Qonaq Kitabı
Azadlıq üçün cinayət

Vilayət məhkəməsi qarşısında bir çox adam yığılmışdı. Özlərini yay günəşinin isti şüasından mühafizə üçün bu adamlar küçənin kölgə yerlərində durmuşdular. Bunlardan bəzisi ayaq üstə durmaqdan yorulub divar dibində çöküb oturmuşdu.

Bu gün kişilərdən daha çox arvad var idi. Arvadlar kişilərə qarışmamaq üçün ayrılmış və bir yana çəkilmişlərdi.

Arvad nədir, belə izdihamlı yer nədir? Lakin bu gün arvadları evdə saxlamaq mümkün deyildi. Aşura günündə şəbihə baxmağa gedən kimi bu gün də arvadlar məhkəmə binasının ətrafına toplanmışdılar. Kölgə yerlər kişilər tərəfindən “işğal” olunduğundan, arvadlar al günün altında gözləmək məcburiyyətində qalmışdılar. Amma günəşin baş ağrıdan istiliyini, deyəsən heç də hiss etməyirlərdi. Onların bütün diqqətləri məhkəməyə həsr olunmuşdu. Bəlkə üz və əndamlarını kişilərin naməhrəm gözlərindən mühafizə edən çadra, onları günəşin baş deşən şüalarından saxlayırdı?.. Hər halda günəşin istiliyini duymayırdılar; çadralarına bürünüb qır səki üzərində oturmuş və gözlərini məhkəmə qapısına dikmişdilər.

Bu izdihamın məhkəmə qarşısına toplanmasına səbəb məhkəmədə baxılan işin maraqlı olması idi. Bu hələ öz-özündən aşkar olurdu: hər kəsin yolu bu gün məhkəmə yanından düşsə idi, anlayacaqdı ki, məhkəmədə böyük və maraqlı bir işə baxılır.

Həqiqət halda da dörd gün davam edən məhkəmə, mühitimizdə az-az təsadüf edilən, amma əsası yaşayışımızın dərinliklərinə kök aparan, bir işə baxırdı.

Bu iş bir o qədər məşhur olmayan Məşədi Qulamın öldürülməsi işi idi. Adam öldürmək bizdə o vaxt adi bir hadisə kimi tələqqi edildiyindən, Məşədi Qulamın öldürülməsi heç kəsin diqqətini cəlb etməməli idi. Bu izdihamı da buraya cəlb edən və xüsusən çadralı arvadları məşğul edən heç də Məşədi Qulamın qətl edilməsi deyildi. Məhkəmə qarşısına toplananlar bu işin baş qəhrəmanı ilə maraqlanırdılar. Işin qəhrəmanı isə arvadların yaxşı tanıdıqları Cavahir xanım idi.

Cavahir xanımı adam öldürmək kimi böyük bir cinayətə vadar edən nə idi? Bunu bilmək üçün Cavahir xanımın həyatı ilə qısaca aşna olmalıdır. 

 

Cavahir xanım nalbənd Məşədi Qulunun beş qızından biri idi. Nalbənd Məşədi Qulunun iki arvadı var idi. Birinci arvadından Məşədi Qulunun dörd  qızı olmuşdu. Onlardan biri çocuqkən ömrünü ata-anasına bağışlamışdı. Cavahir ən kiçiyi idi.

Nalbənd Məşədi Qulu bir praktik kişi olduğu üçun arvadına deyərdi:

– Qocalanda bizim qolumuzdan tutmaq üçün bizə bir oğul lazımdır.

Ərinin diləyini vücudə gətirməyi özünə müqəddəs vəzifə edən arvad ərinə bir oğlan bəxş etmək istəmiş və bütün dua yazan mollalara, eşitmiş olduğu və bilmədiyi pirlərə müraciət etmişdisə də, ancaq nə mollaların yazdıqları dualardan və nə də pirlərə verilən nəzirlərdən bir şey hasil olmuşdu.

Dua və niyazdan bir nəticə çıxmadığını görən Məşədi Qulu ikinci arvad almaq sevdasına düşmüş və birinci arvadının yaxından iştirakı ilə ikinci dəfə evlənmişdi.

Lakin oğlan doğmaq üçün alınmış bu arvad da Məşədi Qulunu razı sala bilməmişdi. Bu da yenə qız doğmuşdu. Istək və arzusuna nail ola bilməyən Məşədi Qulu da öz bəxtindən şikayət edərək:

– Nə edək? – Mən dövlət axtarıram, dövlət məndən qaçır, görürəm bu dünya mənimlə müdarə etməyir, – deyirdi.

Arvadlara gəldikdə, oğlan doğmadıqlarına görə özlərini müqəssir hesab edir və Məşədi Quludan xəcalət çəkirlərdi.

Məşədi Qulunun böyüməkdə olan qızları arasında  Cavahir ən gözəl idi; uzun kirpikli, qara gilas gözləri, buğdayı üzünün al yanaqları, balaca ağzının sədəf dişlləri onun bir vəcihə olduğunu göstərməkdə idi.

Qızlar böyüyərkən, elçilər də Məşədi Qulunun qapısını tanıdılar. Bir-birinin ardınca gələn elçilərin bir çoxu Cavahir xanımı seçirdilər. Lakin Məşədi Qulu da ata-baba qoyan yoldan çıxmaq istəməyirdi; o da qızlarının əvvəlcə böyüyünü, sonra da növbə ilə kiçiklərini ərə vermək adəti idi.

Məşədi Qulu bu köhnə qaydaya riayət edənlərdə olduğu üçün, Cavahiri istəyənlərə böyük arvadı vasitəsilə:

– O qızım kiçikdir, əvvəlcə ondan böyüyünü köçürmək istəyirəm” – cavabını verirdi.

Elçilər də Məşədi Qulunun bu rəyinə tabe olaraq böyüyünü “alırdılar”.

Bizim Məşədi Qulamın elçiləri Məşədi Qulunun fikrini biləndən sonra Məşədi Qulama xəbər vermiş, o da bu barədə çox düşünməyib demişdi ki, Cavahiri gözləməyə razı və hazırdır...

Məşədi Qulam tələsməyirdi. Cavahirin yaşı az olduğunu bilirdi. Qızın on üç yaşı var idi.

 Məşədi Qulam gözləməyə razı oldu və gözləyib də axırda Cavahiri aldı.

Atası evində günülük yaşayışının şahidi olan Cavahiri ər evində xoşbəxt həyat gözləməyirdi.

Iki dəfə evlənib, arvadını boşamış qırx yaşlı Məşədi Qulamın evində gənc Cavahirin həyatı müstəsna olaraq yaxşı keçməyəcəkdi. Cavahirin məşəqqət və zillət günləri də bundan başlandı.

Məşədi Qulam ev daxilində çox tündməcaz idi. Bir çox pis adətlərindən biri də arvad döymək idi. Bundan ötrü əsaslı bir səbəb də axtarmazdı. Arvadın balaca bir xətası döymək üçün bəhanə ola bilərdi. Çay gec oldumu xörək isti verildimi, bozbaş bir az şor oldumu arvad döyüləcəkdi. Hətta özü gizlədib yerini unutduğu bir şeyi tapmayanda arvad müqəssir olacaqdı.

Xüsusən sabah-sabah Məşədi Qulam əl-üzünü yuanda çox vaxt iş, Cavahirin döyülməsi ilə qurtarardı. Onun da səbəbi bu idi: Məşədi Qulam qış günlərində hər gün əl-üzünü isti su ilə yuyardı. Suyu Cavahir səhərdən hazırlayırdı. Lakin bir dəfə də olsun əlinə tökülən su Məşədi Qulamı razı salmayır, qane etməyirdi. Suyun gah soyuq və gah istiliyindən narazı olaraq yaş əlləri ilə Cavahirin başına ölçərdi.

Cavahirdə nə qədər səbr var imiş ki, belə dəqiqələrdə heç bir söz deməyir, ancaq gözlərinin yaşını baş yaylığının ucları ilə qorxa-qorxa silərdi.

Üç il Cavahir ər evindəki zülmə tabe oldu. Bəzən təngə gəlib ərindən çıxmaq fikrinə düşürdü. Lakin ərindən çıxdıqda nə edəcəkdi? Atası evinəmi qayıdacaqdı? Oradakı faciəli yaşayışı bir dəfə keçirmişdi. Orada ata öz qızlarından bezar idi. Anası ilə analığı arasında günülükdən doğan daimi narazılıq yaşamaq üçün qəbul edilməyəcək şərtlər törədirdi. Atası evindəki yaşayış da onu təmin etməyəcəkdi.

Məşədi Qulamın talaq məsələsini aralığa qoymaması və hətta o barədə eşitmək belə istəməməsi, Cavahirin ərdən çıxmasını daha artıq çətinləşdirirdi. Bunların hamısını Cavahir balaca başında düşünür və ərinin zülmünə təhəmmül edərək, qalırdısa da, getdikcə səbr kasası dolurdu.

Bir fəqərə Cavahirin səbrinə intiha verərək, ər evindəki həyatının axırıncı pərdəsini yaxınlaşdırdı. 

 

Axşam zamanı idi. Payızın rütubətli havaları başlanmış olduğundan soyuqluq hiss olunurdu. Yarpaqları tökülmüş ağacların başında oturan qarğaların çığır-bağırı ətrafı səs və küylə doldurmaqda idi.

Bir gün Məşədi Qulam həmişəki vaxtından bir az  tez qayıtmış və Cavahiri evdə tapmadığından artıq acıqlanmışdı:

– Axşam vaxtında da küçələrdən əl çəkməyir.

Cavahir böyük bacısının yanına getmişdi və orada tanıdığı bir neçə arvadlara rast gəlmiş və söhbətləri uzanmış olduğundan gecikmişdi.

Məşədi Qulam çox yaxşı bilirdi ki, Cavahir az-az evdən çıxır. Ancaq bunu bilə-bilə artıq açıqlanmasının səbəbi yanında qonağı olması idi. Məşədi Qulamın qonağı 15-16 yaşında bir oğlan idi.

Şərq aləmində Məşədi Qulam kimi müsəlman kişilərin cavan oğlanlarla “dostluq” və “dilxoşluq” etməsi məsələsi haqqında təfsilat yazmaq tamamilə artıqdır... Kim bu məsələni bilməyir?..

Hirslənib qəzəb atına minmiş Məşədi Qulam Cavahirin yolunu gözləyirdi. Qayıtdığını görüncə çığırmağa başladı.

– Bu vaxtadək hansı cəhənnəmdə idin?  Kim sənə ixtiyar verib ki, evi başlı-başına buraxasan... Namərdəm əgər səni həlak etməsəm... Gör, bax, atanı yandıracağam...

Yanındakı qonağını otağa dəvət edib, özü yenə arvada yaxınlaşıb sordu:

– De görüm, bu vaxtadək harada idin?

– Mən hələ...

– Mən hələ-belə bilmərəm, – deyə Məşədi Qulam məlumat vermək istəyən Cavahirin sözünü kəsib “döşəməyə” başladı. “Az döydüsə – şirin döydü”, axırda da yorulub durdu və yerə yıxılmış Cəvahirin qara hörüklərini əlinə dolayıb bihuş arvadı qapıya doğru sürüdü.

Bir az durub baxandan sonra alnının tərini açılmış qurşağının ucu ilə silib, otağa keçdi və heç bir şey olmamış kimi, orada oğlanla xüsusi söhbətə məşğul oldu.

Cavahir ayılandan sonra otaqdan ərinin səsini eşitdi, şirin söhbət və mazağ davam edirdi... Özünü yorğun və naxoş hiss edən Cavahir, bu rəzalətə dözə bilməyəcəkdi: səbr kasası dolub daşırdı.

– Yenədəmi belə davam edəcək? – Bu sual Cavahirdən cavab tələb edirdi...

Cavahir çox da fikir eləmədi. Ayağa qalxdı, titrək əlləri ilə düyünçəsini axtarıb kiçik bir qovluq tapdı və içindən qəzet kağazına bükülmüş bir şey çıxartdı, sonra cibinə qoydu...

Zənn edirdi ki, onun yaşayış məsələsini, yəni keçirməkdə olduğu zillət və əziyyətləri bitirmək işini, cibində gizlətdiyi və qəzet kağızına bükülmüş kirşana bənzər zəhər həll edəcəkdir...

Cavahir düşünürdü...

Qarşısında iki yol var idi.

Biri öz ömrünü tamam eləmək və bu qayda ilə birdəfəlik bütün zülm və qubardan xilas olmaq idi... Bu yol asan idi. Gündən-günə gözə görünməyən və ancaq hiss edilən zəhərlə ömrünü ər evində zəhərlətmək əvəzində təbii zəhərin qəti nəticə verəcək miqdarını bir dəfəlik içmək çətin deyildi. Məşədi Qulamın ona içirməkdə olduğu zəhəri qəbul etmək daha ağır idi. Lakin bu, Cavahirdən ötür artıq yaşamamaq və bu vaxtadək keçirmiş olduğu zülmün əvəzini qaytarmamaq demək idi.

Ikinci yol isə Məşədi Qulamın ona vermiş olduğu zəhərin əvəzini əda eləmək və Məşədi Qulamın vəhşiliyini bitirmək idi. Bu çətin idi. Buna daha artıq qüvvə, daha böyük cürət lazım idi.

Cavahir indi asanca düşünə bilməyirdi. Intihasız, açıq, dərin hirs onu düşünmək və fikirləşməkdən aciz edirdi. Gözləri qarşısında onun bütün hüququnu tapdamış Məşədi Qulam yırtıcı heyvan şəklində təcəssüm edirdi. Ona düşməncəsinə münasibətdən başqa – Cavahirin ayrı bir münasibəti ola bilməzdi. Necə oldusa məlum deyil, ancaq Cavahir ikinci yolu seçmək qərarına gəldi.

Ömrümü zəhərləmişdir, qoy indi mükafatını alsın, – deyə Cavahir xanım cibindəki qəzet kağızına bükülmuş zəhəri titrəyə-titrəyə çıxarıb Məşədi Qulamın çayına tökdü.

Məşədi Qulam çayı içdi və bir azdan sonra qarnını tutub yerə yıxıldı... Bir saat otağın içində o yan-bu yana süründü, üzü saraldı və sonra göyərməyə başladı. Gözləri axdı... Məşədi Qulamın “qonağı” əhvalatı belə görüncə, tez həkim ardınca getdi. Amma həkim gəlib kişinin öldüyünü xəbər verdi.

Cavahir özünu azad hiss etməklə bərabər bütün təqsirini də düşünürdü.

Məşədi Qulam öləndən sonra Cavahir polisə gedib cinayətini söylədi.

– Tab edə bilmədim. Üç il o məni zəhərlədi. Indi də mən əvəzini verdim, – deyə Cavahir Məşədi Qulamı zəhərlədiyini boynuna aldı. Həmin gündən sonra Cavahir müstəntiqin tələbi üzrə həbs edildi.

Bu əhvalatdan sonra şəhərdə başqa bir danışıq yox idi. Bütün söhbətlər Cavahirin öz ərini zəhərləməsi ətrafında idi. Hər kəs bacardığı dairədə bu işi təhlil edib rəyini söyləyirdi.:

– Yəqin, başqa ərə getmək istəyirmiş– bəlkə də Məşədi Qulam talaq verməyib, o da kişini zəhərləmişdir..

– Bəs onda niyə özü gedib divana məlum edibdir?

– Onu qan tutubdur...

Bəziləri başqa məna verirlərdi:

– Yəqin, Məşədi Qulamın “uşaq qonaq” gətirməsi arvadın xoşuna gəlməyirdi.

– Xeyr, deyirlər ki, Məşədi arvadı çox döyürmuş, çox da əziyyət verirmiş...

– Bu deyil!.. Məgər arvad döyülə bilməz? Hər bir arvad bilir ki, ər evində döyüləcək, bundan belə nəticə çıxmaz!..

Başqa cür danışanlar da var idi. O da arvadlar idi. Arvadlar onun qeyrətini bəyənirdilər.

– Qoy kişilər bilsinlər ki, biz arvadlar da həmişə qul olub onların əsiri olmayacağıq.

– Döyərsən, əziyyət verərsən... candır, təngə gələr.

– Afərin olsun... yazıqdır, nəzir demişəm ki, işi avand olsun...

Bu söhbətlər məhkəmə gününədək davam etdi. Məhkəmə başlandıqdan sonra bu işlə maraqlananlar sabahdan məhkəmə qapısını kəsib oturdular.

Əvvəlcə məhkəmə iclasının açıq olacağı zənn olunurdusa, sonra vəkillərin təvəqqelərinə görə, məhkəmə bağlı keçdi. Ona görə də qadın və erkəklər məhkəmə salonunda deyil, məhkəmə binası qarşısında durmaq məcburiyyətində qalmışlardı. 

 

Məhkəmənin qapısı açılıb, örtülürdü. Qoltuqlarında kağız qovluğu və ya portfel olan çinovniklər, vəkillər girib çıxırdılar. Hərdənbir məhkəmə mirzələri və dilmanclardan biri görünən kimi, məhkəmə qarşısında duran kişilərin bir neçəsi ona yanaşıb əhval sorurlardı. Ancaq məhkəmə salonundan bu qayda ilə çıxan kəsik-qırıq xəbərlər heç kəsi təmin edə bilməyirdi. Hər gün Cavahiri məhkəmədən həbsxanaya və həbsxanadan məhkəməyə aparıb gətirəndə qadın və kişilər bir-birinə qarışaraq onu görməyə çalışırdılar. Arvadlardan bəzisi Cavahiri soldatlar mühafizəsi altında gördükdə ağlar, Cavahiri oxşar və soldatları qarğışlardılar.

– Gün görməyən canına qurban, ay bacı!  

– Ay sizin sıyırma qılıncınız yanınıza düşsün! Şil olasınız!

– Can, can, ay bədbəxt cavanəzən!..

Bu dəqiqələr ən ciddi və maraqlı hesab olunurdu.

Axşamçağı məlum oldu ki, Cavahiri yenə dindirmişlər və o demişdir: “Ərə gedən gündən Məşədi Qulam mənim ömrümü zəhərləməyə başladı. Bacardıqca dözdüm, təngə gəldim, davam edə bilmədim, axırda mən də onun mənə vermiş zəhərlərinin əvəzini birdəfəlik özünə qaytardım... Mənim taqsırım budur ki, onun kimi döyməyə qüvvəm yoxdur, danışmağa ixtiyarım... Məndən başqa nə qədər arvadları gündə döyür, söyürlər, ixtiyarları alınıb tapdalanır, yaşayışları zəhərlənir, axırda vərəmləyib ölürlər... Bəs nə üçün bu məhkəmə o arvad döyənləri və zəhərləyənləri taqsırlandırmayır...”

Sadəlövh arvadlar Cavahirin bu cavabından xəbərdar olandan sonra güman edirlər ki, Cavahirin taqsırını bağışlayıb, onu tamamilə azad edəcəklərdir.

Lakin məhkəmə qadınların  hüququnu müdafiə əsasını rədd edib, Cavahiri müqəssir hesab etdi və ona səkkiz il iş kəsdi. 

 

Çar  hökuməti yıxılandan sonra Cavahir həbsxanadan çıxdı.

Belə danışırlar ki, həbsxanaları təhqiq edən komissiya Cavahirdən:

– Sizi nə işə görə həbs etmişlərdir? – deyə sorduqda, Cavahir ağarmış saçlarının üzünə tökülən tellərini əli ilə qulağının ardına çəkib söyləmişdir:

– Mən zülm etmiş və pis-pis əməl sahibi olan zalım və qəddar kişimə zəhər verib, özümü azad etmək istəmişdim. Məhkəmə taqsırlandırıb səkkiz il iş kəsmişdir.

Komissiya Cavahiri azad etmiş və bu gündən Cavahir yenidən yaşamağa başlamışdır.

Oktyabr inqilabından sonra Cavahir qadınlar arasında çalışmaq üçün istədiyi zəminəni tapdı. O gündən bəri Cavahir qadınlara məxsus təşkilatlarda Şərq qadınının azadlığı yolunda işləyir.

Qadınlar onu çox sevirlər. Onun qadın azadlığı barəsində söylədiyi yanıqlı nitqlərini arvadlar eşq və həvəslə dinləyirlər. Mübarizəyə hazırlamaq istədiyi gənc qadınlara Cavahir özünün keçmiş həyatından söylədikdə, həmişə:

– Siz xoşbəxtsiniz ki, indi Şura hökuməti kimi sizin hüququnuzu müdafiə edən vardır, – deyir və sonra əlavə edir: – Bu  hüquq və azadlığı sizə Oktyabr inqilabı vermişdir. Bunu da həmişə xatırınızda saxlamalısınız!..


1927

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info