Qonaq Kitabı
Vladiqafqaz müsəlmanları

Yek nəreyi-məstanə əz inca nəşənidəm,

Viranə şəvəd in şəhr ki, meyxanə nədarəd.[1]

Vladiqafqaz şəhərini təşkil edən rus, erməni, gürcü və asetin kimi müxtəlif millətlərin pişgahi-həyatlarında bura müsəlmanlarının üsuli-məişət və ovzai-səfilanələri əfradi-islamdan olub, məratib və məqaməti-milliyyətin hifzinə çalışan hər bir vicdanlı şəxsi intəhasız bir təhəssüratə uğratdırır.

Bura müsəlmanlarının heyəti-məcmuəsi yerinə hinquşlar və bir qədər asetinlərlə İrandan və Qafqazın nəvahiyi-cənubiyyəsindən və bir çox az miqdarda Qazandan köçüb burada sükia edən müsəlmanlardan ibarətdir.

Yerli hinquşlar malçılıq və ziraət işlərilə güzəran edən kimi, qazanlılar də arabaçılıq və faytonçuluq ilə imrari-məişət edərlər.

İranlılara gəldikdə, bir neçə nəfər mədud tacirləri istisna etdikdən sonra yerdə qalanların bəzisi dükançılıqda və bəzisi şəhərin xaricində olan kərpic kürəxanalarında işləyirlər.

Asiya qitəsində sakin olan müsəlmanlar Afrika cəmaəti-islamiyyəsini tanımayan kimi bu şəhərin müsəlmanları da qaliba yekdigərini belə tanımırlar.

Səbəbi isə çox vaxt bir-birilərini təmin etdikləri lisanə aşinə olmadıqlarından ibarətdir. Burada bir iranlı müsəlman bir hinquş müsəlmanilə danışmaq istəyirsə rus dilinin istemalına məcburdur.

Burada müsəlmanların iki məscidləri vardır. Birisi “Şiə” cəmaəti üçün, digəri isə Bakı sərvətdarlarından Muxtarov cənablarının hümmət və ianələrilə “sünni” cəmaəti üçün tikilmiş pək gözəl və zinətli bir binadır.

Şiələr məscidində neçə müddətlərdən bəri iranlı və qafqazlı kimi nifaqəngiz sözlərin davam etməsilə bərabər “sünni” məscidində daha “hənəfilik” və “şafeilik” islamsuz ixtilafının zühur etməsinə binaən qazanlı cəmaəti məsciddən eraz edərək özləri üçün neçə otaqdan ibarət bir mülk tutub və oranı ibadətgah qayırmışlar.

Zavallı islam?!..

Bu üç məscidin hər hankısına güzarınız düşsə görəcəksiniz ki, guya əvamir və ehkamati-islamiyyədən vəz olunur. Vəli hər birisində ehkami-ilahiyyə bir başqa cür təlim edilir! Və hər kim ayati-Qurani bir əlahiddə sayaqda təfsir edir! Və hər molla cəmaəti bir özgə məzhəbə dəvət edir:

Biçarə ümmət!..

Burada iranlıların yeddi ildən bu tərəfə iftitah edilmiş “Novruz” adında bir məktəbləri vardır. Yeddi ilin müddətində bu məktəb əvvəl iftitahında tərtib edilən ixlasdan ziyadə tərəqqi etməyib və məxsusən bu son zamanlarda qopardılıb və məhv olacaq bir halə qalmışdır. Səbəbi isə bəzi özlərini Hatəmi-Taidən səxavətliraz hesab edən tacirlərin kəm hümmətliklərilə bərabər ümumi cəmaət arasında “təbrizlilik”, “xamnəlik” “mamaqanlılıq” və “Dehfarqanlılıq” və, və, və... və sair bunlar kimi tovlidi-ixtilaf edən sözlərin zühurə gəlməsindən ibarətdir!

Bir neçə gün budan əqdəm küçələrin birisindən keçdikdə bir neçə iranlı dükanlarının müqabilində bir falçını gördüm ki, hər kəsdən bir neçə şahı pul alıb onların muradını verirdi.

Bu falçı əlindəki təsbihi bir neçə dəfə o tərəf bu tərəfə çevirməklə xalqın ovzai-istiqbaliyyəsini dərk edib və onların hər dərdlərinə əlac etməsinə mahiranə bir surətdə inandırırdı.

Bu falçı öz təsbihindəki danələrin müsaidəti ilə İranın əhvaliatiyəsi xüsusunda bu növ ilə izhari-rəy edirdi:

– Bir neçə müddətdən sonra Məşhədi-müqəddəsin gün çıxan tərəfində Səfəviyyə övladına mənsub olan nurani bir seyyid zühur edəcəkdir. Bu seyyid əvvəl Şah Abbasın qəbrini yeddi dəfə tovsif etdikdən sonra İranın hər bir tərəfini dolanıb və öz zuri-bazusi ilə yetmiş min nəfəri cəhənnəmə vasil edib və tamam İranı xilas edəcəkdir.

Bu falçı deyirdi ki, mən özüm bu əhvalatın yuxusunu üç gecə bir-birisinin dalınca vaqiədə görmüşəm. Və hər kəs bu sözləri həqiqət bilib inanmasa haman seyyidin qılıncı ilə dərəkə vasil olan kafirlərdən hesab ediləcəkdir.

 

M. Ə. Mənafzadə

«Sədayı-həqq», â„– 170, 10 oktyabr 1912.



[1] Bu yerdə sərxoş səsi eşitmədim,

  Xaraba qalsın bu şəhər ki, meyxanəsi yoxdur

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info