Qonaq Kitabı
Hələ qalsın

İnsaflı din qardaşlarıma

Bəsdir, bu qədər çəkmə dəxi millət üçün ah,

Züllamidən izhari-şikayət hələ qalsın.

Baş-beynimizi yorma, canım, boşla, sən Allah,

Şərh etmə, uzundur bu hekayət, hələ qalsın.

 

Bilməm ki, nədir səndə bu şikvayi-dəmadəm...

Bax, yaxşı məsəldir ki, keçənlər demiş əqdəm.

“Gözsüz qalar axir el üçün ağlayan adəm”.

Gəl, ver dəxi əmrə nəhayət, hələ qalsın.

Züllamidən izhari-şikayət hələ qalsın.

 

Qaç-qaç! Bu “odu” nuri-müsəlla deyə sanma,

Pərvanə kimi atəşə bica yerə yanma...

Tərk eylə, burax, qoy gedə, bir sözdə dayanma,

Eylədiklərin etməzmi kifayət, hələ qalsın.

Züllamidən izhari-şikayət hələ qalsın.

 

Çox qəm yemə ki, Qars mahalında müsəlman

Bir gündə olub cümləsi vəhşiyyətə qurban.

Ətfalilə çöllərdə qalıb bir sürü nisvan,

Başdan-başa sözdür bu rəvayət, hələ qalsın.

Züllamidən izhari-şikayət hələ qalsın.

 

Hazırca kefim, cibdə, pulum, iş-gücüm əla,

Sən hər nə əlindən gəlir, get eylə təqəlla.

Mən bu işə bir qarə qəpik vermərəm əsla,

Pamal olan islamə himayət hələ qalsın.

Başdan-başa sözdür bu rəvayət hələ qalsın.

 

Bizlərdə xurafat tutub rişə, salıb kol,

Hər bəhsdə gər, zikr edəsən bir sözü min yol.

Biz millətə sən söylədiyin sözlər, əmin ol,

Etməz də bu tezliklə sərayət, hələ qalsın,

Şərh eləmə, uzundur bu hekayət, hələ qalsın.

                            Qarətzədələrdən

                            Əfqanlar ucalsın!

                            Ətfalın acındsn

                            Qoy rəngi saralsın!

                            Sən qəlyanını doldur,

                            Çay odda dəm alsın,

                            Öz eyşini pozma,

                            Qeyrət hələ qalsın!

 

Dastançı

“Məzəli” â„– 7, 14 fevral 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info