Qonaq Kitabı
Fəhlələrin uşaqları

Fəhlələrin uşaqları[1]

 

Bu günlərdə evimdə xarrat işləyirdi. Mən bu kitab dolabımı təmir etmək üçün cəlb etmişdim. O, qayət kamil və xoşsöhbət bir adam idi.

Mənim ona – övladınız varmı? – deyə təklif etdiyim suala qarşı “yox” cavabını verdi. Lakin bir az sükutdan sonra zəif bir səda ilə:

– Əvvəlcə üçü var idi... indi isə biri də yoxdur – cavabını verdikdən sonra başını tərpdib əlavə etdi: –  Doğrusu, insan dərdini – zəmanəyə baxdıqca, həyatın kəsb etdiyi alam və iztirabatı nəzərdən keçirdikcə görür ki, onların ölmələri qalmalarından daha məsləhətdir... Yazıq həyatın toruna giriftar olub qalanlara!... Heç olmasa ona vida edənlər onun əzab təhəmmülgüzarından azadədirlər.

Mən qəmalud sözümə davam edərək:

– Axırıncı övladınız çoxdanmı vəfat etmişdir? – deyə soruşdum.

– On il olar, –  deyə cavab verdi.

– Sonra?

– Sonra ... əmin olunuz ki, nə mən, nə də zövcəm qeyri bir övladın təvəllüdünü arzu etməyirdik... Yox, bizə bir qədər kafidir.

Sonra, artıq bəzi patriotlar kimi vergi ilə mükəlləf olacaq qorxusu ilə artıq övlad arzusunda olmayan xarrata (Piyo) mexanizmasının rəqabətindən bəhs etdim.

Zatən həyati-bəşərə fəlsəfi bir nəzərlə baxmağı adət edən xarrat buna çox da təəccüb etməyərək dedi:

– Mən bu qanunların vücuduna daima müntəzirəm. Qanunumu? Əvət onun nə olduğunu bilirəm... Onların bizdən ötrü yazılmadığına qailəm. Onlar o qanunlar əvvəldən bəri dövlətlilərin lehinə, kasıbların əleyhinə olaraq yazılmaqdadır. Sizin buyurduğunuz qanunun şiddətini təsdiq etməklə bərabər bunu da ərz etməliyəm ki, əgər mənim daha övladım yoxdursa... bu da onların taqsırıdır.

– Onlarınmı? Kimin?

– Hökumətin... mən bilmirəm... Bəli, o cənabların ki, vəzifələri qanun tərtibb eləmək və etdiklərinin təbdil və təğyir etməkdir. Bu isə rək təbiidir. Yeni bir şey deyildir. Hökumət elmin, tərəqqinin bəxş etdiyi sühulətdən bilistifadə daima toyuq və xoruz kimi ev quşları ilə at və köpək kimi ev heyvanlarının özünə tabe etmək mülahizəsini təqib etməkdədir. Ona görədir ki, bu əcib məxluqatın tərbiyə və mühafizəsi üçün elm səhhətə mütabiq müxtəlif qanunlar ixtira etmişlərdir. Bizim Fransada, məsələn, ev heyvanlarının cins və növünün yaxşılaşması və təzyiqi üçün bir çox cəmiyyətlər təsis olunmuş, bunlardan hər birinin cins və növünə görə müzəyyən və qayət havadar və ziyadar məskənlər vücuda gətirilmişdir. Bunların içindəki müzürr mikrobların imha və itlafı üçün oralar hər gün asitborik ilə dezinfeksiya olunaraq, sonra dərəcə pak və təmiz saxlanılmaqdadır. Bayağı bir kəsrə, köşkə bənzəyən bu cür toyuq hinləri inşa etmək mənim üçün də ittifaq düşmüşdür. Çox gözəl, mən heyvanlar haqqında bidriğ buyrulan bu himmətlərə paxıllıq etmirlər... Qoy onlar şəhərlərdə sərgi və müsabiqələrdə medal almaqda şöhrət ümumiyyəyə məhzər olsunlar. Qoy onlara mükafat versinlər. Mən bunların cümləsinə razıyam. Məncə bütün mıxluq ziruhi-vücud mümkün olan şəfəqqət və himayeyi-insaniyyətdən məhrum qalmamalıdırlar. Lakin mən istəyirdim ki, bəşər övladları bundan uzaq və məhrum olmayaydı. Fəqət anlaşılmadığına görə, buna müntəzir olmaq bicadır. Hasili-kəlam bəşər uşaqları heç bir nəzər-diqqətə alınmayır. İnsafdır ki, övladi-insan olsun da, məhv və nərişan olsun... Zərər yoxdur...Yeni dünyaya gəlmiş olanlar daima hökumətin qurbanı olub getməkdədirlər. Guya həsrəti-nüfusun bizə məzərrəti varmış... Imai-bəşəriyyətdə tamamilə deyillərsə də, bir dərəcəyə qədər şərik cürm hesab olunan və bundan sahibi camaat olacaq qanunşünaslar tədənniyi ətfaldan şikayət edirlər. Halbuki, ətfalın ya bilmərrə dünyaya gəlməməsinə və ya gələnlərin müəssər bir əlac vasitəsilə bir surəti-mümkünə ilə itlaf edilməsinə səbəb özləridirlər. Hasili-kəlam, əsil övlad qatili – öz cikər parəsini bəsləməkdən aciz qalan validələrə bir çeşm qəzəblə baxmaqda olan camaat özüdür.

Biz görməli və anlamalıyıq ki, camaat kəsrəti-tənasülə çalışan ailələri, gah düçari-tən və lən və gah da şiddətlə təhqir edirlər. Işdə belə haqsızlığa giriftar olan ailələrə də övlad yetişdirməkdən bütün-bütünə ikrah və nifrət edərək təqsiri-tənasulə göz yumub baxırlar.

Bəli, o barədə nə danışaq... Daha heç bir şey bilmək istəmirlər.

Bunların hamısını xarrat taxta yonduğu halda, ahəstə bir səda ilə danışırdı. Taxtanı yonub qurtardıqdan sonra, əllərini qoynuna qoyub mənə bir baxaraq dedi ki:

– Əfəndim, irad etdiyim bu sözlər xilafi-həqiqət ki, deyildir?.. Onlar isə əhalinin azalması barəsində irad etdikləri zəhər alud sözlər ilə bizi bezar etmişlərdir. Nə vaxt ki, bu gözüacı şəbədəbazlar bir həya etsələr, nə vaxt ki, insanlardakı kin, küdurət bizə rişə atmamış... Bu isə o vaxt ola bilər ki, bu barədə danınmaq mümkün ola bilsin... O vaxtadək isə biz insaniyyət toxumunu və həyatın mənbəyini belə küləyə verəcəyik... «Məndən» ötrü vətənimizin dövlət və şöhrəti nə sayıla bilər? Halbuki, mən orada bircə hüquqdan – kasıblıqda, bəndəlikdə, cəhalətdə, səfalətdə qalmaq hüququndan müstəfid oluram...

Bu vaxt mən xarratdan uşağların necə və nədən vəfat etdiklərini sordum, bu cavabı aldım:

 – Bax, bizdə ətfalın nə surətdə vəfat etdiyini söylədim. Mənim bu sözlərimi yoldaşlarım da təsdiq edərlər...Hər halda bədbəxtliyin qaydası dəyişə bilər, həqiqət isə sözdə qalır. Mən indicə sizə üç övladım olduğunu ərz etdim. Bunların üçü də qüvvətli, canları sağ, həyat və məişətə qabil uşaqlar idi. Yaşca yek digərindən on üç ay böyük olan iki əvvəlincisi bu cür öldülər. Bizlərdə çox az ana tapıla bilər ki, öz südü ilə öz balasını bəsləyə bilsin. Qəzanın qıtlığı, xanə qayğısı... təhəmmülgüzar iş... nəhayət, bunlardan mütəvəllüd yorğunluq, əlbəttə ki, bunların nəyə dəlalət etdiyini bilirsiniz. Uşaqlar əmziklə bəslənirdilər. Onlar da məlum olduğu üzrə xəstələnməyə başladılar... Dördüncü ayın axırına doğru onlar, o dərəcə zəif və natəvan oldular ki, hətta biz qorxmağa belə  başladıq... Doktor mənə dedi ki, “daima yeni bir hadisə... Süd heç bir şeyə yaramaz... Bu süd sizin uşaqlarınızı zəhərləyir”. Mən isə doktorun bu sözünə cavabən dedim ki, siz mənə yaxşı südün harada bulunduğunu söyləyiniz, mən də oradan alım... Doktor bir az düşündükdən sonra başını qaldırıb dedi: “Ta Parisdə mətləbə müvafiq süd yoxdur. Uşaqlarınızı kəndə göndərin”.

Bu surətlə mən uşağı himayeyi-ətfal cəmiyyətinə verdim. Oradan da onu kəndə bir süd nənəsinə (dayəyə) tapşırdılar. Səkkiz gün sonra uşaq vəfat etdi. Biçarə uşaq diqqətsizlik, natəmizlik nəticəsi olaraq öldü. Üçüncüsünü isə biz evdə bəslədik. Çox gözəl böyüdü...

Lakin o vaxt mən zövcəmlə bərabər yaxşı da qazanırdıq. Pula ehtiyacımız yox idi. Uşaq qayət üslü, tərbiyəli, canı sağlam bir uşaq idi. Hətta, mübaliğə olmasın, bundan daha gözəl və tərbiyəli bir uşaq tapmaq mümkün deyildi. Nə edəsən ki, məhəlləmizdə hökmfərma olan bir göz ağrısı hasil oldu, buna sirayət etdi.

Doktor mənə dedi ki, uşaq gərək xəstəxanaya verilsin, hətta bu mühlik mərəzdən ötrü xüsusi xəstəxana belə təsis olunmuşdu. Ah, xəstəxanalara ehtiyacımız yoxdur! Uşaq yaxşı olmuşdu. Çifayda ki, anası uşağı çıxarmağa gəldiyi vaxt, uşağın ishala mübtəla olduğunu görmüşdü. Halbuki, orada ishala qarşı heç bir tədbir ittixaz olunmurdu.

Anası buna təəccüb etdi. O əsnada orada bulunan təbib müavinlərindən birisi o xəstəxananın yalnız göz ağrısına məxsus olduğunu və ishalın müalicəsi üçün uşağı qeyri bir xəstəxanaya aparmağımızı bəyan etdi. O biçarə ana yalvardı, niyaz və istirhamatda bulundu, fayda hasil olmadı. Axırda da təhdid etdi, məgər nümayişlərin cümləsi əbəs imiş... Bu surətdə ana, uşağını qucağına alıb, özgə bir xəstəxanaya aparmaqda ikən yolda o da öldü... Budur, yenə deyəcəklər: “uşağımız olsun”, xayır, bir bu qədər etdim, yetər...

Xarrat bir ah çəkib, yenə dedi:  

– Bunlar qərib adamlardır, əhalinin artması üçün münasib çarələr tapacaqlarına, onun (əhalinin) təmini-rifah və səadətinə bəzli-inayət etsələr daha yaxşı olardı... Əvət... Lakin onların vəzifələri bunların hamısına tüpürməkdir.

Işini tamam etdikdən sonra xarrat dolabın gözlərindəki kitablara nəzər atıb dedi:

– Volter Skot... Didro... Russo... Mişle... Tolstoy... Anatol Frans... Bəli, bunların cümləsi çox gözəl!.. Lakin bunlar nəyə xidmət edirlər? Fikir və mülahizələr kitablarda fərağat yatır... Haqq və səadət heç bir vaxt onlardan kənara çıxmayır...

Bədə xarrat alat və idvatını yığdı və qəmgin-qəmgin çıxıb getdi.

 

1908



[1] Oktav Mirbonun bu hekayəsini Azərbaycan dilinə tərcümə edərək 8 avqust 1908-ci ildə “Tərəqqi” qəzetinin 26-cı nömrəsində çap etməklə Simurğ ilk dəfə olaraq mətbuat aləminə qədəm qoymuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info