Qonaq Kitabı
Aleksandr Eyniç

İçində yaşadığımız ailənin tərtib vermiş olduğu ailə bayramında mən o tələbə ilə birinci dəfə olaraq görüşdüm.

“Aleksandr Eyniç” onun adı idi. Onun barəsində ev xanımının qızı iləricə mənə bir taqım məlumat vermiş və demişdi ki: 

– O da sizin kimi azərbaycanlıdır, ancaq adı sizin adınız kimi dil sındıran deyil. Bizim adlar kimidir – Aleksandr Eyniç, sadə və asan!

Mən cavabında:

– Asan, fəqət sizin üçün. Elə deyilmi? – deyə sorduqda, xanım qız özünəməxsus nazla gülümsəyərək, qırmızı dodaqlarını büzüb, mənim dediyimə razı olmuşdu.

Çoxdan bəri həsrətində olduğum və tanımaq istədiyim Aleksandr Eyniçi bu axşam görməyə müvəffəq oldum.

Bizi bir-birimizlə tanış edərkən, qonaqpərəstliyi və şirin danışığı ilə dostları arasında məşhur olan ev xanımı:

– Iki həmyerli əziz dostlarımızdan tanış olmalarını rica edirəm, – dedi.

Biz bir-birimizin əlini sıxaraq, familiyamızı söylədik. Dərhal Aleksandr Eyniç üzr istəyib, döndü və otağın yan qapısından daxil olan ev xanımının qızı ilə başqa bir gənc qadına qarşı yönəldi.

Bu vaxt mən ona diqqətlə tamaşa etdim. Aleksandr Eyniç ortaboylu, qara saçları səliqə ilə daranmış, buğdayı simalı, darülfünun forması geymiş bir cavan idi. Ənginin kobud olmasına rəğmən üzü ümumən xoş idi. Xüsusən iti və oynaq qara gözləri üzünə ayrı bir məlahət bəxş edirdi. Aleksandr Eyniç belə bir zahiri görünüşə malik idi ki, içəri Rusiyada çox-çox az təsadüf olunub və nadir olduğu üçün də özünə artıq diqqət cəlb edir.

Bu axşam həmyerlim məni də maraqlandırdı. Doğrusu maraqlanmamaq da çətin idi. Onun gah bu xanımı, gah o xanımı məşğul etməyə çalışması, məzəli lətifələr, sözlər söyləməyə səy etməsi və özünü zarafatçı göstərmək istəməsini görməmək mümkün deyildi. Diqqətlə tamaşa etdikdə görürdük ki, kişi çalışır ki, bütün hazır olanların diqqətini özünə cəlb etsin və bunun üçün də şübhəsiz irəlicə hazırlamış və ola bilsin ki, dəfələrlə söyləmiş olduğu gülməli lətifələri bir-bir xırıda verirdi.

Çay vaxtı şirni qutularını alıb xanım və qızlara təklif edirkən, hərəsinə bir cür eşqli sözlər söyləyirdi. Odur ki, təbii hamının gözü Aleksandr Eyniçdə, Aleksandr Eyniç də hamının dilində idi.

Çaydan sonra salondagı qonaqlar iki-bir, üç-bir bir tərəfə çəkilib, bəzisi söhbət edir, bəzisi miz üstündə duran albomların şəklinə baxır, başqaları da pianino ətrafında toplaşıb, yeni mahnı notlarını çaldırıb dinləyirdi...

Aleksandr Eyniç isə bir yerdə durmayırdı. Bir də baxdıq ki, ağzını pianino çalan qızın qulağına yaxınlaşdırıb, nə isə deyib güldü; sonra görürdük ki, başqa bir qadına yanaşıb, əlini öpür və yainki bir qeyrisini dəvət edib rəqs edir... Zalım oğlu bu axşam bir dəqiqə sakit olmadı: gah rəqs edir, gah da məzə verib, məzə alırdı.

Nə qədər çalışdımsa, bu axşam mən onunla danışa bilmədim. Ancaq qonaqlar dağılanda mən ona yanaşıb, xüsusi görüşmək üçün yanıma gəlməsini rica etdim, o da ünvanını söyləyərək, məni öz evinə dəvət etdi. Beləcə xudahafizləşdik. Aleksandr Eyniç bir dəstə xanım və qızlarla gülə-gülə çıxıb getdi.

Bu görüşdən sonra mən yerlimdən narazı qaldımsa da, yenə onunla görüşməyə, onun kim və haralı olduğunu bilməyə və əvvəl-əvvəl “Aleksandr Eyniçin” mənasını öyrənməyə qərar verdim.

Haman qonaqlıqdan üç gün sonra bir axşamçağı idi. Başmaqseyri yapmaq fikrilə evdən çıxdım. Haradansa Aleksandr Eyniç yadıma düşdü. Verdiyi ünvanla yanına getməyə qərar verdim.

Şəhər elektrik şüaları içində çimirdi. Mağaza və evlərin pəncərəsindən, gündüz zəhmətindən sonra şəhərin lal olmaq istəyən küçələrinə elektrik işığı yağırdı. Hava sakit olsa da, ağır idi, bəlkə bu səbəbə görə idi ki, həmişəki kimi, küçələrdə gəzən yox idi. Qaranlıq göyün şən, işıqlı və parlaq ulduzları şəhər küçələrindəki elektrik lampalarına qaş-göz atırdılar. Gəzən az idi. Bir az dolaşandan sonra evi tapdım.

Həmyerlim olan evin qapısında vurulmuş bir neçə ad vərəqələri arasında Aleksandr Eyniçin də vərəqəsi mövcud idi; Rusca “Aleksandr Eyniç Salaxov” yazılmışdı. Aleksandr Eyniçin hansı sözdən alındığını yenə anlamadımsa, ancaq Salaxovun “Salehdən” əmələ gəldiyini düşündüm. Ixtiyarsız zəngi çaldım, gözümü Aleksandr Eyniçin vizit kartından çəgə bilməyirdim: hərf-hərf höccələyib, mənasını çıxarmaq istəyirdim; lakin əfsus!.. Zəhmətmm bihudə idi: bir şey anlamırdım.

Birdən qapı açıldı. Qarşımda gənc bir qulluqçu peyda oldu. Aleksandr Eyniçin evdə olub-olmadığını sordum. Xidmətçi məni içəri dəvət etdi və şüşəli bir qapını göstərdi. Içəridən Aleksandr Eyniçin: “buyurunuz, buyurunuz” – səsini eşitdim. Otağa girdim.

Aleksandr Eyniç, gözəl surətdə bəzənmiş və döşəməsinə xalça salınmış bir otağın tən ortasında durmuşdu. Biz köhnə dost kimi bir-birilə görüşdük. Onun göstərdiyi sandalya üzərində oturaraq, kişini işdən avara edə biləcəyim üçün üzr istədim.

Aleksandr Eyniç gülümsədi və gəlməyimdən razı qaldığını söylədi.

Bu vaxtadək rusca gedən danışığımızı türkcəyə döndərmək məqsədiylə mən ondan türkcə bilib-bilməməsini sordum.

Aleksandr Eyniç fövrən türkcə cavab verdi:

– Bəs nədi, müsülmanam, dayna!

– Beləsə, türkcə danışaq!

Sonrakı söhbətdən anlaşıldı ki, bu, universitetin hüquq fakültəsi tələbəsidir. Üç ildir ki, burada təhsil alır. Lakin bir çox səbəblərə görə imtahanlarının hamısını verməmişdir və təəssüf etmir, çünki “osnovatelno” keçmək niyyətini bəsləyir.

Təzə tanışımın adı məni madaqlandırdığı üçün türkcəsini bilmək istəyirdim. Bu məsələyə yaxınlaşmaq fikri ilə mən əvvəl onun haralı olduğunu sordum:

– Yelizavetpolski quberniyasındanam, bizdə, znayete, burada olan kimi jizn yoxdur.

– Nə mənada buyurursunuz?

– Hər mənada, qlavnoye – ora çox skuçna olan yerdir. Intelligentni obşestvo yox, zad yox. Keçən yay getmişdim. Bu yay kateqoriçeski reşil, getməyəcəyəm. Adam yoxdur, vot v çem delo! Muzdur Əli, rəncbər mujiklər, arabaçı Qulu, vot naşe obşestvo.

Bir az sükut edəndən sonra mən birdən:

– Sizin adınızın türkcəsi Iskəndərmidir? – deyə soraraq, magedoniyalı Aleksandrın aramızda Iskəndər Zülqərneyn adı ilə məruf olduğunu xatırladım.

– Yox, yox, mənim adım Əlihüseyn bəydir, mən özüm perevod elədim, – deyə tanışım izahat verdi: – bilmirsiniz, burada bu rus barişnaları soruşurlar, nu, Əlihüseyn bəy deyəndə xoşları gəlməyir, çağıra bilməyirlər, ona görə mən Aleksandr perevod elədim.

– Bəs Eyniç?

– Hi-hi-hi, hə-hə-hə. A kak je, imya i oteçectvo hər yerdə işlənir. Nu, mən atamın adını da perevod elədim. No po vaşemu atamın adı nədir?

Mən avab vermədim.

– Eynullabəy, Məşədi Eynullabəydir. Mən bu barədə çox fikir etdim. Vizitni kartoçka çap eləyən tipoqrafçı bir cuhud var, o düzəltdi. Oçen udaçno – elədirmi? V kulturnom mire tak prinyato.

Mən bir söz söyləmədim.

Bu halda qapı yavaş döyüldü. Aleksandr Eyniç izin verdikdə, bayaq mənə qapı açan qız daxil olub göy rəngli kiçik bir konvert verdi. Tanışım tez məktubu alıb üstünü oxudu.

– Görürsünüz nə yaxşı çıxır: “Qospodinu Aleksandru Eyniçu Salaxovu” – nastayaşşi urus adı kimi!

Sonra məktubu açıb baxdı və üzündə bir yapma təbəssüm oynayaraq, kağızı masanın üstünə atdı və özündən məmnun qalaraq dedi:

– Yazıq qız skuçat edir, çağırır, vot, kstati, istəyirsiniz mən onu sizinlə tanış edim; çox yaxşı krasivaya barişna! Nu, bir az atvlekatsiya olar.

Mən təşəkkür etdim və izin istəyərək, getməyə qalxdım. Ayrıldıq.

Aleksandr Eyniçlə tanışlığım burada tamam oldu. Daha görüşmədik. Ancaq ara-sıra küçədə, teatrda rast düşürdük. Onda da bir-birimizə baş endirərək, uzaqdan salamlaşardıq...

Yoldaşım hekayəsini tamam edib sordu:

– Aleksandr Eyniç xoşuna gəldimi? Belələrinə tələbələr arasında çox rast gəlinir. Başqa tiplər də yox deyildir. Fəqət bu axşam kifayət edər. Yatmaq zamanı da gəldi.

– Çox gözəl...

Yatacağımızda uzandıq. Yoldaşım yorulmuşdu, tez yatdı. Məni isə, xeyli zaman Aleksandr Eyniç məşğul etdi. Ancaq səhərə yaxın məni də yuxu aparmışdı.


 1916

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info