Qonaq Kitabı
Dəyişiklik

Bu şeiri zəmanəmizin köhnə   fikirli türk ziyalılarına qurban verirəm.

 

Hər iş dolanıb tərsinə, dünya dəyişildi,

Dünyada nə iş varsa sərapa dəyişildi.

 

Çoxdan bəri dopdoğru gedən vəzi-məişət,

Çevrildi yaman bir yola, məcra dəyişildi.

 

Dörd min sənəlik bir “quruluş” uğradı qəhrə,

Asari bir az qalsa da... əmma dəyişildi.

 

Bir çoxları diksindi də qəflət gözün açdı,

Bir çoxlarının gördüyü röya dəyişildi.

 

Bir-bir yuvadan çıxdı siçanlar pişik, oldu,

Guya bu təbiətdəki məna dəyişildi.

 

“Zəhmətdə səfa var!” sözü məchul ikən axır,

Kəşf oldu, bu zəhmətli müəmma dəyişildi.

 

Yazmaq, oxumaq hər kəsə lazim deyə, heyhat,

İnşa pozulub, büsbütün imla dəyişildi.

 

Bunlar ötüşər bəlkə də... ancaq hamıdan pis

Milliyyət ölüb getdi... əlifba dəyişildi.

 

Keçmişdəki hər bir işə nifrət deyə məxluq,

Hər şey yenilik başladı, guya dəyişildi.

 

Ancaq bu dəyişmək sizi aldatmaya zinhar,

Vardır hələ başlarda çürük bir para əfkar.

 

Dastançı

Molla Nəsrəddin” â„– 29, 27 dekabr 1924

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info