Qonaq Kitabı
Son tərpənişlər

Türküstanın türk anlaqlılarına.

Bu son illər zərfində sizlərin, siz türk anlaqlı işçilərinin çalışqanlığı sayəsində Türküstan yurdu yavaş-yavaş tərpənməyə, elm və maarif cəbhəsində (az da olsa) müvəffəqiyyətlər qazanmağa başladı. Eski dövrdə yalnız dini mədrəsələrin qaranlıq hicrələrində ömür çürüdən özbək, tacik gəncləri bu gün bir çox ibtidai və rüşdü məktəblərə, fənni kurslara, bilim yurdlarına və darülfünunlara malikdirlər.

Bütün bunlar, bu kimi faydalı təsisat sizlərin qeyrətinizi, çalışqanlığınızı və Şura üsuli-idarəsindən ləyaqətli bir surətdə faydalana bilməyinizi isbat edir. Biz tamam ürəklə bu çalışqanlıqları təqdir edər və bu müvəffəqiyyətlərə təbriklər göndəririk.

Ancaq burada bir iş var:

Maarifin irəliləməsi, məktəblərin gün-gündən artması (hər yerdə olduğu kimi) Türküstanda dəxi “yerli şivələrdə” bir çox tədris kitablarının hazırlanmasını icab etmiş və bu sayədə əlifbalardan başlayaraq hesab, coğrafiya, tarix, ədəbiyyat və ədəbiyyata dair bir taqım kitablar yazılıb, tərcümə edilib və çapdan çıxmışlar. İndi gəliniz bir kərə bu kitabları gözdən keçirək və onlarda olan qarışıq və pozğun imlalara, müxtəlif əlamətlərə və həriflərin əcaib düzülüşlərinə baxaq və baxdıqca bir qədər düşünək, fikir edək və sonra öz fikrimizə, öz düşüncəmizə belə bir sual verək ki:

Aya, bu “imla”, bu “üsul”və bir paralarının qövlüncə bu “islahat”, Türküstan xalqını bir yerə çatdıra biləcəkmi? Bu yeni maarif cəbhəsində hər saat irəliləməyə can atan gənc nəsli, əqəllən savadlandıra biləcəkmi?

Ola bilsin ki, indiyə qədər Türküstanın bir para türk anlaqlıları və zəhmətkeş ziyalıları özlərinə, öz düşüncələrinə bir çox bu kimi suallar vermişlər, ancaq buna heyifsilənirik ki, bu zərurətli suallar üçün hənuz müəyyən və qəti cavab almamışlar!

Keçən il Poltoratskidə (Aşqabad) çalışdığım zamanlar Səmərqənddə olan türküstanlı bir müəllim arkadaşımdan bir məktub aldım; məktubda ora məktəblərindəki tədrisat barəsində geniş məlumatlar var idi. Məktubun bir yerində yazılmışdı ki: “Hələ Əlifba sınıflarımızda işlər daha artıq fəna gedir. Dilimizdə olan səsləri ərəb hürufatının darısqal çərçivəsinə sığışdırmaq üçün hərflərin başına papaqlar, çalmalar, həmzələr qoymaqdan mən də, çocuqlar da usanmışız!”

Məktubu aldığım günün ertəsi mən bu arkadaş üçün iki  cild “Yeni türk əlifbası” və bir neçə nüsxə “Yeni yol” qəzetləri göndərdim və bunların tərvici yolunda çalışmasını ayrıca xahiş etdim.

Nəticədə məlum oldu ki, məktəb çocuqlarını yoran və usandıran “Ərəb hürufatı”nın çətinliyi hənuz bir çoxlarını usandırmamış və bütün bu müşkülat onların nəzərində ərəb mədəniyyətinə məxsus bir fənn, bir hünər yerini tutmuşdur. Və bir para anlaqlılar (içlərində müəllimlərdən də varmış!) – bizim bu günə qədər bütün ədəbiyyat və tariximiz ərəb hürufatı ilə yazıldı, çocuqlar üçün asan bir əlifba uğrunda bunlardan əl çəkəcək deyiliz, ah!.. – deyə müqabilədə bulunmuşlar.

Baxınız!..

Nə qədər yanlış fikir!

Nə qədər mənasız təsəvvür!

Doğrusu, biz bir para anlaqlılarımızdan bu kimi yanlış fikirləri; mənasız təsəvvürləri gördükdə çox heyifsilənirik.

Və elə bilirik ki, bir nəfər vaqon ayağında dayanıb “ata-babamızdan qalma dəvələr, qatırlar, ulaqlar hazır ikən bu vaqonlara minməyin nə lüzumu var?” deyir.

Varsın desin və qolundakı dəvənin əfsarından bərk-bərk yapışıb, heç buraxmasın. Ancaq yola çıxdıqdan sonra yürüyüş və hərəkət dəvə ilə vaqonun təfavütünü ona anlatacaqdır.

Təəccüb buradadır ki, bu gün əsrin yeni ülumu, yeni mədəniyyətilə işıqlanmış olan Misr və Beyrut ərəblərinin qanacaqlıları qismən öz ata-baba yadigarları olan “Ərəb əlifbasının” əleyhindədirlər. Bunlar deyirlər ki: “Bu əlifba bizim səslərin ahənginə düz gəlsə də hazırki mədəniyyətin üsul və şəraitini qəbul edəcək bir mahiyyətdə olmadığından işə yaramıyacaq və onu dəyişmək lazim gələcəkdir”.

Artıq öz dədədən qalma irslərinə qarşı ərəb qanacaqlılarının fikri bu mərkəzdə ikən bilmirəm bizə nə düşüb və səbəb nədir ki, bu əskimiş, çürük və moddan düşmüş paltarı yenə də islahat adı ilə yamaqlayıb geymək fikrindəyik. Bəzi tatar, qırğız və türküstan islahatçılarının əqidəsi budur ki, guya onlar “ərəbçiliyə” və ərəb hürufatına böyük xidmətlər edirlər və onlarin islahı sayəsində bu əskimiş və qocalmış əlifba hələ bir neçə zamanlar yaşaya biləcək.

Bu onların fikri və düşüncəsidir. Ancaq bizim fikrimiz bambaşqadır. Biz məsələyə ayrı cür baxıb, vəziyyəti başqa cür görürük. Biz elə qanırıq ki, islahat adı ilə ortaya çıxmış olan bu əcaib şəkillər və əlamətlər, bu həmzələr, bu çalmalar, ölüm yorğan-döşəyində can verməyə məhkum ərəb əlifbasının boğazına tökülən son dərmanlardır.

Və orasını da yaxşı bilirik ki, uzun müddətlərdən bəri azarlamış, duyğusuz və hərəkətsiz bir halda yıxılıb qalmış olan bir xəstə, həyatının son dəqiqələrində gözlərini açır, sağ-soluna baxır və bir balaca tərpənir... Bu onun son hərəkəti və tərpənişidir.

Əlifba islahatçılarımız tərəfindən də ortaya çıxmış olan əlamətdar və tətbiq edilən müxtəlif imlalar və bu imlalarla təb edilməkdə olan yazılar və kitablar ərəb əlifbası xəstəliyinin son hərəkətləri, son tərpənişləridir ki, bunların da sonunda uzun və ağır ahəngli bir matəm marşının sədası eşidiləcəkdir.

 

Mənafzadə Sabit

“Yeni yol” 29 sentyabr, 16 oktyabr 1924, â„– 29, 32.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info