Qonaq Kitabı
Əzab qorxusu

Məktəb qəza maarif şöbəsi tərəfindən arvadlara məxsus açılmış savad kurslarından ibarət idi.

Kurslar rəsmən beş ay əvvəl qəza icraiyyə komitəsi sədrinin gəlməsi münasibətilə açılmış idisə də, ancaq dərslər üç ay tamam idi ki, başlanmış idi və hal-hazırda da bir növ, adi surətdə davam edirdi. Kurslarda oxuyanlara hökumət tərəfindən pal-paltar veriləcək, – deyə səs dağıldığından – bir çox arvad və qız kurslara yazılmışdısa da, amma kurslarda dərs oxuyan 20-25 adam idi.

Kursların dərsləri hər gün saat 4-də başlayacağı elan olunmuşdusa da, saat 4-də Zinət xanımdan başqa bir kəs olmazdı. O idi ki, dərslər saat 4 əvəzinə saat beş tamamda, bəzi vaxt bir neçə dəqiqə də ötmüş başlanırdı. Bunu kurs müəlliməsi Dilavər xanım da bilirdi və beş tamamda məktəbdə hazır olurdu.

Bu barədə Zinət nümunə ola bilərdi. Saat dörd oldumu, əlində nə işi olsa buraxaraq, kitab-dəftərini alıb bənəfşə rəngli çadrasını başına salar və dərsə doğru yollanar. Yoldaş və qonşularının evləri yanından keçərkən, məktəbin vaxtı gəldiyini elan edərdi.

– Bilqeyis, tez ol, mən getdim.

– Gülcahan qız, gəl vaxtdır, axşam oldu.

– Anabacı, dərsin vaxtı keçir. Tələs! – Hərəsini bir növ dəvət edə-edə Zinət xanım məktəbə hər gün birinci gəlirdi. Tez çadrasını atıb kitabını açır və oxumağa başlardı. Bir-bir qızlar cəm olardılar.

Hər gün qızlardan bir neçəsi gəlməzdi. Müəllimə onların adlarını yazar və sonra səbəbini sorardı; məlum olardı ki, gəlməyənlərə ev və ailə işləri mane olurmuş.

– Gülçöhrə! Dünən nə üçün gəlməmişdin?

– Dünən ev təmizləyirdik! Gec qurtardıq!

– Sən nə səbəbə gəlməmişdin, – deyə o birisindən sorur.

– Xalamgil bizə gəlmişdilər...

Hər dəfə belə cavablardan sonra müəllimə deyirdi:

– Bacılarım, bunlar xüsusi ev işləridir, bunlar dərsə mane ola bilməzlər. Gərək bu işlərə baxmayıb gələsiniz! Bunların sizə dəxli yoxdur. – Amma qızlar heç başa düşməyirdilər; nə üçün bu işlərin onlara dəxli yoxdur.

Dərsdən qabaq qızlar təzə əhvalatları bir-birinə nağıl edirdilər.

– Axundun qızı üçün nişan getdi!

– Görəsən nə apardılar?

– Gülcahan arvad deyir ki, dörd dəst paltar, ipək corab...

– Ey, bəsdir, qadam onun ağzına da, paltarına da...

– Nə üçün ay Səknə, məgər pis qızdır...

Səknə xanım “ey”, – deyib cavab vermədi, Səknə xanım gözəl olduğu üçünmü və ya bəy qızı olduğu üçünmü heç kəsi bəyənməzdi. Hamısına gülərdi...

Zinət məzəmmət edərdi.

– Allah xeyir eləsin, yazıqdır!

Zinətin rəhimli, xeyirxah olduğunu hamısı bilirdi. Heç bir kəs onun sözünün qabağına bir söz deməzdi. Zinət, qızların ağıllısı hesab olunurdu. Qızlar qeylü-qal salıb söhbət edər və qəhqəhə ilə gülərdilər: amma Zinət ağır, samit qulaq asar, sonra öz fikrini söylərdi:

Bu gün hamı qızlar gəlib təəccüblənirdilər:

– Zinət gəlməmişdi.

Qızlar, gələndən sorurdular.

– Ay qız, Zinətdən xəbərin varmı?

– Nə olub ki!

– Görməyirsən ki, gəlməyibdir! – Heç kəs bilməyirmi ki, nə üçün bu gün Zinət yoxdur. Bəziləri zənn edirdilər ki, gələr, bəlkə gecikmişdir; bəzisi deyirdi ki, gəlməz və ona görə də təklif edirdilər ki, dərsləri buraxıb gedib səbəbini bilsinlər.

Bir azdan sonra Zinət xanımın qonşusu Bilqeyis gəldi, onu görən kimi qızlar əhatə edib soruşmağa başladılar.

– Ay qız, Zinət nə olub ki, yoxdur?

Bilqeyis xəbər verdi ki, bir şey yoxdur, gecikmişdir; çünki dayısıgildə mərsiyəxan oxudurlar. Şəhərdən bir mərsiyəxan gəlib on gün oxuyacaqdır. Bunu eşidən qızlar sakit oldular.

Qızlar yenə öz adi söhbətlərinə məşğul olmuşdular ki, Zinətin çadrasını pəncərədən gördülər. Hamısı bayıra tərəf atıldı. Zinət xanım sakit, başı aşağıda içəri daxil oldu.

Zinət xanımın həmişəki gülər üzündə böyük böyük bir qəm var idi. Bunu hamısı gördü. Görməmək olurdumu? Gülərüzlü, məlahətli Zinət bu gün ağlamış, dolmuşdu.

Qızlar Zinət xanımın belə acıqlı, daha doğrusu qəmli olduğunu görüncə karıxdılar. Bir-birinə baxıb Zinət xanımın başında bir iş olduğunu işarə ilə bildilər. Bir şey var! Ancaq o nədir? Həmişə qəhqəhə ilə gülən, oynayan Səknə, qızların bir neçəsini kənara çəkib:

– Gərək qızım dərdini bilək, – dedi.

Birdən Səknə xanım Zinətin kitabsız gəldiyini gördü.

– Bəs sənin kitabın, dəftərin hanı, ay qız?

– Gətirmədim, hamısını da yandıracağam!

– Ay qız, nə olmuşdur?

Zinət məlahətli gözlərilə yoldaşlarının üzlərinə baxıb dedi ki:

– Mən daha oxumayacağam! Gəlmiyəcəyəm.

Hamısı təəccüb etdi. Yerbəyerdən səbəbini soruşmağa başladılar. Zinət başladı:

– Bu gün dayımgildə mərsiyəxan oxuyurdu. Mərsiyəxan şəhərdən gəlmiş bir seyiddir. O deyirdi ki, əgər bir qız bu dünyada əlinə qələm alıb yazı yaza, o qələm, o dünyada onun əlində od tutub yanacaq; bu dünyada qızın yazdıqları xətlər, qiyamət günündə ilan kimi qızın bədəninə sarılacaq, çünki qızlara oxumaq, yazmaq haramdır. Bircə Qurandan başqa qızlar başqa kitab oxuya bilməzlər... Bir də mərsiyəxan dedi ki, şkolada oxuyan qızları 19 dəfə yandıracaqlar, ata və analarını oddan qayrılmış gürzlə döyəcəklər.

Qızlar hamısı məbhut, mat qulaq asırdılar. Kimsə bir söz söyləməyirdi. Zinət sözündə davam, edib dedi:

– Mən bu gün mərsiyəxandan eşitdiyim sözlərdən sonra dərs oxumayacağam, tövbə edəcəyəm, nəzir verəcəyəm, bəlkə Allah bağışlasın.

Bunları eşidən Səknə titrək və zəif bir səda ilə:

– Mən də oxumayacağam, dərsə gəlməyəcəyəm, qorxuram. – Bu hində qapı açıldı; müəllimə üzündə təbəssüm olaraq, içəri daxil oldu. Qızlar salam verdi. Qızlar hamısı sakit durmuşdular. Müəllimə mizin yanına keçib kitablarını mizin üstünə qoydu və üzünü qızlara tutub:

– Nə üçün durmuşsunuz, yerinizdə oturun! – dedi. Kimsə cavabında bir söz söyləmədi. Hamısı Zinət xanıma baxırdı. Birdən Zinət xanım ağlaya-ağlaya:

– Mən günahdan və onun əzabından qorxuram, oxumayacağam, sağ ol, – deyib getdi.

Onun dalınca Səknə, sonra o biri qızlar birər-birər çıxıb getdilər. Axırda qalan qızlardan birini müəllimə saxlayıb, bu hadisənin səbəbini bildi...

O gün müəllimə təcili surətdə bu barədə qəza maarif şöbəsinə xəbər verdi və bu gündən arvadlara məxsus savad kursları öz-özünə qapandı...


 1923

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info