Qonaq Kitabı
Şəkərəli çoban

Şəkərəli böyük bir qoyun sürüsünü ağacla kənddən qovurdu.

Fəsillərin ən gözəli, ən səfalısı, bahar vaxtı olduğundan o tərəf-bu tərəf yaşıl otlar, əlvan çiçəklər ilə bəzənmişdi. Güllərin ətri, otların iyinə qarışıb ətrafa saçılmaqda idi.

Günün, o alovlu günün şüası çiçəklərin, otların üzərinə düşüb, onlara öz nəvazişi ilə istilik verirdi.

Şəkərəlinin qoyun sürüsü yol uzunu gedərək, yolun tozunu havaya qaldırırdı. Sürü yaxınlaşdıqca çöldəki quşlar qalxıb üçuşur, sonra oturur, yenə sürü yaxınlaşanda havaya pərvaz edirlərdi. Zənn edirdilər ki, sürü onları təqib edir. Quşların bəzisi bu təqibdən xilas olmaq üçün yol uzunu uçmayıb sağ və sol tərəfə səpələnir və otların içərisində gizlənirdi. Şəkərəli nə bu otları, nə əlvan çiçəkləri, nə də o tərəf-bu tərəfə uçuşan quşları, nə də rəngbərəng boyalarla bəzənmiş pərvazları görürdü. Həmçinin yaşıl otların, əlvan çiçəklərin bir-birinə qarışmış ətri onun diqqətini cəlb etməyirdi.

Böyük bir fikrə dalaraq irəliləyir və sürüdən dala qalan qoyunların qılçalarına əlindəki ağacını endirirdi.

Çaya yaxınlaşdıqda Nabatın mahnıları yavaş-yavaş eşidilirdi.

Deyəsən bu mahnıları bu gün Şəkərəli eşitməyirdi. Şəkərəli həmişə buralara gələndə sevinər, şad olardı. Amma nədənsə bu gün acıqlı və qaşqabaqlı idi. Guya sevdiyi qızı qayıb etmiş, guya ona məhəbbət bəsləyən qız başqasını sevmək ilə onu xatırından çıxarmış...

Yox. Yox. Nabat bunu sabiqdəki kimi sevir. Xayır, sabiqdəkindən daha artıq sevirdi. Lakin bu gün Nabat da iləridəki kimi şad deyildi. Nabat zənn edirdi ki, Şəkərəli bir şey bilməyir və onu dilgir, qəmgin edən macəradan xəbərsizdir.

Şəkərəli əhvalatı bilmişdi...

Şəkərəli uzaqdan Nabatı həmişəki yerində görmək üçün başını qaldırıb baxdı... Uca qamətli Nabat qoca çinarın kölgəsində durub Şəkərəlini gözləyirdi. Lakin bu gün daha təbəssümlə deyil... “Balupəri sınan quş kimi” qəmli bir halda gözləyirdi.

Nabat başını aşağı salıb, dolmuş gözlərini, başına gələn müsibəti həzin-həzin oxşayan çayın axar sularına dikmişdi.

Sular da ağlar kimi, həzin-həzin axıb gedirdi. 

 

– Nabat, nə olub, yenə fikrə getmisən, kefin necədir, – deyə Şəkərəli Nabata yaxınlaşıb sordu.  

– Ah, demə, sorma, bir də dərdimi təzələmə, – deyib Nabat yenə ətrafa tamaşa etməyə başladı. Şəkərəli dəxi dinməz dururdu.

Bir azdan sonra Nabat.

– Bilirsənmi Şəkərəli, mən gərək səndən... – deyib durdu. Fikrimi tamam edə bilmədi. 

– Ayrılırsanmı? – deyə Şəkərəli Nabatın sözünü tamam etdi.

– Hə, bilirəm. Sənin heç bir günahın yoxdur. Mən bədbəxt oldum.

– Mən nə edim? Mən səni necə tapmışdım?

–       İndi yenə başqasını taparsan.

–       Elə demə, Şəkərəli vəfasız adam deyil; sən də bilirsən, mən də bilirəm...

– Yaxşı, Şəkərəli bilirsənmi bizim ayrılmağımıza səbəb kimdir? Kimdir bizim bədbəxt olmağımızın baisi?.. və cavab gözləməyərək Nabat: – Kəndxudanın oğlu Heydərdir, – dedi.

         – Ah belə de: Heydər? Mən eşitmişdim ki, səni ərə verirlər, amma kimə verildiyini sormamışdım. Heydərmi? Heyif Nabat səndən o Heydər üçün! Vay dünya...

         Bir azdan sonra Şəkərəli:

         – Toy nə vaxtdır, – deyə sordu.

         – Gələn çərşənbə günü... Mən evdə dedim getməyəcəyəm. Mənə acıqlandılar. Nənəm başıma bir qapaz vurdu ki, başımda yenə ağrı qalır.

         Sonra Nabat Şəkərəlinin əlini tutub, dolu gözləri ilə Şəkərəliyə baxıb başını aşağı saldı, Şəkərəli başını diqqətlə əyib qulaq asdı.

         Nabat içindən ağlayırdı. Şəkərəli qolunu Nabatın boynuna salıb Nabatı bağrına basdı.

         – Yox, belə olmaz, – dedi.

 

         Toya bir gün qalmışdı. Şəkərəlini Nabat çay kənarında görə bilmədi. Toy günü də ondan bir xəbər çıxmadı. Toy gecəsi kəndxudanın evində böyük bir busat varkən, qonaqlardan biri gecə kəndxuda oğlu Heydərin meyidini qapıda görüb qiyamət saldı.

         Toy pozuldu. Dedilər ki, bir nəfər Heydəri səsləyib, söz demək üçün qapıya tərəf çağırmışdı. Sonradan xəbər verən yox idi.

         Meyit bütün sirləri gizlədirdi. Heç kəs bilmədi ki, onu kim öldürdü.

         Ancaq çayın kənarında olan kəndlilər gecə vaxtı bir nəfərin yaxınlaşıb özünü çaya atmasını görmüşlər. Çayın kənarında qanlı bir xəncər buraxılmışdır.

         Xəncər Heydərin olduğu təyin edilmişdi. Şəkərəlidən bir xəbər verən olmadı.


Xarkov-1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info