Qonaq Kitabı
Bəhri-təvil

Əyyühəl-ümməti-xeyrülbəşər, ey hizbi-səadət əsər, ərbabi-hünər, düşməni-şər, şieyi-əsna-əşər, ehkami ilahiyyəyə hər yerdə tərəfdar olub icrai-şəriətdəfədakar olan ərbabi-dəyanət!.. Yığışın başıma həp sakitü xamuş, edin fəqdəqeyi-qəlbi fəramuş, açın sameyi-huş, verin guş bu miskin duaguyi-həqirə eyləyə ta dərdi-dilin sözlərlə izhar... Olar on il ki, bütün sidqilə bu xadimi-şəri-nəbəvi tərki-diyar eyləyərək mərkəzi-ürfani-ilahi sanılan Kərbübəlavü Nəcəfin isti havasında riyazət ilə təhsili-ülum eyləmişəm, həftələr, aylar uzunu mədrəsə küncündə yatıb, fiqh və üsul elmini əzbərləmişəm. Başlıca qəsdim də bu olmuş ki, Vətən mülkünə döncək burada yerli müsəlmanları təlimə qoşub, qeyri-cəhalətdən edəm cümləsin azad, açam beyrəqi-irşad, çəkəm dad, yığam bir sürü əfrad, bütün şapqalı dinsizlərə elani-cəhad ilə qılam hər şeyi bərbad, bu yolda çıxaram ad ki, hər mömün eşitcək desin – ay molla filankəs, evin abad!..

Fəqət, ah!.. Səd əfsus ki, bu qəsdilə mən ölkəyə gəldikdə bütün gördüyüm əhval məni eylədi məyus, aman, bari, xudaya, bu nə vəziyyəti-mənhus, dönüb tərsə tamam işlər, olub cümləsi məkus! Həlim tək qarışıb bir-birə islam, yəhudi, erməni və rus, itib şərmü həya, ismətü namus! Fəqət ismi-müsəlman, özü kafərdən otuz dəfə betər bir para külbaş ki, hər feili-qəbihində vurur peykəri-islamə birər daş? Bu nə əhval, nə əqval? Səhərlər baş alıb məktəbə təhsilə gedən qızları saymaqla qutarmır, bumudur milləti məsud edəcək hal?! Hələ arvadların əhvalını sorma ki, olardan sarı islamə gələn rəxnə böyükdür. Necə kim qonşu Bəyim, həm də Sara, Fatma və ya inki bizim töhfənisa, həm də bu əqsamdan on minlər ilə müslümə arvad geyinir misli matuşka və ümumən baş açıq küçədə, bulvarda gəzirlər... Söz açıb söyləmək olmur ki, xanım, sizdə olan üffətə, namusa nə gəldi?.. Daha artıq nə deyim, müxtəsər, hər yanda çönüb tərsinə işlər, günü-gündən bətər, küfr tutur aləmi yeksər, edir islami müsəxxər; nə dəyanət, nə sədaqət qalıb ümmətdə, nə cövhər, kimisi Firqəyə girməklə vurur dinə zərər, zümreyi-küffarı sanır yarü bərabər, kimisi komsomol olmuş da özündən yekə sözlər danışıb, qarra-qar eylər daxı bədtər bu ki, şəhr içrə hər addım başına zahir olub küçədə cin tək pionerlər... Bunların halına, ətvarına, göftarına bax, sanki, buna eyləmək istərlər bütün ölkələri müxtəlif əqvamilə qardaşlıq əsası: Bu nasıl məsləki-növsaz, nə ahəngsiz avaz, görünmüşmü əzəldən bəri heç bir belə ecaz? Düşün, anla, a qanmaz, bizim mütteyi-Qafqazda olan gürcü, lazar, erməni Kasparla müsəlman Qafarın ülfəti, qardaşlığı tutmaz, burax bir də bu əfsanələri, eyləmə ibraz, dayan, səbr elə bir az, mənim beynimi az qaz!..

 

Dastançı

“Molla Nəsrəddin” â„– 20, 16 may 1925

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info