzdür, xaricilərə yaraşar, onlar üçün eyib deyil, islam aləmində isə belə işlərə yol vermək olmaz.

– Abır-həya aradan getdi...

Bu söhbətlər Kərbəlayı Əzimin qulağına çatırdı. Doğrudur, onun yanında Dilşadın adını çəkməyirlərdi, amma ümum məsələdən xülasə çıxarmaq çətin deyildi.

Hörmətli Kərbəlayı Əzim bu sözlərə biganə qala bilərdimi? Halbuki, bütün tanıdığı məşədilər, kərbəlayılar, hacılar bir fikirdə idilər. Onlar deyirlər ki:

– Adını kişi qoyan gərək belə həyasız əməllərə yol verməsin.

– Nə edəcəksən? Indi kiçiklər böyüklərin sözünə baxırlarmı? Qulaq asırlarmı?

Ağzı nədir? Nəkarədir? Taxsır onlarda deyil. Taxsır işi boş tutanlardadır.

Kərbəlayı Əzim də bu fikirlərə şərik idi. O başqa cür fikir edə bilməzdi.

Lakin bu söhbətlər ondan qəti iş tələb edirdi. Dilşadın komsomol təşkilatına girməsi, çadranı atıb qadın klubuna getməsi, azadlıqdan dəm vurması, ərlik qız ikən oğlanlarla gəzməsi – bütün bunlar Kərbəlayı Əzimin boynuna vəzifə qoyurdu. O, qızın atası əvəzdir. Kərbəlayı Əzim bu xüsusda bacısı ilə danışdı:

– Ay qardaş, mən deyirəm, nəsihət eləyirəm, qulaq asmayır, deyir gözünüz bağlıdır.  

– Acıqlanılmalıdır.

– Acıqlanıram, yalvarıram, olmayır.

– Nə deyir? 

– Deyir ki, yaşayış dəyişmişdir. 

Kərbəlayı Əzim özü qız ilə ciddi surətdə danışmağa qərar verdi.

Dilşad komsomolda işləyəndən bəri Kərbəlayı Əzim onunla danışmamışdı. Bir evdə yaşarkən bir-birindən qaçırlardı. Dilşad dayısının ondan narazı olduğunu bilir və ona görə də onun gözünə görünmək istəməyirdi. Dərslərin bəhanə edərək, xörəyini də ailə ilə bir yerdə deyil, sonra tək yeyərdi.

– Dilşad gələndə söylə ki, mən onunla danışmaq istəyirəm, – deyə Kərbəlayı Əzim Həlimə xanımı xəbərdar etdi.

O gün Dilşad dayısının yanına gəldi.

Kərbəlayı Əzim onu görən kimi acıqlanmaq istədi, amma acıqlanmadı. Mehriban surətdə nəsihət verməyə başladı.

– Bizim özümüzə görə adımız, hörmətimiz var. Bu vaxtadək üstümüzdə ləkə olmayıb, bir elə iş baş verməyib ki, bizi ləkələsin. Amma indi sənin komsomola yazılmağın, kluba getməyin bizi biabır etdi.

Dilşad başını qaldırıb dayısının üzünə baxdı. Kərbəlayı Əzim qızın üzünə baxmayırdı.

– Yox dayı, elə deyil.

– Necə olsa, qızım, kişilər ilə arvadların, oğlanlar ilə qızların bir yerdə oturub məclis qurmaları, ixtilaf etmələri əxlaqsızlıqdır.

–  Orada heç bir əxlaqsızlıq yoxdur. Orası tərbiyə üçündür.

– Sən böyük deyənə qulaq as. Hamı oradan dad çəkir. Amma sən tərif edirsən. Orada nə tərbiyə olacaq...

– Böhtan deyirlər...

Kərbəlayı Əzim daha bir söz demədi. Başını aşağı salıb, tez-tez nəfəs alır, hərdənbir dərindən ah çəkirdi.

Açıq görünürdü ki, Kərbəlayı Əzim həyəcan və iztirablı dəqiqələr keçirir, bu həyəcan və iztirablar onda müxtəlif fikirlər doğurur, onun düºüncələrinin qarışmasına səbəb olurdu.

Ata vəziyyətində olan dayı, bacısı qızını azğın yoldan xilas etmək lüzumunu hiss edirdi. Xalq arasındakı pis-pis danışıqlara nəhayət vermək istəyən Kərbəlayı Əzim, qızın cavabından sonra ümidlərini qeyb etdi.

Hər halda Dilşadın qohum və əqrəbadan ötrü silinməz ləkə hesab olan hərəkətinin qarşısını almaq məsələsi Kərbəlayı Əzimin qarşısında durub, onu son dərəcə məşğul edirdi.

Bu əhvalat bu məsələnin nəhayətini yaxınlaşdırırdı.

Axır zamanlar Dilşad qadınlar klubunda ictimai vəzifə qaydası ilə işçi qadınların savadsızlığını ləğv etməklə məşğul olurdu. Buna görə də ittifaq yoldaşları ilə görüşməyirdi. Hətta Asəf də onu görə bilməyirdi. Bir gün Asəf ona rast gəlib, teatra dəvət etdi.

– Vaxtım yoxdur. Axşamları savad kursunda məşğulam. Sonra da yorulur və evə qayıdıb dərslərimi hazırlayıram.

Dilşadın belə rədd cavab verməsi Asəfin xoşuna gəlmədi. O gün Asəf Dilşadın qardaşı Əliəjdərə və dayısı Kərbəlayı Əzimə belə bir məktub göndərdi:

“Bu məktubu sizin xeyirxahınız yazır. Bilməlisiniz ki, Dilşad axır zamanlar pis yollara düşmüşdür. Gündə bir kişi ilə həmsöhbət olur. Özünü necə aparmasını açıq yazmaqdan utanıram. O, utanmaq bilməyir. Adınızı kişi qoymuşsunuzsa, razı olmayın, ayağını küçələrdən kəsiniz. Əgər siz sərəncam etmək istəməyirsinizsə, onda onu məktəbdən alın, çünki pak qızlarımızın əxlaqına təsir edə bilər.

 Xeyirxahınız”.

Bu adsız məktubdan sonra Kərbəlayı Əzim üç gün küçəyə çıxmadı. Bacısı oğlu ilə bu barədə dərdləşərək dedi:

– Mən dəli kimiyəm. Küçəyə çıxa bilməyirəm. Bilirəm ki, məni barmaqla göstərirlər. Bu dərdi gora aparmaq olarmı?

– Mən, dayı, özüm də fikirləşnrəm, abrımız gedir..

– Nə etməli, qulaq asmayır.

Dərin bir sükut içində dayı və bacıoğlu başlarını aşağı dikib, fikirləşirlərdi. Yalnız Kərbəlayı Əzimin ağır nəfəsləri eşidilirdi. Axırda Əliəjdər sükutu pozaraq, bir ah çəkdi və:

– Gərəg... yox olsun, – dedi.

Kərbəlayı Əzim daha da başını aşağı salaraq, eşidilməz və titrək bir səslə.

– Heyif...heyif... Ayrı yol da yoxdur. Din də elə göstərir.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info