Qonaq Kitabı
Ov

Mən şuralar qurultayında idim. Bir  gün əvvəl dinlənmiş hökumət məruzəsi ətrafında qızğın surətdə müzakirə davam edirdi. Kürklü, papaqlı, cındır paltarlı kənd nümayəndələri bir-birinin ardınca natiq kürsüsü üzərinə çıxıb öz yerli məsələlərini söyləyir və  gündən, kölkədən qaralmış üzlərində od kimi parıldayan gözlərini qurultay üzvlərindən divani-rəyasətə, divani-rəyasətdən qurultay üzvlərinə keçirərək, qaldırdıqları məsələnin əhəmiyyətini düşündürməyə çalışırdılar.

Məmləkətdə ən ali hakimiyyətə malik olan qurultaydan ötrü onlar bütün işləri asan və mühüm hesab etdiklərindən, burada hər bir böyük və kiçik məsələni qaldırmaqdan özlərini saxlaya bilməyirdilər. Biri öz kəndi üçün su tələb edir, o birisi yol çəkilməsini istəyir, bir başqası doktor azlığından şikayət edib, səhiyyə işlərini irəli sürürdü.

Illərcə əzilmiş, ixtiyarı tapdalanmış, qazandığı soyulmuş, dilsiz kəndlilərin inqilabdan sonra öz hüquqlarını anlayıb da bu  gün yaşayış və təsərrüfatlarına aid məsələləri belə fəaliyyətlə müzakirə etmələrinə şad olmamaq mümkün deyildi. Hiss olunurdu ki, kəndlilər, hökuməti öz hökuməti bilir və tanıyır və ona görə də öz hökumətlərindən ehtiyaclarının ödənilməsini tələb edirlər.

Mənə artıq fərəh verən, tanıdığım Təzə kənd nümayəndəsinin çıxışı idi. Böyük natiqliyə malik olmayan bu kəndli özünəməxsus üslub və ifadə ilə Təzə kəndin halını təsvir edir və tezliklə məktəb açılmasını rica edirdi.

Məni maraqlandıran bu nümayəndənin nitqi deyil, onun mənsub olduğu Təzə kənd idi. Bu kəndi mən tanıyırdım. Bu, ən yazıq, ən əzilmiş və ətraf kəndlərin bəy-qoçularından çox əziyyət çəkmiş bir kənd idi. Bu nümayəndənin çıxışı mənim xatırıma Təzə kəndlilərin keçmişi ilə əlaqəli, hələ çocuqkən eşitmiş olduğum bir hekayəni xatırlatdı.

Bu hekayə, bu  gün eşitdiyim kimi yadımdadır. 

 

Yayın axırıncı ayı idi. Gecədən başlamış xəzri yatmışdı. Havada yayın cırhacırında olan bir istilik hiss olunurdu.

Atları və özləri yorulmuş Səmədbəylə, ona yoldaşlıq edən Baxşı kəndə doğru qayıdırlardı. Onları isti o qədər əldən və dildən salmışdı ki, bir-birilə danışmaq belə istəməyirdilər. Bunlar dovşan ovundan qayıdırdılar. Dün gecə xəzri başladıqda, işsizlikdən ürəyi darıxmış Səmədbəyi məşğul etmək niyyətiylə Baxşı ona dovşan ovuna getməyi təklif etmiş və Səmədbəy də razı olmuşdu.

Baxşı səhər tezdən at və itləri tədarük edib Səmədbəyi şirin yuxudan durğuzmuş və bərabər ova çıxmışdılar. Səmədbəy və Baxşı kəndin içərisindən keçəndə kəndlilər ayağa qalxıb Səmədbəyə təzimlə salam vermiş və ova çıxmasını yəqin edərək öz aralarında:

– Dovşan ovuna gedirlər... Dovşanın əsl vaxtıdır, – demişlərdi.

– Hətta ovçuluqla ömründə heç bir vaxt məşğul olmayan qəssab Məşədi Salman bunları ova gedən gördükdə demişdi ki, aşağı məndəcərlikdə çox dovşan var, oraya getsələr, rast gələrlər.

– Orada tülkü boyda dovşanlar var... İsrağa  gün çöldən, qoyun yanından qayıdırdım, ikisi qabağıma çıxdı... Elə bil tülküdür... Ora lap dovşan yatağıdır...

Baxışı bu yerləri bilirdi, ona  görə də dovşana rast gələcəyinə əmin idi.

Lakin üç saat davam edən axtarış bir nəticə vermədiyindən, ovçular əliboş qayıtmaq məcburiyyətində qalmışdılar. Bundan Səmədbəy artıq dilxor idi. Ovsuz qayıtmaq onu açmayırdı. Doğrudan da, bütün kənd əhli görmüşdülər ki, Səmədbəy ova çıxır; ovsuz qayıtdığını gördükdə, onlar onun ovçuluğu barəsində nə fikir edəcəklərdi? Bu məsələ Səmədbəyi məşğul edirdi.

Baxşının isə halına təfavüt etməyirdi. O:

– Ürəyini sıxma, başqa  gün taparıq da, tutarıq, – deyə Səmədbəyə təsəlli vermək istədi.

Səmədbəy cavab vermədi. O köynəyinin yaxasını açıb əlindəki ağ yaylıqla gah üz və boynunun tərini silir, gah da üzünü yelləyirdi.

Baxşı isə qırmızı qıraq yaylığını papağının altından başına salıb üzü və boynu üçün kölgəlik düzəltmişdi. Baxşının atı yabı olduğundan geridə qalırdı, ona  görə də Baxşı daima atını səsləyir və ayaqları ilə atın qarnına döyürdü. Birdən Səmədbəyin atı büdrədi və boynunu uzadıb əllərinə dayanaraq güclə özünü saxlaya bildi.

Atın büdrəməsi Səmədbəyi sükutdan çıxartdı:

– Şoğərib! Istəyir ki, ovun acığını indi ondan çıxardım... Çər dəymiş, nə üçün büdrəyirsən?

Geridə qalmış Baxşı Səmədbəyə:  

Heyvan nə eləsin! Isti onun da əhdini kəsibdir... yorulubdur! Qaldı ki, ov, onu demə. Atlar ona cavabdeh deyildir... Yenə itləri deyəsən! – dedi və atını səsləyərək Səmədbəyə yanaşdı.

– Necə ki? Bircə dovşana rast gəldik, onu da at hürkütdü. Kim bilir bəlkə at hürkütməsəydi, indi qoca dovşanı atın yanından asıb kişi kimi kəndin içindən keçəcəydik.

– O, itlərin  günahıdır. Bir az gec tərpəndilər.

Səmədbəy itləri xatırlayaraq, yan-dövrəsinə baxıb Baxşıdan sordu:

– Doğrudan da, bəs itlər hanı?

Hər ikisi dönüb geriyə baxdılar. Itlər görünməyirdi: Baxşı fit çalmağa başladı.

Uzaqdan görünən su quyusu ətrafındakı yaşıl söyüd ağaclarının yanından iki tazı sıçrayıb atlılara doğru yüyürdülər.

Günün istisindən onlar yəqin söyüd ağacı altında istirahət üçün əyləşmişlərdi.

Səmədbəy Baxşıya çiyni üzərindən: – Mən bilməyirəm ki, kəndin içindən necə keçəcəyik – deyə başını buladı və bir az sükutdan sonra davam elədi:

– Səhər ova gedəndə bizi görmüşdülər, indi də  görəcəklər. Bəli – tazı... filan ovçular qayıdırlar...Yol verin... Baxacaqlar ki, ov hanı... Bəli... Bomboş, başlayacaqlar ki, ovçular ovsuz qayıtdılar... Gəl gülməyə tamaşa elə...

Baxşı Səmədbəy dediklərini düşünür kimi fikrə getdi və bir az sonra söylədi:

– Belə bir yolla gedərik ki, bizi görən az olsun. Əgər olsa da bəlkə fikir vermədilər.

Səmədbəy razı olmaq istəməyirdi.

– Necə ki, fikir vermədilər, mən kəndliləri yaxşı tanıyıram... Üzdə bir söz deməzlər, amma ardımızca güləcəklər... Rişxənd edəcəklər... Bunu mən yəqin bilirəm.

Itlər çatdılar. Hər iki it əldən düşmüşdü. Zingildəyərək diqqətlə sahiblərinin üzünə baxdılar.

Durmaq vaxtı deyildi. Istidən bizim yerin təbirincə “ilan mələyirdi”. Səmədbəy atını səslədi. Bunu görcək itlər irəli atıldılar. Sonra bir az əylənib hər biri, bir atın kölgəsində yürüməyə başladı.

İrəlidə böyük bir yoxuş olduğuna  görə, kənd görsənməyirdi. Nəhayət, atlılar yoxuşa keçdilər.

Kəndin iki mərtəbə evləri, firuzə rənglə boyanmış eyvanları və kənd evlərinin ardından ucalan yaşıl ağaclar görsənməyə başladı.

Baxşı sağ əli ilə yan tərəfdə görünən yaşıllığı göstərərək dedi:

– Dünən danışdığım Təzə kənd bax o parçadır – çox da uca olmayan yaşıl ağaclar arasında əhənglə ağardılmış daxmalar görünürdü. Bu kənd barəsində Baxşı Səmədbəyə axşam verdiyi məlumatı təkrar söyləyirdi:

– Fəqir adamlardır. Dava-şava bilməzlər... Onlara baba uşaqları deyirlərdi. Dinc adamlardır. Zəhmət sevərlər. Gecə-gündüz çalışırlar... Arvadları yaxşı palaz və xalı toxuyurlar...

Bir az sükutdan sonra sözünə davam edərək:

– Amma çox qorxaq adamlardır. Öz kəndlərini tərk edib burada kənd salmışlardır... Iş bacarmaqlarına söz yoxdur... – dedi.

Bu sözləri deyə-deyə Baxşı güldü və artıq bir şey söyləmədi. Amma açıq görünürdü ki, bu kənd barəsində Baxşının başqa məlumatı daha vardır. Amma, Baxşı bu barədə danışmağı lazım görmədi.

Təzə kəndlilərin əhvalatını bilməyən yox idi. Ətraf kəndlilər hamısı Təzə kəndin macərasını eşitmişdi. Öz yurdları olan... kəndində yaşadıqda onların başına olmazın bəlalar gəlmişdi.

Bir tərəfdən pristav ağa, o biri tərəfdən kəndin qoçuları və qoçubazlıq edənləri onlara çox əziyyət etmişlər... Hər dəfə pristav qonaqlıq istəsəydi, kəndlilər ona əmlik quzu gətirməli idilər... Vay onda idi ki, əmlik quzu tapılmayaydı... Quzu üçün göndərilmiş yasavul eşitmək belə istəməzdi: – Bəy əmr eləyib kərək tapasınız, – deyə kəndlilərdən tələb edirdi.

Bu səbəbdən çoxları döyülürdü... Meyvə və yemiş əhvalatı daha maraqlı idi. Bağ və bostanların ən yaxşı meyvəsi pristavın evinə göndərilirdi; lakin birdən bir qovun (yemiş) və ya qarpız yaxşı çıxmasaydı, mərəkə qoparardı. Yemiş göndərmiş kəndlini çağırardı:

– Nəyə belə yemişi mənim üçün göndərirsən?

– Ağa, lap yaxşı və cins qovundur, pis çıxıbsa bilməyirəm.

Onda pristav yasavula əmr edərdi ki, yemişi kəndlinin başına vursun. Gərək də vurulaydı...

Kim nə söz deyə bilərdi? Əgər yeni dəyən meyvələrdən pristav üçün göndərilməsəydi kəndli dama salınacaqdı.

– Pristavı yadından çıxarıb, sal dama!

Yaxşı bir xalı və ya sumaq toxunmuş olduğunu pristav bilsəydi, dərhal gətirdib şəhərdəki tanış xanımlarına göndərəcəkdi. Əlbəttə, pristav ağa belə ittifaqlarda xalı və sumaqların bahasını verməzdi və bilirdi ki, versə də kəndlilər almayacaqlardır...

Kim cürət edib ondan bir xalının və ya bir sumağın qiymətini ala bilər.

Çox vaxt olurdu ki, kəndli özü pristavın əmri ilə xalını ata yükləyib şəhərə aparardı:

– Buyurun xanım, bu xalını pristavımız Cümşüd bəy göndərdi...

Qoçuların zülmü pristavınkından geri qalmazdı...

Qoçuların at oğurlamaq və adam öldürməklə məşğul olmalarına  görə Baba uşaqları onlardan daha artıq qorxardılar. Bundan əlavə, sonradan Baba uşaqlarla qonşu kəndin böyük dövlətli bir ailəsi arasında qız üstündə bir qanlılıq da törəmişdi...

Bu əhvalat Baba uşaqlarını düşündürürdü. Çox fikirləşdilər. Nə etməli idilər? Axırda dədə-babadan qalma bağ və evlərindən əl çəkib kəndlərindən çıxmaq məcburiyyətində qaldılar. Kəndlərindən uzaqda olan əkin yerlərində yeni kənd salmağa qərar verdilər... Təzə kənd odur. Baba uşaqları burada məskən salandan sonra N... kəndinin bütün fəqir kəndliləri buraya köçdülər. Indi burada asudə yaşayaraq gecə və gündüz çalışırlar.

Atlılar getdikcə öz kəndlərinə yaxınlaşırdılar... Kənarda görünən Təzə kəndin evləri ağarırdı... Hətta Təzə kəndin qırağında işləyən kəndlilər də görünürdü. Bu yəqin bağçı və xırçılar idi.

Ovçuların nəzərini sağ tərəfdən gələn bir atlı cəlb elədi. Iki qonşu zəmilərin mərzi uzunu salınmış cığır ilə gələn bu – zahirən kəndli idi. Bu da ovdan qayıdırdı. Çöllü atının hər iki tərəfindən dovşanlar ayaqlarından asılmışdı. Atlının ardınca arıq bir tazı da yüyürürdü.

Baxşı atını səsləyərək, irəlilədi və cığırın yola bitişdiyi yerdə atın cilovunu çəkib saxladı. Kəndli çatan kimi ondan:

– Haralısan, ay əmi? – deyə sordu.

Kəndli bu sorğuya cavab əvəzinə Baxşıya salam verdi və sonra:

– Təzə kənddənəm, qurbanın olum – dedi.

Səmədbəyin yetişməsinə  görə kəndli ona da təzim etdi.

– Salaməleyküm, bu vaxtınız xeyir olsun!

Səmədbəy kəndlinin salamını alıb ötdü. Baxşı və kəndli də onun ardınca atlarını sürməyə başladılar. Bir az gedəndən sonra Baxşı diqqətlə kəndliyə baxdı və başı ilə Səmədbəyə işarə edərək dedi:

– Ovqatı təlxdir. Dolaşdıq, dolaşdıq ov düşmədi... Dilxor oldu.

Bu sözlərlə Baxşı kəndlinin diqqətini Səmədbəyə cəlb etmək istəyirdi. Kəndli, Baxşının səzlərinə fikir vermədi, doğrusu mənasını anlamadı. Ona  görə də bir söz demədi.

Hər ikisi atlarını yan-yana sürürlərdi. Baxşı haman mövzuya qayıtmaq üçün başladı:

– Sənin dovşanlarını görüb daha da acıqlanacaq... Kim bilir, hirsini kimə tökəcək.

Kəndli bir şey anlamadı, fikrə getdi. Baxşı onun üzündəki qayğını duydu və birdən-birə təklif elədi:

– Gəl əmi, dovşanları bağla onun atının yanına.

Kəndli bu təklifi gözləməyirdi, ona  görə təəccüblə Baxşının üzünə baxıb sordu:

– Nəyə?

– A kişi, daha nə soruşursan. Bunu məgər tanımadın?

– Xeyr, qurbanın olum, nə tanıyıram?

Baxşı ahəstəcə dedi:

– Necə tanımayırsan? Buna sarı Səməd deyirlər. Məkər eşitməmisən. Sarı Səməd, sarı Səməd bax budur!

Kəndli sarı Səmədin kim olduğunu bilməyirdi. Belə bir adamın məşhur və məruf olduğunu da eşitməmişdi; lakin bir dəqiqədən sonra başına belə bir fikir  gəldi. Kim bilir, bəlkə sarı Səməd bir məşhur qoçu və bəydir. Azmı məşhur adam var ki, fəqir kəndlilər onların barəsində bir söz belə eşitməmişlərdir.

Kəndlinin sonrakı qədəmi bu fikrin nəticəsi idi. Atını qırmacladı. Səmədbəyə yaxınlaşaraq ardınca:

– Ay qardaşoğlu, bir az ayaq saxla... Ərzim var.

Səmədbəy atının cilovunu çəkdi, artıq təəccüblə  kəndliyə baxdı.

Kəndli tələsə-tələsə atdan düşdü və dovşanları öz atının yanından açıb Səmədbəyin atının yəhərinə bağlamağa başladı.

Səmədbəy bir şey qanmayırdı. Baxşı ona uzaqdan işarə ilə danışmamağı təklif etdi. Səmədbəy bir söz demədi. Kəndli isə sözsüz-söbətsiz dovşanları Səmədbəyin yəhərinə bağladı və sonra başını qaldırıb gülümsədi və ağ dişlərini göstərərək dedi:

– Bağışla, əvvəlcə tanımadım...  

Səmədbəy nə cavab verəcəyini bilməyirdi. Baxşı özünü yetirib Səmədbəyi çətin vəziyyətdən qurtardı.

– Bu bizim... Təzə kəndlidir... Dovşanları sənə bağışlayır, – dedi.

Kəndli boynunu çiyninə qoyub Baxşının sözlərinm təsdiq edər kimi Səmədbəyə baxırdı. Onun qırış üzündə xüsusi məlahəti olan bir təbəssüm var idi.

Bu təbəssümə qarşı Səmədbəy də gülümsədi və Təzə kəndlilər barəsində Baxşıdan eşitdiyini xatırladı və başını tərpədərək:

– Çox gözəl!.. Çox sağ ol, – dedi və sonra bir neçə başqa sözlər dedisə də, lakin heç kim başa düşmədi.

Kəndli sükutunu pozub:

– Allah ömür versin... Allah sizin kölgənizi bizim üstümüzdən əskik eləməsin – dedi.

Səmədbəy və Baxşı atlarını sürüb getdilər. Yolun tüstü kimi qalxan tozu onlarla kəndli arasında pərdə çəkdi. Bir az aralanandan sonra Baxşı Səmədbəyə:

– Gördün, bu Təzə kəndin camaatı hamı belə acizdir, – dedi.

Səmədbəy ondan: – “Necə oldu ki, o birdən dovşanları bizə verdi”, – deyə sordu.

Baxşı güldü və dedi:

– Daha üstünü vurma, ovumuz yaxşı oldu, yaman xamladım. Bu sarı Səməddir deyə səni nişan verdim. Yazıq özünü itirdi, qorxdu... 

 

Mən bu  gün kəndli nümayəndəsini dinlərkən bu əhvalatı xatırladım. Tənəffüs vaxtı haman dinlədiyim kəndli natiqi nümayəndələr arasında axtarıb tapdım. Mən ondan Təzə kəndin camaatı barəsində məlumat sordum. Xoşlandı. Sonra yuxarıdakı hekayəni ona nağıl elədim. Güldü və söylədi:  

– Əvvəl elə idi.. Amma indi yox! “Sarı Səməd” və ya başqa adamlarla qorxuzub başımızı aldada bilməzlər; Qoy indi gəlsinlər... Atalarını yandırarıq... biz indi özümüz hökumətik...

Kəndli nümayəndənin parıldayan gözlərində öz hüququnu anlaması, öz qüvvəsini düşünməsi hiss olunurdu...

Doğrudan da inqilabın hökmü və qüvvəsi böyükdür...


1928

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info