Qonaq Kitabı
Yox

1

Mən balaca idim. Məhəlləmizdə təzə bir qız məktəbi açılmışdı. Tanıdığım qonşu qızlardan bir çoxu həmin məktəbdə oxumağa başlamışlardı. Mən də həvəslənib anama yalvardım ki, məni də o məktəbə versinlər. Əvvəlcə anam razı olmamışdı... Sonradan qohum və qonşu qızların məktəbdə təhsil etməsini görüncə mənə izin verildi.

Bir gün məktəbdən gəldikdə gördüm ki, anamın ən yaxın dostlarından Ziba xala anamla söhbət edir. Mən salam verib içəri daxil olduqda eşitdim ki, Ziba xala anama deyir:

– Yox, yox!.. Biz razı deyilik ki, qızımız məktəbə getsin. Indi dünya xarabdır; bu gün urusu məktəbə gedir, sabah çadrasın atar. Şügür Allaha!.. Belələrini çox görmüşük... Yox, biz razı ola bilmərik!..

Bu söhbət məni maraqlandırdı. Mənim o qıza çox yazığım gəldi. Mən ürəyimdə heyfsiləndim ki, zavallı qızı məktəbdən məhrum edəcəklər. Hətta istədim ki, anamdan soruşam, o qızın adı nədir və hansı məktəbdə oxuyur; çünki mən Ziba xalanın qızı olduğunu bilirdim, ancaq hansı məktəbdə oxuması barədə bir şey bilməyirdim, lakin böyüklərin söhbətinə qarışmaq istəməyərək, bir söz sormadım.

Ziba xalanın sözlərinə cavab olaraq anam dedi ki:

– Taqsır məndədir. Istədi, biz də ürəyini sındırmadıq, hamı oxuyur, dedik, qoy o da bir parça oxusun. Bir də, bilirsən ki, biz həkimilik oxutmayırıq, mirzəlik oxutmayırıq ki, gələcəyindən qorxasan.

Anamın bu sözləri məni təəccübə saldı. Mənə elə gəldi ki, söhbət mənə aiddir. “Ziba xalanın mənim oxumağımla nə işi ola bilər?”

Ziba xala gedəndən sonra, anam mənə dedi ki:

– Bax, eşitdin, Ziba xala sənin məktəbə getməyinə razı olmayır.

Mən dedim ki:

– Ziba xala mənim vəkilim deyil. Mənim məktəbə getməyimin ona heç bir dəxli yoxdur.

– Nə danışırsan? Necə ona dəxli yoxdur? Bilməyirsən, o sənin böyüyündür... Elə danışma!

– Doğrudur, böyükdür, amma mənim böyüyüm atam və anamdır.

– Yox. O da bizim kimi sənin böyüyündür; çünki sənin qayınanandır!

Mən təəccübləndim. Necə ki, mənim qayınanamdır? Məgər məni ərə vermişlərmi? Əcəba məni kimə, nə vaxt bunlar ərə vermişlərdir? Vermişlərsə, mən nə üçün heç bir şey bilməyirəm? Nə üçün mənə söyləməmiş və məndən sormamışlar.

Bu suallara mən cavab tapa bilmədim. Anam isə yanındakı örpəyi mənə tərəf uzadaraq, dedi ki:

– Al bu örpəyi, Ziba xala sənin üçün gətirmişdir, sal başına!..

Mən örpəyi almadım, anama da bir söz söyləmədim. Indi mən bildim ki, Ziba xala nə ixtiyarla mənim oxumağımı istəməyirmiş... Indi mən bildim ki, qızların həyat məsələsi nə sayaq həll olunurmuş... Bildim, ancaq nə edə biləcəkdim? Bir şey etməyə qadir olmadığımdan yalnız düşünür, düşündükcə ağlayırdım.

 

 

Mənim atam acıqlı, qaşqabaqlı bir kişi idi. Biz evdə ona heç bir söz deyə bilməzdik. Qorxardıq; çünki heç bir şeyin üstündə elə hirslənirdi ki, bir neçə gün onun ətrafına dolanmaq mümkün olmayırdı. Hər bir şeyi bizə haram edirdi. Acıqlandımı, daha bir iş onu razı salmazdı. O vaxt görürdün ki, xörək pis oldu, çay dəmir dadı verdi, yaxud bütün qablardan da balıq qoxusu gəldi, halbuki evdə heç də balıq olmamışdır. Belə saatlarda onun üzünü görmə: xörək qabları, stəkanlar atılar, qırılardı. Biz onun xasiyyətini bildiyimizdən, bir söz danışmazdıq və çalışardıq ki, gözünə görünməyərək, bacardıqca istədiyini tez əmələ gətirək ki, acığı şiddət etməsin... Belə ata ilə mən nə danışa idim? Odur ki, mən ona heç bir söz demədim.

Anam isə başqa özü kimi arvadların fikrini əziz tutar, başqalarının məsləhəti ilə yaşayardı. Ziba xalanın fikri anamdan ötrü hamıdan mötəbər idi; çünki Ziba xala pullu və pullu olduğuna görə də ağıllı hesab olunurdu.

Mən gördüm ki, atam da, anam da özlərini Ziba xaladan asılı bilirdilər, onlar, daha doğrusu, Ziba xaladan deyil, Ziba xalanın oğlundan asılı idilər; çünki atamın ticarət işləri zərər vermiş olduğu zaman Ziba xalanın oğlu atama kömək etmiş, pul vermişdi... Buna görə də bilirdim ki, atama desəm, böyük bir qilü-qala səbəb olacaqdır. Anam ilə danışmaq isə tamamilə mənasız idi. Mən sükut ilə gözləyirdim ki, görək axırı necə olacaq.

Nə qədər çalışırdım ki, mənim ərə verilməm barədə fikir etməyim, mümkün olmayırdı. Təklikdə bu barədə çox düşünürdüm, düşündükcə gələcək həyatımın şəkilləri gözümün qarşısında dururdu; görürdüm ki, məni zor ilə tanımadığım, bilmədiyim, atam yaşında olan birisinə verirlər. Mən ağlayıram, qulaq asmayırlar. Güc ilə məni aparırlar. Ər evində mənim yeni yaşayışım başlayır. Hər gün sabah tezdən axşamadək mən heyvan kimi işləyirəm, tamam min zəhmət və məşəqqətlə hazır etdiyimi axşam ərim qarşısında qoyub gözləyirəm, gözləyirəm ki, nə deyəcək, nə istəyəcək, nədən razı və ya narazı qalacaq...

O isə, aşkar görürəm, xörəkdənmi, nədənmi, narazı qalaraq, məni söyməyə, taqsırsız olduğumu iddia edincə, döyməyə başlayacaq. Mən ağlayacağam. O daha hirslənəcək... O vaxt mən fikir edəcəyəm ki, kaş ərə getməyəydim... O vaxt mənim kitablarım, dəftərlərim yadıma düşəcək, heyfsilənəcəyəm ki, məni dərsə qoymadılar, heç olmasa oxuyub bir müəllimə olardım; azad və asudə yaşayaraq, min-min balaları oxudardım. Müəlliməm mənə söylədiyi kimi, mən də onlara cürbəcür hekayələr söylərdim və onları gələcək həyata hazırlaşdırmağa çalışardım...

Bu düşüncələr və bu mənzərələr mənə elə təsir edirdi ki, mən ixtiyarsız ağlamağa başlayırdım. Anam mənim ağlamağımı görüncə məni məzəmmət edirdi:

– Bu nədir, xərif olmamısan ki? Gündüz günorta vaxtı nə üçün ağlayırsan? Dərdin nədir?

Mən yuxudan ayılan kimi, seyr etdiyim aləmin təzyiqindən xilas olaraq, ağlardım və üzümü örtüb aramsız axan göz yaşlarımla özümü sakit edərdim. Nə anama və nə başqasına bir söz deyirdim, nə də deyə bilərdim.

 

3

Aylar keçdi. Məktəbi tamam etdim. Başqa məktəbdə təhsilə davam etmək istədiyimi anama söylədim. Razı olmadı.

– Bu qədər oxudun bəsdir, bilirsən ki, oxumağını istəməyirlər.

– Mən istəyirəm!..

– Yox, olmaz, səni yaxında aparacaqlar!..

Başıma od töküldü. Ətraf dolandı, dilim tutuldu, heç bir söz söyləyə bilmədim... Yenə seyr etdiyim mənzərələr, həyatımın birər səhifələri diri bir surətdə qarşımda durdu. Titrədim. Hönkür-hönkür ağlamağa başladım.

Anam ağlamağımı görüncə, məni sakit etmək üçün, özünün ərə getdiyi zaman ağlamış olduğudunu söylədi.

– Hələ belə olur. Qızlar həmişə ərə gedəndə ağlayırlar.

Mən qulaq asmaq istəməyib, tək qalmağa və düşünməyə başladım. Nə etməli? Bu sual rəhmsiz bir surətdə məndən cavab tələb edirdi. Ata və anamın istədiyinə tabe olub, özümü bədbəxt, ata və anamı şadmı etməli, yaxud istədiyim kimi azad yaşamaq üçün onların tələblərini rədd etməli? Doğrudan da çətin bir məsələnin həlli qarşısında qaldım. Bir tərəfdən azad yaşamaq, təhsilimi davam etdirmək istəyirdim. Digər tərəfdən görürdüm ki, ata və anam hər ikisi Ziba xaladan və oğlundan asılı olduqlarından məni onlara vəd etdikləri kimi ərə vermək məcburiyyətindədirlər. Mən bilirdim ki, onların asudə yaşamalarından ötrü mənim dinməz-söyləməz razı olmağım lazımdır... Amma razı olduqda, özümü diri-diri od içinə salmış olurdum... Bir dəqiqə qərar verdim ki, yox, özümü fəlakətə verməməli və azadlığımı müdafiə etməliyəm, lakin bir dəqiqədən sonra ata və anamın halı, onların vəziyyəti və qoca vaxtlarında asudə yaşamaq istədikləri məni bu fikirdən daşındırıb, onların razı qalmasından ötrü kəndimi qurban etməyə vadar edirdi. Elə zənn edirdim ki, qəlbimdə iki qüvvə çarpışır: biri məni azad buraxmaq üçün – “Razı olma” – deyir, digəri ata-anamın istirahət və asudəliyi naminə “Razı ol”, – deyir... Mən isə bu iki qüvvə arasında şaşmış, tamamilə ağlımı itirmişdim... Çox düşündüm, çox fikirləşdim, heç bir nəticəyə gələ bilmədiyimdən ağladım, axırda da anadan bədbəxt doğulmuş olduğumu yəqin etdim. Buna görə də çarəsiz, ata və anamın istədiyini əmələ gətirməyə qərar verdimsə də, ürəyim sakit almadı. Necə də sakit olaydı! Kim bilir gələcəkdə daha nə bədbəxtliklərə məruz qalacağam!.

 

4

Heç xatırımdan çıxmaz. O gün gəldi çatdı. Qorxduğum bir gün, həyatımda böyük bir təsir buraxmış bir gün. Qarabəxt bir qızın qara günü!..

Evimizdə tədarük və hazırlıq öz qaydası ilə yapılırdı. Bir neçə gündən sonra toy olacaqdı. Kəbin əhvalatını bitirməkdən ötrü əvvəlcə mənim bu əqdim zaqsda qeyd olunmalı idi. Şura qanununa görə mən özüm zaqsa getməli və razılıq verməli idim.

Bu gün xatırımdan çıxmaz... Zaqsa dayım aparmalı idi. Evdə olanlar tamamilə:

– Allah xeyir versin, – deyə məni yola saldılar. Mən getmək istəməyirdim, ağlayırdım, atama kimi isə xəbər verdi. Atam elə çığırdı ki, mən özümü unutdum... Tabe olmağa qərar vermiş olduğum yadıma düşdü. Biz zaqsa yollandıq.

Zaqs müdiri ortayaşlı, boz saqqallı, həlim simalı bir kişi idi. Dayım salam verdi. Müdirin qarşısında oturan üzü qırxıq, 40-45 sinində birisi durub dayıma təzim etdi, yenə öz yerində əyləşdi. Müdirin yanında daha bir neçə adam var idi. Onların kimi olduqlarını və nə üçün orada gözlədiklərini bilmədim. Zaqs müdiri mizin üzərindən bir kağız qaldırıb oxumağa başladı. Sonra mənim adımı və atamın adını, yaşımı sordu. Mən çadrama bürünüb sakit durur, bir söz deməyirdim. Dayım mənim əvəzimə cavab verirdi. Lazımi suallara cavab almış olan müdir qarşısında əyləşən kişini göstərərək, məndən sordu ki:

– Siz bu kişiyə – Mustafa Qədir oğluna ərə getməyə razısınızmı?

Birinci dəqiqədə ətraf başıma dolandı. Otaq qaraldı, gözüm heç bir şey görməz oldu. Bu zaman sual qılınc kimi qarşımda durdu. Cavab verməyə bir söz belə bulmadım, sanki dilim tutuldu. Sanki sualı qanmadım. Ürəyim gup-gup döyünməyə başladı, elə döyünürdü ki, sanki bağrım çatlayacaq. Aman, indi də o dəqiqəni sakit xatırlamayıram. Yenə iki qüvvə mübarizəsi arasında qaldım. Bir qüvvə əmr edirdi ki; “Razı ol, ata və ananın xahişini əmələ gətir. Ata və ananın üzünə ağ olma”. Buna qarşı başqa bir səs mənə deyirdi ki: “Azad yaşamaq istəyirsənsə, şəxsiyyətinə sui-qəsd etmək istəyənlərdən özünü mühafizə et, razı olmadığın şeyə razı olma!”

Əvvəl kəndimi qurban vermək fikrində oldum. Ata-anamın fikrinə əməl etmək və razı olmaq istədim. Lakin razı olummu? Razıyammı? Haman dəqiqə gələcək həyatımın qara səhifələri, hüquqsuzluq, bütün ixtiyarlarımın ayaqlar altında tapdalanması gözümün önündə durur, əsarət zənciri altına girməyə mənə yol veməyir, istiqlaliyyətimi saxlamağı, mühafizə etməyi tələb edirdi. Qəlbimdən hiss etdiyim bu iki zidd tələblər arasında nə deyəcəyimi bilməyir, nə cavab verəcəyimi anlamayırdım.

Zaqs müdirinin sualına sükut ilə cavab vermiş olduğumdan, o, bir də sualını təkrar etdi.

Deyəsən bütün ev başıma uçdu. Boğazım tutuldu. Yenə ürəyim çapalamağa başladı.

Yenə qəlbimdəki iki zidd qüvvə çarpışırdı. Hər iki qüvvə bir-birinə qalib gəlməyə çalışırdı. Mübarizəyə meydan olmuş ürəyim, eyvah, davam etməyirdi...

Bir tərəfdən eşidirdim:

– De, razıyam...

Bu, əsarət zənciri altına öz rəyim, öz iqrarım ilə girmək deməkdir.

Digər tərəfdən deyirdilər:

– Yox, razı deyiləm.

Yəni, azadə yaşamaq naminə əski ənənə, əski yaşayışın çirkin qaydasına lənət oxuyub kəndi səadətimi öz əlimə alıram.

Bilməyirəm nə oldu. Nə sayaq oldu ki, bu bərabər qüvvəyə malik olan iki səsin biri qalib gəldi. Tam ölü bir sakitlik içində bu vaxtadək eçitmədiyim bir səs ilə mən başımdan çarşabımı atıb:

– Yox, yox, razı deyiləm! – dedim.

Hamı özünü itirdi. Zaqs müdiri əlindəki kağızı buraxıb, boynunu yarım arşın mənim tərəfimə uzadıb, demiş olduğumu bir də təkrarən eşitmək istəyir kimi, gözlərini döyürdü.

Dayım qolumu dartıb:

– Nə, nə danışırsan? – sualı ilə təəccüblə üzümə baxırdı.

Müdirin qarşısında oturan kişi, dik ayaq üstə qalxıb otağın tən ortasında durdu və mənə tərəf acıqlı baxmağa başladı.

Başqaları dəxi hədsiz təəccüb içərisində idilər. Mən isə dediyimi düşünür, bu cürətin mənə haradan gəldiyini fikir edir, bunun ardı nə olacağını gözləyirdim. Amma bu dəqiqə mən çox sakit idim... Sanki böyük bir bəladan, böyük bir təhlükədən xilas olmuşdum...

Biz evə qayıtdıq. Dayım mənə ancaq bunu dedi ki:

– Sən yaxşı iş görmədin, bunun axırı necə olacaq?

Mən heç bir söz söyləmədim ki, mübahisə açılmasın. Evə çatdıq. Qabaqca dayım, ardınca mən evə daxil olduqda, anam və başqa qohum arvadlar bizi qarşıladılar. Arvadlar: “Mübarək, mübarək!” – deyə təbrik etməyə başladılar. Dayım ahəstəcə anama mənim zaqsda verdiyim cavabı söyləyincə, ev qarışdı, hamısı çığırmağa və öz fikirlərini izhar etməyə başladı. Bu çığırıq içində ara-sıra: “Qız xərif olubdur”, “bu şkolalar bunları xarab etdi” və başqa bu kimi sözlər eşidilirdi. Artıq bir şey qanmaq mümkün deyildi.

Mən başqa bir otağa çəkilib bir tərəfdə oturdum.

Atam çağırıldı. Ona xəbər çatınca, elə bərk çığırdı ki, tamam evə qorxu düşdü, qonaqlardan bəzisi getməyə başladı, yaxın qohumlar atamı və anamı sakit edirdilər.

Mən sakit idim. Belə zənn edirdim ki, bu danışıq və dava heç də mənə aid deyildir.

Ancaq atamın səsi kəsilməyirdi. Ümumi çığırtı arasında atamın sözləri eşidilirdi:

– Yox, taqsır onda deyil, taqsır bizdədir. Böyük taqsır bu qayda və qanunları qoyanlardadır... bu da bizim başımıza hökumət olmadı, bir bəladır...


1924

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info