Qonaq Kitabı
Çətin müəmma və ya iki arvad almaq məsələsi

1

Nə qədər ki, Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi. Nə atası, nə anası qızın sabahdan axşamadək gördüyü işini nəzəri-diqqətə almayırdılar. Halbuki Cavahir ev işindən başqa – yəni mal-qaranı görmək, təzək qoymaq, xörək hazırlamaq, təndir salmaq, çörək yapmaqdan başqa – bağçanı suvarır, yer xışlayır, əkib-biçir, bir söz, hər bir işi görürdü. Amma bununla belə atası, anası hər dəqiqə Cavahirin üstünə çığırıb:

– Nə üçün inəyi sağmamısan?! – və ya: – Nə edirsən ki, gedib ot gətirmədin – deyə narazılıq izhar və onu məzəmmət edirdilər.

Cavahir – bir yazıq! Heç bir söz söyləməz, dinməz, bu işi qurtarıb, o biri işi başlar və məzəmmət olunduğu halda ağzını açıb deməz ki:

– Ay zalımlar, axı bu işləri bütün mən görürəm və siz də bilirsiniz ki, sabahdan bəri ayaq üstə dincəlməksizin çalışıram. Cavahir bir söz deməz, ancaq yalvarıcı bir baxışla onu səsləyən ata və anasının üzünə baxıb:

– Bu saat, əlimdəki işi qurtarım, onu da elərəm, – deyə onların göstərdikləri, dedikləri işi görərdi.

Cavahir atası evində olduğu vaxt, heç kəs onun işini görmək istəməyirdi.

Amma Cavahirin toyundan sonra, ər evinə köçdükdən sonra ata və anası Cavahirin yoxluğunu hiss etdilər. Demə bu qədər işlər tamam tək Cavahirin əlindən gəlib keçirmiş. Indi isə bu işlər Cavahirin atası Fəramərz kişi ilə arvadının öhdəsinə düşmüşdü.

Indi hiss olunurdu ki, Cavahir əvəzsiz çalışqan imiş. Indi nə atası, nə anası:

– Ay Cavahir! Filan işi gör, – deyə bilməyirdilər. Cavahir isə indi ərinin evində atası evində çalışdığı kimi çalışırdı.

Toydan bir neçə gün keçmişdi ki, Fəramərz kişi arvadına:

– Ay arvad, xatırım xəşil istəyirsə də daha deyə bilməyirəm; görürəm ki, iş səni çaşdırıbdır. Amma Cavahir olsaydı...

– Hələ bir xəşil qalmışdı. Inəklər sağılmamış; ev toz içində; kartof da yığılacaq...

– Yox ay! Ay arvad, bizim işimiz belə keçməyəcək, gərək bir çarə arayaq.

– Nə çarə; gərək bir adam axtarasan, tutaq ki, bəlkə işlərimizə kömək olsun.

– Adamı tapmaq; hələ məsələ də ondadır! Hələ çətini də odur... Bu söhbət davam etmədi; çünki arvadın daha cavab verməyə macalı olmadı, iş qoymadı.

Yalnız arvad deyil, kişi özü də çalışır, həm də əvvəlkindən daha artıq çalışırdı. Amma nə edəsən ki, işlər bu gündən ö biri günə təxir olunurdu.

Bu əhval Fəramərzi düşündürdü.

  

2

Kənd içində hər bir məsələ ya dükan qabağında, ya molla yanında, ya hamamda və ya məscid həyətində müzakirə edilib həll olunur.

Kim nə məsləhət etmək istəsə, birbaş bu yerlərə gələr, danışar və məsləhət alar, elə də yapar...

Fəramərz kişi bir də axşam dükan qabağına gəlir... hamısı əhvalpürsan olur, Fəramərz kişi əhvalatı söyləyir və vəziyyətini xəbər verib, işinin necə olduğunu bildirir:

– Qızı köçürdəndən bəri işimiz yaxşı getməyir, əlimiz çatmayır. Az-çox indi işimiz var; gərək əl tapaq, yoxsa belə getməz.

Şahverdi oğlu Yunus düşünməksizin:

– Bir adam tap, danış; qoy şuralar da təsdiq etsin, qiymətini kəs. Qoy işləsin, – dedi.

– Onun xərcini haradan gətirim, məndə elə ilxı yox, o qədər əkin yox, barama yox... Özüm cavan olsaydım çoxunu özüm görərdim. Qocalmışam. Çox iş görəndə belim də ağrıyır.

Kərbəlayı Oruc söhbəti dinləyərək, kəndisinə məxsus vüqarla:

– Ay Fəramərz kişi, niyə məəttəl qalmısan. Bu bir çətin iş deyil. Get bir dənə arvad al; görürsən ki, mənim üçü var: biri bağda, biri bostanda, biri evdə – işlərim də, şükür xudaya, gedir, özüm də o qədər yorulmayıram.

“Arvad al” sözünü eşitcək, Fəramərzin gözü qarşısında Səlimənin siması və toy günü, həyətdə qazan qarşısında çalışdığı durdu. Səlimə kəndin dul arvadlarından idi. Əri bir neçə il bundan əqdəm naxoşluqdan ölmüş, özü qızının yanında qalırdı. Kəndin hər bir xeyir işində gedib minnətsiz kömək edirdi; çalışqan və iş bacarmağı ilə, xüsusən ev işlərində və toxuculuqda məşhur idi.

Fəramərz onu irəlidən də tanıyır və bilirdisə, ancaq Cavahirin toyunda ona diqqət vermiş və çox xoşlamışdı. Adamın bir belə arvadı ola, – deyə fikirləşmiş və sonra fikrini arvadı və başqaları duyacağından xoflanmış və tez “əstəğfürullah” etmişdi.

Indi Kərbəlayı Orucun arvad almaq məsələsini dərmiyan etməsi – tez Səliməni xatırlatdı və bu fikrinə görə Fəramərz bir balaca qızarıb başını aşağı saldı.

– Niyə utanırsan; şəriət sənin üçün yol qoymuş, ixtiyar vermiş.

Şahverdi oğlu Yunus işin rəsmi tərəfini bəlli etmək üçüi:

– Şuralar yol verirmi? Deyirlər arvad almaq işinə bərk qarışırlar.

– Buna nə deyəcək; kişi gedib yaşsız qız almayacaq, özünə bab bir arvad. Kim deyəcək yaşı azdır; bilməyirəm, nədir?

Fəramərz bu söhbətə qulaq asıb heç bir söz demədi. Onun fikrində yalnız Səlimə idi.

Müsahiblər sözlərinə davam edərək:

– Özü kasıb, füqəra, ziraətçi, vergi verən; hökumət hələ ona gərək bu işdə kömək etsin; çünki ziraət işini artırmaq istəyir. 

 

Bu söhbətdən sonra Fəramərz tez evə gəlib, arvadla söhbət açdı.

– Ay arvad, vaxt gəlir; gərək mal-qaranı, qoyunları yaylağa göndərək, irəlidə sən aparardın. Cavahir burada qalardı.

Arvad ona bir adam tapmasını məsləhət gördü.

– Özgə adama qızmaq necə olar? Kim bilir. Aparıb mal-qaranı da oğruya verər...

Belə bir etirazı eşidən arvad daha artıq bir söz demədi. Fəramərz kişi özü isə ahəstəcə Kərbəlayı Orucun dediyini söyləyərək:

– Deyirlər ki, şəriət qoyduğu yol ilə bir arvad tap və şəriətlə onu kəbin et. Hər cür olsa, gərək çarəsini edək.

Arvad yalnız:

– Qaragün, iki arvadı nə edirsən? Ola bilməz ki, bir qulluqçu tutasan, ya bir adam tapasan ki, işləsin, taxıldan, kartofdan verərik...

Fəramərz anlatdı ki, kişi tutsa, o qədər muzd istəyəcək ki, onu vermək mümkün olmayacaqdır. Arvad tutsalar, ona da gərək istədiyini versinlər. Və heç təfavütü yoxdur, naməhrəm arvadı evdə saxlamaq olmaz. Gərək siğə oxunsun.

Bu izahatı dinlədikdən sonra, arvad yenə etiraz etmək istəyərək dedi ki:  

– Heç lazım deyil – mən yaylağa gedim, sən də burada qalıb bir adam tapıb işləri birtəhər edərsən...

– Bu bostan, biçin – mümkün olmayacaq; bunlar Cavahir görən işlərdir.

Bir çox mübahisədən sonra, arvad öz mövqeyindən vaz keçdi və dedi ki, hər necə bilirsə etsin.

– Necəsi yoxdur, – gərək bir arvad tapasan ki, alım!

Bu axırıncı təklif lap nahaq idi.

Arvaddai ikinci bir arvad tapmağı tələb etmək, arvadın xoşuna gedə bilməzdi.

– Mən sənin üçün haradan tapım? Özün taparsan.

Söhbət tamam oldu.

Fəramərz məsələni həll olunmuş zənn etdiyindən daha artıq söhbəti tamam etdi və haman saatdan ikinci arvad almaq üçün lazımi iqdamata başladı.

 

...Stansiyada izdiham çox idi. Qatar gecikmişdi. Sərnişinlər əldə bilet, oturacaq yerlərini axtarırdılar.

Vaqonun biletçisi yeni sərnişinlərin bir neçəsini vaqona buraxıb yer göstərərək:

– Buyurunuz, siz burada əyləşiniz;  – o birisinə: – Sizin yeriniz burada olacaq, – dedikdən sonra, axırda qoyun dərisindən böyük bir papaqlı kəndliyə üzünü tutub: – Gəl, tez ol, sən burada əyləş, – dedi.

Motal papaqlı kəndli bir söz deməyib, vaqon biletçisinin göstərdiyi skamyada (sandalyada) uzanmış bir müsafirin ayağı tərəfində yer tutdu və əlindəki xurcunu ahəstəcə oturduğu sandalyanın altında yerləşdirdi. Kəndlinin oturduğu həmin kupedə uzanmış müsafirdən başqa daha üç nəfər sərnişin var idi. Bunlardan birisi rus, iki nəfəri isə zahirən türk idilər. Bu axırıncılardan biri 30-33 yaşında üzü qırxıq, qara əlbəsədə, qara qalstuk bağlamış, göy köynək geymiş bir kişi idi. O birisi isə sarı bənizli 18-19 yaşında bir gənc idi. Qara qalstuklu, köynək geymiş kişi qəzet oxuyurdu. Kəndli gəldikdə, başını qaldırıb yeni sərnişini diqqəti-nəzərdən keçirmək istədi. Motal papaqlı kişi yan-dövrəsindəki sərnişinləri gözdən keçirərək, iki əlini alnının qarşısında birləşdirib, üzünə çəkdi və üzündəki saqqalını hamarlayaraq, yenə qarşısındakı qəzet mütaliəsinə məşğul olan müsafirə baxdı.

Kəndli 45-50 yaşında, göy çuxa geymiş, ucaboylu, sarı və boz saqqallı bir kişi idi.

3-cü zəng vuruldu, qatar yola düşdü. Bir azdan sonra qəzet mütaliə edən müsafir qəzeti bir tərəfə qoyub, kəndlidən sordu:

– Dayı, haraya səfər edirsən?

– Bakıya gedirəm, qadan alım! Səndəmi oraya gedirsən?

– Bəli, dayı, Bakıya gedirəm. – Bir az toxdadıqdan sonra mülayim bir səslə kəndlidən: – Xeyir olsun, olmaya şikayətə-zada gedirsən, dayı? – deyə sordu.

Kəndli cavabında guya təəccüb edər kimi dedi:

– Ay qadanı alım, kimdən şikayət edəcəyəm? Mənə kim əziyyət edir?

– Yaxşı dolanırsanmı?

– Niyə yaxşı dolanmırıq?

– Nə işlə məşğul olursan?

– Bizimki nə olacaq, əkinçilikdir! Əkərik, biçərik, mal saxlarıq – kəndistan işi.

Qəzet mütaliə edən kişinin kəndli ilə müsahibəsi qonşularının – xüsusən uzanmış sərnişinin – xoşuna gəlməyirdi. Olsun ki, kəndlinin ucadan danışması onu yatmağa qoymayırdı. Ona görə də durub oturdu və söhbət edənlərə baxıb, yenə uzandı. Bu sərnişin rus və ya yəhudi idi.

Kəndli qonşusunun narahatlığını görüncə, bir şey sorar kimi, müsahibinin üzünə baxdı və bir söz demədi.

Qəzet mütaliəsi ilə məşğul olan sərnişin isə dedi ki:

– Işində ol, onun burada yatmağa heç ixtiyarı yoxdur; çünki burası oturmaq üçündür.

– Mən bilməyirəm, – deyə kəndli qonşusu tərəfə, sonra müsahibə baxdı.

Biletçi gəlib sərnişinlərin biletini təhqiq etdi.

Kəndli arxalığının düymələrini açıb, qoltuq cibindən bir dəsmal çıxartdı və dəsmalın içində pulları ilə bərabər sərilmiş bileti göstərdi və yenə alıb haman qayda ilə dəsmala bükdü və qoltuq cibində gizlədəndən sonra arxalığını bağladı.

– Bakıya nə vaxt çatarıq, bilməzsən?

Qəzet mütaliəsi ilə məşğul olan sərnişin cibindən saat çıxardıb baxdı və bir dəqiqədən sonra dedi:

– On saatdan sonra, yəni sabah ertə, saat altıda Bakıya çatarıq.

– Inşallah, inşallah.

– Işin tələsikmidir?

– O qədər tələsik deyil; vaxt, iş çox olan vaxtdır. Işimiz olmasaydı, indi bizə səfər yaraşası deyil, qadan alım.

– Sən işini öz qəzanızda həll edə bildinmi?

– Yox, qadan alım. Şura hökumətinin ilk gəlişində qəza mərkəzinə getmişdim. Ondan sonra getməmişəm. O bir yolu da yer üçün getmişdim.

– Aldınmı? 

– Niyə almadım, aldım, yəni özləri verdilər. Bizim kənd ətrafında çoxlu xan və bəy yerləri var idi. Biz kəndistanın isə yeri yox idi. Biz xan üçün işlərdik. Inqilabdan sonra Şura hökuməti o torpaqlardan bizim kəndə verdi. Indi, şükür Allaha, özümüz əkirik, bir parça çörək olur.

– Sən, demə, hökumətdən razısanmı?

– Mənmi? Niyə razı olmayım? Heç bir şeyim yoxkən indi bax, öz yerim, bağçam. Keçən il və bu il hökumət bizə toxum verdi ki, özünüz əkin, bu il pul da buraxdılar, mal alın; yaşayırıq; biz hökumətimizdən razıyıq, işimizi düzəldir. Amma bu işdə məni məəttəl qoyub, bilməyirəm, qadan alım bisavadam; heç inanmayıram ki, bu hökumət mənim kimi bir fəqir kəndlinin istədiyinə razı olmasın.

– Sənin istədiyin nədir?

– Nə deyim, sən də məndən cavansan...

Sərnişin kəndlinin sözünü kəsərək:

– Utanma, ay dayı! dedi.

– Şəriət işidir, qadan alım. – Burada kəndli bir ah çəkib başladı: – Mənim 45 yaşım var. 20 ildir özüm evliyəm. O vaxt ki, yerim yox idi, mal-qara saxlamayırdım. Işimiz yüngül idi. Indi hökumət yer verib ki, yerlərinizi əkin, kəndistan işini qaldırın; mən də sevinmişəm ki, zillətdən qurtarırıq, işə başlamışam. Istəyirəm ki, mal-qaranı yaylağa köçürdəm, yerimiz istidir, heyvanlar davam etməyir. Köməkçim yoxdur, arvad da mənimlə işləyir. Bir qızım var idi? o da ər evindədir. Əri ilə işləyir. Fikirləşdim nə edim, dedim bir arvad alım ki, onu da göndərim yaylağa, bu arvadı qoyum öz yurdumuzda; mən də həm orada, həm burada. Iş çoxdur, yaşım keçib daha əvvəlki kimi işləyə bilməyirəm. Qonşuluğumuzda bir arvad var idi. Getdim mollanın yanına. Bizim kənddə molla yoxdur, qonşu kənddədir. Yaxşı adamdır; dedi indi qayda dəyişib.

– Necə?

– Dedi ki, bəs gərək əvvəl hökumətdən kağız gətirəsən, sonra mən nikah qoyaram. Gəldim arvadıma dedim; dedi ki, nə edəcəksən, kişi, di get hökumətə de. Molla olan kənd böyükdür. Orada kənd şurasının sədri Qafar oğlu Vəliyə dedim. Dedi, ay Fəramərz kişi, bu iş yaramaz; iki arvad almağa qanun yoxdur. Dedim heç belə bir iş olmaz, getdim nahiyyəyə; ispolkoma dedim, dedi ərizə ver. Bir də ərizə verdim. Ərizənin cavabını verdi ki, olmaz! Iki arvad almağa Şura hökumətində qanun yol verməyir... Arvadsız mənim işim getməyir. Gərək iki arvadım ola ki, öz işlərimi görə biləm.

– Niyə bir adam tutmayırsan? Yəqin ki ixtiyar verərlər.

– Qadan alım, özgəyə necə inanmaq olar? Kimdir ürək yandıran? Gərək öz adamın ola. Onu mən də fikirləşdim; nahiyyə ispolkomu da mənə dedi. Deyir ay Fəramərz kişi, gəl, deyir, bir adam tut, biz, deyir, sənə ixtiyar verərik. Dedim, yox canım, özgə adama iş tapşırmaqmı olar, mənim o qədər qüvvəm yoxdur ki, onu məvacibini yetirəm. Amma arvad öz adamımdır. Can yandıran, məvacib almaz, öz malı kimi baxar. Dedi, olmaz, buna, deyir, şura qanun kitabı yol verməyir... Gəldim, hər kəsə dedim, məsləhət gördü ki, get mərkəzdəki firqələrə de. Indi gedirəm, öz arvadımdan kağız almışam razıdır. Necə razı olmasın? Mal-qara əldən gedir. Əl çatmayır. Ikimiz bacarmayırıq. O birisindən də kağız aldırmışam. O da deyir mən istəyirəm. Qalıb hökumətə. Necə bilirsən, yol verərmi? deyə kəndli sual verdi və cavab gözləyərək, müsahibinin üzünə baxdı.

– Mən də gərək sizin ümidinizi kəsəm, dayı, Şura hökuməti iki arvad almağa yol verməz!

– Mən heç bunu qana bilməyirəm ki, kəndli hökuməti mənim kimi bir kəndlinin istədiyini “atkaz” etsin. Bu mənim ağlıma sığmayır. Özü deyir ki, gəl bu yer, bu toxum, bu mal, bu xış, ək, biç, mal-qara saxla, taxılın, əkinin tərəqqisinə bax! Çox yaxşı, di qoy bir də arvad alım. Üç tərəfdən işləyək. Ixtiyar ver!

– Ixtiyar verməz. 

– Yox, mən gedib yerində deyərəm ki, bizim xanın doğrudur, üç arvadı var idi, o başqadır. O, kef üçün almışdı. Nə özü işləyirdi, nə arvadları. hər arvadın əli altında üç-dörd qarabaş vardı. Mənimki kəndistan işi üçündür, mənim kef çəkən vaxtım keçib, işin xatirəsi üçün lazımdır.

– Bizim aramızda ən pis adətlərdən biri də çoxarvadlılıq idi, bunu hökumət götürdü. Arvad işləmək üçün yaranmamış, o da sənin kimi hər bir haqqa malik bir vətəndaşdır.

– Mən onun haqqını əlindən almayıram.

– Sən razı olarsanmı ki, sənin arvadının iki əri olsun?

– Dünyanın əvvəlindən bu qayda var. Kişi iki arvad ala bilər. Arvadın iki kişiyə mal olması binamusluqdur. Heç yerdə bu ola bilməz...

– Odur ki, iki arvad almaq da yaxşı iş deyil; bir kişidə iki arvad ola bilməz...

– Deyirsən ki, mərkəz mənim işimə sərəncam çəkməz?

– Bəli, iki arvad almağa sənə ixtiyar verilməz.

– Gedərik, görərik, deyərik, bəlkə, Allah kərimdir, mən deyəni başa düşdülər.

Qəzet mütaliə edən gülümsədi, başqa cavab vermək istəmədi.

Bir həftə bundan keçmiş Fəramərz yenə vaqonda evinə qayıdırdı. Fəramərz kişinin başı aşağıda, heç kəslə qonuşmaq istəməyirdi. O, ancaq bir müəmmanın həlli ətrafında fikirləşirdi: “Necə oldu ki, hökumət, kəndli hökuməti bunun kimi bir kəndliyə də iki arvad almağı qadağan edib, bunun barəsində belə bir zülm edir? Bu hökumət ki, kəndli tərəfdapıdır?”


1924

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info