Qonaq Kitabı
Ey inqilab, ey naciyi-miləl!

Sənin o qüvvətli, o feyzbəxş cərəyanların mədəni Qərbin (hənuz bir hissəsində) sərmayəçilik üsulunu yıxaraq, ayaqlayaraq üzərində yoxsullar hakimiyyətinin mətin əsaslarını qurdu.

Beynəlmiləliyyət ideyası məbədinin ən yüksək mövqeyində sancılmış olan sənin qırmızı bayrağın bir çox qara fikirli, əski düşüncəli şəxsiyyət və mütləqiyyət xadimlərinin xoşuna getmədiyi halda bütün dünya işçi möhnətkeşləri tərəfindən alqışlanıb durur. Bu güc ümumi insanlar arasındakı hüquq və ixtiyaratın birləşməsi uğrunda sərfi-əfkar etməkdə olan mütəfəkkirlərin hamısı gözəlcə bildilər ki, onların əksidən bəri təqib etməkdə olduqları o ülvi məqsədin üsulpəzir olması ancaq sənə və sənin bu günkü mövcudiyyətinə bağlıdır.

Artıq sən hər yerdə, hər ölkədə bəşəriyyəti xilas üçün göstərdiyin cərəyanlarda, yapdığın axıntılarda müzəffərsən, müvəffəqsən! Buna inan və əmin ol!

Yalnız burada bir şey, bir həqiqət var ki, sənin şüulu müzəffəriyyətlərinin iləl-əbəd irəliləyib dəvam edə bilməsi, onun, o həqiqətin açılmasına təvəqqüf edər. Səc o həqiqəti dinlə, eşit, düşün, və səlim bir düşüncə ilə mühakiməyə al, əlbəttə əsaslı gördüyün və səlahiyyətli bulduğun təqdirdə öz axıntılarında, öz fəaliyyətlərində onu tətbiq et və yürü, ey millətlər nacisi!

Sən mədəni Qərb ölkələrində zahir olduğun və fəaliyyətə başladığın zaman o yerlərdə hökm sürən şəraiti əhval səni böyük bir sevincilə qarşıladı. Və gülə-gülə istiqbal etdi. Əksəriyyət cümhuriyyəti qazanan yoxsul füqərayi-kasibəni müdafiə üçün silahə sarılaraq, sənin o xilaskar bayrağının altına yığılaraq bütün cahan füqərasına xitabən “Birləşiniz, bütün dünya işçiləri!” deyə bağırdı. Hələ yenə də bağırıyor və bütün yer üzü yoxsullarını xilas edənədək bağıracaqdır.

Əvət, əvət! Ey qırmızı inqilab!

Sən mədəni Qərb dünyasında hökm sürməkdə olan şəraiti-həyatiyyəyə görə o ölkədə yaşayan füqərayi-kasibə tərəfindən pək gözəl bir vəziyyətlə qarşılandın. Fəqət eyni zamanda bir taqım süni maneələr əks hücumlarda sənin qarşına çıxdı ki, biz burada onları qovlə alacaq deyiliz. Zira bu hücum, bu maneələr təbii bir para əski üsuli-mütləqiyyəti mühafizə uğrunda çalışan kapitalistlər və cahangirlər tərəfindən vücudə gəlmiş və gəliyor...

Sən kəndinə məxsus bir qətiyyət və mətanətlə yürüyor, qoşuyor və bütün ətrafa axıntılar yapıyordun ki, sənin şü fəyyaz axıntılarını cəzb və qəbul müsaid olan yerlərdən birisi də bizim “Asiya”, bizim Şərq aləmi idi.

Əvət, Şərq, o Şərq ki, əsrlərdən bəri Avropa cahangirlərinin fişari-zalimaniəsi altında çapalıyor.

O Şərq ki, onun varlığı, onun müqəddəratı bir ovuc Qərb sərmayəçilərinin baziçeyi-sərvəti olmuşdur. O Şərq ki, (öz mühitinə məxsus) buğday çöhrəli, siyah gözlü, qarasaçlı, məlih və müstəsna bir dilbər qiyafətini alaraq beş-üç nəfər heyvan təbiətli Avropa diplomatlarının ehtirasati-siyasiyyələrinə məruz qalmışdır.

İştə bu gözəl və eyni zamanda bu məzlum, bu zavallı Şərq mütləqiyyət pəncəsinin qanlı dırnaqları altında boğularkən o siyah, o xumaralud gözlərini ətrafa gəzdirərəg imdad bəsləyir. Hər baxışında bir əlaməti-istimdad, hər nəzərində bir ədayi-isterham var. Əlbəttə, böylə vəziyyət qarşısında sən artıq təhəmmül edə bilməyəcəkdin. Zira ki, sənin böyük məmuriyyətin, sənin başlıca vəzifən mütləqiyyəti əzmək və məzlumları xilas etməkdir. Buna görə də o fəyyaz, o xilaskar cərayanlarının böyük bir qolunu Şərqə doğru çevirdin.

Fəqət, ey müqəddəs inqilab!

Şərqə doğru yürümək və bu mühitlərdə işləmək yenə də səni bir çox başqa, başqa vəzifələrlə müəzzəf buraxır. Sən bu mühüm vəzifələrə rəayət etməlisən. Zira burada olan əhvali-ruhiyyə, şəraiti-məhəlliyyə o qədər əcaib, o qədər əsrar olur ki... görüyormusan? Sən bu gözəl Şərq dilbərini, onun hüsiyyət və namusunu xilasə qoşduğun tədirdə yenə onun o siyah gözlərində sənə qarşı vəhşi baxışlar, yabançı nəzərlər var. Sən! Sən o baxışlardakı vəziyyəti gör! O nəzərlərdəki mənayi anla! Bu sənin böyük və mühüm bir vəzifəndir. Zira ki, Şərq, zavallı Şərq şimdiyədək keçirdiyi fəlakət və sürdüyü səfalətin həpsini qarşısına çıxdığı bütün yabançı çöhrələrdən görmüşdür.

Odur ki, onun ruhunda, onun vicudiyyətində yabançılığa, biganəliyə qarşı dəhşətli bir üsyan var.

Saqın... saqın, ey inqilab ki, sənin bu parlaq simayi-münəvvərin Şərq gözündə yabançı görünməsin.

Vəziyyəti-hazirənin, bu günki cərəyanların o böyük dahisi[1] bir çox mərkəzliləri Şərqə göndərərkən, onlara təkrar-təkrar demişdir: “Siz başqa bir dünyaya, başqa bir mühitə gediyorsunuz. Oranın əhvali-ruhiyyəsi, şəraiti-məhəlliyyəsi bambaşqadır. Hənuz qovmiyyət ənənəsi, milliyyət ruhu Şərq vicdanlarına hakimdir. Sizlər o yerdə inqilab yürütmək üçün bu ruha ehtiram edin. Bu sizin düsturunuz, bu sizin vəzifəniz olsun.” Iştə biz bü böyük təfsilatla açmaq istədiyimiz həqiqəti o ulu qəhrəmanın, o məşhur rəhbərin öz ağzından eşitmişdik.

Yaşa, yaşa, ey inqilab! Yaşa və Şərqin ruhuna, Şərqin istiqbalına ehtiramkar olaraq, yürü!

Zakaspi İran inqilabiyun cavanları nümayəndəsi:

 

Mənafzadə Sabit

Bakı, 1 sentyabr 1920.

“Füqəra Fuyuzatı”, â„–1, 1 sentyabr

1920, səh. 27-28.



[1] Yoldaş “Lenin”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info