Qonaq Kitabı
Gözlənilməyən bir nəticə

Bir azdan sonra xəbər çıxdı ki, klubun yandırılmağından qadınlar xəbər tutmuş və lazımi yerinə xəbər verərək, Məşədi Qədirlə Heydərqulunu klubu yandırmaq istədikləri halda tutmuşlar.

Hacı Qavam bu xəbəri eşidincə dedi:

– Belə şey olmaz! Olmaya Allah özü şeytan yuvasını mühafizə edir. Mən qanmayıram bu nə sirdi?

Kərbəlayı Qasım bir ah çəkib dedi:

– O arvadlara bizdən xəbər verən olmaz; bizim ki, onlarla tanışlığımız yoxdur, yəqin onlara arvadlar xəbər vermişlər.

Axund başını tərpədərəg dedi:

– Allah şeytan işini möminlərdən əfzəl tutmaz...

– Bu, möminlərdən ötrü yox, yoldan azanlar üçün imtahandır.

Lakin axundun sözünə qulaq asan yox idi; çünki Hacı Qavam özündən çıxmışdı və ağzı köpüklənə-köpüklənə deyirdi:

– Yox, elə arvad saxlayan kişilər, kişi deyildirlər. Nahaq yerə özlərinə kişi deyirlər. Gör bir iş hara çatıb ki, öz arvadlarını saxlaya bilməyirlər! Arvadı mənim kimi saxlayarlar! Nəkarədir, nə qələt edir!

Hacı Qavam bu iddiasını söyləyirkən bilməyirdi ki, qadınlar təşkilatını xəbərdar edən özgə deyil, onun öz arvadı olmuşdur və güman etməyirdi ki, iki gündən sonra o da Məşədi Qədir və Heydərqulunun yanına gedəcək və onun hər iki arvadı qadınların qəbul etdikləri qərar üzrə çadralarını atacaqlardı.


1928

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info