Qonaq Kitabı
Əski cəlladlar

Bu günlərdə Rusiya hürriyyətinin aləmi-bəşəriyyətə yeni səadətlər elan edən xəbərləri içində bütün cəhani-islam, xüsusən Şərq müsəlmanlarının indiyə qədər istibdad alovları ilə qavrılıb yanmış olan ürəklərini tədavi üçün böyük bir bəşarət vardır... Deyirlər ki, sənələrdən bəri çar idareyi-müstəbidəsinin qaranlıq kölgələri altında büzüşüb qalmış olan Buxara üfüqündə, o məlun kölgələrin zəvalını mütəaqib qırmızı işıqlar görünməyə başlamış və sonra gözəl və parlaq bir inqilab günəşi doğmuşdur.

Təbii bu günəş xumari-qəflət içində yumulub açılmaqda olan bir çox gözləri öz nuri ilə qamaşdırmış, daha sonra Buxara daireyi-üfüqünün tam mərkəzindəki kiçik bir fəza içində dəhşətli və qaranlıq bir kölgəyə rast gəlmişdir ki, hənuz bu kölgə tək darısqal bir fəzayi öz zülmətlərilə əhatə edib durur... Parlaq bir günəşin işıq zərratı ilə dolub daşmış üfüqlər içində məhdud bir fəzai müzləm, qorxunc bir qaranlıq davam edib dursunmu?

Nasıl, bu təbiimi?

Şərqimizin eski ədəbiyyatı bəlkə də bu mənzərəni xəyalı ilə təmcid edər. Və bunu gözəl bir məhbubənin ağ yanaqlarında qara bir nüqteyi-xala oxşatmaqla səlahiyyətli bir yola salardı. Fəqət bu gün artıq öylə səfsətələrə qulaq verən yox!.. Bir günəş doğdumu? Öz nurilə əhatə edə bildiyi fəzanın hər bir nüqtəsini işıqlandıracaq və düşməni-zatisi olan “qaranlığı”, “zülməti” bütün daireyi-təsəlliyyətdən qovub çıxaracaqdır.

Indi baxıb görək Buxara üfüqlərində doğmuş olan bu yeni inqilab günəşi nə yapdı? Aya geniş fəzanın mərkəzində rast gəldiyi o kəsif kölgəyə və o məhdud qaranlığa məğlubmi oldu?.. Iştə bu sualın cavabını qasidi-hürriyyətin Buxaradan gətirdiyi xəbərlər içində arayalım!.. O deyir ki: hürriyyət və inqilab günəşi Buxaranın hər bir tərəfini işıqlandırarkən, tam eski “qaranlıqların” qorxulu bir heykəli öz də şəti-zulmatisi içində isbat edib durur. Və öz dayandığı yerdə yuxarıdan enib gələn parlaq zərrələrin nüfuzuna heç bir növ ilə imkan vermirdi!.. Nəhayət nurun istilası və qaranlığın ona qarşı müdafiəsindən böyük bir çarpışma hüsulə gəldi. Iştə nur ilə zülmət çarpışır! Haydı baxalım, hankı birisi qalib gələcək?!

Necə ki, hankı birisi qalib gələcək? Mə ər örmürsən ki, bəzilərinin təbiət nami verdigləri böyük bir qüvvə, “qüvveyi-mənəviyyə” zülmətlə müharibədə bulunan o işıq zərrələrinin başı üstündə durub da yuxarıdan onlara yardım əlini uzadır.

Əvət, Buxaranın-inqilab günəşi doğarkən “kəsif bir qaranlıq” onunla çarpışmaya başladı. Fəqət, bu “qaranlıq” sözündən məqsud bir taqım yeni üsula zidd olan cahil mollalar, və göhnəpərəstlər zənn edilməsin. Biz burada ancaq onları təhrik edən bir “qüvvə”dən danışmaq və bəhs açmaq istəyirik...

Bu qüvvə nədir? Və kimdir?

Iştə bütün götürdüyümüz müqəddəmələrin nəticəsini yalnız bu sualların cavabından anlayarıq.

 Neçə yüz illərdən bəri yaşayıb durmaqda olan köhnə çar istibdadının zülmətləri bu son zamanlarda yalnız Rusiyanı deyil, bütün həmcəvar ölkələri belə qapayıb durmaqda idi. Artıq çar hökmdarlığı iranlıların eski Zərdüşt dinində olan Əhrəmənlik, yəni “qaranlıq Allahı” şəklini almış və bütün icrayi-nüfuz edə bildiyi ölkələrdə öz təsəllüti-zülmatını daima hifz edib saxlamaq üçün xüsusi məmurlar və qai-məqamlar göndərmişdi ki, bu məmurların birisi də Buxarada idi. Və hələ bu günün özündə də yenə Buxaradadır. Əvət bu gün Buxarada çar istibdadının mühüm bir üzvü, Şərq islamlarının məruf bir düşməni, qara ruhlu, qırmızı çöhrəli və seyrək bığlı bir hərif vardır ki, hərgah mümkünüm olsaydı, burada heç onun ismini açmaq istəməzdim. Zira mən bilirəm ki, bu ismi oxuyan və yaxud eşidən hər bir müsəlmanın qəlbinin ən dərin nüqtəsindən güclü bir fəvvareyi-nifrət fışqıracaqdır... Fəqət, nə etməli, məqsudi elam üçün bu ismi açmaq və fəvvareyi fışqırtmaq lazım gəlir.

1911-ci ilin noyabr və dekabr aylarında idi ki, Iran hürriyyətinin ruhi məqamında olan Azərbaycan əhrarı çar istibdadının amansız pəncəsi altında çabalayır və böyük imperatorluq siyasətinin kəskin qılınclarını boyamaq üçün hər gün yeni və tarixi qurbanlar verirdi. O zaman eski çar hökuməti bu “hadisatı” gizlətmək üçün var qüvvəsilə çalışır, və o işlədiyi aqsızlıqların intişarına heç bir növ imkan vermirdi.

Fəqət tarix!.. Tarixə nə deyirsiniz?! O, “eski hökumət” bilmirdi ki, əsrimizdə olub keçən vüquatın hamısını gələcək nəslə ərz etmək üçün bir tarix var ki, heç vaxt o müqəddəs vəzifəsini buraxmaz, gördüklərini böyük bir diqqət ilə mühakimə etdikdən sonra yazar və yazdıqlarını bir-bir sonrakı əsrin övladına nəql edər.

 Əvət, o, bütün Azərbaycan torpağını əhrarının qırmızı qanları ilə suvaran “köhnə imperatorluq” burasını qanmayırdı ki, tarix – “Çar istibdadının Şərq islamları üzərində olan cəlladlığı” ünvanı ilə başladığı bir fəsli-məxsusda 1911-ci ilin Azərbaycan hadisatını yazmaq üçün qanlı bir səhifə təxsis edər və o səhifənin lap baş sətirində bizə yuxarıda açılmasını lazım bildiyimiz “ismi” böyük hərflərlə yazar:

“Hürriyyət və insaniyyəti məhv üçün mühüm və tarixi “qeyrətlər” göstərmiş çar cəlladı Miller!” (alman olsun gərək. Və sonra ikinci sətirdə bu ünvanı təqib edərək:

Bu hərif çar hökuməti-müstəbidəsinin “cinayət” məktəbində gözəl təlimlər almış və oranı birinciliklə bitirib çıxmışdır. İkmali-təcrübə üçün bir neçə vaxt bəzi mühüm məmuriyyətlərdə bulunub və kafi imtəhanlar verdikdən sonra Təbriz general-konsulluğu, daha doğrusu, “Azərbaycan cəlladlığı” mənsəbi-alisi ilə müftəxor və sərəfraz buyrulmuşdu.

Bir zaman belə keçdikdən sonra öz məmur olduğu idarə tərəfindən aldığı mütəəddüd əmrnamələrdən İran və Azərbaycanda neçə vaxtlardan bəri başlanıb dəvam etməkdə olan hərəkati-əhrarənənin Peterburq siyasəti-müstəbidəsi qarşısında böyük bir sədd təşkil edəcək ehtimalını və hər məhv ilə olursa-olsun bu hərəkatın bir an əvvəl yatırılmasının lazım olduğunu anlamış və haman dayanmaqsızın, düşünməksizin qılıncına çəkmişdi?!!

Ya...Hürriyyət aşiqlərini nakam buraxmaq və onların amalını öldürmək üçün çarın cəllad Milleri nə istər?! Bir kəskin qılınc, bir yorulmaz bilək! Azərbaycan hadisati-fəciəsi və mütləqiyyət qəhrəmanı Miller və (dostları) orada oynadıqları rollar o qədər çirkin, o qədər vəhşiyanə olmuşdur ki, ən bitərəf tarix belə o vüquatın həqiqətini yazmaqdan utanar...

Bəşəriyyətin bir rübündən daha artığını təşkil edən 400 milyona qədər nüfuzi-islamiyyətin məzhəbincə pək möhtərəm, pək müqəddəs saydıqları bir gündə “Aşura günündən” onların rəisi-ruhanilərini boğazdan asmağı nə kimi bir barbarlıq, nə kimi bir cəlladlıq adlandıralım?! Burasını ancaq siz özünüz mühakimə edib bulunuz. Zira ki, mən bu mətləbi təbir üçün kafi və came bir lüğət tapa bilmədim!

Siqqətül-islam, Ziyaül-mülk və onlar ilə bərabər edam yoldaşı olan bir çox şəhidi-hürriyyətin meyitləri (bilməm hanki məhkəmənin fitvası ilə?!) neçə günlər dar ağacı başında qaldı! Sonra qoçaq Miller Şücaüddövlə, Rəşidəlmülk kimi alçaq mirqəzəb şagirdlərin müavinəti ilə öz daireyi-vəhşiyyətini daha da vüsətləndirdi. Əhrardan bir neçə nəfərini böyük xiyabanların ortasında diri-diri ayaqlarından başaşağı asdırdı ki, orada öyləcə qalıb can verdilər. Daha sonra məşhur hürriyyət fədaisini yenə diri-diri iki  şəqqəyə böldürdü. Bir şəqqəsini böyük bir darvazanın sağ tərəfindən, o biri şəqqəsini də sol tərəfindən avizan etdi. Baxalım! Bu canavarlıqları, bu cinayətləri təbir və təsvir üçün XX əsrin tarixi Millerə nə kimi bir ünvan bağışlayacaqdır?

Hələ məsələnin təəccüblü və maraqlı nüqtəsi burasıdır ki, bu iyləgər hərif bütün bu məsuliyyətləri, bu işlədiyi cinayətləri başqa birisinin öhdəsinə buraxmaq üçün daima “İlanı Seyid Əhməd əlilə tuturmuş”, Biz Şücaüddövlə və Rəşidəl-mülk, Etimadüd-dövlə və başqa bunlar kimi həşəratın Azərbaycan başına törətdikləri zülm və fəsadın münkəri dəyil, fəqət həqayiqi-əhvalə ricu edərək – bunları kim təhrik edir, bunlara kim qüvvə verir, daha açığı bunların dallarında kim dururdu? - deyə verdiyimiz suala-çarın müstəbid imperatorluğu və onun xilaskar nökəri Miller – cavabını alırıq.

Ixtisar edəlim. Miller Təbriz və vahisində hürriyyətçilərə aid mülkləri və uca imarətləri “Bu yerlərdən bizə qarşı silah istemal edilmişdir” deyə xak ilə yeksan etmiş və bu bədbəxt şəhəri böyük bir xərabəzarə döndərmişdir. Sonra bu xərabələrdən heç bir asar buraxmamaq üçün bu yerləri əhrarın müqəddəs qanları ilə sulamış, daha sonra vəhşiyanə bir təhqir ilə ayaqları altına alaraq ayaqlayıb düzəltmiş!.. Nəhayət (topladığımız məlumata bina) tərfii-rütbə edərək haman o qanlı ayaqları ilə çar hökumətinin Orta Asiyasının müdirliyi məqaminə qədər çıxmışdır! Bir zaman dəxi yüksək məqamdən qazandığı müvəffəqiyyətlərin qüruru ilə, çar idareyi-nüfuzunə hörmət və ədalətin torpaqlara sərilmiş yarım can cəsədinə qarşı bir çox acı istehzalar fırlatmış və sonrası “mən”lik və həyatın ruhi mənziləsində olan istibdad və mütləqiyyəti icra və tərvic üçün daha müsaid bir moqe, daha münasib bir məqam tapmışdır ki, bu da Buxara hökuməti-islamiyyəsinin çar elçiliyi məqamından ibarətdir.

Baxalım Miller burada nələr etmişdir? - Nə ki, desəniz... Məxsusən hürriyyət günəşi doğduqdan sonra bu qara ruhlu cəlladın öz zülmətlərini, öz dəhşətlərini mühafizə üçün Buxarada nə kimi fəsadlar törətdiyi heç kəsə gizlin deyildir. Nəsrullah Quşbəyi və onun adamları olan bir taqım cahil ruhaniləri məşrutiyyətin ziddinə təhrik üçün oynadığı rollar indinin gündəlik mətbuatına aşna olan hər bir kəs oxuyur və bilir. Biz açılması lazım olan bir həqiqəti ətraflıca şərh etmək qəsdi ilə buraya qədər uzadıb gəlmiş olan məqaləmizi daha da uzatmamaq üçün artıq təfsilat verməyərək bu barədə yazı yazmağı ancaq Buxara yazıçılarının o zəhmət qələmlərinə buraxırıq?

Fəqət xətm-məqal olaraq, üzümüzü bütün bəşəriyyət namindən zülm və mütləqiyyətin yoxaldılması üçün qırmızı bayraqlar açmış Rusiya hürriyyətinin igid ərlərinə tutub deyirik ki: bu uclara qədər yüksəlmiş olan ədalət günəşinin parlaq ziyası altında artıq bu kimi “kəsif kölgələrin”, “qaranlıq”ların dəvamı heç də qabil deyildir. Şəmsi-hürriyyətin hər bir tərəfə feyzlər, işıqlar saça bilməsi üçün artıq bu “qəbil maneə”lərin büsbütün ortadan götürülməsi icab edər.

XX əsrin tarixlərində “Xəllaqi-hürriyyət” nami ilə yazılmağa layiq olan Rusiya xalqını indiyə qədər aləmi islamın nəzərində bir taqım yırtıcılar kimi göstərən və 400 milyonluq nüfuzun qəlbində onlara qarşı dərin bir hissi-nifrət oyandıran, ancaq bu kimi alçaqların oynadıqları cinayətlər olmuşdur. Qoy bu gün azad Rusiya bu xain canavarları tutub məhkəməyə çəksin. Və layiq olduqları cəzanı verib də öz ədalətini cahana isbat etsin.

Baxalım yeni Rusiyanın azad və nəcib övladı bizə, bu istedadımıza nə kimi əhəmiyyətlər verəcəkdir. Baxalım, bu xüsusda, çar Rusiyasının amansız sıxıntıları altında məhv olmaq dərəcələrinə yetişmiş Irana və cəllad Millerin hədsiz cinayətlərilə al qanlara boyanmış olan Iran Azərbaycanına nə kimi iqdamatda bulunacaqdır.

Hələ azad Türküstanın tərəqqisi üçün yenilik mənzillərinə doğru böyük-böyük addımlarla irəliləməkdə olan Buxara cavanları, baxalım onlar dəxi bizim səsimizə səs verəcəklərmi?

 

Mənafzadə Sabit

“Yeni iqbal”, â„– 605, 16 may 1917.

Şərqə Doğru

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info