Qonaq Kitabı
Zahida!

Zahida, fikrin fəqət icrayi-taətdən sənin

Xəlqə tərif etdiyin sevdayi-rizvandır yəqin!

Məncə ümdə məqsədin rəsmi-ibadətdən sənin

Həqqə icz etmək deyil, təxsiri-dövrandır yəqin.

 

Yaxşı uymuş qövluna əfradi-ümmət, vaəsəf,

Atdığın təzvir oxu hər yanda bulmuşdur hədəf,

Bax necə aldatdığın mömin, müsəlman, hər tərəf

Məcməi-üşşaq tək kuyunda durmuş səfbəsəf.

Bunları pabənd edən huri və qılmandır yəqin,

Xəlqə təlqin etdiyin sevdayi-rizvandır yəqin.

 

Sən çalış, ta ünsürü-ümmətdə cəhl etsin dəvam,

Qoyma xəlq açsın gözün, iş zərərdir, vəssalam.

Huşiyar ol, vəz üçün etdikdə iradi-kəlam,

Hər kəsi bir başqa cür söhbətdə aldat, eylə ram.

Səncə bu biçarələrə bir müşt heyvandır yəqin.

Bunları pabənd edən huri və qılmandır yəqin.

 

Eyləyirsən hər zaman ovsafi-cənnətdən bəyan,

Ağladıb bu şurilə xalqı yıxırsan yanbəyan.

Sanki məclisdə olur həngameyi-məhşər əyan.

Bu qədər ağlatmaq olmaz, bəsdir, ey zalim, dayan!

Göz yaşından məqsədin dəryayi-ümmandır yəqin.

Xəlqə tərifin etdiyin sevdayi-rizvandır yəqin.

 

Hər zaman ürfanə zidd ol, ta çalış qıl payimal,

Gər sənin təkzibinə çalışsa bir əhli-kəmal.

Hərb təkfirilə tez kəs lisanın, eylə lal.

Söylə bu vəchilədir Quranda əmri-zülcəlal,

Şəkkisiz, bu sözlərin Quranə böhtandır yəqin,

Məqsədin Quran deyil, təzviri-dövrandır yəqin.

 

Dastançı

Məzəli”, â„– 8, 21 fevral 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info