Qonaq Kitabı
SƏRGÜZƏŞTİ-MƏRDİ-XƏSİS (Hacı Qara)

Təmsili-güzarişi-əcib ki, keyfiyyəti beş məclisdə bəyan olub itmamə yetir.

 

 

 

 

ƏFRADİ-ƏHLİ MƏCALİS

 

Heydər bəy

Əsgər bəy

Səfər bəy

Sona xanım– Heydər bəyin adaxlısı.

Təyyibə xanım – Sona xanımın anası.

Hacı Qara – sövdəgər.

Tükəz – onun arvadı.

Bədəl – onun oğlu.

Kərəməli – onun nökəri.

Xudaverdi – müəzzin.

Ohan – qaravulların yüzbaşısı.

Sərgis, Qəhrəman, Karapet və başqa altı qaravul.

Mkrtıç və Arakel – Tuğ əkinçiləri.

Murov.

Naçalnik.

Xəlil – yüzbaşı, murov yanında.

Murov və naçalnikin əmələsi.

Yasavul.

 

 

 

ƏVVƏLİNCİ  MƏCLİS

 

Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə. Səfərbəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelə yaraqlı-əsbablı, qıvraq geyinmiş məlal ilə danışır.

 

Heydər bəy. Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var! Sabahdan axşamadək, axşamdan sabahadək arvad kimi dustaq alaçığın içində oturasan. Dövlət dəxi hardan olsun, pul hardan olsun! Ah, keçən günlər! Keçən dövrlər! Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu. Indi nə karvan çapmaq olur, nə ordu dağıtmaq olur. Nə Qızılbaş döyüşü var, nə Osmanlı döyüşü var! Əgər qoşuna getmək istəsən də gərək ancaq çılpaq ləzgilərin üstünə gedəsən. Əgər yüz min zəhmətlə birisini dağların dəlik-deşiyindən çıxartsan, bir dağarcıq, bir kürkdən başqa əlinə bir zad düşməyəcək. hanı Qızılbaş və Osmanlı döyüşü ki tamam Qarabağı qızıl-gümüşə boyadı? Aslandüzün çapqınından indiyədək də çox evlər abaddır. Əmiraslan bəyin övladı genə dünən də Ağcabədi bazarında dədələri Osmanlıda qəsb etdiyi gümüş rəxtlərdən satırdılar. Bir belə döyüş olsun, hamıdan irəli dəstə başında gedən mən ollam! Bir hünər göstərrəm ki, Rüstəmi-dastan da göstərməmiş ola! Mənim işim budur! Nə ki naçalnik çağırıb deyir: Heydər bəy, rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə! Peşiman oldum dedim ki, naçalnik, biz də bu əmrə rağıb deyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsənələrə bir çörək yolu göstərəsiniz. Qulaq as, gör mənə nə cavab verdi: Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə. Guya ki, mən Banazor ermənisiyəm ki, gərək gündüz axşamadək kotan sürəm, ya ləmbəranlıyam ki, qurd bəsləyəm və ya ləkəm ki, kəndlərdə çərçilik edəm! Ərz elədim ki, naçalnik, heç vaxt Cavanşirdən kotançı və gümçü görükməyib! Mənim atam Qurban bəy onu etməyib; mən ki onun oğlu Heydər bəyəm, mən də etməyəcəyəm! Qaşqabaqlı üzün çevirib atın sürdü.

Səfər bəy. Bu sözlərdən fayda yoxdur. Hər kəs hər nə deyir, desin: oğurluq ət yeməyib, at minməyəndən sonra dünyada gəzməyin nə ləzzəti var? Gecə keçdi, Əsgər bəy bilmirəm niyə yubandı? Ha, odur gəlir!

 

Bu halda Əsgər bəy yetişir.

 

Əsgər bəy. A kişi, bilmirəm hansı ağzı dağınıq naçalnikə məni nişan veribdir. Mahalı gəzməyə çıxmış imiş. Bu gün obanın qırağından ötəndə məni çağırıb deyir ki: “Heydər bəy, quldurluq, oğurluq eləmə!”.

Səfər bəy. Yəni acından öl!

Heydər bəy. Əlbəttə, elə deməkdir! Guya ki, bütün Qarabağda – dana-doluq oğrusu bir Heydər bəydir! Əgər o əl çəksə, ölkə farağat olur. Dana-doluq oğurlamaq da bizə çətin olubdur. Indi məəttəl qalmışam: əgər qızı gedib götürsək, qorxuram ata-anası şikayət edə gərək genə təzədən qaçaq olam.

Əsgər bəy. Heydər bəy, tamam Qarabağ bilir ki, o qızı ata-anası sənə veriblər, bilmirəm götürüb qaçmağına səbəb nədir?

Heydər bəy. Səbə odur ki, pul tapmıram xarcın çəkib, toyun edib gətirəm. Ondan ötrü Səfər bəy məsləhət görür ki, götürüb qaçım, toy xarcı aralıqda itsin. Amma bu iş mənə ölümdən bədtər görünür ki, deyəcəklər: Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısın götürdü qaçdı. Çün Səfər bəy dedi ki, qorxundan bu bəhanəni gətirirsən, onun üçün acığa düşüb səni çağırtdım ki, sən də mənə yoldaşlıq edəsən.

Səfər bəy. Mənim üçün təfavütü yoxdur! Mənim yanımda uf-tuf elədin ki, iki ildir adaxlını toy edib gətirə bilmirsən. Mən dedim ki, istirsən gəlim, gedək qaçıraq, gətirək! İndi özün bil!

Əsgər bəy. Heydər bəy, bu niyyətdən düş! Mənə bir on beş gün möhlət ver, mən sənə toy xarcı hazır edim: ağıllı-başlı toy elə, adaxlını gətir!

Heydər bəy. Toy xarcını hardan hazır edəcəksən?

Əsgər bəy. On beş günədək Təbrizə gedərik, qayıdarıq, qaçaq mal gətirrik, birə bir qazanarıq; onun qazancı ilə toyunu elərsən!

Heydər bəy. Avazın yaxşı gəlir, oxuduğun Quran olsa! Məgər Təbrizdə müftə mal töküblər, gedib yığışdırıb gətirək, gələk?

Əsgər bəy. Əlbəttə, müftə mal harda idi; pul ilə satın allıq.

Heydər bəy. Əcəb danışırsan! Mən pulu hardan alım?

Əsgər bəy. Məgər mənim özümün pulum var? Mən dediyim budur ki, Hacı Qara ağcabədilidən ki, sövdəgər və dövlətli kişidir, pul götürrük, gedərik, mal gətirrik, satarıq, onun pulunu özünə rədd edərik, qazancı bizə qalar.

Heydər bəy. Hacı Qara, deyirlər, çox xəsisdir. O, adama pul verər?

Əsgər bəy. Mən onun özünü də tovlaşdırıb özümüzə şərik edə billəm. Tamahkar adamdır; ondan ötrü bizə də pul verər, özü də bizim ilə gedər.

Heydər bəy. Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. Amma gərəkdir əvvəl bir qız ilə görüşüb əhvalatı bildirəm, çünki söz vermişəm, bu gecə məni gözlüyür.

Əsgər bəy Səfər bəy. Çox əcəb, çox gözəl!

Heydər bəy. Di, bəs siz gedin, sonra mən gəlləm, sizinlə görüşərəm, bərabər gedərik Hacı Qaranın yanına.

Əsgər bəy Səfər bəy. Salamat ol, gedirik. Amma sübh tezdən gəl. (Gedirlər).

 

Bu halda məclis dəyişilir. Uzaqda bir alaçıq görünür. Alaçıqdan on qədəm kənar, kolun daldasında Sona xanım qəşəng səfər paltarını geymiş, ipək çadirşəbi başında, o yan-bu yana baxır, qalxır oturur.

 

Sona xanım. Allah, görəsən genə nə oldu, gəlmədi? Gecə yarıdan ötübdür, hələ indiyədək görükməyir. Dan yeri ağarıb, sabah indicə açılar, bilmirəm necə edim? Bir azacıq da gözətləyim, əgər gəlməsə, çarə yoxdur, gərək alaçağa qayıdam! (Qalxır ayağa, o yana bu yana baxır). Xeyr, gəlmədi! Yəqin ki, dəxi gəlməz. Şəkk yoxdur ki, gəlməyəcək! Görəsən genə hansı dəliqudurmuşa rast gəldi, tovlayıb at, mal oğurluğuna götürüb getdi, yoxsa bu vaxtadək gərək idi gələydi. Öhdəsindən gələ bilmirəm. Əgər bu səfər də tanıyalar, gərək yenə təzədən qaçaq ola, mənim günümü qara edə. Genə iki il evdə məni dustaq eyliyə. Vallah, dəxi gözləmənəm! Heç vaxt dəxi onun yolunda bu qədər oturmanam, gedərəm özgəsinə! Onun fikri budur ki, atam evində mənim birçəyimi ağarda. (Oturur yerə, sonra). Eh, nə vəsvəsələr gəlir könlümə! İnşaallah getməz, mənə and içibdir ki, səni aparanadək heç bir quzu oğurluğuna da getmənəm. Şəksiz, yubanmağına başqa səbəb var. Ax, indi bu kolun dalından qulaq asıb eşidəydi ki, mən deyirəm, gedirəm özgəsinə, görəsən inanardımı? Əlbəttə, inanmayacaqdı, çünki bilir yalan deyirəm. Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. Bıy, şıqqıltı gəlir.

 

Bu halda kolun dalısında Heydər bəy atlı üzə çıxar, atdan enir.

 

 

Heydər bəy. Sona xanım! Sona xanım!

Sona xanım. Heydər, sənsən?

Heydər bəy. Mənəm!

Sona xanım. Yalqızsan? Bəs hanı yoldaşların?

Heydər bəy. Yoldaşlarım yoxdur, yalqız gəlmişəm.

Sona xanım. Bu nə sözdür deyirsən? Yalqız niyə gəlibsən? Atam da, qardaşlarım da alaçıqda yatırlar, belə ki, gec gəlibsən, indicə sabah açılacaq, məni alaçıqda görməyib duyacaqlar, şəksiz, dalımca atalnıb, atın izilə gəlib məni əlindən alacaqlar. Sonra dəxi mənim üzümü qiyamətədək görməzsən!

Heydər bəy. Hələ səni aparmağa gəlməmişəm, qorxma!

Sona xanım (qeyz ilə). Necə apaqmağa gəlməmişəm? Nə söylüyürsən?

Heydər bəy. Başqa məsləhət var, qulaq as!

Sona xanım. Heç məsləhət yoxdur! Atı bəri çək, gedəcəyəm! Dəxi mən alaçığa qayıda bilmənəm!

Heydər bəy. Bir dayan, söz deyirəm!

Sona xanım(atın cilovundan yapışıb). Qulaq asmıram. Hələ üzəngini bas, sözünü yolda deyərsən!

Heydər bəy (onun qolundan tutub). A qız, bir gör nə deyirəm! Axır tələsmə!

Sona xanım. Sabah açılır. Dayanmaq vaxtı deyil. Sözünü sonra de!

Heydər bəy. A qız, belə pul tapmışam! Ağıllı-başlı, ellər adətincə toy edəcəyəm. Dəxi səni niyə götürüm qaçım? Səni ki əlimdən alan yoxdur?

Sona xanım. Yalan deyirsən! Pul tapan bu iki ildə tapardı. Mən toy istəmirəm. Elə toysuz gedəcəyəm. Qoşulub qaçan ölkədə ki bir mən deyiləm; gündə yüzü qoşulub qaçır. Nə ayıb-zaddır?! İyirmi qızdan birisinə toy olmur.

Heydər bəy. A canım, o qoşulub qaçanların atası-anası vermir, qızın da çarəsi kəsilir, qoşulub qaçır. Axır sənin atan-anan ki səni mənə özləri verir. Deməzlərmi, utanmaz, dəxi bu nə hərəkət idi etdin, bizi rüsvay elədin? Onda nə cavab verrəm?

Sona xanım(bir az fikir edib). Pulu hardan tapıbsan?

Heydər bəy. Di, bir yerə otur, qulaq as, deyim ki, hardan tapmışam.

Sona xanım(yerə oturur). Yaxşı, söylə görüm!

Heydər bəy. Sən bilirsənmi ki, qaçaq mal necə bahadır, necə qazanclıdır?

Sona xanım. Qaçaq mal ilə nə alıb-verəcəyin var? Sövdəgər ki deyilsən, bu hesabları yoxlursan? De görüm, nə qədər pul tapmısan?

Heydər bəy. Axır bir qulaq ver, gör nə deyirəm! Rus firəng çitini qadağan edibdir; heç kəs qorxudan gedib gətirə bilmir: məgər handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər.

Sona xanım. A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir? Allah vara yerli-dibli çit geyməyi xalqa qadağan edə! Sözünü de görüm: pulu kimdən aldın?

Heydər bəy. A qız, qoymazsan, bir sözümü tamam edəm? Amma buranın xalqı belə firəng çitinə hərisdir ki, onu görən al-yaşılın üzünə baxmırlar? Əsgər bəy deyir ki, həmi ucuzdur və həmi göyçəkdir, həm də rəngi solmur. Arvadlar belə çitlərdən ötrü biixtiyardırlar. Heç rus çitini tanımırlar.

Sona xanım. Axır mənə nə, firəng çiti, ya rus çiti? İkisi də cəhənnəm olsun! Sözünü de!

Heydər bəy. Belə, naçalnikin arvadı da, deyirlər, ərindən xəlvət həmişə firəng çiti alır geyir. Hacə Əziz bu yaxında iyirmi tümənlik ona firəng çiti satıbdır.

Sona xanım. Cəhənnəmə satsın, gora satsın! Bilmirəm çit sözü haradan bunun beyninə düşübdür! Heydər, ağlın çaşıb? Nələr söylürsən?

Heydər bəy. Hər nə isə, başa düşürsənmi ki, burda firəng çiti necə əzizdir?

Sona xanım. Nəyimə gərəkdir ki, başa düşüm? Firəng çiti alıb-satanam?

Heydər bəy. Çox yaxşı, di, indi qulaq as. Mən bir yol gedib firəng çiti gətirib sövdəgərlərə versəm, iki toyun xarcı çıxar!

Sona xanım. Elə bayaqdan bəri hıqqana-hıqqana bunu deyəcəkdin? Barakallah! Mən də deyirəm ki, bəs oğlan doğrudan pul tapıbdır. Firəng malı deyəsən çöldə imiş, bu gedib yığışdırıb gətirə! Dur ayağa gedək bəsdir, indicə sabah açılar!

Heydər bəy. Pul tapmışam, yalan demirəm!

Sona xanım. Pul tapıbsan, toyunu elə! Dəxi firəng malına niyə verirsən?

Heydər bəy. Axır borc almışam. Yiyəsi bu şərt ilə mənə verir ki, firəng malı gətirəm, qazancını yarı bölək. yoxsa verməs ki, toy edim!

Sona xanım. Mən elə qazanc ilə toy istəmirəm, dur gedək! Əgər firəng malında belə qazanc var, dəxi pul yiyəsi səninlə niyə bölür? Gedib özü gətirib hamı xeyrini özü görsün.

Heydər bəy. Özü sövdəgər, tacir kişidir; ta mənim kimi adama yanaşmasa, nəkarədir ki, Arazın o tayına ayaq basa bilə? Kazaklar onun tükün didərlər.

Sona xanım. Kazaklar sənin də tükünü didə bilməzlərmi?

Heydər bəy. Mən oğurluğa, quldurluğa getmiş adamam. Yüz tülkü fənni bilirəm. Kazakların gözünə görükərəmmi ki, mənim tükümü didələr?!

Sona xanım. Sən elə oğurluğa, quldurluğa da gedəndə deyirdin ki, məni görən, tanıyan olmaz; amma genə görürdülər, tanıyırdılar. Iki il qaçaq gəzib ev üzü görmədin. Indi üzə çıxıbsan, istirsən genə bir iş tutasan, qaçaq olasan, məni ağlaya-ağlaya qoyasan? Mən razı deyiləm! Dur gedək, mən toy istəmirəm!

Heydər bəy. Deyək ki, toy istəmədin, axır gərəkməz mənim bir qazanc yolum ola? Çörək istəməzsənmi?

Sona xanım. Allah kərimdir, ac ki qalmayacağıq?

Heydər bəy. Necə ac qalmanıq? Deyirsən, oğurluğa getmə, quldurluğa getmə, çörək bacadan ki düşməz!

Sona xanım. Sabah açılır. Hələ dur gedək! Məni apar evinə qoy, iki həftədən sonra istirsən get qaçaq mala!

Heydər bəy. Çünki rüsxət verirsən, iki həftə atan evində otur, əgər sonra sənə toy edib aparmasam, məndən əskik adam yoxdur!

Sona xanım. İstəmirəm! İstəmirəm! Mən indi gedəcəyəm! Dur gedək. (Qalxır ayağa).

Heydər bəy. Bəlkə, başına dönüm, qadan alım, ayağından öpüm, yalvarıram, iki həftə səbr et! İki həftədən sonra vallah toy ilə səni aparram. Səni toysuz aparmaq mənə ölümdən bedtər görünür. Atan-anan yanında məni xəcil eləmə!

Sona xanım. İki həftə səbr eləmək cəhənnəm əzabından artıqdır. Dəxi dayana bilmənəm, dur gedək!

Heydər bəy. Allahı sevirsən, sözümə qulaq as!

Sona xanım (başlayır ağlamağa). Heydər, Pərgörünür ki, məndən soyumusan?

Heydər bəy. Sona xanım, ürəyimi dağlama! Çünki tablaşa bilmirsən, atı min, gedək.

 

Sona xanım istir ayağın üzəngiyə qoya, bu halda dan yeri ağarıb, Sona xanımın anası Teyyibə xanım alaçıqdan çıxır, çağırır.

 

Teyyibə xanım. Sona, Sona, Sona huy!

Sona xanım. Vay, dədəm vay, anam çağırır, dəxi gedə bilmənəm! Tez qısılır yerə.

Heydər bəy. A qız, bəs mən necə edim?



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info