Qonaq Kitabı
Zərifə

Yevlax stansiyasında bir çox yolçu toplanmışdı. Mövqifdə oturmaq deyil, durmağa belə yer yox idi. Bu adamlar Tiflisdən Bakıya gedən qatarı gözləyirdilər. Qatar gecikmişdi. Buna görə də buradakı adamlar dilxor idi. Yevlaxın istisi, milçəyi əsəbiləşmiş adamların ovqatını daha da acılaşdırmaqda idi. Stansiya naçalniki qatarın nə vaxt gələcəyini yəqin bilməyirdi. Deyəsən, bütün camaat içində sakit bircə naçalnik idi: nə tələsir, nə əsəbiləşir, nə də ovqatını təlx edirdi. Sakit-sakit qatarın gəlməsini gözləyirdi.

Stansiyalarda hadisələrin gedişinə tabe olaraq, saatlarca gözləməkdən inciməyən və heç kimə şikayət şikayət etməyən kəndlilər də bu gün adi sakitliklərini itirib gözləməkdən bezarlanmışdılar.

Stansiyada toplanmış müsafirlər arasında hamısından artıq narahat olan və həyəcan içində o yan-bu yana qaçan bir gənc qadın idi. Bu, özünə diqqət cəlb edirdi. Gözəl surət sahibi olan bu qadın qara paltar geymiş, başına yaşıl qıraqlı ağ ipək kalağayı salmışdı. Başının yumşaq tükləri üzərində ipək kalağayı durmayır, çiyninə düşürdü. O da hər dəfə sağ əlinin zərif bir hərəkəti ilə örpəyi alnının üstünə çəkirdi.

Mən bir neçə dəfə qadını mövqif müdirinin kabinetinə girib-çıxan görmüş və zənn etmişdim ki, bunun belə tələsməsinin bir səbəbi vardır. Bəlkə belə səbəbin varlığına görə idi ki, o nə ona baxanları və nə buraya cəm olmuş müsafirləri görməyirdi.

Bu dəfə mən də müdirin kabinetində durub ondan məlumat almaq istəyirdim. Bu qadın daxil oldu. Müdir telefonla danışırdı. Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. 

Gənc qadın mənim bu hərəkətimi anlayaraq, uzun kirpikli, qara gözlərinin ucu ilə mənə tərəf baxıb “Sağ olun!” – dedi və müdirə müraciət etdi:

–       Yerlər barəsində məlumat aldınızmı? 

Müdir başını qaldırmayaraq:    

–       Yox, – dedi və sonra dodaqaltı əlavə etdi: – Güman etməyirəm ki, çox yer olsun... Qatarlar dolu gəlirlər.  

– Mən bilməyirəm: necə olsa, mən bu qatarla gərək yola düşəm. Sizdən rica edirəm ki, mənə kömək edəsiniz, – deyə qadın təkid edirdi.

– Yer olmasa...  

– Mən qala bilmərəm.

Onun sözündə elə bir təskinlik var idi ki, heç kimsə ona etiraz etməyə cürət edə bilməzdi.

Bu artıq mənim diqqətimi cəlb etdi. Mən qatarların divardan asılmış gediş-gəliş cədvəlinə baxar kimi, durub tam diqqətlə qadını dinləyir, onun danışıq və hərəkətinə tamaşa edirdim. Bu vaxt mən onun üzünün yarısını gördüm. Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı ona məlahət verirdi. Onun zahiri gözəlliyindən daha dərin təsir edən qəti cürətli, əzmli danışığı idi.

İllərcə zülm çəkmiş türk qadını, sən çoxdanı belə səfərə çıxırsan? Çoxdanmı qorxduğun, qorxmağa məcbur edildiyini müdirlə tam ixtiyara malik bir vətəndaş kimi danışırdın?

Qadın kabinetdən çıxdı.

Mən mövqif müdirindən istədiyim yoxlamanı sorub çıxdım. Qoca bir kəndli haman qadınla danışırdı.

– Sən verdiyin ərizənin cavabı çıxıb, ömrün artıq olsun, gedirəm. Sən haraya?

– Mən də Bakıya.

– Bəs məktəb, qızlar nə olacaq? Qayıdırsanmı.

– Mən gedirəm, başqası gələr. Qızlar oxuyacaq, hamı da mənə söz veribdir.

Bu vaxt zəng çalındı və qatarın yaxın mövqifdən çıxdığını xəbər verdi. Hamı müsafirlər kassa qabağına toplandılar. Bilet... filan... aldıq. Qatara minəndən sonra, biz haman qadınla bir kupeyə düşdük.

Yolda yavaş-yavaş tanış olduq. Adını öyrəndim – Zərifə xanım idi.

Bu gənc qadın müəllimə imiş. O danışdığı kəndli də haman qadının müəllimlik etdiyi kəndin camaatından imiş. Mənim maraqlandığımı görüncə qadın dolu ürəyini boşaltmağa ehtiyac hiss edir kimi, mənə uzun və acı bir əhvalat söylədi. Söylədikcə iri gözləri dolurdu, əlindəki redüküldən bir yaylıq çıxarıb gözlərini silir və hekayəsinə davam edirdi. Qoy özü əhvalatı nağıl etsin: 

 

– Atam alverə məşğul idi. Sübh tezdən evdən gedər, yalnız axşam hava qaralanda qayıdardı. Atamın farsca yaxşı savadı var idi... Axşam şamdan sonra meşin cildli böyük kitablardan birini açıb oxuyardı. Hərdənbir də bu kitabları avazla oxuyardı. Onda mən onun qarşısında durub diqqətlə dinləyir, amma heç şey anlamayırdım. Atamın kitab oxuması məni həvəsləndirirdi. Mən də onun kimi oxumaq istəyirdim. Bir dəfə də atama dedim ki, mən də o kitabları oxumaq istəyirəm.

Cavabında atam dedi ki, o mənim oxumaq istədiyimə etiraz etməyir; lakin mümkün deyildir. Qızlara məxsus elə bir həyalı məktəb yoxdur.

– Bəs qız məktəbləri nədir?

– Onların sözünü danışma, yaramaz.

Lakin mən bu sözlərin mənasını qanmadım, mübahisə də etmədim. Mənim ər evində olan bacım da savadsız idi. Hərdənbir onu yoxlamağa gedirdim. Çox pis halda yaşayırdı. Yazığı sabahdan axşamadək işlədirdilər. Mən ondan əhval soranda deyirdi:

– Satılmış qul kimi işləyirəm.

Bir gün yenə bacımın yanına gəlmişdim. Bilmədim nə olmuşdu ki, əri acıqlanmışdı; nə dedisə, bacım cavab qaytardı. Əri divardan asılmış “tatarını” götürüb, bacımı döyməyə başladı.

Mən çığırdım. Ağlaya-ağlaya evə qayıdıb, anama dedim. Anam bu vaxt naxoş idi. Axşam atam gəldi. Ona da xəbər verdim.

– O bizim ixtiyarımızda deyildir. Biz ərlə arvadın arasına girə bilmərik, –dedi.

Anam da onunla razı idi ki, heç bir söz demədi. Amma mən bu əhvalatla heç də razı olmaq istəməyirdim. Eyvah, mən də ərə veriləcək və sonra bacım kimi döyüləcəyəm! Bu fikir mənim başımdan çıxmayırdı. Mən belə yaşamaq istəməzdim.

Mənim qardaşım məktəbdə oxuyurdu. Hər gün məktəbdən gələndə qəzet, jurnal gətirib oxumağa başlardı. Mən də onun yanında oturardım.

Mənim dinlədiyimi görən qardaşım ucadan oxumağa başlardı. Anlamadığım yerlərini mənə öz sözü ilə söylərdi.

Qəzet və jurnal yazıları məni xoşlandırırdı. Burada elm və maarifdən yazılırdı. Ancaq bu yazılardan arvadlar istifadə edə bilməyirdilər. Bildiyim bütün qızlar, arvadlar savadsız idilər. Qardaşım yavaş-yavaş mənə hərfləri öyrətməyə başladı. Neçə aydan sonra birinci qiraət kitabını qurtardım.

Indi hıqqana-hıqqana oxuya bilirdim. Amma çox vaxt oxuduğumu qanmayırdım. Inqilab düşdü, işlər dəyişdi. Qızlar üçün hər yanda məktəb açıldı. Mənim məktəbə getməyimə heç kəs bir söz demədi. Məni qardaşım məktəbə aparıb yazdırdı. Bu vaxt anam da ölmüşdü.

Atam məndən soruşurdu:

– Nə qədər oxuyacaqsan?

Mən cavabında deyirdim:

– Müəllimə olmaq istəyirəm.

Mənim fikrim bu idi ki, məktəbi bitirib müəlliməlik etməyə hazırlanım; çünki cəhalət dünyasında günahsız boğulub, həlak olan bacılarıma kömək etmək istəyirdim.

– Qoy bacılarım oxusunlar, öz ixtiyarlarını düşünsünlər. Onda onlar qul kimi yaşamazlar.

Bu mənim qəti fikrim idi.

Oxuduğum məktəbin müəllim və müəllimələrinə baxıb həsəd aparırdım. Nə xoşbəxtdirlər ki, yüzlərcə əzilməyə məhkum qızları fəlakətdən xilas edirlər! Mən çox səylə dərslərimi hazırlayırdım. Məni təqdir edirdilər. Sinif müəllimimiz bizim sinfə cürbəcür qiraət kitabları verirdi. Mən bu kitabları tez-tez oxuyub qaytarırdım.

Bir gün yenə dərslərdən sonra kitab paylarkən müəllimimiz bütün qızlara kitab verib yola saldı. Mən iki kitab verəcəyini söylədi.

Qızlar getmişdi. Müəllim gedib müəllimlər odasından iki kitab gətirdi. Aldım, təşəkkürlər etdim. Bərabər çıxdıq. Müəllim mənimlə söhbət edə-edə gəldi. Yolda xudahafiz edib döndü. Mən ona bir müəllim, bir ustad kimi baxırdım. Mən nə bilim ki, fikrindən nələr keçirmiş. Sonralar da bir neçə dəfə məktəbdən bərabər çıxdıq.

Bir gün məktəbdən çıxarkən, o mənə axşam gəlməyi təklif etdi:

– Gəliniz, sizə bir-iki kitab verib, yazı tapşıracağam.

Gəldim, müəllimlərə məxsus otaqda məni gözləyirdi. Içəriyə dəvət etdi. Həmişəki kimi yenə söhbətə başladı. Əvvəlcə ədəbiyyatdan, şeirdən danışdı. Sonra: “Qadın azadlığı bizim ən birinci işimiz olmalıdır”, – deyə qadın azadlığı üçün aparılan mübarizə haqqında söylədi. Mən onu dinləyirdim. Sevinirdim ki, kişilər arasında da qadın hüququ üçün belə çalışanlar var. Söhbətini bitirər-bitirməz mən ondan verəcəyi kitabı rica etdim.

Evdə unutdum, – dedi və sonra tez əlavə etdi: – Gedək, evimiz yol üstündədir, verim.

Mən heç bir şey güman etməyirdim. Razı oldum. Çıxdıq. Söhbət edə-edə evlərinə yanaşdıq. Mən qapıda gözləmək istədim.

– Ayıbdır, açıqfikirli bir qıza qapıda gözləmək yararmı? Buyurun içəri gedək.

Mən utandım. Razı oldum. Birinci dəfə mən onun mənzilini gördüm. Məni oturmağa dəvət etdi. Kitab şkafının qarşısında durub bir çox kitabları mənə göstərdi, hər əsər barəsində məlumat verdi. Mən onu diqqətlə dinləyirdim. Ürəyimə bir şey belə gətirməyirdim. O da bunu hiss edirmiş kimi, məni məşğul etməyə çalışırdı. Axırda mənə bir-iki kitab verdi. Qalxdım. O, mənim əlimi tutub sıxdı və dedi ki:

– Sizin kimi azad qızlarımızı görəndə qəlbimdə bir sevinc günəşi tüluu edir.

Nə demək istədiyini bilmədim. Ancaq baxışı mənim xoşuma gəlmədi. Lakin o mənim müəllimim idi. Bir şagird müəllimindən nə üçün qorxmalıdır?

Tez burada udqundu. Bir az durdu. Yaşarmış gözlərini əlindəki kiçik yaylığın ucu ilə sildi. Yenə davam etdi.

Bundan sonra bir neçə dəfə o məni evinə çağırıb kitab verdi. Onun şirin danışığı, geniş biliyi mənim xoşuma gəlirdi. O, çox şeir bilirdi. Hər dəfə mənə yeni-yeni şeirlər oxuyardı. Mən şeiri çox sevirdim. Müəllim də bunu bilirdi.

Bir dəfə yenə müəllim məni dərsdən sonra saxladı. Yeni kitab verəcəyini söylədi. Bərabər evinə gəldik. Otağa daxil olan kimi mənə konfet təklif etdi. Özü isə kitab axtarmağa məşğul oldu. Mən təklif etdiyi konfeti yemədim. Müəllim gözaltı baxırmış ki, kitabı tapıb, yanımda oturdu, sonra mənə təklif etdiyi şirnini rədd etdikdə:

– Ürəyimi sındırırsınız. Rica edirəm, – dedi.

Mən aldım, yedim.. Sonra qalxıb şkafdan şərab şüşəsi çıxarıb, iki qədəhə tökdü. Mən içmədim. Özü bir-ikisini içdi. Gözləri işıldayırdı. Mən getməyə hazırlandım. Konfetdən sonra da özümü yaxşı hiss etməyirdim. Kitabı alıb çıxmaq istədim. Birdən müəllim məni qucaqladı və öpməyə başladı. Mən özümü şaşırdım. Qollarından xilas olmaq istədim. Lakin əllərimi buraxmadı. Məni taxtın üzərinə yıxdı. Mən çığırmaq istədim. Qolu ilə ağzımı tutdu... Bütün ağırlığı ilə üzərimə yıxıldı... Nəfəsim kəsildi...

– Məni əfv etməlisiniz, özümü itirmişdim. Hər halda mən barənizdə günahkaram.

Mən dinməyirdim. Nə deyəcəkdim? O isə danışırdı:

– Ancaq söyləyiniz, mənə gəlirsinizmi? Mən sizi almaq, sizinlə həyatımı birləşdirmək istəyirəm. Rədd etməyiniz... Sevirəm... Yalnız...

Mən qalxdım, çıxdım, nə edəcəyimi bilməyirdim.

Məktəbə davam edimmi, şikayət edimmi, lakin doğrudan sevirmi? Mən özümdə ona qarşı bir şagird hissi duyurdum. Indi o mənim qarşımda müəllim, ustad deyil, bir kişi idi. Mən ona nə kimi hiss bəslədiyimi aydıncasına bilməyir və anlamayırdım. Bu vaxt mən axırıncı sinifdə idim. O gündən sonra bizim münasibətimiz dəyişdi. Mən onu rədd edə bilmədim. Üzərimdə onun anlaşılmaz bir hakimiyyəti dururdu və mən də ona tabe idim. Nə üçün, bilməyirəm.

Inqilab hərəkatı məni maraqlandırır, mübarizəyə çağırırdı. Mən hətta istəyirdim ki, Gənclər Ittifaqına daxil olam. Məktəbdə komsomol təşkilatı yox idi. Bir dəfə bu xüsusda müəllimə də dedim elə təəccüb etdi ki:

– Komsomola yazılmaq?.. Nə danışırsınız! Komsomol həyatı qızların yeri deyildir, bu fikri buraxınız.

Komsomol barəsində elə şeylər danışdı ki, söyləmək mümkün deyil.

Mənim taxsırım odur ki, mən müəllimimin dediklərindən sonra bir daha komsomola yazılmaq məsələsi ilə məşğul olmadım. Bu barədə mən çox heyfsilənirəm.

Mən məktəbdə oxuyunca, bizim münasibətimiz davam etdi. O mənə daima söyləyirdi ki, məktəbi bitirdikdən sonra mənimlə evlənəcəkdir. Mən inanırdım. Mən məktəbi bitirdim. Yeni açılmış müəllimlik kursuna yazıldım. Bir ildən sonra müəllimlik vəzifəsini ifa etməyə buraxılacaqdım. Müəllimlik kursunda təsadüfən bildim ki, mənə məhəbbət bəslədiyini bəyan edən və mənimlə evlənmək istəyən o müəllim... bilirsinizmi, evli imiş, çolma-çocuqları da var imiş. Mən onu subay zənn edirdim. Indi bildim ki, o məni aldadırmış... Nə qədər nifrət hiss etdim.

Müəllim... Azadəlik söhbətləri... Qadın azadlığı üçün mübarizə təbliği... Həyasızcasına məni aldadırmış. Mənim sadəliyimdən istifadə etmiş, bacımı qul kimi işlədib döyənlə, bu ismət və hüququma təcavüz edən həyasızda nə təfavüt?

Yazıq qadın, dedim, azadlıq yolun nə qədər çətin və düşmənlərin nə qədər çoxdur!

Bundan sonra onunla əsla görüşmədim. Hətta təsadüfən rast gələndə də ona baxmaq istəməzdim. O da bunu düşünmüşdü ki, məndən qaçırdı.

Kim bilir, bəlkə indi başqa bir sadəlövh qızı nişanlayıb, toruna salmaq üçün məndən uzaqlaşırdı. Müəllimlərə ehtiyac olduğundan kursların vaxtını iki ay ixtisar etdilər. Kursu bitirənləri qəzalara göndərdilər.

Mən sevinirdim ki, arzuma çatıram. Qaranlıqda qalmış bacılarımı oxudub, onları yeni həyat üçün hazırlayacağam. Nə qədər məsuliyyətli, nə qədər böyük və müqəddəs bir iş qarşısında idim! Bunu mən əzəlcə hiss edirdim...

Mən N. qəzasına təyin edilmişdim. Maarif Komissarlığından verilmiş kağızları icraiyyə komitəsində maarif şöbəsi müdirinə təqdim etdim.

Maarif şöbəsi müdiri çalpapaq, hündürboylu, qara üzlü birisi idi. Ilk baxışda cavan görünürdüsə də, ancaq danışan və gülən vaxt bütün üzü qırışırdı. Nə qədər nahamvar idi!.. Təqdim etdiyim kağızları oxuduq mənə baxdı.

– Xoş gəlmisiniz, buyurun, əyləşin! Ada, Səfi, bir stul gətir, – deyə çağırdı.

Tüklüpapaq, ayaqyalın birisi daxil olub, bir stul gətirdi. Mən təvəqqə etdim ki, tezlikcə məni məşğul olacağım məktəbə təmin etsin.

– Niyə tələsirsiniz? Sabah və ya birisi gün gəlin, göndərərik. Bəlkə özüm də getdim. Bərabər gedərik.

Mən rica etdim ki, bu gün müəyyən etsinlər. Məəttəl olmaq istəmədiyimi bildirdim.

– Bıy, bıy niyə tələsirsiniz? Bu axşam qonağımız olarsınız, teatromuz da olacaq.

Mən yenə təkid etdim.

Müdir gözlərini bərəldib, mənə baxdı. Bir qədər baxandan sonra dedi ki:

– Gərək bir icraiyyə komitəsi sədri ilə danışam, bəlkə sizi başqa yerə təyin etmək mümkün oldu. Yaxında olsa yaxşıdır! Siz niyə tələsirsiniz?

Mən söylədim ki, burada qalmaq istəməyirəm. Qalmağa müəyyən yerim də yox idi. O mənə öz evlərində otaq təklif etdi. Mən təşəkkürlərlə rədd etdim. Rica etdim ki, sabah məsələni tamam etsin.

O gün səhər məktəb müəllimlərindən Şükufə xanım adlı birisini tapıb tanış oldum. Onun evində gecələmək istədim. Müəllimə orta sinli bir qadın idi. Çox şad oldu və artıq hörmətlə məni qəbul etdi.

O gecəni orada qaldım. Sabah tezdən maarif şöbəsinin qapısını kəsdirdim. Şöbə müdiri gəlincə, müraciət edib təyin edilməm barəsində əmr verilməsini rica etdim.

– Dünən gecə harada qaldınız?

Mən söylədim.

– Ay... bilməmişəm... gələrdim.

– Mən sizi artıq narahat etmək istəməyirəm; rica edirəm ki, hansı məktəbə gedəcəyim xüsusda sərəncam edəsiniz.

– Niyə tələsirsiniz?

Mən ona: 

– Mən burada qalmaq üçün gəlmədim, – deyincə, o mənə cavabında:

– Bəlkə burada qaldınız, – deyə gülümsədi, kobud dodaqları qaçdı. Alt dodağı daha da sallandı. Bir dəqiqədən sonra əlavə etdi:

–Burası sizin Bakıdan çoxmu pisdir?

Mən söylədim ki:

– Mən buraya məktəbdə məşğul olmağa göndərilmişəm; ona görə də təyin edilməm barəsində əmr alıb işə şüru etməliyəm.

Müdir əvvəlcə bir söz demədi. Mizin üzərindən bir kağız götürüb baxdı və sonra üzünü mənə tutub dedi: 

– Sizi təyin etmək bir az vaxt istəyir.

Mən təəccüb etdim.

– Yer yoxdurmu? Çətinlik varsa, mən geri dönüb başqa qəzaya gedə bilərəm.

Müdir əlindəki kağızı mizin üstə qoyub, başını buladı və dedi:

– Yox, o deyil, müəllimə bizə lazımdır. Sizin kimi bir müəlliməni biz hara buraxarıq.

Mən onun sözünü kəsərək, həyəcanla:

– Bəs niyə təxir edirsiniz? – deyə soruşdum.

Müdir kəmali-asudəliklə papiros qutusunu çıxarıb bir papiros aldı, yandırdı və gözünün birisini yumub, o birisi ilə mənə baxdı. Paniros tüstüsünü püfləyib dedi:

– Mən sizi yaxın bir kəndə təyin etmək istəyirəm. Bundan ötrü isə bir balaca dəyişiklik etmək lazım gəlir.

Mən məsələni anladım. Yaxın kənddəki müəlliməni başqa yerə göndərmək və məni onun yerinə təyin etmək istəyirmiş. Mən etiraz etdim:

– Mən ona razı ola bilmərəm. Mən başqasının yerinə gəlmədim. Mən rica edirəm ki, müəllimi olmayam kəndə məni təyin ediniz.

Müdir gülümsəyərək dedi:

– Bəlkə elə istəyən var.

Mən hiddətlə:

– Kim elə istəyir? – deyə sordum.

Bir-iki gün gözləyin, yerinizi həll edək: niyə belə səbirsizlik göstərirsiniz? Gərək siz bizim əhvalımızı öyrənəsiniz, biz də sizə bələd olarıq...

Sonra şöbə müdiri irəliləyib, dik mənim qarşımda durdu və diqqətlə üzümə baxaraq soruşdu:

– Bəlkə qəribsəyirsiniz?



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info