Qonaq Kitabı
Aldanmış ümid

Kərbəlayı Fərzəlini çox adam tanıyır. Tamam ömrünü atasından qalma dükanda alver etməklə keçirmişdir. Sübh tezdən axşam azanınadək alver edər.

Kərbəlayı Fərzəli özü alar, özü satar. Bir kəs onun ticarətindən bir şey anlamaz. Heç bir kəs onun mənfəətini bilməz, bir kəs sorarsa: 

– Kərbəlayı Fərzəli, bu il nə qazanmısan? – bilməz, deməz, bu barədə heç də fikir etmək istəməz; çünki bilir ki, hər bir satdığı şeydə qazanır. Kərbəlayi Fərzəli kitabsız, dəftərsiz bilir ki, düyünü neçədən satarsa, nə qədər mənfəət verər.

Yainki yağ nə üçün az mənfəət gətirdi.

Alverdə də Kərbəlayı Fərzəli aciz deyildi. Kərbəlayi, şirin alver edər. 

– Yaxşı yağ varmı?.. 

– Çox əla yağ var, aparın! Nə qədər aparacaqsınız? – Kərbəlayı Fərzəli müştərini tanıyır: bilir kiminə qiymət söyləyir, kiminə heç də qiymət deməz.

– Düyü neçəyədir?

–  Nə qədər aparacaqsınız? 

– Kərbəlayı, ogun qiyməti nədir?

– Canım, qiyamət deyil ki!.. Nə olacaq?.. Qiymətdə nə işiniz var! Heyifdir, yaxşı düyüdür, aparın. – Görürsən ki, çəkdi, verdi. Müştərini yola saldı. Sonra əllərini ovuşdurub əyləşdi.

Kərbəlayi Fərzəlinin dükanda məxsusi səliqəsi vardı. Tamam kisələr bir qatar düzülmüş, hamısı bir boyda. Əgər bir kisənin malı azalarsa, haman saat o kisənin altına bir qutu qoyar, yenə qeyrilərilə bərabər edər; yainki bir zənbildəki yemiş qurtarmaq üzrə olarsa, zənbilin içinə qoz tökər, üstündən yemiş düzər. Mal, gərək göz qabağında olsun... görünsün.

Kərbəlayının tərəzisi işıldar; çünki tez-tez tərəzisini silər. Özü də düz işlər. Birdən bir müştəri Kərbəlayi Fərzəliyə: 

– Kərbəlayı, bir az artıq çəksəniz, – deyərsə Kərbəlayi Fərzəli cavabında:

– Nə az, nə çox; nə artıq, nə əskik. Tərəzidir, gərək düz, doğru olsun, – söylər.

Inqilab nəticəsində Şuralar hökuməti vücudə gəldi.

Hökumət başında işçi və əkinçi nümayəndələri oturdular. Bu əhvalatdan sonra Kərbəlayı Fərzəlinin işi yavaş-yavaş fənalaşdı.

Doğrudan da Kərbəlayı Fərzəli varlı sinifdən idi. Dükanı, malı, iki mülkü, nəqd pulu var idi.

Sərvətdarlara “qulaq burması” gələndə Kərbəlayı Fərzəli də ələ keçmişdi: onun dükanındakı malını arabalar dolusu hökumət anbarlarına aparmışdılar.

Bu işdən Kərbəlayı Fərzəli çox dilgir olmuşdu.

– Bu ədalətsizlikdir... Bu zülmdür. Zəhmət çəkən sən, qan tərlə işləyən sən, alver edən sən, qazanan sən, birdən-birə fəhlələr gəlib sənin malını aparsınlar. Öl, Kərbəlayı Fərzəli!..

Bu əhvalatdan sonra yeni hökumət Kərbəlayı Fərzəlinin xoşuna getmədi. Əvvəlcə doğrudan da bitərəf idi.

Indi tanıdı, bildi. Bu vaxtacan heç bir firqənin məramnaməsindən xəbərdar olmayan və siyasətə qarışmayan Kərbəlayı Fərzəli indi bildi ki, inqilab deyilən şey yaxşı iş deyilmiş və bolşevik hökumətinin  xeyri yox imiş.

Kərbəlayı Fərzəlinin fikrincə:

– Hökumət içində gərək tacir olsun.

Bunu hər kəsə söylərdi. Amma qorxa-qorxa söylərdi. Kərbəlayı Fərzəli inanmışdı ki, hərgah hökumət içində tacirlər olsa idi, heç vaxt alverçilərin malını yığıb aparmazlardı.

– Fəhləyə “payok” vermək istəyirsən, mənə nə? Fəhlədir canı çıxsın, o da işləsin, qazansın; necə ki, mən qazanmışam.

Bir müddət Kərbəlayı Fərzəli ancaq malının əlindən getməsi barəsində fikir edirdi.

Hər yerdə düyü, çay, qənd, papiros görürdüsə zənn edirdi ki, onun dükanından aparılan mallardandır.

Kim bilir, bəlkə doğrudan da qonşuluğundakı qoca Salmanın oğlu zavoddan aldığı payok Kərbəlayı Fərzəlinin dükanından alınan mallardandır?

 

Işə bax ki, Kərbəlayı Fərzəlinin qızını indi bolşevik Heydər istəyir. Heydəri tanıyırlar. Bir yaxşı cavan oğlan. Amma ona qız vermək olarmı?

– Heydər cavan oğlan da olsa, hünərli də olsa, diribaş da olsa, zəhmət sevən də olsa – bir söz, nə sayaq yaxşı adam da olsa bolşevikdir. Bolşevikə qız verməg, onunla qohum olmaq olmaz! Zira Kərbəlayı Fərzəli bunu gözəlcəsinə bilirdi ki, o, qızını bolşevik Heydərə verib onunla qohum olarsa, sabah tamam bazar deyər ki, “Kərbəlayı Fərzəli bolşevik olubdur”.

– Uzaq, uzaq... Desinlər ki: – Kərbəlayı Fərzəli də bolşevik oldu? – yox, yox vermərəm.

Amma Kərbəlayı Fərzəlinin arvadı, qızı Heydərə vermək tərəfdarı idi.

– Qızdır, evdə saxlamaq lazım deyil; istəyirlər, – ver getsin, Allah xeyir versin.

Hər gün bu barədə evdə mübahisə açılırdı; lakin məsələni həll edə bilməyirdilər.

Axırda Kərbəlayı Fərzəli belə qərar qoydu ki, gedib axundla da məsləhətləşsin.

– Axund alim adamdır, dünya və axirət işindən xəbərdardır – o bilər! Məsləhət lazımdır.

Bir gün Kərbəlayı Fərzəli axundun yanına getdi.

Ittifaqən axundun yanında da söhbət bolşeviklərdən düşmuşdü. Kərbəlayı Fərzəli qulaq verdi. Hamısı deyir:

– Bu bolşevik deyilən camaat, tamamən laməzhəbdir. Onların dini, imanı yoxdur.

Hətta mollalardan biri:

– Müşrik, bolşevikdən yaxşıdır, – dedi.

Bunu eşitcək, Kərbəlayı Fərzəli öz məsələsinin üstünü açmadı:

– Aşkardır, yaramaz!.. Bu fəqərədən sonra Kərbəlayı Fərzəli məsələni həll etdi:

– Bolşevikə qız vermək olmaz.

Çünki:

– Bütün üləmalar, bütün “nəcib” adamlar, axundlar bolşevikə lənət oxuyur.

Arvad bu fikirlə razı ola bilmədi.

– Hər nədir, özü bilər. İşləyir, qazanır, arvadını saxlaya bilir, – daha nə lazımdır?

 

Bir gün Kərbəlayı Fərzəlinin əziz dostu Məşədi Nəcəfqulu gəlmişdi. Çoxdan görüşməmişdilər. Məşədi naxoş imiş. Məşədi Nəcəfqulu dünyadan, həyatdan şikayət edirdi:

– Dünya xarab olub, ömürlər azalıb, dirilik çətinləşibdir.

Kərbəlayı Fərzəli təəccüb etdi ki, nə əcəb məşədi xəbər verməmişdir.

– Istədim çağırtdırım, halallaşaq, sonra yaxşılaşdım; bir də zəhmət vermək istəmədim.

Kərbəlayı Fərzəli də öz tərfindən üzr istədi:

– Mənim də başım qarışıq idi.

– Xeyir olsun! Olmaya qızını ərə vermək fikrin var?

– Bir hələ söhbət var idi.

– Alla xeyir...

– Yox, düzəlmədi.

Burada Kərbəlayı Fərzəli əhvalatı nağıl etdi.

– Əbəs yerə verməyirsən, ver getsin. Xeyir olsun. Bolşeviklər nədir, onun sənə ziyanı yoxdur. Xeyri var. Bolşevik sənin qohumun olarsa, bir daha malını aparmazlar. Bəlkə o, hələ sənin aparılan malını qaytara bilər.

Kərbəlayı Fərzəli deyəsən ayıldı; bu fikir onun beynini işğal etdi.

– Doğrudan gedən mal və dövlətimi qaytararlar – yenə özüm dövlətimə sahib olaram – deyə düşünməyə başladı.

Ağıllı sözə kimin nə deyəcəyi ola bilər?

Məşədi Nəcəfqulu doğrudan bir ağıllı kişidir. Dünya görmüşdür. Iş biləndir.

Indi Kərbəlayı Fərzəli bu işə razı oldu. Kərbəlayının arvadı bunu bilcək çox sevindi.

 

Toy oldu. Heydər qızı apardı.

Kərbəlayı Fərzəli malından nigaran idi.

Dövlət anbarlarında mal çox idi. Bir neçə dəfə Kərbəlayı gedib soruşub bilmişdi:

– Qurtaran deyil.

Bir axşam Heydəri çağırıb mətləbi açdı.  

– Yox Kərbəlayı: mən bu işə qarışmaram və qarışa bilmərəm. Sən varlısan, varlının malı alınıb zəhmətkeşlərə verilməlidir. Bu inqilabın tələbidir; fəhlə və kəndçi inqilabı.

– Bəs mən zəhmətkeş deyildim?

Heydər güldü.

Kərbəlayı Fərzəlinin ümidi kəsildi, bütün zəhməti zaye oldu.

Yəqin oldu ki, özü əvvəldən bu bolşevikləri yaxşı tanıyırmış.

– Heyif öz sözümə baxmadım? – deyə heyifsiləndi.

– Qoy Məşədi Nəcəfqulu bir mənim əlimə keçsin, mən bilirəm ki, ona nə deyəcəm. 


1923

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info