Qonaq Kitabı
İnqilab və ədəbiyyat

(“Ədalət” qəzetəsindən eynilə iqtibas edilmişdir)

Tarixi-bəşər insanlığın tərəqqi və təkamülünə aid tədqiqata başladığı səhifələrin ilk sətirlərində bizə iki  ism, iki  kəlmə təqdim edər:

  1. Inqilab; 2. Ədəbiyyat.

Bu iki  kəlmənin mənaca yekdigərə olan mərbutiyyəti o qədər sıxı, o qədər səmimidir ki, bunlardan birincisi ikincisiz, ikincisi dəxi birincisiz heç bir vəchlə yürüməz və idameyi-mövcudiyyət edəməz, düşür qalır.

Zatən tarixçeyi-insanlıqda görülən tərəqqi və təkamülün əsas vasitələrini tədqiqə uğraşanlar müxtəsər və müxtəsər olduğu qədər də mətin və səhih bir nəzəriyyə çıxarmış və qəbul etmişlər. Onlar deyirlər ki:

Ədəbiyyat inqilabın anası, inqilab ədəbiyyatın ruhu və bunların hər ikisi tərəqqiyati-bəşəriyyənin vasiteyi nəşvü nümasıdır. Indi bizim mühit, böyük nəzəri-milli, həqayiqi-tarixiyyə ilə tətbiqə çalışsaq, məsələnin tam bir həqiqət olduğu meydana çıxacaqdır.

Məsələn, hər əsrdə, hər zamanda bir mühitin, bir millətin vücuda gətirdiyi inqilab qətiyyən o millətdə olan beş-üç nəfər mütəfəkkirin ədəbi bir kisvədə yaratmış olduqları asari-fikriyyənin məhsulu olmuşdur. Və sonra üdəba və mütəfəkkirlərin ümmətilə vücuda gəlmiş olan bu inqilab dəxi o əsrin ədəbiyyatına başqa bir ruh vermiş və onu böyük bir təcəddüdə sövq eyləmişdir.

Demək istəyirik ki, ədəbiyyat inqilabı doğuzdurduğu kimi, inqilab da ədəbiyyatın vasiteyi-təkamülü olur.

Məqsədimizi bir az daha izah edəlim.

Insanların mədəniləşdikləri zamandan başlamış bu iyirminci əsrin əvvəllərinə qədər bütün əqvami-müxtəlifə arasında baş vermiş milli, sinfi və yaxud ictimai inqilabların böyük müməssili – Fransa inqilabi-kəbiridir – deyə bilərik.

Bu inqilab vaxtı ilə o qədər əsaslı, o qədər əzəmətli olmuşdur ki, yalnız Fransa məmləkəti daxilində deyil, bəlkə Avropa qitəsinin hər bir guşəsində böyük bir intibaha, böyük bir qələyani-əfkarə mövcib olmuşdur.

Bizim Şərqə nisbətlə Avropa mühitində gözə çarpan bir az çox islahati-ictimaiyyə təsaviyi-hüquq, sosializm cərəyanları, hətta bu gün Rusiya xalqına bütün cahan inqilabında birincilik ünvanını bəxş edəcək olan “Kommuna” üsulu belə o böyük Fransa inqilabının məhsuli-feyzi-baridir.

Indi baxalım o zaman Fransa ədəbiyyatı bu böyük inqilabilə nə kimi bir əlaqədə bulunmuş və o vaxtın ədəbiyyatı bu inqilabi ehzar üçün nə kimi rollar oynamışlar. Burasını tarixdən öyrənəcəyik.

Tarix deyir ki: Bütün Avropa ölkələrini istilası altına almış olan Fransa inqilabi-kəbiri bir həftə, bir ay, bir ilin zərfində hazırlanmadı. Bəlkə böyük hüsni-intibah Volter, Russo, Molyer, Bernarden, Düsen Pyer kimi məşahiri-ədəbin 20-30 sənəlik müsaiyi-qələmiyyələri nəticəsində vücuda gəldi.

Əvət!...

Volterin din naminə əhali arasında yerləşmiş olan köhnə xürafat əleyhinə açmış olduğu qələmi-mübarizələr, Russonun tərbiyeyi-ümumiyyə xüsusunda ortaya qoyduğu asar, Molyer və Düsen Pyerin əxlaqi təmsil və hekayələri artıq Fransa millətini o eski üsuli-idarədən bıqdırmış və onlara nasıl yaşamaq lazım olacağını öyrətmişdi.

Demək ki, Fransa ədəbiyyatı inqilabın anası olmuşdu.

Fəqət burasını da anlamaq lazım ki, aya məzkur inqilab Fransa ədəbiyyatının vasiteyi-təkamülü ola bildimi?..

Iştə bu sualın cavabını yenə də tarixdən və tarixin daima böyük-böyük hörmətlərlə yad etdiyi Lamartin, Düma, Hüqo, Jorj Sand, Madam Stal kimi böyük simaların meydana çıxarmış olduqları asari-layəmut ədəbdən öyrənəcəyiz.

Məşhur rus ədiblərindən birisi XIX əsr ədəbiyyaticədidəsini tədqiq edərkən demiş ki, təsəvvür edəlim ki, bugünkü dünya, bugünkü insanlıq, hasili bugünkü mədəniyyət tumaii-ama kimi böyük bir dəhşətə uğrayaraq bərbad olub getsin və minlərcə sənələrdən sonra bir mədəniyyətin xərabəlikləri üzərində yeni bir nəsl vücuda gəlsin, hərgah o nəsl əfradından birisi torpaqlar altından, məsələn Viktor Hüqonun yaratmış olduğu asari-ədibəsinin (hər hansı olursa olsun) birər cildini bulur və oxuyarsa əsrimiz ədəbiyyatının nə dərəcələrdə məziyyətli və nə qədər ecaznüma olduğunu gözəlcə təsəvvür edəcəkdir.

Əvət Fransa inqilabi-kəbiri və onun nəticəsində vücuda gələn tənsibat-ədəbiyyə bütün insanlar arasında fransız lisanı üçün yüksək bir mövqe verdi. Və Fransa üdəbasını bir çox vicdanlara hakim yapdı. Və onlara anlatdı ki:

Ədəbiyyat inqilabı vücuda gətirir və inqilab ədəbiyyatı əhya eylir.

Indi bir saatdan bəri götürdüyümüz müqəddəmələrdən qısaca bir nəticə çıxaracayıq... Bu gün Rusiya məmləkətində Şuralar hökuməti namilə təsis etmiş olan yoxsullar hakimiyyəti bütün cahan füqərayi-kasibəsini xilas üçün dünya sərmayədarları əleyhinə böyük bir inqilab açmış, həm də öylə böyük, öylə əzəmətli bir inqilab ki, indiyə qədər tarixin bizlərə oxuduğu inqilabatın hamısını gölkədə buraxır.

Əlbəttə, biz burada bugünkü inqilabın mövzusundan danışacaq deyilik. Zira ki, onu hər kəs görür və “öz istedadı qədər” anlır və bilir.

Bizim məqsədimiz yalnız inqilabi-hazırın ədəbiyyata olmuş və yaxud olacaq təsiri anladığımız qədər miqyas etməkdir.

Əgərçi hənuz yeni başlanmış üç sənəlik bir inqilabın ədəbiyyata olan təsir və nüfuzunu indidən müəyyən etmək müşküldür. Fəqət bununla bərabər yenə nüfuz və təsirin bugünkü ibtidai cərəyanlarını görməklə, onun sonrası üçün bir hökm etmək qabil olur zənnindəyik ki, bu cərəyanların da başlıca mənbəyi Rusiya Şuralar Inqilabının naşiri-əfkarı olmaq üçün rus, türk və başqa lisanlarda yazılan mətbuati-hazirədir.

Iştə bu mətbuatın əlimizə keçən nümunələrini tədqiqə qoşulduğumuz zaman fikrimizdə bir mühakiməyi-ədəbiyyə vücuda gələr ki, bu mühakimə aşağıdakı həqiqətləri çıxarar və elan edər.

Bu üç sənə zərfində rus lisanı üsuli-inqilabi əfkari-ümumiyyədə təlim edəcək və inqilab başında duran zəvatə rəhbər ola biləcək qədər bir ədəbiyyat vücuda gətirə bilmiş ki, həqiqətən vaxtın azlığı və məhzuranın çoxluğu nəzərə alınarsa şayani-təmcid bir tərəqqidir. Fəqət Rusiya ölkəsində türk lisanı dəxi ikinci bir mövqe işğal etdiyi halda məultəəssüf bu lisana məxsus təhrir və ədəbiyyat (əgər yanılmayıramsa) həqiqi bir tərəqqi deyil, müdhiş bir süquta uğramışdır.

Yuxarıda uzun-uzadıya verdiyimiz izahatda anlaşıldı ki, biz inqilabın ədəbiyyata tərəqqi verəcəyinə və islah edəcəyinə nail olanlardanıq.

Fəqət nə yapmalı ki, gördüyümüz həqiqətlər bizə, türkcə lisanımızı bütün bu islahatdan müstəsna tutmaq və ondan məyus olmaq məcburiyyətində bulundurur.

Qəzetimizin gələcək nüsxələrində bu məyusluğun əsas səbəblərini və ədəbiyyatımızı məhv edəcəg bir dərəcədə süquta uğraşan əhvalın nədən nəşət etdiyini müfəssəl bir surətdə yazıb anladacağımızı vəd edirik.

 

Mənafzadə Sabit

“Kommunist” â„– 64, 65, 30 sentyabr, 1 oktyabr 1920.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info