Qonaq Kitabı
İran Azərbaycanı haqqında yersiz çıxışlar

Oktyabr inqilabının gücü ilə çar Rusiyasının qasibanə və ilhaqedici siyasət hücumlarından azad olmuş İran Azərbaycanı bu gün bir para köhnə fikirli türk Istanbul burjua yazıçıları ilə Tehran diplomatlarının mütəqabil çıxışları üçün bir xüsumət zəmini təşkil etməkdədir.

Istanbulun Rövşən və Süleyman Nəzifləri böyük dünya müharibəsi nəticəsində tutmuş olduqları müstəmləkəçilərin yarasını Təbrizdə bağlamaq və Iran Azərbaycanını sağaltmaq istəyir və bunun üçün də Iran türklərinin də Istanbula doğru bir türkçülük intibahi əmələ gəlsin deyə məmləkətin əksəriyyətini təşkil edən farsi-lisan cəmaətə yersiz və lizumsuz həqarətlərdə bulunurlar...

Digər tərəfdən Tehran şairləri və xülyaçı diplomatları onlara müqabil durmaq üçün çığırtılar-bağırtılar salır və bir taqım “tədabiri-lazimə” ittixazinə girişirlər ki, nəticədə 13 milyona baliq bir türk kütləsinin (İran Azərbaycanında) hüquqi-qovmiyyələri tapdalanır, əzilib gedir... Demək ki, xan atır, bəy tutur, ortada rəiyyət qan udur!..

İstanbul “bəy”lərinə görə “İran Azərbaycanı Anadolunun ayrılmaz bir parçasıdır. Burada olan türk əhalisi qovmiyyətcə mərbut olduqları kimi, siyasət, mədəniyyət, ədəbiyyatca da osmanlı türklərinə bağlanmalı və bütün müqəddəratları İstanbul, ya Ankarada həll edilməlidir...”

İştə qanlı Əbdül Həmidin Osmanlı burjuaziyasına qoyub getdiyi “pantürkizm” kimi mənfur bir yadigar ki, bir çox illər Türkiyə hüdudu daxilində yaşayan türk və qeyri-türk müllətlərə mənsub füqərayi-kasibənin qanlarını axıtdı...

Digər tərəfdən son günlərdə aldığımız məlumata nəzərən İran demokratlarından məşhur millətçi S.Tağızadə (Seyid Həsən Tağızadə-Q.M.) “İran” qəzetəsilə nəşr etdiyi bir parçasında fars dilinin rəsmi olduğundan başqa bir də bütün İran xalqları üçün ümumi və ictimai bir lisan deyə tövsiyyədə bulunur. Onun fikrincə İranda bir vəhdəti-milliyyə əmələ gətirmək üçün ümumə ali yalnız farsca yazmalı, farsca oxumalı, farsca qonuşmalıdırlar. Bu cənab, ölkənin şimal-qərb cəhətində üç milyona baliq türk kəndlilərini, qərb hüdudu boyunda yayılmış olan kürd əhalisini, cənubun ərəblərini və türk-Qaşqay ellərini, şimal-şərq tərəflərində yenə bir çox kürdləri və türkmən, yumut əşirətlərini görmür və görmək belə istəmir.

Biz burada S.Tağızadənin şəxsinə əbədən əl vurmuruz. Və onun fikirli bir millətçi və anlaqlı bir burjuaziya məfkurəçisi olduğunu bilirik. Burada bir həqiqəti söyləmədən keçmək olmaz ki, o da vətənpərəstlik və millətçilikdə təbii bir xassə olan dargözlük, daha doğrusu, ətrafı görməməzlik həqiqətidir.

İştə bu dargözlülük İstanbulun Nəzif və Rövşənisində olduğu kimi, Tehranın da arifində, Tağızadəsində var.

Hələ biz, bu təbii xassəyi daha əvvəl çar Rusiyasının məşhur qəhrəmanları olan Purişkeviçlərdə, Markovlarda da görmüşdük. Onlar bütün Rusiya daxilində, hətta qonşuluğunda yaşayan müxtəlif qovmiyyətləri əzmək, dağıtmaq və hamısının torpağından, palçığından bir “vahid rus ünsürü” yoğurub çıxartmaq xülyasilə gecə səhərə kimi yata bilməzlərdi!..

Burada şayani-qeyd bir nüqtə dəxi var ki, ona da əl vurmadan geçmək olmaz... Məsələn, eski Rusiyanın Purişkeviç və Markovları məsləkən bir “rusçu” idilər. Onların balaca dar gözləri yalnız rusluğu, rus vəhdəti-milliyyəsini görürdü. Onlar hər bir inqilabın, hər bir təəddüdün amansız düşmənləri idilər. Ancaq İran böylə deyil, orada vəziyyət bambaşqa...

Tehranın ən məşhur bir inqilabçısı, ən sol bir sosialisti ilə tanış olur, oturur, qonuşursan, söhbət açılır, söz sözü gətirir, nəhayət İran inqilabının gələcək ictimai vəzifələri və şərtləri barəsində müzakirə başlanır. Sonra məmləkətdə olan müxtəlif qovmiyyətlər məsələsi ortaya gəlir. İnqilabi üsulları doğru-düzgün apara bilmək üçün Azərbaycan türkləri, ya Kürdüstan kürdlərinin öz ana dillərində olaraq yeni dövrə keçmələri və inkişaf etmələri lüzum qeyd edilir... Onda baxıb görürsən ki, bu inqilabçı, bu sosialist birdən-birə diskinir. Başını qaldıraraq səsində olan əsəbi bir titrəyişlə söyləyir:

– Aho... yeg bamü, dü həva?! Nə!.. Nə, bəradər! Ma digər ta incaş hazir nistim...[1]

O zaman acı-acı anlar və düşünərsən ki, bu yazıq “Şərq inqilabçısı”, İran “sosialisti” hənuz o geniş və müfəssəl ictimai inqilab məcmuəsinin “Əbcəd, həvvəz”ini əzbərləyir...

Zatən hadisələr, vüqüat da bunu göstərir. Tarixlər gərək öz zəruri vəzifələrini yapsın. Öz mühüm keçidlərini düzləsin. Hənuz İran mərkəziyyəti ölkədə olan dərəbəylik (feodalizm) və şətləri ilə çarpışır və demək olur ki, qismən onları boğmuş və məğlub da etmişdir. Bu gün cənub tərəfdə ingilis parası və silahı gücü ilə bir para çıxışlarda bulunan Xəzəl[2] sönməkdə olan İran dərəbəyliyinin son şüai və cansız hərəkatının axırıncı nümunəsidir.

Artıq biz inana bilərik ki, bu XX əsrin ikinci rübündə feodalizm üsulu İranda öz mövqeini kapitalizmə tərk edərək büsbütün çəkilmiş olacaqdır. Bu yeni kapital dövrü isə öz üsulları, öz şəraiti ilə məmləkətin hər bu çağında birləşdikdən sonra indilik təyini mümkün olmayan bir zaman içərisində tarix üçün mühüm və mübariz qüvvətlər (müntəzəm və mütəşəkkil füqərayi-kasibə qüvvələri) hazırlayacaqdır. O vaxt sosializm Şərq inqilabçı siniflərində, doğrudan, da mühüm və görkəmli bir mövqe tuta biləcəkdir. Bu günün balaca gözləri, darısqal nəzəriyyatı nisbətən açılacaq, genişlənəcək və yalnız sinfi quruluşu ruhilə ruhlanmış olan məmləkət füqərayi-kasibəsi Azərbaycan xalqının türk olduqlarını böyük və ictimai bir imanla təsdiq etmiş olacaqdır.

İştə o zaman inqilab ədəbiyyatının, ancaq “Əbcəd-həvvəz” ilə ömür çürütmüş olanlar gülünc bir vəziyyət qarşısında qalacaqlar və nəticədə İran Azərbaycanı türkcə, həp türkcə olaraq oxuyacaq, anlayacaq və həyatın yeni üsullarında inkişaf edəcəkdir.

Bu gözəl istiqbalı, gələcək bu parlaq vəziyyəti bizlər gördüyümüz kimi, bəlkə onlar da – Istanbul və Tehran millətçiləri də görərlər. Lakin unutmamalıdır ki, gözlərimizə taxdığımız eynəklərdə böyük təfavüt var. Bizim gözümüzdəki eynəklər tam milli-azadlıq eynəyidir.

Biz hər ölkədə olan müxtəlif millətlər məsələsinə marksizm nöqteyi-nəzərilə yaxlaşdığımız üçün İstanbul müstəmləkəçilərinə də, Tehranın “Farsçı mütəəssübçilərinə" də dərin nifrətlər bəsləyirik.

Biz ilanın ağına da, qarasına da lənət oxuyanlardanıq.

İranda yaşayan türk xalqları üzərində farslaşdırmaq siyasəti yürütmək istəyən dargöz millətçilər tarix qarşısında böyük bir cinayət işləmiş olurlar ki, gələcəyin dərin və ictimai inqilab məhkəmələri qabağında məsul tutulacaqlardır.

Bu günün şəraiti hər qovmün, hər kütlənin, muxtar olaraq yalnız öz qanacağı, öz idrakı ilə inkişaf etmək lüzumunu ortaya atır ki, bu sayədə gələcək insan nəsli həqiqi və riyasız bir beynəlmiləliyyət ruhu ilə canlananacaqdır.

 

İran Azərbaycanlısı  Mənafzadə Sabit

“Kommunist” 16 sentyabr 1924, â„– 281



[1] Tərcüməsi: Paho!.. Bir otaq, iki hava! Yox, yox! Qardaşım, biz artıq belə deməmişdik!..

[2] Cənubi İranda tayfa başçısı



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info