Qonaq Kitabı
Allaha şükür

Şükr ola Allaha ki, mən canımı

Bu yanar odlara salıb, yanmadım.

Müftə yerə satmadım imanımı,

Bir para boş sözlərə aldanmadım.

 

Baxma ki, lap yetmişə çatmış yaşım,

Qüsli-cənabətdən ayılmır başım,

Gündüzə aşım, gecəyə bozbaşım,

Vəxti-ibadətdə gözəl göz yaşım.

Şiveyi-əcdadımı mən danmadım,

Bir para boş sözlərə aldanmadım.

 

Çün mənə rəhmətlik o mömin babam

Söylər idi əhli-səvab ol, balam,

Mollanı görcək ona qıl ehtiram,

İndi çönüb tərsinə işlər tamam,

Yaxşı ki, bu işləri mən qanmadım,

Bir para axmaqlara aldanmadım.

 

Bundan əzəl böylə deyildi qərar,

Mömin olan şəxsdə var idi vüqar,

İndi ki boynu qıraxmallılar

Köhnəliyi eylədilər tarü mar,

Yaxşı bu şeytanlara tovlanmadım,

Dahimi, milliyyətimi danmadım.

 

Çox demə bu qəfləti-bica nədir?

Millət və Vətən cəhlilə viranədir.

Köhnələr insanlığa biganədir,

Söyləmə, başdan-başa əfsanədir.

Doğrusu, bu söhbətə xoşlanmadım,

Boş yerə hər bir sözə aldanmadım.

Cəhli zərər sanmadım,

Elmü ədəb qanmadım,

Bir para axmaqlara

Baş qoşub aldanmadım.

 

Dastançı

Məzəli”, â„– 14, 4 aprel 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info