Qonaq Kitabı
Son dərd

(Həyatdan götürülmüş hekayədir)

Reyhan xanım, əri Mirzə Kərim öləndən sonra üçyaşlı qızı ilə doğrudan-doğruya aclığa məruz qalmışdı. Otuz bir sinnində vəfat edən Mirzə Kərim tamam ömrünü xidmətdə keçirmiş və aldığı az maaşla ancaq-ancaq ailəsini idarə edə bilmişdi. Bir qəpik də olsun, qənaət edib, gələcək gün üçün saxlamamışdı, ya da ailəsindən necə kəsə idi? Halbuki çoxdan bəri arvadına vəd etdiyi baş şalını belə ala bilməmişdi.

Mirzə Kərim maaşının azlığını sahibkar olan Ağa Murad bəyə sözarası neçə dəfə söyləmişdisə də, lakin quru vəddən başqa bir şey almamışdı...

Mirzə Kərim ölərkən ailənin məişəti üçün heç bir şey qoymamışdı. Yalnız arvadına demişdi:

– Mən Ağa Murad bəyin işində naxoşladım. Ölsəm, Ağa Murad bəyə müraciət edərsən. Kömək edər – borcudur.

Reyhan xanım isə Ağa Murad bəyə müraciət etmək istəmirdi; çünki Reyhan xanımın onu görən gözü yox idi.

Necə də olaydı?

Mirzə Kərimin vaxtsız vəfatına səbəb Ağa Murad bəy deyildimi?

Bunu Reyhan xanım bilirdi.

Doğrudan da Ağa Murad bəyin “təcili” adlandırdığı iş olmasaydı, Mirzə Kərim birinci mənbədən mal almaq üçün Rostov şəhərinə getməzdi; getməsəydi, soyuqlamaz və naxoşlamazdı; naxoşlamasaydı, bu fikir Reyhan xanımda Ağa Murad bəyə qarşı dərin bir ədavət vücuda gətirməzdi.

Lakin nə etsin? Kimə söyləsin? Kimdən kömək istəsin?

Reyhan xanım Ağa Murad bəyə müraciət etmək məcburiyyətində qalmışdı.

Ağa Murad bəy ölmüş qulluqçusu Mirzə Kərimin arvadının gəlmiş olduğunu eşitcək, birinci dəfə on manat vermiş və demişdi:

– Mirzə Kərim yaxşı oğlan idi, mənim işimi çox yaxşı bilirdi; mən onun ölməsinə heyifsilənirəm...

Bu sözləri Reyhan xanıma xəbər verdikdə, onun daha da ədavəti artmışdı; çünki Ağa Murad bəyin yalnız öz işinə görə Mirzə Kərimin ölməsinə heyifsilənməsi Reyhan xanımda başqa cür hiss oyada bilməzdi; lakin nə dəsən ki, ehtiyac və aclıq Reyhan xanımı ikinci dəfə Ağa Murad bəyin qapısına gəlməyə vadar etdi.

Bu dəfə Ağa Murad bəy evdən çıxıb ticarətxanasına və idarəsinə gedirdi. Reyhan xanımı gördükdə, gənc qadının gözəlliyi bəyin diqqətini cəlb etdi.

Reyhan xanım doğrudan da gözəl sanılmağa haqqı ilə layiq idi. Buğdayı çöhrəsində böyük və qara gözləri, “kaman” kimi çəkilmiş nazik qaşları, hər kəsi valeh edəcək bir gözəlliyə malik idi.

Ağa Murad bəy Reyhan xanımın kim olduğunu bilincə geri qayıtdı və xanımı da dəvət etdi. Otaqları ikinci qatda idi. Buraya gəldikdə Ağa Murad bəy əyləşib arvada da bir sandalya təklif etdi. Reyhan xanım əyləşmək istəmədi və razılıq edib ayaq üstündəcə qaldı.

Ağa Murad bəy əhval soruşub, Reyhan xanıma qəm çəməməsini tövsiyə edərək dedi: 

– Dünyanın işi belə olur. Əcəli bilmək olmaz. Ömürdür, biri az yaşayır, o biri çox yaşayır. – O, bir az sükut etdikdən sonra, ahəstə bir səslə: – Sən qəm etmə, – dedi. – Ölən adamın əvəzinə başqaları gəlir. Dünyadır... Amma bu dünyada hər adam çalışmalıdır... Kim yaşamaq istəyirsə, ömrünü bada verməməlidir.

Bu sözlərə qulaq asan Reyhan xanım əsla bir şey anlamayır; yalnız ərinin yeganə vəsiyyəti olan çocuğunun aclığı, yemək istəməsi bərədə düşünürdü. O, Ağa Murad bəyin sözlərinə cavab verməyərək, sakit durmuşdu. Bəy on manat çıxarıb verdi.

Reyhan xanım pulu alıb yenə razılıq etdi. Ağa Murad bəy isə:

– Xərc edərsiniz, sonra yenə verərəm, – dedi.

Beləcə Reyhan xanım bir neçə dəfə Ağa Murad bəydən yardım aldı. Hər dəfə də bəy Reyhan xanıma yaşamaq, ömürdən istifadə etmək xüsusunda söyləyirdi.

Bir kərə, yenə Reyhan xanım Ağa Murad bəyin yanına gəlmişdi: qızı və özü ac idilər. Ağa Murad bəy Reyhanı evə dəvət edib onunla kəndisinə məxsus yağlı dillə söhbətə başladı. Ağa Murad bəyin danışdığı sözlər, o eşq və məhəbbət söhbətləri idi ki, yəqin min arvada söyləmişdi. 

Reyhan eləsi deyildi. Bunu bəy bilirdisə də, “aclıq insanı hər bir şeyə razı edər”, – deyə fikir edirdi.

Lakin səhv etmişdi.

Reyhan xanımın əlini tutub sıxmaq istədikdə, arvad əlini geri çəkib acıqlı:

– Bəy, mən gəlmişəm ki, sənin işində can vermiş Mirzə Kərimin balaca qızına kömək alım. Sənin boynunda nə qədər haqqı var! – dedi.

Ağa Murad bəy Reyhan xanımın belə bir cavabını eşitcək: 

– Mən ona borclu deyiləm, – dedi. – Vaxtında qulluq edibsə, məvacibini də almışdır. Naxoşlayıb müalicəsinə pul vermişəm, ölüb dəfn edilməsi üçün pul verilmişdir. Qızına da bir neçə dəfə kömək olunmuşdur. Oturduğunuz mənzil üçün pul alınmayır. Mən ona heç bir şey verəsi deyiləm; bu köməkləri məhz sənin bir xatirən üçün etmişəm; sənin məndən acığın gəlirsə, onda nə danışıq ola bilər. Budur. Vəssalam!

Reyhan xanım məsələni anladı.

Tez otaqdan bayıra çıxdı. O gündən yenə Reyhan xanım ev müxəlləfatını satmağa davam etdi. Lakin evdə də bir o qədər şey yox idi. Dədə-babadan qalma bir neçə parça mis qab var idi ki, Reyhan xanım onları birər-birər satmağa başladı.

  

Ağa Murad bəy Reyhan xanımın yaxasını buraxmaq istəməyirdi. Qadının ehtiyac içində olduğunu bilir və bundan istifadə etmək niyyətində bulunurdu.

Zatən Ağa Murad bəy subay və kəndisi də arvad düşkünü bir əxlaqsız kişi idi. Bir dəfə nişanladağı şikarından məqsədinə nail olmayınca əl çəkməzdi.

Bir neçə gündən sonra Ağa Murad bəy qulluqçularından birini belə bir sifarişlə Reyhan xanımın yanına göndərmişdi:

– Ya gəlsin danışaq, ya da mənzildən köçsün, otağı başqa xidmətçiyə vermək lazımdır.

Reyhan xanım bu sifarişin içəri üzünü anladı ki, Ağa Murad bəy öz fikrinə nail olmaq üçün əziyyət vermək mstəyir. Nə etməli? Namusu atıb çirkin fikirli heyvan xasiyyətli Ağa Murad bəyin yanına “danışmağamı” getmək və ya otaqdan köçməkmi? Birincisinə qəlb, namus, izzəti-nəfs, tərbiyə, əxlaq yol vermədiyi kimi, ikinisi də əməli surətdə qeyri-mümkün idi. Bir neçə gün Reyhan xanım şəhəri dolaşdı, özünə bir iş axtarmaq istədi. Hər yerdə çocuqla qəbul edilməyəcəklərini bildirdilər:

– Sənin gərək qızın üçün də bir adam tutaq, saxlasın, o bizə əl verməz!..

Lakin bir yandan çocuq yemək istəyir, o biri yandan da evdən satmağa əsla bir şey tapılmayırdı. Reyhan xanım hər yerə müraciət edib iş verilməsini rica edirdisə də, “yox” cavabını alırdı. Olduqca ağır bir vəziyyətdə olan Reyhan xanım tam ümidini kəsmiş və sevdiyi qızının həyatını təmin etmək üçün Ağa Murad bəyin qapısına getməyə qərar vermişdi.

Məcbur idi. Başqa nə edə bilərdi? Ağa Murad bəy Reyhan xanımı görcək soruşdu:

– Niyə görünməyirsən? Nə üçün tərslik edirsən?

Reyhan xanım onun sözünü kəsdi:

– Bir iş verin, mən görüm. Iş axtarıram.

Çocuq anasının göz yaşları ilə sözünə davam etməsinə mane oldu.

Ağa Murad bəy beş manat çıxarıb dedi:

– Al, qıza xərc et. Özün də istəyirsən gəl molla əli ilə kəbin kəsdirim, saxlayım. Mən deyirəm ki, çocuğa yazığın gəlsin.

 

Ağa Murad bəyin evində Reyhan xanımın müsibəti daha da artdı. Doğrudur, əvvəlcə Ağa Murad bəy Reyhan xanımla eşqiyanə əlaqədə idi; lakin gözəl qadın Ağa Murad bəyi çox vaxt məşğul etmədi.

Bir azdan sonra Ağa Murad bəy yenə başqa qadınlarla vaxtını keçirməyə başladı. Zatən Reyhan xanım şad idi. Heç olmasa rahat qalıb kəndi dərd və qüssələri ilə yaşamağa imkan bulurdu. Bu hal bir müddət davam etdi.

Indi Reyhan xanım Ağa Murad bəyin evində arvad deyil, bir qulluqçu kimi yaşayırdı. Belə yaşamasında bir məqsədi varsa, o da qızının həyatını təmin etmək idi.

Qız da yavaş-yavaş böyüyür, böyüdükcə də anasının gözəlliyinə malik olurdu. Reyhan xanım qızına baxdıqca fərəhlənir, sevinirdi. “Böyük olsun, ev-eşik sahibi edim, sonra ölüm...” Reyhan xanımın yeganə arzusu bu idi.

Ağa Murad bəyin Reyhan xanımla rəftarı isə get-gedə sərtləşirdi. Gah cüzi bir şeyin üstündə Reyhan xanımı döyər, gah məst olaraq arvadı evdən çıxarıb mətbəxdə, balkonda yatmağa məcbur edərdi. Amma Reyhan xanım bunların hamısına dözərdi; çünki Ağa Murad bəyin qıza son dərəcə mehriban olması onu razı salırdı. “Hər nə cür olsa, qıza yaxşı baxır”, – deyə Reyhan xanım fikirləşirdi.

Ağa Murad bəy doğrudan da həmişə qıza bəxşişlər verər, danışdırar, yanında oturdardı. Anasını döyüb qovduğu halda, balaca qızı öpüb qucaqlardı. Reyhan xanım bu münasibəti səmimi zənn edərək, çox razı idi. 

 

Bu əhvalatdan bir neçə il keçmişdi. Əski hökumət vəzinə Şura quruluşu bərpa olmuşdu.

Bir sabah qadınlar şöbəsi qarşısında idarə qapıçısı bir qadınla danışırdı. Qadının yanında 9-10 yaşında gözəl çöhrəli bir qız da var idi. Arvad ağlayır, içəri daxil olmaq istəyirdi. Qapıçı arvadı başa salırdı ki, hələ tezdir:

– Bizim idarədə saat 9-da işə başlayırlar. Sən saat 7-də gəlmisən, gərək gözləyəsən.

– Ay başına dönüm, mən gözləyə bilmərəm, məni içəri burax!

Qapıçı belələrini çox görmüşdü. Odur ki, arvadın təkidinə qulaq verməyir və şikayətlə maraqlanmayırdı.

– Di gəl, otur, gözlə...

Zənnimcə oxucular anladılar ki, bu qadın kim idi. Bu qadın Reyhan xanım, yanındakı da qızı idi.

Qadınlar şöbəsinə şikayətə gələn arvadların sayı artırdı. Axır müdirə gəldi. Birinci olaraq Reyhan xanım qızı ilə bərabər müdirənin odasına daxil oldu.

– Nə işə gəlmisən, söylə!

– Bax, bacı, bu mənim balamdır; Hər bir əzabına qatlaşıb saxladığım balamdır...

Göz yaşları və ağlamaq söyləməyə qoymadı. Anasının ağlamasını görən qız iki əli ilə üzünü örtüb hönkür-hönkür ağlamağa başladı və leysan suyu kimi göz yaşlarını axıtdı.

– Sakit olun. Arvad, sakit ol, söylə!

– Yox, yox... sakit olmaram. Bu saat gərək onu tutasınız və mənə verəsiniz. Mən hökumətdən istəyirəm. Ərimi öldürdü, mənim başıma yüz min bəla gətirdi; indi də qızımın namusuna toxunmuşdur... Mən bu gün bilmişəm. Cəzasını tələb edirəm!..

...Bir neçə gündən sonra Ağa Murad bəyin işinə vilayət məhkəməsində baxılırdı. Məhkəmədə Ağa Murad bəy müqəssir sandalyasında əyləşmiş, başını aşağı salıb fikrə dalmışdı, ətrafına belə baxmayırdı.

Bu tərəfdə Mirzə Kərimin qızı, qadınlar şöbəsi müdirəsinin yanında əyləşmişdi.

Məhkəmə salonu çadralı və çadrasız qadınlarla dolu idi. Bütün arvadlar gah qıza, gah müqəssir olan Ağa Murad bəyə baxırlardı.

Səbirsiz gözlənməkdə olan məhkəmə başlandı. Məhkəmə sədri məhkəməyə dəvət olunmuş tərəflərin gəlmələri xüsusunda katibdən məlumat istədikdə, katib xəbər verdi ki:

– Dəvət olunanlardan ancaq mütəzərrirə qızın anası Reyhan xanım gəlməmişdir; çünki iki gün bundan əvvəl xəstələnib dəlixanaya verilmişdir.

Reyhan xanım son dərdə, son zərbəyə davam gətirə bilməyib xəstələnmişdi. Bu xəbər ümum hazırunun ürəyindən dərin bir ah qopartdı.

Məhkəmə katibi sözünə davam edərək dedi ki:

– Qadınlar təşkilatı məhkəməyə müraciətən rica edir ki, bu işdə camaat adından ittihamçı sifəti ilə iştirak etməyə qadınlar şöbəsi müdirəsi N.N. yoldaşa icazə verilsin.

Məhkəmə qadınlar təşkilatının ricasını qısa müşavirədən sonra qəbul etdi.


1924

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info