Qonaq Kitabı
Ağanın kənizi

1

Saat iki radələrində idi. Kərbəlayı Xəlil dükanında oturub çöllülərdən almış olduğu yağ barəsində düşünürdü. Birdən teleqrafçı daxil olub Kərbəlayı Xəlilə bir teleqram verdi. Kərbəlayı Xəlil əvvəlcə teleqramın bir üzünə, sonra o biri üzünə diqqət verdi, amma imzalamaq lazım olan kağızı tapmadı və sual baxışı ilə teleqrafçıya tərəf baxdı. Teleqrafçı verdiyi teleqramı Kərbəlayı Xəlilin əlindən geri

aldı və içindən balaca bir kağız çıxarıb Kərbəlayı Xəlilin qabağına qoydu.

– Buna qol çəkiniz, – dedi. Kərbəlayı Xəlil rusca savadsız olduğundan, imza yerini tapa bilmədi və yenə teleqrafçının üzünə baxdı. Teleqrafçı başa düşüb, imza qoyulan yeri barmağı ilə Kərbəlayı Xəlilə göstərdi. Kərbəlayı Xəlil pul sandığından bir karandaş çıxarıb, teleqrafçı verdiyi kağızı türkcə imzaladı və teleqrafçıya qaytararaq, iki şahı da pul verdi.

Teleqrafçı xudahafiz edib getdi. Kərbəlayı teleqramı açıb baxdı. Sonra yenə teleqramı büküb əlində saxladı və düşünməyə başladı. Kərbəlayı Xəlil indi teleqramın kimdən ola biləcəyini fikirləşirdi: “Yəqin ki, bu teleqram Urusyetdəndir”. Kərbəlayı Xəlilin “Urusyet” deyə fikir etdiyi “Qroznı” şəhəri idi ki, oğlu Əsəd oraya mal almağa getmişdi.

Lakin Kərbəlayı Xəlil bu fikrin üstündə çox durmadı və tez fikrini dəyişdi:

“Bəlkə Həsən əminin student oğlundandır”.

Doğurdan da bir gün əvvəl Həsən əmi Kərbəlayı Xəlilin yanına gəlib söyləmişdi ki, oğlunu Moskvaya yola salanda teleqram vermək lazım olarsa, Kərbəlayı Xəlilin ünvanına göndərməyi tapşırmışdır.

“Birdən zəvvarlardan ola bilər”. Kərbəlayı Xəlil bu fikirdə ikən, dostu Məşədi Xudaverdinin oğlu içəri daxil olub salam verdi. Bu da rusca bilməyirdi.

Kərbəlayı Xəlil ona:

– Bir rusca bilən olsaydı, bu teleqramın məzmununu bilərdik, – dedi. Bunu eşitcək Məşədi Xudaverdi oğlu teleqramı alıb tez bayıra çıxdı.

Belə işlərdə Məşədi Xudaverdi oğlunun heç əvəzi yox idi.

Iki dəqiqədən sonra Məşədi Xudaverdi oğlu əlində teleqram gülə-gülə qayıtdı.

– Muştuluğumu verməsəniz, deməyəcəyəm.

– De görüm, muştuluğun gəldi!..

– Teleqram Məşədi Mürsəldəndir.

Bunu eşidən Kərbəlayı Xəlil dig ayağa qalxdı və təkrar eşitmək üçün:

– Nə, kimdəndir? – deyə sordu.

Məşədi Xudaverdi oğlu təkrar etdi.

Məşədi Mürsəl Kərbəlayı Xəlilin yeznəsi idi. Xorasana ziyarətə getmişdi və özündən də çoxdan bəri kağız və xəbər yox idi.

– Bəs nə yazır? De görüm!

– Yazır ki, çərşənbə günü Təzəşəhərdən çıxacağam.

Kərbəlayı Xəlil şəhadət barmağını əvvəlcə alnına tərəf uzadıb, sonra üst dodağı qarşısında saxladı və ahəstəcə:

– Demək ki, məşədilər sabah gəlirlər, sabah buradadırlar.

– Allah qoysa, inşallah!

– Ay kişi, biz ki, heç hazır deyilik...

 

2 

Kərbəlayı Xəlilin birinci vəzifəsi o idi ki, aldığı teleqramın məzmunundan Məşədi Mürsəlin arvadını, yəni öz bacısı Xavərnisəni xəbərdar etsin. Ona görə Kərbəlayı Xəlil artıq durmayıb tez dükanını bağlayıb və bacısının yanına yollandı.

Həyət qapısından daxil olcaq, Kərbəlayı Xəlil mətbəxin qapısını açıq gördü və o idi ki, bir baş mətbəxə doğru getdi.

Xavərnisə bu gün oruc tutmuş olduğundan, axşam üçün iftar tədarükü görürdü. Bir dəqiqə əvvəl soyulmuş soğanın acısından gözləri yaşarmışdı.

– Ay bacı, daha ağlama, gözün aydın, Məşədi Mürsəldən tel var.

– Şad xəbər olasan. Ağlamayıram, soğan şoğəribin acısıdır ki, gözlərim yaşarmışdır. Bəs nə yazır? Harada qalmışdır? Haçaq gəlir?

– Sabah axşamçağı paraxodla gəlir. Daha durma, hazırlaş, vaxt yoxdur...

– Balam, belə nə üçün? Mən ki, heç bir şey hazırlamamışam.

– Daha o vaxt deyil. Gərək sabahadək hazırlayasan. Söylə nə lazımsa, bu saat bazardan alım göndərim. “Yoldaşların” bərəkətindən çavuş-zad da ki, çağıra bilməyəcəyik.

Xavərnisə belə işlərdə bacarıqlı hesab olunurdusa da, amma qardaşı arvadı və bacıları ilə məsləhət etməksizin heç bir iş görməzdi. Hər dəfə onları çağırıb məşvərət edərdi. Indi isə iş tələsik olduğundan özü öz başına həll etməli idi. Xavərnisə düşünərək qardaşına:

– Unumuz var, – dedi. – Südlü çörək bişirmək üçün yağ, yumurta və süd lazımdır; sabah axşam xörəyi tədarük etmək də lazım olacaqdır. Ət də gərək alınsın.

Kərbəlayı Xəlil bacısına dedi ki, bu gün yağ, yumurta və süd göndərər, əti də qəssaba sifariş edər, sabah səhərdən o da hazır olar. Sonra dükanını bağlı qoyduğunu bildirib, tez xudahafizləşib qayıtdı.

Dükanına gəlcək, Kərbəlayı Xəlil vəd etdiyi yağı, yumurtanı öz dükanından və südü də qonşuluğundakı qatıqçıdan alıb, tanış hamballa Məşədi Mürsəlgilə göndərdi və öz evinə də xəbər verdi ki, Məşədi Mürsəldən tel var, sabah gəlir. Kərbəlayı Xəlilin arvadına bu xəbər çatan kimi Xavərnisəyə göz aydınlığı vermək və kömək etmək üçün oraya getdi.


3

Axşamçağı Xavərnisənin üç bacısı, qardaşı, Kərbəlayı Xəlilin arvadı və qonşularından Tükəzban xala, çörəkçi Gülnaz cəm olub hazırlığa başlamışdılar. Hərə bir iş görürdü; bir yanda xəmir yoğurulur, bir yanda yumurta çalınır, o biri yanda süd qaynadılır, bu biri tərəfdə sabah xörəyi üçün düyü arıdılırdı. Xavərnisə gah bayıra çıxır, gah evə daxil olurdu və işə məşğul olan arvadların söhbətində ara-sıra iştirak edir və bəzən onlara dəsturiləməl verirdi.

Bu gün burada hər barədə söhbət var idi. Çörəkçi Gülnaz molla Abuturabın axırıncı moizəsindən danışırdı:

– Keçən cümə molla Abuturab behiştdən və cəhənnəmdən bəhs etdi. Vay bizim halımıza ki, dünyada bir savab qazanmadıq ki, cəhənnəm odundan xilas ola bilək.

– Sən nə üçün qorxursan, ay arvad? Həmişə ağzın duada, cümələr məsciddə, namazda... Biz gərək ağlayaq ki, nə məscidə gedə bilirik, nə də dua və sənaya vaxtımız qalır. Allah bilir ki, bu ev işindən heç gözümüz açılmayır.

Bu sözü söyləyən Xavərnisənin kiçik bacısı idi ki, ərinin köhnə arvadından qalan iki uşağını saxlamasına işarə edirdi. Bunun sözünü kəsərək, Tükəzban xala soruşdu:

– Bəs bu klublardakı arvadların barəsində axund nə dedi?

– Ay qız!.. Hər axşam arvadlar gəlirlər, üzləri açıq, qısa yubka... deyirlər ki, hamısı kluba yazılıbdır, oyun çıxarırlar. Axşam ki olur, musiqi çalınır, əl vurulur, bir kef, gəl görəsən... 

– Bizim qonşudan da Rubabənin qızı gedir... Deyir mən dərs oxuyuram... – Bunu söyləyən Xavərnisənin böyük bacısı dodaqlarını büzüb başını tərpətdi.

– Rubabənin qızını, deyirlər, veriblər.

– Hələ üzük gələcək; gündə oğlan gəlir, qolbaqol olub teatra gedirlər.

Tükəzban xala davam etməyib:

– Bəsdir, ay arvad, onların sözünü danışarsan, biz də kafir olarıq. Cəhənnəm onlar üçündür... Göstər kərəmini, ey imami-qərib!..

Çörəkçi Gülnaz üzünü Xavərnisəyə tutub dedi: 

– Bəxtəvər olsun Məşədi Mürsəl, imami-qəribin qəbrini ziyarət etdi... Müsəlmanlıq da oradadır. Getdi də – sabah da inşallah gəlir... Ay Xavər, Məşədi Mürsəl qərib ağanın kərəmindən danışar, sən də qulaq asarsan. Axund deyir ki, imam söhbətinə qulaq asmaq, imamlardan danışılanı eşitmək – böyük ibadətdir. Nə qədər savabı var...

– Söhbət ayrı, görmək bir ayrı... Gərək özün görəsən, imamın kandarını öpəsən, – deyə Xavərnisə qəlbinin istədiyi, ziyarət olduğunu əlavə etdi.

Bu söhbətlər işin gedişinə heç bir məmaniət göstərməyirdi. Işlər birər-birər əldən çıxırdı.

Xəmir yoğurulmuşdu. Düyü təmizlənmişdi. Indi xəmirin yetişməsinə müntəzir idilər. Xavərnisə evi yığışdırıb, boğçaları sahmana gətirib də süfrələri hazırlayırdı.

Axşamdan keçmişdi. Birdən Xavərnisənin iftar etməmiş olduğu yadına düşdü.

– Ay qızlar, samavarı içəri gətirin, mən ki, iftarımı açmamışam.

– Bax gör kişini nə qədər sevir ki, iftar yaddan çıxmışdır, – deyə Tükəzban xala zarafat etdi. Arvadlar gülüşdülər. Xavərnisənin kiçik bacısı və qardaşı arvadı samavarı içəri gətirib çay hazır etməyə məşğul oldular. Bir azdan sonra arvadlar, yenə şirin söhbət edərək, çay içirdilər.


4

Körpüdən verilən məlumata görə paraxodlar Təzəşəhərdən axşam saat 5-6 radələrində gözlənirdi.

Kərbəlayı Xəlil yeznələri ilə, Məşədi Xudaverdi oğlu və bir neçə yaxşı qohum və dost saat üçdən Məşədi Mürsəlin gəlməsinə müntəzir idilər.

Körpüdə izdiham çox idi. Buranın özünəməxsus səs və küyilə bir gecikmiş paraxodu yola salırdılar. Hamballar qaça-qaça ağır tayları vapor içərisinə aparıb, çaparaq geri qaçırdılar və bu arada qarşılarında duranları xəbərdar etmək üçün: “Ya Allah, xəbərdar”, – deyə çağırırdılar. Paraxod adamları o yan-bu yana yüyürərək əmr verirdilər. Bir neçə dəqiqədən sonra bu paroxodun yüklənməyi tamam olduqda, paraxod yavaş-yavaş körpüdən ayrılmağa başladı.

“Salamat yol, salamat yol!” sədası bülənd olub ətrafa yayıldı. Körpü bir az sakit oldu; səs və hay-küy, çığırıq kəsildi. Camaat get-gedə azaldı.

Bu gün hava çox sakit idi. Günün axır şəfəqləri ahəstəcəsinə ləpələnən suya düşüb, onda bir xüsusi gözəllik vücuda gətirirdi... Dəniz üzərində burada-orada bir çox yelkənli və yelkənsiz lotkalar görünürdü. Bu lotkalarda şəhər əhli, bilxassə gənclər və məktəblilər dənizi seyr edirlərdi...

Təzəşəhərdən gələn paraxodun tüstüsü çox uzaqdan görünməyə başladı. Zəvvarları gözləyənlər gözlərini haman tüstü tərəfə tutub, səbirsiz gözləməkdə və söhbət etməkdə idilər.

Kərbəlayı Xəlil və Məşədi Xudaverdi oğlu keçmiş zamanda zəvvarların nə sayaqla pişvaz olduqlarından danışırdılar.

– Belə zəvvar gözləməzlər... Bu “yoldaşların” bərəkətindən belədir... Hər şeyə əl atdılar... Hər şeyə bir ad qoydular...

Kərbəlayı Xəlilin bu sözlərini təsdiq edən Məşədi Xudaverdi oğlu başını tərpədib:

– Bəli, çavuş olardı, qurbanlar kəsilərdi... Ah, – dedikdə, Kərbəlayı Xəlil onun sözünü kəsərək dedi:

– Salavat, salavat, – deyə-deyə çavuş qabaqda, onun dalınca zəvvar onda bütün əhli-Quran və əhli-imam da bilirdi ki, ağanın ziyarətindən qayıdan var... Amma heyif ki, indi o günlər keçdi... Nə çavuş var, nə qurban. Mən qurban kəsmək istədim. Mən Kərbəladan gələndə Məşədi Mürsəl kəsmişdi. Mənim də borcumdur... Amma nə edəsən ki, “yoldaşlar”...

– Adlarını çəkmə...

– Hələ belə də qəbul olur. Ağanın özünə bu işlər əyandır.

– Orasında kimin nə sözü ola bilər?..

Bu hində paraxod yaxınlaşırdı. Paraxodun yaxınlaşmasına görə körpüdə hərəkət artdı. Körpü və paraxod xidmətçiləri, hamballar cəm olmağa başladılar. Axirül-əmr paraxod çatdı və çox asanlıqla körpüyə yan aldı. Burada paraxod içindəki xidmətçilər, xüsusən, baş komandir və başqaları öz məharətlərindən razı qalar kimi, hər tərəfə baxıb gülümsəyirdilər. Paraxodda olan gənc müsafirlər: “Mərhəba, mərhəba!” – deyə paraxod komandirini və yoldaşlarını alqışlayırdılar...

Sərnişinlər bir-bir paraxoddan çıxmağa başladılar. Məşədi Xudaverdi oğlu Məşədi Mürsəli görüb:

– Məşədi Mürsəl... Odur, baxın, Məşədi durur, – deyə yoldaşlarına göstərməyə başladı.

Məşədi Mürsəl başqa sərnişinlərlə bərabər paraxoddan çıxmağa növbə gözləyirdi. Kərbəlayı Xəlil tələsdi və paraxoda getmək istədisə də, lakin körpü xidmətçilərindən biri ixtiyar vermədi:

– Olmaz, gözləyin, hamısı çıxacaq...

Növbə Məşədi Mürsələ çatdı. Şeylər hambal dalında qabaqca, özü də hambalın ardınca olaraq, Məşədi Mürsəl paraxoddan çıxdı. Şeylərini körpüyə qoyaq, Kərbəlayı Xəlil və qeyriləri ilə öpüşüb görüşməyə başladı.

– Ziyarət qəbul... Həc ruzi olsun...

– Sizə ruzi olsun... Məşədi Mürsəl pişvazına gəlmiş olanların hamısı ilə görüşəndən sonra Kərbəlayı Xəlil:

– Buyurun, daha nə gözləyirsiniz?.. Bağışla, Məşədi, çavuşumuz olmayacaq, səbəbini özün bilirsən, – deyə özü kənara çəkildi və sağ əli ilə kamali-ehtiramla yol göstərdi.

Məşədi Mürsəl bir qədəm atdı və sonra dönüb geriyə baxdı. Körpünün kənarında yeni paraxoddan çıxmış qara çadralı, ortaboylu bir qadın dururdu... Məşədi Mürsəl başı ilə “gəl” işarəsini etdi və özü də yollandı. Kərbəlayı Xəlil Məşədi Mürsələ yanaşdı və qadının kim olduğunu sormaq istədi. Lakin Məşədi Mürsəl özü Kərbəlayı Xəlilə yavaşca söylədi ki:

– Kərbəlayı Xəlil, bu da bizə gedəcək... Ağanın kənizidir. Imam qulluqçusudur...

Kərbəlayı Xəlil heç bir söz demədi.

Camaat yollandı. Ağanın kənizi də bunların dalınca hərəkət etdi.

Yol uzunu hərdənbir Məşədi Mürsəl dönüb geriyə baxırdı və geriyə dönüb baxdıqda, Kərbəlayı Xəlil də baxırdı. Hamıdan sonra “ağanın kənizi” başını aşağı salaraq, xırda yürüşlə gəlirdi.


5

Evdə bütün hazırlıqlar və tədarüklər görülmüşdü. Tam səbirsizliklə Məşədini gözləyirdilər. Qapılar açıldı, Kərbəlayı Xəlil daxil oldu və arvadları xəbərdar edərək:

– Gəlirlər, – dedi.

Arvadlar hamısı mətbəxə cəm olub, qapıdan baxırdılar. Məşədi Mürsəl, onun da dalınca bir çox qohum və dostlar daxil oldular. Məşədi Mürsəl onunla gələnləri otaqlara dəvət etdi. Kərbəlayı Xəlil onların hamısını qonaq otağına apardı. Məşədi Mürsəl həyətin ortasında bir az durub “ağanın kənizini” gözlədi və sonra arvadı Xavərnisə olan otağa tərəf getdi. Xavərnisə bu otaqda ərinin gəlməsini gözləyirdi ki, əri ilə görüşüb, gec qayıtmasının səbəbini bilsin.

– Xoş gəldin, ziyarətin qəbul olsun... – deyə irəliləyib iki əli ilə Məşədi Mürsəlin boynunu qucaqladı və sonra sağ əlini öpərək təkrar:

– Ziyarətin qəbul olsun. Məkkə qismət olsun, Kərbəla qismət olsun, – dedi.

Məşədi Mürsəl artıq bir vüqarla cavabında:

– Sağ ol, Xavər, sağ ol... Nə qayırırsan, sənin kefin necədir, sazdırmı? – söyləyərək, söylədiyinin cavabını gözləyərək, üzünü ardınca gəlməkdə olan “ağanın kənizinə” tutub: – Buyur içəri gəl, gəl dincəl, yorulmusan, – dedi və Xavərnisəyə baxaraq, əlavə etdi: – Qonağına bir yer göstər, dincəlsin.

– Gəlsin, gözüm üstə yeri var.

– Xavərnisənin fikrinə başqa şey gəlmədi. Gələn qadını doğrudan da qonaq zənn etdi və özünəməxsus səmimiyyətlə ona hörmət etməyə başladı.

Mətbəxdəki arvadlar qara çadraya bürünmüş qadını gördükdə, şəkkə düşmüş və cürbəcür fikirlər irəli sürməyə başlamışdılar. Biri zənn etmişdi ki, Məşədi Mürsəllə gələn qadın iranlı qonaqlardan birisinin arvadıdır. O birisi: “Bəlkə Məşədi Mürsəl təzə arvad almışdır?” – deyə başqa bir fikir meydana atmış, bir digəri qadının Xavərnisə üçün kəniz gətirilmiş olduğunu iddia etmişdi. Fikirlər müxtəlif idi...

Məşədi Mürsəl isə bu vaxt səfərdə çox zəhmət çəkdiyindən və ağanı ziyarət etdikdə bu zəhmətlərin bütün-bütünə xatırdan çıxdığından arvadı ilə söhbət edir və deyirdi ki:

– Ağanı ziyarət edəndə, onun böyüklüyünü, kərəmini dərk edirsən. Deyirsən, mümkün olsa heç səndən ayrılmayım. Atam-anam ona fəda olsun. Hər qədəmdə ağanın kəraməti, hər qədəmdə, hər dəqiqədə ağanın qüdrəti!.. Göyərçinlər belə ağanın başına dolanırlar, ağanın ziyarətinə gedərkən, yol uzunu bütün daşların da ziyarətə getməsini bizə göstərdilər. Göyərçin yenə canlıdır. Sən bu cansız daşları de ki, onlar da ağanın ziyarətinə yuvarlana-yuvarlana gedirlərdi... Indi gör ki, ağanın ziyarətində əməli-saleh olanlar və əməli-saleh olmayanlar necə məlum olur! Hər kəsin ki, əməli salehdir, girdə daşı qucaqlayanda, daş öz başına adamın qucağına gəlib asanlıqla qaldırılır. Amma əməli-saleh olmayanlar isə, vay onun halına!.. Bir iranlının burnundan qan açıldı... Dedilər ömründə böyük məsiyyətlər etmişdir, görünür, ağa onu bağışlamaq istəməmişdir. 

Bu sözlərə qulaq asmaqda olan Xavərnisə ahəstəcə ağlayır və baş yaylığının ucları ilə göz yaşlarını silirdi. Çox səmimi olaraq:

– Ay ağa...Canım sənə qurban olsun, – deyirdi.

Ağanın belə təsir buraxdığını görüncə, Məşədi Mürsəl tez arvadına:

– Bu da bax, “ağanın kənizidir”, nə qədər ağanı sevirsən, bir o qədər də gərək kənizini sevəsən; onda ağa da səndən razı qalar.

Yazıq Xavərnisə ərinin bu cür şirin danışığına inanaraq, ürəkdən:

– Canım ağaya da qurban, onun kənizinə də, deyə “ağanın kənizi”ni qucaqlayıb bərk-bərk bağrına basdı və onun qara çadrasını başından alıb, döşək üzərində əyləşdirdi.

Məqsədinin müvəffəqiyyətli surətdə nəticələnməsini görən Məşədi Mürsəl tez qalxıb:

– Mən gedim, kişilərlə də görüşmək lazımdır, – deyə çıxdı.

Məşədi Mürsəl kişilərin yanına gedəndən sonra qadınlar Xavərnisənin yanına gəlib “göz aydınlığı” verməyə başladılar.

Xavərnisənin bacısı qonağın kim olduğunu sorunca, Xavərnisə ona:

– Ağaya qurban olum. Ağam imam Rzanın kənizidir!

Ağanın kənizi 14-15 yaşında gözəl simalı bir qız idi, yanaqları qızarmış, qara gözlərində məlahət, qara tellərində bir gözəllik var idi ki, bütün arvadların diqqətini cəlb etmişdi.

“Ağanın kənizidir” sözünü eşitcək, heç kəs bir söz demədi. Ancaq tam diqqətlə bu gözəl simalı kənizə, tamaşa etməyə başladılar.

Doğrudan da gəlmiş qadının “ağanın kənizi” olmasına inanmışdılar.

Yalnız Xavərnisənin böyük bacısı bu işi xoşlamamış və ahəstəcə:



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info