Qonaq Kitabı
Topsaqqallı kişi

Başlanğıc

Postada duran gözətçi şəhərin aşağısından naməlum bir adamın qoşaraq ara küçələrdən birinə girdiyini gördü. Yuxarıya xəbər verdi. Iki polis nəfəri bu adamın arxasınca qovdular. Qaçan adam təqib olunduğunu duyaraq izi dəyişdi. Plansız küçələrlə şəhərin müxtəlif məhəllələrinə girdi və nəhayət, şəhərin ortasında olan ümumi meydançaya çatdı. Adamın arxasınca gedən polislər heç bir şey əldə etməyərək postaya qayıtdılar. Bu adamın qara qalın qaşları, acıqlı çöhrəsi və üzünü tutan top qara saqqalı vardı.

Bu naməlum adam on il Sibirə göndərilən və oralarda olan inqilab səbəbilə məmləkətə dönən “Məşhədi” idi. Məşədi on il əvvəl bu şəhərdə savadlı, ağıllı, gözü açıq fəhlələrdən idi. Zavodda müxtəlif üsyanlar qaldırdığı üçün Sibirə göndərilmiş, indi isə qayıtmışdı. Məşhədi Rusiyada olan o dəhşətli inqilabı görmüşdü. Orada fəhlə-kəndlilərin azadlığını bütün qəlbilə duymuşdu. Oxumuş, zavallı məmləkətini də əsarət istibdad bəlasından qurtarmaq üçün elinə qoşulmuşdu.

Məşədi meydançada bir çox adamın tonlanıb nə isə bir maraqlandığını gördü. Oraya yaxınlaşdı. Xalqı yarıb içəriyə baxdı. Içəridə yerə uzanmış bir adamı iki “qaradovoy” şallaq ilə döyürdü. Yanlarında təzə kakardlı şapkasını əyri qoymuş bir pristav əlləri belində gülümsünürdü. Qamçılar dəydikcə yerdəki adamdan amansız iniltilər çıxırdı. Ətrafa yığılmış adamlar heykəl kimi idilər. Ovurdları çökmüş, vəzndən ərimiş bu adamlarda, bu haqsızlığa qarşı çıxacaq bir cürət yox idi. Qamçıların çıxardığı hər gurultulu səsdən həzz alan pristav laqeyid durmuşdu. Tez-tez:

– Vurun, ölənə qədər vurun!.. – deyə təkrar edirdi. Yerdəki qoca belinə dəyən son şallaqdan vəhşi bir səs çıxardı. Pristav boş, qürur ilə dolu bir qəhqəhə sovurdu...

Ancaq bu anda öndə duran adamlar gözündə döndü, fırlandı. Başına dəyən böyük bir yumruqdan yerə sərildi. Qaradovoylar tez geri baxdılar. Adamlar bir az halqanı genişləndirdilər, heyrətlənən gözlər iriləşdi.

Pristavın belinin üstündə Məşhədi qürur ilə durmuşdu. (O, belə haqsızlıqlara göz yuma bilməzdi.) bu işin nə cür olduğunu özü də bilmədi. Ancaq indi pristavın belindən çıxardığı tapança əlində olaraq qabağındakı qamçı vuranlara acı-acı baxırdı. Qamçı vuranların hücum etməsilə yumruq davası başlandı. Uzun çəkmədi. Yoldaşının başına dəyən tapança qundağının zərbəsindən yerə yıxıldığını görən qaradovoy ölümcül halda qaçmağa üz qoydu.

Məşhədi bağırdı:

         – Haqsızlığa qarşı hücum lazımdır.

         Hər tərəfdən səsinə səs verdilər. Pristavın və qaradovoyun bayılmış vücudlarının üstündən titrək ayaqlar keçərək öndə gedən qəhrəman Məşhədinin arxasınca qoşuldu. Bu üsyançı dəstəsi şəhərin küçəsinin ayağında gözdən itdilər.

         Əhali bu hadisədən sonra meşədə əmələ gələn bir gizli cəmiyyətdən danışırdı. Yuxarıdakı vəqədən yeddi-səkkiz ay keçmişdi...

         Zavod xozeyni kabinetinin ağzına bütün fəhlələr toplanmışdı. Boş koridorda anlaşılmaz bir səs vardı. Fəhlələrin narazılığı andıran bağırtıları ətrafı sarmışdı. Bir-iki dəqiqə sonra qapı açıldı. İçəridən cılız bir səs ilə birisi:

         – İçərinizdən nümayəndə yollayınız, xozeynin başı ağrıyır. Çıxın çöldə dayanın! – dedi.

         Yenə qapı dartıldı. Bunun arxasınca səs yüksəldi. Bu dəfə mübahisə nümayəndə haqqında idi. Çox keçmədi, kütlələr arasında dörd nəfər qapını vuraraq içəri girdilər.

         İçəridən çıxan qoçu qiyafəli bir adam cəmiyyəti çölə çıxarmağa başladı. Səs-küy zavodun həyətini bürüyürdü.

         Xozeyin Tərlanbəy, böyük bir masanın arxasında oturmuşdu. Gözündə qızıl eynək, döşündə son moda qalstuk, qıvırcıq tüklərində də yağ parıltıları vardı. Nümayəndələr xəfif bir baş əyməklə stolun qabağına durdular. Tərlanbəy qabağındakı kitabdan başını qaldırdı.

          – Nə üçün bu gün iş başında deyildiniz?

         Vərəmli çöhrəli gənc fəhlə Əsgər, qara kurbuz qaşlarını qaldıraraq, “yalnız bu gün deyil, sabah da iş başında olmayacayıq” – deyə cavab verdi.

– İstəyiniz nədir? Özünüzə çoxmu ümid edirsiniz? – deyə - qaşlarını qaldırdı.  – Əyər bir saata kimi işləməsəniz, hamınız hesabınızı ala bilərsiniz!

 – İstədiyimiz çörək və həyatdır! Bura biz ölüm-dirim mübarizəsini danışmağa gəldik. Bizə çörək verin, para verin”.

Tərlan bəy ayağa qalxdı. Sözlərindəki qətiyyəti isbat edəsi bir vəziyyətlə:

– Sizin kimi köpəklərlə sözləşməyə vaxtım yoxdur. Ya bu saat işə getmək, yaxud da...

Əskər əlini qaldırdı. Tərlanbəyin qızıl çeşməyi parlaq polun üzərində para-para oldu. Dəyən şillənin zərbəsindən Tərlanbəyin qırmızı üzü koyu bir rəng aldı. Gözləri halqasından çıxdı.

–Aslan! Aslan! – deyə bağırdı. – Mən bu saat sizi qandıraram... –Aslan, Məmməd, donuz balaları, haradasınız? Gəlin!..

Qapılar taybatay açıldı. Əsgərin rəngi ağarmışdı. Əlləri titrəyirdi. Yoldaşları qollarından tutmuşdular. İçəri gələnlər Əsgəri yaxaladılar. Tarlanbəy qəzəblə hayqırdı:

–Aparın bunu. Boğazından laxta-laxta qan gələnə kimi vurun! –dedi.

Əsgər vüqarla qapıdan çıxdı. Bir azdan yoldaşları Əsgəri ölümcül halda dörd divardan ibarət olan komasına apardılar. Üsyançı dəstə bir vücud kimi zavodun qapısından axırdı. Axşam qaranlığı yağırdı.

Batan günəşin son şüaları bulutlara pənbə bir rəng vermişdi.

Əsgərin kiçik daxmasından çıxan tabut meşələrdən bir qaranlıq əks etmişdi. Evinin qabağındakı böyük ağacda toplanmış quşlar artıq üzlərini ölülər məmləkətinə qarşı çevirmişlər və tabutun ehtiramını saxlarmış kimi səssizlərdi. Daxmadan inləyən səslər çıxırdı. Bu səslər yaxın dağlara qədər gedib və oradan acıqlı bir sürətlə qayıdaraq boş mühitə qayıdırdı. Əsgər ölmüşdü...

Bu gün Tarlanbəy evinə çox qəzəbli gəldi. Həmişə oynadığı balaca oğlu Əhmədin üzünə baxmadı. Sevgili rəfiqəsi Sonyanın əlini öpmədi. Qaş-qabağlı olaraq öz otağına girdi. Sonya bu işdən peşiman oldu. Çünki bu gün onun qonaqlıq günü idi. Bu gün Tarlanbəyin evə belə kefsiz gəlməsi hal-xeyr əlaməti deyildi. Bu hal bu gecəki cəmiyyətin çox soyuq keçəcəyinə bir işarə idi. Sonya hər şeyə razı olar, yalnız buna imkan verməzdi. Çünki qonaqlıq günü bütün şəhər kübarlarının arasında yeganə gün olmalı idi. Tarlanbəyin yanına getdi. Hər nə qədər çalışdı, qəzəbini susdura bilmədi. Yalnız axşam qonaqlarının yanına gəlməsinə dair söz aldı.

Axşam qaralana doğru qonaqlardan bir neçəsi gəldi.

*  *  *

Tarlanbəyin evi şəhərin ən görkəmli bir yerində idi. Evin ətrafını əhatə edən sarmaşıqlar gözəl mənzərə ərz edirdi. Tarlanbəyin otağını gecələr ay, gündüzlər gün döyürdü.

Qaranlıq yavaş-yavaş havaya sinərkən Tarlanbəyin evi qarşısında topsaqqallı bir adam dolaşırdı. Bu adamın başından gözlərinin üstünə qədər enən qara qalın papağı, əlində tutduğu uzun, qatlanmaz bir bıçağı vardı. Bunun yanında daha iki adam vardı. Bunlar havanın çox qaralmasını gözləyirdilər. Bir az sonra ay iki dağın arasından çıxdı. Təbiətə gümüş bir rəng yayıldı.

Hasarın dibindən üç qaraltı qımıldandı. Topsaqqallı adam arkadaşlarına yavaş səslə əmr etdi:

–Siz çəkilin, görərlər. Bir səs oldumu, gələrsiniz!..

İki qaraltı yavaş addımlarla çəkildilər.

Topsaqqallı adam Tarlanbəyin barısının alçaq bir yerindən atladı. Həyətdə qulluqçular vardı. Divarın dibilə irəlilədi. Dal tərəfə keçdi. Tarlanbəyin qapısını açdı. Bıçağı hazır tutaraq içəri girdi. İçəri qaranlıq idi. Kimsə yoxdu. Evin yarısını ayın donuq ziyası işıqlatmışdı.

Qonaqlıqda Tarlanbəy çox dayanmadı. Əsəbi idi... Müsaidələr istədi, üzürlər dilədi və odasına çəkildi.

Bu vaxtda Tarlanbəyin otağından dəhşətli bir səs gəldi. Hayıf ki, bu səs qonaqların qulaqlarına qədər gələ bilmədi. Çünki bu zaman onlar kor-kor oyunu ilə məşğul idilər... Üç, dörd xanımın gur qəhqəqəhələri otağın qalın divarlarına sığmayırdı...

Kor-kor oynamaq üçün kiçik bir dəsmal lazım oldu. Sonya gətirmək üçün qapıdan çıxdı. Birinci koridordan çıxarkən, əlində ay işığında parlayan qanlı bıçaq olan topsaqqallı bir adamın Tarlanbəyin qapısından çıxdığını gördü. Bu adam pilləkənlərdən sürətlə enərək gözdən itdi. Sonya:

–Ah!.. İmdad, imdad! – deyərəg hayqırdı və bayıldı.

Sabahdan Tarlanbəyin evi ətrafını jandarmalar, polislər əhatə etmişdi. Bütün şəhərə xəbər yayılmışdı ki, “Tarlanbəy bu gecə doqquz yerindən bıçaq yarası alaraq öldürülmüşdür. Öldürən naməlumdur”.

Tarlanbəyin ölümü iki gün zavodda bəzi hadisələrin doğmasına səbəb oldu. Zavodun mirzəsi Mirzə Səməd fəhlələrin həftəliklərini götürüb qaçmışdı.

Fəhlələrin bir qismi bu zavoddan çıxıb başqa yerlərə işləməyə getmişdilər. Bunları düzəltmək üçün bəyin qardaşı Adil Mirzə zavoda nəzarət etməyə başladı. Mirzə Səməddən bir xəbər çıxmadı.

Adil Mirzə ondan bir iz tapmadı. Adil Mirzə zavodun işlərini düzəltməyə başladı. Üsyan edən fəhlələrdən bir qrupunu çıxardı. Bəzilərinə də şəhər pristavı vasitəsilə sürgün təhdidi verdi...

Adil Mirzə qardaşının ölümünü aramağa başladı.

Əsgərin bir qardaşı vardı. Bir neçə il bundan əvvəl üsyan qaldırdığı üçün Sibirə göndərilmişdi. Adil Mirzənin ilk işi Əsgərin əmisini zavoddan çıxararaq həbs etdirmək oldu.

Əsgər öldükdən sonra ailəsini dolandıran yalnız əmisi idi. Bu da həbs olandan sonra Əsgərin ailəsi ac yaşamağa mə bur oldu.

Əsgərin cavan arvadı Ayişə bir sabah evdən zavoda doğru yola düşdü. Məqsədi Adil Mirzədən ac qalan ailəsi üçün bir mərhəmət diləməkdi.

Ayişə gənc və gözəldi. Süzgün qara gözləri vardı. Bu gözlər Adil Mirzənin diqqətini cəlb etməyə bilməzdi. Qadın yalvararkən, o, gözaltdan baxaraq:

–Nə gözəl və mütənasib vücud! –dedi.

Qadın sözlərini adətən ağlayaraq deyirdi:

–Əsgəri döydürüb öldürdülər, böyük ailəmizi idarə edən bir əmimi də dünən həbs etdirmişsiniz. Bununla siz bir ailənin ac qalıb ölməsinə səbəb olacaqsınız!

Adil Mirzə özünü qadına yaxınlaşdırdı:

–Ağlama, canım! Biz qırılmamışıq ki, onu Tarlanın qatillərini tapmaq üçün həbs etdirmişik. Sən heç nigaran olma. Ailənizin ac qalmasına mən razı olarammı? Mən öz cibimdən pul verərəm!

Qadının biləklərindən tutub özünə doğru çəkməyə başladı. Qaşları çatılmış və dodaqları şişmişdi. Çirkin şəhvət ehtirasının rəşələri üz-gözündə dolaşırdı. Ayişə çırpındı, biləyini Adil Mirzənin əlindən xilas etmək istədi.

–Buraxınız... Məni buraxınız!.. Vicdansız adam, buraxınız!..

Adil Mirzə qadını özünə tərəf çəkməkdə dəvam etdi. Qalın dodaqları əsirdi:

–Gözəlim, ailəniz ac qalmaz. Əminizi iki günədək buraxdıraram!..

Ayişə polun üzərinə yıxıldı. Dodaqlarının arasından inlər kimi səs çıxdı:

–Ah, namusum getdi... vicdansız!..

Ayişə Adil Mirzənin otağından saçları dağılmış, çöhrəsi saralmış halda çıxdı. Ac qalan ailənin dağ qədər qəmlərinin üstünə bir də namus ləkəsi əlavə olunmuşdu.

Bundan iki gün sonra ikinci dəfə rica üçün gedən Ayişə Adil Mirzənin qatil qəlbinə bir az təsir edə bildi. Əsgərin əmisi azad olundu.

Adil Mirzə Ayişənin xatirinə o ailəyə gömək etməyə başladı. Qulluqdan çıxarılmış qocanı işə götürdü. Ölən Əsgərin artıq bir aylıq maaşı qədər ailəyə pul verirdi. Nəhayət bir kiçik külbədə Ayişəni dördüncü arvadı olaraq qəbul etdi.

Ayişə daimi bir işgəncə altında yaşamağa başladı. Hər gecə Əsgəri röyada görüb müəzzəb olardı.

Ayişə hamilə olduğunu hiss etmişdi. Ayda bir dəfə yanına uğramayan Adil Mirzəyə əhvalatı söylədi. Adil Mirzə düşündü.

–Dərman at, uşaq rədd olsun! Mənim başıma bir də çocuq bəlası açma! –dedi.

Ayişə buna razı olmazdı. Ağladı. Nəhayət, bir gün vaxt yetişdi. Ayişənin cılız bir çocuğu oldu.

Adil Mirzə o gecə Ayişənin yanına sərxoş gəldi.

Ayişə beşikdə çocuğu yatırırdı. Qansız çocuq qızdırmadan yata bilmirdi.

–Adil bu çocuğa bir həkim lazımdır!

–Mənim ağlımı başdan çıxarma. O çocuğu bu gecə dəf etmək lazımdır. Nə olursa-olsun, mənim sənin kimi bir fəqir qızdan çocuğum olmamalıdır.

–Adil, nə deyirsən, bu mənim ciyərparamdır?!

Adil Mirzə Ayişənin gur saçlarından yaxalayaraq evin ortasına fırlatdı. Adil Mirzənin gözləri qızarmışdı, ağzından şiddətli içki qoxusu gəlirdi. Ayişəni yaxalayaraq təkrar yerə çırpdı. Ayağa qalxıncaya qədər çocuğu yaxaladı. Çocuq qışqırdı. O da qapısından sürətlə dişarı çıxdı. Ayişə arxasından qoşdu. İri addımlarla bağçanın çəpərindən atlamış qoşurdu. Ayişə daldan var gücü ilə bağırdı:

–Adil, rəhm et! Balamı diri-diri öldürmə! Adil, rəhm et!

Hər yanı qaranlıq örtmüşdü. Gecə lal idi, öndən xəzəl xışıltıları eşidilirdi. Daha uzaqdan isə qorxunc bir bayquş ulaması eşidilirdi. Ayişə qoşurdu... Bir az durdu, dinlədi. Çocuğun uzaqlardan hayqıran səsi gəlirdi. Gücü gəldikcə bağırdı:

–Adil, Adil, Adil Mirzə!..

Öndəki qalın meşə səssizliyi ilə cavab verdi... Bir az daha qoşdu. Ayağı qarşıdakı daşa ilişdi. Yıxıldı və bayıldı.

Adil durmadan qoşurdu. Ağacların arasından yolu güclə seçə bilirdi. Qara və dərin dərənin başında dayandı, dərənin dibindən çay dəhşətlə çağlayırdı. Çocuğu bərk tutdu, göyə qaldırdı. Dərəyə tullayacaqdı. Uşağı atmaq istərkən, iki qolundan dəmir kimi əllər yapışdı. Adil Ayişə zənn edərək:

–Burax, Ayişə! Sənin özünü də bu dərəyə tullaram! –deyə bağırdı. Fəqət bu əllər qadının əlləri deyildi. Döndü, qabağında üç qaraltı gördü. Çocuğu əlindən aldılar. Öndə olan topsaqqalı adam acıqlı bir səslə mırıldadı:

–Murdar, xayin! Çocuğu diri olaraq atmaqmı istərdin? Dərənin acıqlı suları sənin kimi bir vücudu çocuqdan tez qəbul edər!

Dərənin qara ağzı açıldı. Gurultu ilə enən bir vücudu uddu. Dalğalar eyni zərb ilə çağlayır, bayquş acı-acı ulayırdı.

Gecənin sabahına qarşı bərk yağmur başladı. Dəhşətli sellər şəhəri mühasirə etdi. Şəhərin müxtəlif yerlərində qum yığıntıları təpələr hasil eləmişdi.

Sabah ertə xalqı bir parça buludu olmayan səmadə fırlanaraq ərzə baxan qırmızı günəş qarşıladı. Gecəki ağlayışdan sonra yer gülürdü.

Dağdan böyük quru ağac kötükləri qoparıb gətirmiş olan çay qudurğan bir əda ilə axırdı. Ətrafdagı fəqir evlər dərənin yanına selin gətirmiş olduğu quruları toplamaq üçün çıxmışlardı.

Çayın yamaclara yayılan boyunda dağ ətəklərin suları bir meyit gətirmişdi. Odun toplayanlar bunu uzaqdan görərək böyük bir kötük zənn edib qoşaraq gəldilər. Yaxınlaşınca bir meyit olduğunu gördülər. Meyit parçalanmışdı. Tanımaq mümkün olmurdu. Paltarının bəzi yerlərindən zəngin bir adam olduğu bəlli idi.

Ətrafda yaşayanların həpsi toplandı və meyiti taxta üzərində şəhərin mərkəzinə apardılar.

Pristav bunu eşidincə evinin qabağına çıxdı. Polislər toplandı, meyiti tanıya bilmədilər. Bir az sonra zavoddan gələn xəbərdən və başqa şayiələrdən aydınlaşdı ki, ölən, şəhərin məşhur zəngini Adil Mirzədir.

Ölümünün səbəbi aydınlaşa bilmədi. Ayişənin evinə gedən polislər evdə heç bir kəsin bulunmadığını söylədilər. Pristav ətrafa adam göndərdi. Əsgərin evin təftiş etdirdi. Ayişədən və yeni doğulan çocuqdan bir əsər yox idi.

Evin yanından başlayan bir qan izini pristav özü təqib etdi. Bu iz meşəyə qədər uzanırdı.

Susmuş meşənin içərisində bu iz yox olmuşdu. Polislər bütün meşəni aradı. Lal ağaclara gurultular düşdü. Meşənin hər yeri arandı, nəhayət, axşama yaxın polislər hər şeydən naümid qayıtdılar.

Pristava meşədə bir şey tapmadıqlarını ərz etdilər. Ancaq polislər yanılırdı. Çünki onlar böyük bir ağacın sıx yarpaqları arasında gizlənən topsaqqallı bir adamın aşağıya doğru baxdığını görməmişdilər.

Topsaqqallı adam ağacdan endi. Gedən polislərin dalınca uzun-uzadı baxdı. Sonra tapançasını çıxarıb əlində hazır tutaraq meşənin qaranlıq içlərinə doğru hərəkət etdi. İri ağaclar, sıx, dolaşıq kollar arasından çətinliklə irəliləyərkən sürətlə bu tərəfə gələn bir xışıltı duydu. İri palıd ağacının qara gölgəsində gizləndi. Əsəbi ayaq səsləri daha da yaxınlaşdı. Gözünə qədər enən iri papaqlı bir adam tüfəngini əlində qayət ehtiyatla tutaraq irəliləyirdi. Topsaqqallı adam gələni görüncə ayağa qalxdı. İki dəfə islıq çaldı. Gələn də eyni siqnalı verdi. Yaxınlaşdılar.

–Osman, sənmisən? Nə xəbər gətirdin?

–Sizə bir kağız var! Şad xəbərlərlə gəldim!..

Osman məktubu verdi. Topsaqqallı adam məktubu oxudu. Alnı açıldı. Çöhrəsində təbəssüm dolaşdı.

–Demək, bunların artıq dallarına dəyirik!.. Ayrı nə xəbərlərlə gəldin? İnqilaba nə cür hazırlıqlar görülür?

–Bütün gizli komitələr hazırlaşmışdılar... Bütün məmurlar inqilab qızdırmasının qorxusundadırlar.

–Şəhərdən keçərkən kimsəyə təsadüf etmədinmi? Adil Mirzənin ölümü haqqında nə danışırlar?

–Şəhərdə işçilərdən bir neçəsi ilə görüşdüm. Adil Mirzənin qatilini tapa bilmirlər. Ayişənin əmisini və bütün ailəsini həbs etmişlər. Bu ölümün üstündə bir neçə fəhlə də tutmuşlar. Ayişə və çocuğun qeyb olması haqqında bir çox şaiyələr var. Bir çoxu bu işlərin meşədə olan gizli cəmiyyət tərəfindən olduğunu söyləyirlər. Pristav özü bir neçə əsgər ilə meşəni mühasirə edib cəmiyyəti tutacaqmış.

–Əgər birimizin ayağına bir daş vura bilsələr, onlara eşq olsun! Gəlsələr öz mükafatlarını alarlar.

Osman saf bir imanla bu sözləri təsdiq etdi. Bu kiçik söhbətdən sonra hər ikisi meşənin qalın bir yerində açılan gizli bir yoldan içəriyə getdilər.

Meşənin bu gizli yolu, ağacları qırılmış bir meydan ilə nəhayətlənir. Bu meydanın ətrafını iri ağaclar tutmuşdur. Bu ağaclar eski zaman qalalarının möhkəm hasarları qədər qalın və əminli idi.

Meydanda qızğın bir həyat görülürdü. Burada əlliyə qədər adam vardı. Bir qismi bir tərəfdə silahlı məşq edirdilər. Bir qismi kölgələrdə uzanıb istirahət edirdilər.

Cığırın başında topsaqqallı adam ilə Osman görünən kimi bu meydança qaynaşmağa başladı. Könüllülər sərkərdələrinin gəlişini sevincli bir “hurra” səsi ilə

qarşıladılar...

Topsaqqallı adam cəmiyyəti bir yerə topladı. Qısa və qızğın bir nitq söylədi. Nitqində bolşeviklərin yaxınlaşdığını, bunların da hücuma keçməsinin lazım olduğunu aydınlaşdırdı. Osmanın gətirdiyi xəbərləri də söylədi.

Cəmiyyət hücuma keçmək üçün hazır olduqlarını şən çöhrələrlə xəbər verdilər.

Topsaqqallı adam hərarətlə hayqırdı:

–Yoldaşlar! Əzm və mətanət lazımdır. Qalibiyyət bizim tərəfdədir. Rusiyanın doğmuş olduğu günəşi bizim də üzümüzə öz şöləsini salmağa başladı. Biz Qızıl Orduya, o arslan kimi çarpışan qəhrəmanlara yardım etməliyik, hamımız qan içənlərlə mübarizəyə!..

“Hurra!...” Şən gurultular səssiz meşənin ağaclarına yayıldı. Yaxın çalıqların arasından bir qadın qoşaraq hayqırdı:

–Müharibə zamanında sizin yaralarınızı saracaq bir qadını unutmayın. Zalımlarla mübarizədə mən də sizinlə varam.

“Hurra!” səsləri yenə yüksəldi. Birlikdə şənlik nəğmələri oxumağa başladılar.

*  *  *

Qadın qucağında tutduğu yavrusunu köksünə qısaraq gülümsəyirdi. Hərəkətində bir qəhrəmanlıq, gözlərində mətanət vardı.

Bu qadın Ayişə idi.

Ayişə Adil Mirzənin ölümündən bəri cəmiyyətin himayəkar ağuşunda idi. Həyatında ilk sevincli günlər buradakı həqiqi həyat idi. Cəmiyyət sərkərdəsi “Topsaqqallı adam” çox mərhəmətlidir. Ayişə və yavrusunun həyatını o geri almışdır.

Ayişə ilk görüşdə “quldur” zənn etdiyi bu adamda olan qəlbə heyran qaldı. Bunu ölümdən qurtardığı ilk gündən bu adamdakı qəlb qarşısında özünü çox sönük gördü. Ayişə Adilin arxasınca qoşarkən bayıldıqda yerdə nə qədər qaldığını bilmirdi. Ancaq ayıldıqda ətrafını üç qara kölgə aldığını görmüşdü. Dəhşətlə qalxaraq:

–Mənim yavrum... Onu mənə veriniz, canilər! –deyərək hayqırmışdı. Bu sözü mütəaqib üç kölgə Ayişənin qucağına sevdiyi yavrusunu buraxmışdılar. Ayişə yavrusunu qolları arasında sıxaraq:

–O cani, o Adil hanı?.. O canidir! – deyə inləmişdi. Öndəki topqarasaqqalı adam (o zaman quldur zənn etdiyi) yaxında çağlayan dərəni göstərərək: –O oradadır!... Soyuq su vannası qəbul edir! – deyə dillənmişdi.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info