Qonaq Kitabı
Madonnanın tükü

İsveçrənin Cenevrə şəhəri yaxınlığındakı Fransanın balaca bir şəhərinin yaşıl çəmənlərində Jerom adlı bir qoca ilə gəzişirkən birdən qoca dayanıb ayaqlarını bir-birindən aralı qoydu və çöhrəsində bir təbəssüm peyda edərək, məndən sordu ki:

– Əfəndim, mən indi harada durmuşam?

Mən də:

– Yəni necə harada? – deyə təəccüb edərək sordum.

Əcib qoca gülümsəyərək yenə sordu:

– Hansı məmləkətdə?

– Zənnimcə Fransada deyib cavab verdim.

– Xayır.

– Isveçrədə?

– Xayır.

         – Bəs onda harada?

Qoca bir az sükut edib söylədi:

– Həm Fransada, həm də Isveçrədə.

Mən isə inanmaqsızın ona baxdım. Jerom gen qoymuş olduğu ayaqlarını göstərərək:

– Bir ayağım Fransada, bir ayağım da Isveçrədədir – dedi sonra bax, bax bu daşı görürmüsən? Bu sərhəddir. Doğrudan da mənim iki ayağımın arasından keçir... xa-xa-xa – deyə güldü və yenə davam edəcək  – mən burada indi elə uzana bilərəm ki, başım Fransaya ayaqlarım da Isveçrəyə düşər, ya da ayaqlarım Fransada, başım Isveçrədə olar – dedi.

Qoca, öz fikrindən razı qalaraq mənə baxdı və sonra bir də yerə baxaraq:

– Budur bax, ayaqlarımın arasından keçib gedir – dedi.

Mən də Jeromun sərhəd dediyi xətti tapmaq üçün onun böyük başmaqlarının arasına baxdım, lakin orada heç bir xətt yox idi. 

Mən inanmayaraq o tərəf-bu tərəfə, yəni Jeromun tutduğu sərhəddin hər iki tərəfinə baxdım. Sərhəddin o tayında da, bu tayında da haman çöllər, haman ucaboylu sərv ağacları, haman üzümlük, haman çəmənlər haman çiçəklər, pərvanələr, bal arıları, haman quşların tərənnümü – hamısı bir... nə çiçəklər, nə ağaclar, nə də o tərəf-bu tərəfə uçuşan quşlar heç də aralarında sərhəddin mövcud olduğunu güman etməyir, bir şeyin onları bir-birindən ayırdığını zənn etməyirlərdi.

Qənaət hasil edə bilmədiyimdən haman xətti axtarmağa çalışdım, yenə də tapmadım.

Adamın həyatında elə bir vaxt olur ki, o həqiqət işığında birdən-birə bir çox zaman doğru bildiyi bir şeyin yalan olduğunu dərk edir. Təhsilə məşğul olduğum vaxt boyalı xəritələr, coğrafiya kitabları qəzetlərin istifadəsi və təsiri nəticəsində belə sərhədlərin mövcud olmasını təyin etmişdim. Sərhəd məsələsində heç bir səs eşidilmədi.

Indi isə sərhəddin heç də mövcud olmadığı mənə artıq məlum oldu. Məlum oldu ki, Jeromun guya üzərində durduğu sərhəd xəttini axtarmaq ağılsızlıqdır. Çünki sərhəd filan yoxdur...

Yoxdursa bəs Jerom nəyin üzərində durmuşdur?

Heç nəyin.

Fəqət Jerom bir şey üzərində durduğuna inanırdı. Mən nədənsə şaşmış kimi qocaya baxırdım. Qoca Jerom:

– Hə, məzəlidir, eləmi? – dedi.

Bir çox zaman dəlixanada qalmış, birdən sağalıb da bütün ətrafındakıların ağılsız olduğunu düşünən bir adamın qorxması kimi, mən də qorxdum. Böyük bir xofə düşdüm.

– Axır gülməlidir, deyilmi?

Mən Jeromun dəli olduğunu fikir etdim. Bu vaxt bir səs eşidildi.

– Salam, ay kişi.

Jerom səs gələn tərəfə baxaraq:

– Ay, salam, qoca, salam – dedi.

Ucaboy, boz paltar geymiş bir qoca bizə tərəf gəlirdi. Çatıb qoca Jeromun əlini sıxaraq:

– Necəsən, kefin yaxşıdırmı? – deyə sordu.

– Necə ki, görürsən, sənin kefin necədir?

– Fəna deyil, dolanıram.

– Budur bax, bu qonağa yerlərimizi göstərirəm, deyirəm ki, bizdə belədir, bir ayağımız Isveçrə məmləkətində olduğu halda, o birisi Fransada olur. Xa-xa-xa, bir bax qoca Jerom fransalı, amma qoca Jak isveçrəli, yerləri də bir-birinin yanında.

Jak başı ilə təsdiq edərək gözlərini günün şüasından mühafizə etmək üçün şlyapasını alnının üzərinə çəkib dedi:

– Bəli, bəli, – elədir... Yaxşı, bir az əyləşmək istəmirsizmi?

 Qocalar əyləşdilər, onlardan sonra mən oturdum.

– Cümə günü bazara getmişdinmi?

– Getmişdim.

– Bazarda nə var idi, bazar necə idi? Qocalar öz yaşayışlarına məxsus işlər barəsində söhbət etməyə başladılar.

Havaların əkin üçün xeyirli olması haqqında, qaramal barəsində söhbət edirdilər. Onların paltarı bir, həyat haqqında düşüncələri bir idi. Lakin Jerom fransalı, Jak isə isveçrəli idi.

İştə qarşımda iki qoca yan-yana oturub yoldaşcasına söhbət edirlərdi. Lakin iki qonşu məmləkət arasında müharibə baş verərsə, haman saat Jeromun oğlu gedib yaşıl bağların arasında görünən Jakın evini yandırar. Jakın oğlanları isə Jeromun gözü qarşısında ismətinə toxunarlar; qoca Jeromun özünü  də atəşə tutarlar. Bunun səbəbi nədir? Səbəbi xalqın qəflətdə, cəhalətdə bulunmasıdır, səbəbi bu yaşıl çəmənlər üzərində çəkilmiş bir taqım xətlərin onları bir-birindən ayırmasını zənn etmələridi; səbəbi – bəşər və qardaş deyil, bir-birinə düşmən olmalarıdır. Onlar Jeromun göstərdiyi “sərhəd” xəttinə diqqətlə baxarlarsa, orada heç bir şeyin olmadığını görər və ona görə də qoca Jak və qoca Jeromun bir-birini tələf eyləməyə heç bir haqq və əsasları olmadığını bilərlər.

Birdən Roma monastrlarından birində saxlanmaqda olan “Madonna tükü” barəsindəki bir hekayə xatırıma düşdü.

O monastrdakı tükü hər bir istəyən şəxsə göstərirlərdisə də lakin onu yalnız Madonnaya layiq olan adam görə bilərdi.

Bir gün haman monastra bir avam qadın gəlib duadan sonra oradakı rahibə müraciətlə madonnanın tükünü görmək istəyir, rahib də bir qutu çıxarıb açır və guya içindən bir şey götürür kimi iki əllərini qutunun içinə uzadıb qaldırır, lakin əllərinin üstündə bir şey varmış kimi qaldırır.

– Görürsənmi?

Qadın nə qədər baxır heç bir şey görə bilməyir.

– Hə, deməli layiq deyilsən... Get, yenə də dua elə.

Qadın yenə də dua edir, yenə rahibin yanına gəlib tükü görməyə çalışır. Lakin tük görünməzliyində qalır.

Qadın iki-üç dəfə daha təkrar edir, nəhayət, rahib səbirsizliklə – ey ana, nə istəyirsən? Otuz ildir ki, mən buradayam və bir dəfə də olsun öz göstərdiyim tükü görməmişəm. Sən birdən-birə görmək istəyirsən. Olmayan şeyi necə görəcəksən? – deyə çığırır.

Indi, illərdən bəri, mövcud olmayan Madonnanın tükünü və ya da sərhəddin mövcud olmayan xəttini bu Jeromlara, Jaklara göstərməkdədirlər. Təəccüb burasıdır ki, bunlar da mövcud olmayan bu xətti görürlər.

Əcəba, bunların gözlərini örtən pərdə nə vaxt düşəcək? Nə vaxt bunlar Madonnanın tükləri ilə xalqı azdıran rahiblərin hiyləsindən xilas olacaqlardır?

Bu kimi rahiblər, şeyxlər isə xalqı cəhalətdə saxlamağa, tərəqqiyə doğru getmək istəyənlərin qarşısına sədd çəkib irəliləmələrinə mane olmağa və belə-belə bir sərhəd xətləri ilə insanları bir-birindən ayırmağa çalışırlar; çünki bu rahib və şeyxlər üçün xeyirli və əlverişlidir. Əcəba, nə vaxt bu millətlər arasında heç bir xəttin olmadığını düşünəcəklərdir. Əcəba, nə vaxt xalqlar bir-birinə olan ədavəti unudub, bütün insanların qardaşı olduğuna və aralarında qardaşlıq məhəbbəti ola biləcəyinə qənaət hasil edəcəklərdir. Mən yanımda oturan və söhbətə məşğul olan qocalara çığırıb anlatmaq istədim ki:

– Ay Jerom əmi, ay Jak əmi, baxınız, heç bir xətt zad yoxdur, gözlərinizi siliniz, qəflətdən ayılınız.

Lakin bu vaxt qoca Jerom ayağa qalxdı və belinin sümüklərini əli ilə sürtərək:

– Getmək zamanı gəldi, hə – dedi. Xarici məmləkətdə çox dolaşdıq, indi də öz vətənimizə gedək, xa-xa-xa.

Jak isə:

– İsveçrə ölkəsini gördünüz, indi gediniz Fransaya da tamaşa ediniz – dedi.

– Bəli, bəli... – xudahafiz rəfiq.

– Salamat gedin, əzizim Jerom... Xudahafiz, qonaq.

Biz qoca Jakın əlini sıxdıq, xarici məmləkəti buraxıb, Fransaya Jeromun əli qədər bizdən uzaqda sərv ağaclarının, çiçəklərin arasında görünən evinə qayıtdıq.

 

1908

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info