Qonaq Kitabı
Zəbani-hal

(Bitərəfliyə dair!)

Min dəfə dedim xəlqə ki, dəvayə qarışmam,

Mən bitərəfəm, bir belə qovğayə qarışmam.

 

Lakin nə yapım, bu sözə bir kimsə inanmır,

İczilə bütün söylədiyim qövlə dayanmır.

Dünyalərə məlum olan ovzaimi qanmır,

Acizliyimi görməyir, əhvalimə yanmır.

Bilmir ki, bu əhvalilə ədayə qarışmam.

Yüz mərtəbə ölsəm də bu dəvayə qarışmam.

 

Asanmı çapım? Boş yerə bu xəlqə darışmaq,

On dörd dənə sərbazilə qovğayə sarışmaq.

Həp axiri məchul olan ovzayə qarışmaq,

Dörd, beş sənə dəva eləmək, sonra barışmaq.

Razi ki, deyil bu işə “həmsayə”, qarışmam,

Mən bitərəfəm, iştə bu dəvayə qarışmam.

 

Bica yerə lap xovf eləyir bir para əhməq,

Kim “Dövləti-İran” yığa ləşkər, çəkə beyrəq.

Yüz ildir olub nikbətim aləmdə mühəqqəq,

Mən öz başımı saxlamağa acizəm əlhəq,

Dəva belə dursun ki, təmaşaya qarışmam,

Mən bitərəfəm, bir belə qovğayə qarışmam.

 

İcrayi-fəsad eyləmə, gəl boşla, a zalim,

Yoxdur, ola bilməz də bu işlərdə xəyalım,

Zira ki, yorubdur məni daxildəki halım,

Gər bu işə fitva verə yüz min dana alim,

Bavər etmə, əmin ol ki, bu fitvayə qarışmam,

Mən bitərəfəm, bir belə dəvayə qarışmam.

 

Dastançı

“Məzəli”, â„– 11, 14 mart 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info